Bir dəlinin məzar daşı

Bir dəlinin məzar daşı
21 yanvar 2016
# 16:40

“İnsan beyninin müxtəlif iş formaları var. Məsələn, hipotalamus insan beyninə əmr verir. Beləcə beyni idarə edən loblar hərəkətə keçərək ağlınıza hökm etmənizi təmin edir. Beyində bəzi funksiyalar pozulanda insan dəli olur. Yəni, buna siz belə deyirsiniz. Bu ənənəvi düşüncə formasıdır. Səhv bildiyiniz şeylər var. Dəli olmaq bəzilərinin düşündüyü kimi tənha qalmaq deyil. Dəlilik sizin əsl özünüzlə tanış olma halınızdır. Dəli olmaq həyatı anlamaqdır. Lənət deyil, sehrdir. Dəli olduğunuz zaman ağıllılardan daha zənginsiniz.”

Bu dəliliyi izah etmə cəhdində bulunanların yazdığı milyonlarla mətnlərdən birindən kiçik bir sitatdır...

Dəlilərin də bəxti mənsub olduqları toplumun bəxti qədər gətirib, bu dəqiqdir. Bir qədər sivil toplum insana dəliliyi yarlıq kimi yapışdırıb ona gülmür. Onu özündən ayırmır, ondan əlini üzmür. Anlayış bəşəriyyətə dəlilikdən dahiliyəcən gələn bir yolun sonunda dühalar verməyə qadirdir. Uzaq illərdə şamanlarda indi gözgörəsi dəlilik deyəcəyimiz anormal hallar olarmış, lakin onlar bütöv toplumu Tanrıdan xəbərdar edirdilər və onlara inanılırdı...

Bizdə dəlilik utanc gətirici bir durumdur. Bizim cəmiyyət dəlini dışlayır, uzaq tutmağa çalışır, ona gülür, ona həqarətlə baxır. Bizim cəmiyyət dəlini danışdırmır, onu dinləmir. Bizim cəmiyyət dəliyə hazır deyil... Bizim cəmiyyət onu yük kimi çiyinlərindən hara gəldi atmaq istəyir, özgə çiyinləri düşünmür, buna onun nə vaxtı, nə də həvəsi var... Bizdə hamı dəlisini gizlədir...

Mən həmişə düşünmüşəm, niyə bizim adamlar dəlilərlə söhbət etməkdən qorxur, niyə ona əl uzadıb görüşməyi, yanında oturmağı, özünə sığışdırmır? Bəzən iyrənir hətta...

Həyatım boyu adına “dəli” deyilən onlarla adamla söhbət etmək imkanım olub. Necə bir xəzinəm olduğunu bilmirsiniz!

Biz onları itirmişik... Çoxunu itirmişik... Bizim bilmirəm ilk ucu gedib hansı dar düşüncəyə calanan axmaq özündən razılıq eqomuz onları itirməyimizə səbəb olub...

Bizim cəmiyyət əksər hallarda dəlisinə yiyə çıxmağa hazır deyil. Heç kim, əslində potensial dəli olduğunu düşünmür və ən ədalətli halda ya gözünü yumub dözür, ya da qarşısına qəpik-quruş atır.

Mən sizə gördüyüm, bildiyim və tanıdığım bütün dəlilərdən bir kiçik yazıda danışa bilmirəm...

“Dəli” adıyla imtina edilmiş minlərlə insan var...

Bilirsinizmi, bəlkə də onlar bunu bilmirlər, heç zaman düşünmədilər, amma bəxti gətirən və gətirməyən dəlilər var...

Ən bəxtsiz dəlilər böyük şəhərin yad dəliləridir...

Onlar böyük şəhərin yüzlərlə gizli üçündən biridir...

Meqapolislər dəlilərin cəhənnəmidir. Bizim meqapolis dəliləri adətən çirkli, cındırından cin ürkən geyimdə gəzir, küçələrdə, orda burda gecələyir, dilənçilik edir, zorakılığa məruz qalır və adətən küçə itlərindən fərqli olmayan halda ölürlər... Daima belə birini ilk gördüyümdə düşünürəm - onu dəfn edəcək biri tapılacaqmı? Hara olur onların ölüsü? Atılırmı, yandırılırmı, parçalanırmı, hara olur?

***

O da bizim kəndin dəlisiydi. Dəlilərindən biri. Deyirdilər, anası, Xənimət xala o zaman, kolxoz zamanında tütün yığımının gərgin vaxtında həyata gətiribmiş Seyfullahı. Amma uzaq əkin sahələrində onu iş gözləyirmiş və körpəsini yanında qoyub tapşırmağa heç kimi yoxmuş. Evdə olan daha böyük uşaqlar ana südüylə bəslənməli olan körpənin ağlamasından şikayətlənir, onunla nə edəcəklərini bilmirmişlər. Hansısa “ağbirçək” ona məsləhət verir ki, “ağ xaşxaşın qabığını qaynat, bir az içir, sən gəlincə yatacaq”. Bu o vaxtlardı ki, hamını həyətində ağlı-qaralı xaşxaş əkilirdi. Analarımız, nənələrimiz onu çörək üzünə vurur, oma-külçə bəzəyirdilər. Xənimət xala da məsləhətə əməl edir. Uzun zaman, tütün sahədən daşınıb qurtarınca körpəsini evdə qoyub gedir, bir də axşam qayıdır.

Körpə ağlamağına heç ağlamır, gəl ki, böyüdükcə onda başqalarından fərqli davranış, süstlük, sakitlik üzə çıxmağa başlayır. Ad hazır idi - dəli...

Mən onu tanıyanda gəncliyiylə vidalaşan adamdı. Anası məktəbimizdə xadimə işləyirdi, Seyfullah arabir ona kömək edir, odun daşıyır, səhər tezdən gəlib peçləri qalayırdı. Bəzən yuxarı sinfin oğlanları söz atır, o da cırnayır, söyürdü. Oğlanlar gülüşürdülər. Kənd içində də onunla zarafatlar edir, sataşır, amma onunla çayxanada, bir masa arxasında oturub çay içir, söhbət edirdilər. Mən onun dəliliyini başa düşəmmirdim. Bircə içməyi vardı, içdimi həqiqətən dəliyə dönür, söz atan adamları söyür, üstlərinə hücum çəkirdi. Ayılandan sonra da sakit, ağır adam olurdu. Adamlar onu rahat buraxmırdılar, əsas da cavanlar. Rahat buraxsaydılar bəlkə də heç belə olmazdı... Kənddə sərxoşluğuyla da çıxaranlar vardı, amma heç kim onlara baş qoşmur, dəyib-dolaşmır, sonra da dəli hesab etmirdi...

Bəzən yolda-izdə qabağımıza çıxanda evdən verilən iyirmi qəpikliklərimizi onun ovcuna basırdıq. Əlbəttə, bu səbəbsiz deyildi, deyirdilər Seyfullah kimə dua etsə Allah eşidir. Biz də imtahandan kəsilməmək üçün, dərsdən qaçanda tutulmamaq üçün, yoxlama yazı işindən qiymət almaq üçün, kiməsə yolladığımız ilk sevgi məktublarının ələ keçməməsi və onlarla bu kimi gülməli səbəblərdən ona “nəzir” deyirdik. Yolda rastımıza çıxar deyə qəpiklərimizi qoruyub saxlayırdıq, verməsək utanardır, sanki onun bundan xəbəri varmış kimi. Heç zaman əl açmazdı, qırımımızdan anlardı, dayanardı, ya da çağırıb saxlayardıq. Hər adamdan da pul götürməzdi. Acıqlanardı. Uşaqları atalarına görə tanıyardı, kənddə kimdən zəhləsi getdiyini də belə öyrənmişdik. Sonra o uşaqlar Seyfullahı görəndə gizlənərdilər, atalarını söydürmək istəməzdilər. Əlimi qaytardığı olmamışdı, mənə “Doxdurun qızı”deyərdi - “Sənin dədən yaxşı kişidi”... İndi də o qəpikləri cibinə qoyarkən ürəkdən “Allah qəbul eləsin” - deməyi qulağımda səslənir...

Başqalarından pal-paltar, yemək təklifi filan qəbul etməzdi. Evdə yaxşı baxırdılar, üstü-başı həmişə təmiz, səliqəli olurdu. Xeyirdə-şərdə süfrəyə təpilməzdi, toylarda ortaya düşüb qol qaldırdığını görən olmamışdı. Heç kimin qapısında yeyib-içməzdi. Çayxanada, yeməkxanada çox zaman çayını, arağını özü alırdı, hələ başqalarını da qonaq edirdi. Kəndimizdə bir niyyət tutulub pay verilən başqa dəli vardı - Dəli Yavər. Seyfullahın anası oğluna pul verilməsindən narazılıq edirdi, qala ki, qapısına nəzir yollayasan.

Mənə elə gəlirdi ki, Xənimət xala hər dəfə oğlu içəndə, özündən çıxanda, qızışıb söyəndə yumurlanıb dizlərinə döyür, için-için ağlayır... Məncə, təmkinli görünsə də, özünü bağışlamırdı, bağışlaya da bilməzdi...

Bir tarix müəllimimiz vardı, bir dəfə bizə dedi ki, Seyfullahla eyni sinifdə oxumuşuq, hamımız kimi uşaqdı, bir az qeyri-adi səssizliyi, dalğınlığı, vəhşi kimi tək gəzib-dolanmağı vardı, toxunmasan səsi çıxmazdı. Tamam küt də deyildi, hərfləri, rəqəmləri tanıyırdı. Gəl ki, onları bir yerə yığıb nəsə yazmağı öyrənəmmədi. Üzdən oxumağı da çətindi... Əslində, belə şagirdlər olur, görürsən hər şey qaydasındadı, amma neçənci sinfəcən qalxıb, adını yazammır. Birtəhər sürüyüb doqquzacan aparırlar, hamısı da sonradan bir sənətin, peşənin qulpundan yapışır, yerini tapır. Belələri haqda deyirlər ki, pul saya bilsə bəsidi... Gəl ki, bu yazıq məktəbə üstündə möhürüylə gəlmişdi, biz də hərəmiz bir yandan deyib onu buna inandırdıq. Bəlkə başqa rəftar görsəydi heç belə olmayacaqdı, məktəbi də atmayacaqdı, böyüdükcə adaptə olunacaqdı”...

Bir şey də vardı ki, arxasıyca, ya da acıqlandıranda üstünə “dəli” deyib getsələr də adı heç zaman bu sözlə birlikdə çəkilmədi. Eləcə “Sefullah” deyərdilər. Bəlkə də kənddə o adda başqa adam yoxdu deyə beləydi, onu başqasından fərqləndirmək ehtiyacı yaranmırdı...

***

...Artıq kənddə yaşamırdım, bir gün eşitdim ki, Seyfullahı evləndiriblər. Evlənməyi də qeyri-adi olmuşdu. Deməli, ona qonşu kəndlərdən birindən bir qız göstərirlər, uzaqdan baxır, bəyənir. Elçi getmək istəyəndə tutdurur ki, nə elçilik, mən gedib tanış olmamış, bilməmiş necə adamdır, istəmərəm. Qız da bir az yaşlıymış, gözəl də deyilmiş, üstəlik də dəli-doluymuş, bir-iki kəlmə kəsməmiş hökmlü danışığı Seyfullahı ürküdür, qayıdır evə, düşür anasının üstünə ki, məni danışığını qanmayan qıza calamaq istəyirsiniz, olmaz ki, olmaz! İstəmirəm. Anası isə öz aləmində bundan artığına ümid etmirmiş, artıq razılıq alıbmış. Qızın ailəsi izdivaca hazırmış...

Qız bir gün gözləyir, beş gün gözləyir, elçi gəlməyəcəyini anlayanda başlayır Seyfullaha xəbər göndərməyə ki, bəs səni istəyirəm, gəl məni al. Seyfullah daş atıb başını tutur: “İstəmirəm, vəssalam!” Qız evlərindən gizli qaçıb gəlir kəndimizə, soraqlayıb Seyfullahı tapır, adamların içindəcə buna deyir ki, mən səni sevirəm (sevirəm ha, belə də deyir), öldürərəm özümü, əgər məni almasan. Xənimət xala xəbər salır, gəlib qızı pişim-pişimlə aparırlar atası evinə.

Sona nə olur, nə olmur, evlərinə xəbər gəlir ki, Seyfullah qızı götürüb qaçıb. Hərçənd deyirdilər qız onu qaçırıb...

Seyfullaha bir toy etmişdilər ki, gəl görəsən. Kənddən onun toyuna getməyən, nəmər salmayan heç kim qalmamışdı...

Sonralar onu arvadıyla bir yerdə şəhərdə, geyim dükanında gördüm. “Allah xoşbəxt eləsin” dedim, həqiqətən sevinmişdim, bəlkə də bu mənim aləmimdə hər şeyin yaxşı olacağına ümiddi və bu ümid qadının Seyfullaha necə diqqətlə, qayğıyla baxmasıyla yaranmışdı...

Övladı olmadı Seyfullahın... Xənimət xala buna görə kədərlənmirdi, qorxurdu bir az da ki, doğulan uşaq da qaydasında olmaz... Oğlu belə, gəlini elə.. Bəlkə də Allahdan bunu lütf kimi qəbul edirdi, bilirdi ki, Seyfullahın vəziyyəti onun günahıdır, uşaq xəstə doğulsa bunun da cəzasını o çəkməlidir...

Çox zaman kəndə yolumuz düşəndə rastlaşırdıq. Elə bil ona xəbər edirdilər, maşını görən kimi dayanıb gözləyirdi. Üzündə indiyəcən heç kimdə görmədiyim təbəssüm. Mən sükan arxasında olanda ona qəpik uzatmazdım, kağız pul verərdim...

“Necəsən Seyfullah?”...

“Yaxşıyam, Allaha şükür. Allah qəbul eləsin” - illər bu səsi heç dəyişmədi - deyirdi. Sonra dua edirdi: “Sağ-salamat gedin.”

Atam bir dəfə dedi ki, sənin kəndə gəlməyini bilib, ha gözləyib qayıdanda tutammayıb. Axşam gəlmişdi ki, bacı burdadır?. Deyirdi cibinə pul qoydum, çıxıb getdi. Düzü məəttəl qaldım, indiyəcən kimisə axtarıb pul istədiyini görən olmamışdı...

Seyfullah bir-neçə il əvvəl vəfat elədi. Dedilər, araqdan olub, son illərdə çox içirmiş...

...Qəbristanlıqdaydım. Əslində buna gələndə tez qayıdıb çıxmaram, məzarların arasında dolaşıb durar, şəkillərə baxar, adamlarla bağlı xatirələri düşünərəm. Bir şeyə fikir vermişəm, bütün şəkillərdə insanlar kədərlidir... Yaşlısı, gənci, qadını, kişisi... Bu boyda məzarlıqda daşının üstündə əksi olmayan iki məzar var, anamın və atamın məzarı. Bunu özləri belə istəyiblər və mən də əməl etmişəm. Amma hər dəfə kədərli məzar daşlarına baxdıqca düşünürdüm ki, atamın əksi həkk olunsaydı məzarlıqda gülümsəyən yeganə adam olardı... Üzü həmişə gülərdi... Uşağa da, böyüyə də...

Qəbiristanlıqdan çıxhaçıxda üstü təzə götürülmüş bir məzar diqqətimi çəkdi. Yaxınlaşdım. O idi, Seyfullah. Gözlərinin içi gülürdü. Donub qaldım, kövrəldim, amma bu tez keçdi, mən də ona gülümsədim...

“Necəsən, Seyfullah?”...

“Yaxşıyam, bacı, Allaha şükür”...

Bu indiyəcən gördüyüm ən canlı məzar daşıydı. Bir “dəli”nin məzar daşı...

Əlimi cibimə atdım, bir ovuc xırda pul çıxdı, onları sinə daşının üstünə səpələdim...

Səsi gəldi qulağıma: “Allah qəbul eləsin...”

# 1032 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #