Dorian Qreyin portreti

Dorian Qreyin portreti
8 sentyabr 2014
# 14:00

(uşaqlar üçün tanıtım yazısı)

- Bazil, artıq gecdir, çox gecdir!

- Yox, Dorian, heç vaxt gec deyil! Gəlin diz üstə çökək və yalvaraq, duaları yadımıza salaq! Məncə, Bibliyada hardasa belə bir ayə var: “Sizin günahlarınız qan kimi qırmızı olsa da mən onları qar kimi ağappaq edəcəm.”

- Bu sözlərin indi mənimçün heç bir mənası yoxdur.

Bir çox yazıçı və fikir adamları kimi Oskar Uayld da qadınlara qarşı ciddi münasibət bəsləmirdi. Oskar Uayld Lord Henrinin dilindən yazır: “Mənim əziz dostum, qadın dahi olmur. Qadınlar yalnız dekorativ cinsdirlər. Onların dünyaya deməyə sözləri yoxdur, amma deyirlər, özü də çox gözəl deyirlər. Qadın materiyanın ruh üzərində qalibiyyət mücəssəməsidi.”

Mən bu qərara gəlmişəm ki, qadınlar, əsasən, iki kateqoriyaya bölünürlər: boyasız və boyalı qadınlar.

Bu söhbətdən bir az əvvəl isə Lord Henrinin arvadı ledi Henri musiqi haqqında söhbət edərkən musiqiyə münasibətini belə ifadə edir: “Mən Vaqnerin musiqisini sevirəm. Onunku o birilərinkindən daha yaxşıdı. O qədər səsli-küylü musiqidir ki, adam teatrda bütün gecəni bir-biriylə söhbət edər və kənar adam da o söhbəti eşitməz. Bu da çox böyük üstünlükdür, elə deyilmi, Mister Qrey”?

Oskar Uayldın Ledi Henrinin dilindən yazdığı bu sözlər qadınların sənətə səmimi münasibətidi. Təxminən, iki-üç il əvvəl dekorativ cinsin bir nümayəndəsini teatra dəvət etmişdim. Tamaşa boyunca dekorativ cinsin nümayəndəsi telefonla oynadı. Durub tamaşanı yarımçıq tərk edə bilməzdim. Adama da deyə bilmirdim ki, mərifətin olsun, telefonu söndür. Bura telefonla oynamağa gəlməmisən. Zatən mərifəti olan adam bunu özü anlamalıydı.

Qanım tamam qaraldı. Bərk əsəbiləşdim. Beynimdə müxtəlif fikirlər bir-birinə qarışmışdı. Növbəti dəfə pərt olmuşdum. Özümə söz verdim ki, daha bu ölkədə heç bir qadında mərifət, mədəniyyət və mənəviyyat adına heç nə axtarmayacam. Reallıqla barışmaq lazımdı. Boş yerə ümid etməyin yeri yoxdu. Nə qədər özün-özünü aldadacaqsan? Tamaşa bitdi. Tamaşanın bitməyinə çox sevindim. Ömrümdə heç vaxt tamaşanın sonunu bu qədər səbirsizliklə gözləməmişdim.

Havaya ehtiyacım vardı, havaya. Çıxdıq bayıra. Səssiz-səmirsiz addımladıq. Aralaşmaq, gedib hardasa özümü sakitləşdirmək istəyirdim. Birdən-birə ayrılmaq olmazdı. Sual verdim: “Hara gedəcəksən, plan nədi?” Cavab gəlmədi. Sualı ikinci dəfə təkrar etdim: “Hara gedəcəksən, plan nədi?” Bu dəfə cavab ala bildim: “Seymur bəy, mən hələ də tamaşanın təsiri altındayam... Qoy bir az özümə gəlim.”

Baxdım adamın üzünə. Öz-özümə düşündüm: “İlahi, bunlar nə qədər dəhşətli, qorxulu məxluqlardı. Tamaşa boyu telefonla oynayıb indi də qırmızı-qırmızı üzümə deyir ki, mən hələ də tamaşanın təsiri altındayam. Dəhşət. Sadəcə dəhşət.”

Oskar Uayld bir yazıçı kimi qadınları yaxşı tanıyırdı. Onun necə iti bir zəkaya malik olması, həyatı, insanları nə dərəcədə tanıması haqqında danışmağa ehtiyac yoxdur. Biz onun üç həftəyə yazdığı əsərin süjeti haqqında da heç nə yazmayacayıq. Oskar Uayldın tərcümeyi-halını ortabab bilən adamlar əsərdə hansı cümlədə onun müxtəlif məsələlərə şəxsi münasibətinin boylandığını asanlıqla müəyyən edə bilər. Biz əsərdə Oskar Uayldın qadınlar haqqında fikirlərinə tez-tez rast gəlirik. Hansı məqamda deyilməsinə baxmayaraq Oskar Uayld bu sözlərlə bizi acı bir həqiqətlə tanış etməyə çalışır.

Əgər xoşbəxtliyi iki nəfərin birgə yaşayışı kimi təsəvvür etsək, bir balaca həyata ciddi yanaşan kişilər üçün xoşbəxtlik qapısı əbədi bağlanacaq. Qadınlar bizi bayağılığa sövq edir. Qadından gələn bayağılığı özünə yaraşdıran və yaraşdırmayan kişilər var. Bəzi kişilər isə bayağılığa yalandan, saxtakarcasına romantika adı qoyub öz məğlubiyyətini səadət kimi təqdim etməyə çalışırdılar. Yalnız meşşan təbiətli kişilər ailədə rahatlıq tapa bilərlər. Sadəcə bəzi insanlar daxili təlatümlərini zahiri sakitliklə gizlədə bilirlər. Bizi aldadan, çaşdıran da budu.

Əgər hansısa kişi deyirsə ki, mən ailədə xoşbəxtəm, onun ya ciddiliyinə, ya da səmimiyyətinə şübhə etmək lazımdı. O, ya qeyri-ciddi adamdı, ya da qeyri-səmimi. Oskar Uayld Lord Henrinin dilindən yazır: “Həmişə! Bu, nə qədər dəhşətli sözdür! Mən bu sözü eşidəndə diksinirəm. Bu sözü daha çox qadınlar xoşlayır. Onlar hər hansı bir romanı uzatmağa, əbədi etməyə can atdıqları üçün korlayırlar onu! Mənası yoxdu bu sözün!”

Qadınlar kobudluğu, özü də açıq kobudluğu sevirlər. Qadınların heyrətamiz dərəcədə güclü ibtidai instinktləri olur. Biz onlara azadlıq vermişik, lakin buna baxmayaraq, onlar öz sahiblərini axtaran qul kimi qalıblar. Onlar itaəti sevirlər...

Oskar Uayld qadınlardan qorxmayan yazıçıdı. O, başqa yazıçılar kimi qadın cinsinin rəğbətini qazanmaq və oxucu itirməmək üçün saxtakarlıq etmir. O yazır: “Qadınlar gözəl təcrübəyə malik məxluqdurlar. Hətta biz kişilərdən də daha təcrübəli olurlar. Biz çox vaxt nikah-filan sözünü unuduruq, onlar isə həmişə bunu bizim yadımıza salırlar... Qadınlar biz kişilərə bəşəriyyət allahlara baxan kimi baxırlar. Onlar bizə sitayiş, pərəstiş edirlər və daima bizdən nəsə tələb etməklə bizi zinhara gətirirlər... Onlar verdikləri şeyi daim geri tələb edirlər, hətta bütün xırdalıqlarına qədər.”

Uayldın fikrincə həqiqətdə iki cür insan var ki, onlar maraqlı adam hesab olunurlar. Həyat haqqında hər şeyi bilənlər və həyat haqqında heç nə bilməyənlər. Şübhəsiz ki, Oskar Uayld bir insan kimi birinci kateqoriyaya aid idi. O özünün zəkasına, dahiliyinə şəksiz inanırdı. Onun öz dahiliyinə şəksiz inanmasında əbəs yerə hər hansı xəstəliyin əlamətini axtarmaq lazım deyil. Uayld öz real gücünü hiss edirdi. Bu sözləri o özü haqqında yazıb: “Başqa bir adamın üzərində öz təsir gücünü yoxlamaq necə də maraqlıdı! Heç bir iş bunun qədər maraqlı ola bilməz! Öz coşqun həvəs və ehtiraslarını başqa birisinə ötürmək qəribə rahiyə, yaxud zərif bir nəşədir. Burda əsl həzz var.”

Uayld bir əsərlə öz ehtiraslarını bir yox, min yox, yüzminlərlə, milyonlarla adamların qəlbinə ötürməyi bacardı. Bu çox az yazıçıya müəssər olub. Oskar Uayld bunu bacardığını, qələbə qazandığını hələ sağlığında anlaya bilmişdi. O yaşadığı cəmiyyəti ən azı bir əsr qabaqlamışdı. Dünyada ən böyük məğlubiyyət zamana məğlub olmaqdı. Ən böyük qələbə zamana qalib gəlməkdi. Oskar Uayld zamana qalib gəlmişdi. O vaxt yazıçını lənətləyən cəmiyyət onun zəkasını qiymətləndirməyə məcbur oldu. O vaxtın lənət oxuyanları Oskar Uayld şəxsiyyətinin qarşısında indi çox miskin görünməkdədirlər.

Ömrünün son illərini səfalət içində keçirən yazıçının bu qələbəsindən həzz alan bayağı insanlar var. Ümumiyyətlə bir vaxtlar səfalət içində yaşayan yazıçıların, sənətkarların sonradan cəmiyyət üzərində qələbə qazanmasından həzz alan adamların sənətə bu cür bayağı münasibəti adamın ürəyini bulandırır. Onların sənətə, sənətkara münasibəti çox bəsitdir. Sən səfalət içində yaşa, lənətlən, sonra məşhurlaş, biz də bu mənzərəyə baxıb həzz alaq. Məclislərdə sonradan məşhurlaşan sənətkarların bir vaxtlar necə səfalət içində yaşamalarından ağzımızı sulandıra-sulandıra danışıb ağıllı görünək.

Söhbət o adamlardan gedir ki, həmin sənətkarların zamanında yaşasaydılar lənətləyənlərin və daş-qalaq edənlərin dəstəsinə məmnuniyyətlə qoşulardılar. Bizim ölkədə də belə bəsit sənət vurğunları xeyli dərəcədə çoxdur. Birini qoyub başqasına keçək. Başqa tip ədəbiyyat vurğunları da var. Onların klassika heyranlığı adamda ikrah oyadır. Adam Sabirdən, Mirzə Cəlildən sitat gətirir, amma sifətinə baxan kimi hiss olunur ki, Sabirin, Mirzə Cəlilin dövründə yaşasaydı məmnuniyyətlə Sabiri, Mirzə Cəlili lənətləyənlərdən biri olardı. Bəs sənətin və sənətkarın cəmiyyət, kütlə üzərində qələbə qazanmasına həqiqətən, səmimi qəlbdən sevinənlərlə adi tamaşaçıları, sənətə tacir təfəkkürü ilə yanaşan adamları necə fərqləndirmək olar? Sən hansındansan? Bu suala çox sadə yolla cavab vermək olar. Sən Oskar Uayldın, Mirzə Cəlilin, Sabirin zamanında yaşasaydın kimin yanında dayanardın? Sənətin, yeniliyin, yoxsa daşlayanların, lənətləyənlərin? Bu suala səmimi cavab vermək lazımdı.

Oskar Uayld hər şeyi bilirdi. O, bilirdi ki, Allahın bizə bəxş etdiyi bütün qabiliyyətlərə görə biz ağır məhrumiyyət və əziyyətlərlə cavab verməli olacağıq. Əlbəttə söhbət həqiqi qabiliyyətlərdən gedir, sənətin imitasiyasından yox. Uayld deyirdi: “Boğmaq istədiyimiz hər cür istəyimiz qəlbimizdə dolaşır və bizi zəhərləyir. Nəfsdən azad olunmağın yeganə yolu ona meydan verməkdir. Əgər onunla mübarizə aparmaq ağlına gəlsə, qəlbin hər zaman qadağan olunmuş şeylərin üstündə qalacaq istək və arzuların sənə əzab verəcək”.

Oskar Uayld təpədən dırnağa qədər bayağılığa qarşı idi. Andre Morua deyirdi: “Bizim ehtiraslarımız bizim sərvətimizdi.” Düzdü, bu ehtiraslar Jülyen Soreli edama apardı, amma əvəzində ehtirasları Jülyen Soreli daha dəhşətli aqibətdən, mənasızlıqdan xilas etdi. Boşluq, mənasızlıq, məzmunsuzluq insana verilmiş ən ağır cəzadır.

Oskar Uayld deyir: “İnsan təkcə öz nəslinin əcdadına malik olmur. Onun həm də ədəbiyyatda əcdadları olur.” Dahiyanə fikirdi. Bəli, hər bir həqiqi yazı adamı ədəbiyyatda öz əcdadlarını müəyyən etməlidir. Ədəbiyyatda peyğəmbərlik səviyyəsinə qalxmış yazıçılar zaman və məkan anlayışını aşaraq əsrləri, qitələri keçərək öz əcdadları ilə ünsiyyətə, əlaqəyə girir, onların istəklərini, iztirablarını bütün hüceyrələri, əzaları ilə hiss edir, hətta ədəbi əcdadlarının yazmadıqlarını belə oxumağa müvəffəq olur. Biz bu prosesi ədəbiyyatın meracı da adlandıra bilərik.

Çaplin özü haqqında deyirdi: “Hər kəs məni öz səviyyəsinə uyğun başa düşəcək”. Öz gücünü anlayan sənətkar özü haqqında belə rahatlıqla danışa bilər. Bəli, biri Çaplinin filminə baxanda gülür, biri ağlayır, biri onun sənətinin aktuallığına mat qalır, başqası dərin düşüncələrə dalır... Çaplinin bir sənətkar kimi ötürdüyü mesajlar sonsuzdur. Sən nə qədər inkişaf etsən də Çaplinin filmlərində tutmaq üçün yenə də mesajlar tapacaqsan.

Eyni sözləri hardasa Oskar Uayld haqqında da söyləmək olar. “Dorian Qreyin portreti” əsərində hər kəs istədiyini tapa bilər. Bu əsərdə hər şey var. Kəskin süjet, aforizmlər, ədəbiyyat, poeziya, dərinlik... Hər kəs özünə uyğununu seçib götürə bilər. Əsrlərdir xeyir və şər arasında dava gedir. Döyüş meydanı isə insan ürəyidi. “Dorian Qreyin portreti” elə bir əsərdir ki, bu əsəri həm iblis olmaq, həm də iblisdən qorunmaq istəyənlər dərslik kimi istifadə edə bilərlər.

Əsərdən digər seçmələr

- Əksər hallarda adamlar gündəlik məişət məsələlərinə görə müflis olurlar, amma özünü poeziyaya, sənətə qurban verib müflis olmaq şərəfdir...

- Adi adamlar gözləyirlər ki, həyat özü onlar üçün öz sirlərini açsın. Lakin çox az seçilmişlər var ki, onlar üçün həyatın sirləri erkən açılır. Bəzən buna sənət kömək edir. Özü də əsas ədəbiyyat. O, birbaşa insanın ağlına və hisslərinə təsir göstərir.

- Bir qayda olaraq adi aktyorlar bayağı həyat sürürlər. Onlar yaxşı ər, sədaqətli arvad və ya nəsə ola bilərlər. Onların hamısı darıxdırıcı adamlardı. Başa düşürsünüz də mənim nə demək istədiyimi. Orta zümrəyə məxsus adamları deyirəm... Meşşan tipli adamları...

- Köhnə günahlar barədə xatirələri təzələri ilə dəfn eləmək olar.

- Əgər vicdan əzabı çəkirsənsə, bağışlanmaq mümkün deyilsə, onda onu unut, sil onu xatirəndən, getsin birdəfəlik! Keçmişi öldür! İnsanı çalan ilanı öldürdüyün kimi öldür keçmişi!

- Heç bir əlamət filan olmur. Cəfəngiyatdır bu. Tale bizə müjdəçilər, ya da xəbərçilər göndərmir. Tale kifayət qədər müdrik və ya kifayət qədər amansızdır bu sarıdan!

- Ailə həyatı yalnız vərdişdir, çox pis vərdişdir. Lakin insan ən pis vərdişindən belə çətinliklə ayrılır.

- Qocalığın faciəsi onda deyil ki, insan qocalır. Faciə bundadır ki, qəlbən cavan qalır.

- Bəşər tarixində iki vacib məqam var. Birincisi, sənətdə yeni ifadə vasitələrinin peyda olmasıdı, ikincisi isə sənət üçün yeni obrazların yaranmasıdı.

- Ruhun və bədənin harmoniyası necə də gözəldir!

- Düzəlməz şeyləri düzəltməyə çalışmayın!

- Gözəllik dahilikdən daha yüksəkdə durur. Çünki gözəllik başa düşülmək, izahat tələb etmir.

- Dayaz adamlar məhz o adamlardır ki, bircə dəfə sevirlər həyatda.

- Dünyanı şəxsiyyətlər idarə edir, ideyalar yox.

- Kasıblıq sürünə-sürünə qapıdan içəri girəndə, məhəbbət uça-uça pəncərədən çıxır.

# 8916 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #