Avtobusda orman ayısı

Avtobusda orman ayısı
31 may 2016
# 11:22

Şəhərətrafı avtobusda yol gedəndə bir qayda olaraq qalxıb kiməsə yer vermirəm. Təbii, ekstremal vəziyyət istisnadır.

Mənə elə gəlir qədirşünas xalqımız bunu mənə bağışlayar. Çünki yer olmayanda növbəti avtobusu gözləmək mədəniyyətini özümə tamamilə aşılamışam.

Mənim uzaq yol tədarüküm çox ciddidir:

Bir, vaxt itirməmək üçün özümlə kitab götürürəm.

İki, bədənimdən, ağzımdan hər hansı qoxunun gəlməməsinə xüsusi diqqət edirəm.

Üç, evdən tez çıxıram ki, səfərimi komfortlu qurmaq haqqımı rahat qullana bilim; yer tutub oturmaq imkanım olsun, çantamı yanıma rahatca yerləşdirə bilim və s.

Və elə gün olmaz ki, qədirbilən xalqımızın ən azı bir və ya iki nümayəndəsi, məni narahat etməsin.

Hamı gərgindir və hamı öz gərginliyini üstünə tökməyə adam axtarır.

Bizdə, avtobusa minmək, yol getmək mədəniyyəti yox dərəcəsindədir. Və bu adi qaydaları təkcə sürücülər deyil, xırda istisnalarla hamı pozur. Xüsusən şəhərdən kənar qəsəbələrə gedən avtobuslara minəndə əlin hər yerdən üzülür.

Şəhər zırramalarla doludur, etiraf etməliyik.

Bayaq, yenə adətim üzrə arxa oturacaqların birində oturub kitab oxuya-oxuya yol gəlirəm, qarınlı bir kişi gəlib nə qədər imkanı var üzübəri çıxıb kənardakı bütün insanların fiziki aurasına soxulan bədən əzalarını az qala qulağıma söykəmişdi.

Təbii, durub onu necəsə başa sala bilərdim, amma, dediyim kimi, bu adamlar bir deyil, beş deyil, on beş deyil. Həddindən artıq çoxdurlar. Birinə nəyisə izah edəcəksən, yüzü qalacaq. Özü də izah elədiyin adamın nəsə anlayıb-anlamayacağı şübhə altındadır.

Əlacım ona qaldı ki, başımı lazım olan qədər sağa əyim. Tərs kimi mənimlə pəncərənin arasında da yaşlı və kök qadın oturmuşdu. Durub kök kişiyə yer vermək ən düzgün taktika idi, ancaq bunu ona layiq bilmədim.

Bu cür bir müddət yol gəldik. Onun qarnını çiynimdə gətirdim desəm, daha doğru olar.

Bütün bunlar azmış kimi, adamın şalvar cibinə qoyduğu mobil zəng çaldı. Buna zəng demək olmazdı. Səhərin saat 8 vaxtı, kitaba konsentrasiya olmaq istəyən bir insanın qulağının həmən dibində səslənin bu musiqi parçasının yüksəkliyi, ictimai yerlər üçün nəzərdə tutulmamışdı.

Məsələn, hamamda çimirsən, telefonu qonaq otağına qoymusan, vacib zəng gələ bilər, bax o zaman belə səsdən istifadə etmək olar. Bircə şərtlə ki, evdə başqa adam, xüsusən ağlı kəsməz uşaq olmasın. Xəstəlik-zad tapar.

Ürəyimdə allaha yalvardım ki, kişinin hər yerindən – yekə qarnından, şalvarının paçasından, iri arxasından, ağzından, qulaqlarından, ətrafda dayanan insanların ciblərindən, ovuclarının içindən, qadınların çantasından, maşının “qluşiteli”ndən, özümün beynimin içindən gələn bu beyin mişarlayan yeknəsəq səs tez kəsilsin.

Kişi mobil telefonunu toppuş barmaqlarıyla köklükdən daralmış şalvar cibindən çıxarana qədər mənimki mənə dəydi və “Yes” düyməsini basıb danışmağa başlayanda bayaqkı zəng səsinə şükür elədim.

Adam bir orman ayısıymış!

Guya səsi və danışığı çox yaxşıdır, üstəlik dediyi sözləri təkrarlayır: “Bay sənin belə sabağunxeyir! Saboğunxeyir! Lap belə beş də artıq saboğunxeyir! Üstəlik ağıbətin xeyir! Voopşeə həır şeyin xeyir! Xaxaxa!!! Nağarırsan, ayə?! Deyirəm, nağarırsan, ayə?! Deyirəm, nağarısan...!!!”

Özümdən asılı olmadan qulaqlarımı tutmağa məcbur qaldım.

Lütfən...

Hər şey bir yana, heç olmasa, avtobusda yavaş danışın.

Bu barədə yaxınlarınıza da deyin.

O kəslərə ki, sizi eşitmək istəmirlər və heç vaxt kitab-dəftər, qəzet-jurnal oxumurlar.

Adam kənardan çox pis görünür.

# 1173 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #