İntihara aparan yol

İntihara aparan yol
23 iyun 2014
# 14:21

Aliyə yazır...

İsti iyun günü. Akademik Milli Dram Teatrının kiçik səhnəsi. “Mən… Biz…” monotamaşasının premyerasıdır. “Mən… Biz…” Vladimir Zuevin “Sülh göyərçini” pyesi əsasında hazırlanıb. Bilənlər bilir-monotamaşa janrının özünəməxsus təhlükələri - klişeləri olur: bəzən bütöv bir məzmunu çatdırmaq göstərilən situasiyadan, dramaturji vəziyyətdən çox qəhrəmanı canlandıran aktyorun, daha doğrusu, onun təhkiyə nitqinin üzərinə düşür. Bu yerdə aktyor yox, qəhrəman özü də oynamalıdır, həm də publikaya oynamalıdır.

Rejissor Günay Səttar bu təhlükələrdən üsulluca keçmək yolunu seçib: Ayşad Məmmədovun qəhrəmanı tamaşaçıya həmsöhbəti kimi yanaşır. Amma ünsiyyətin səmimiyyəti də həmsöhbətin onun əhvalatını nə qədər maraqla qarşılamasından asılıdır. Ayşad Məmmədov monoloqu boyunca bu xüsusda narahatlığını büruzə verir, tələsə-tələsə qəhrəmanının dərdini anladır, bir anlıq zala baxıb incikcə soruşur: “Ümumiyyətlə, bunlar sizin üçün maraqlıdır?”

- Bizim üçün?- Bu yerdə tamaşaçı diksinir, özünü yeyib-tökən qəhrəmanın dərdinə qucaq açır və məncə tamaşa məhz bundan sonra başlayır.

Duyursan ki, bu qarmaqarışıq xatirələrin, zarafatların, əhvalatların, cəfəngiyatın altında bir insan faciəsi, ağrısı gizlənib. Kişi-Ayşad Məmmədov danışır, danışır, amma ağrı, ağrı olaraq qalır….

***

Ayşad Məmmədovun qəhrəmanı yaşlı bir kişidir, onu təqaüdə göndəriblər. Bu, ona yaşadıqlarına, səhvlərinə-düzlərinə baxmaq imkanı verib. Ayşad tamaşaçılarla danışsa da onun daha bir obyekti var-o, fikirlərini həm də kameraya danışır. Yazılan lenti o üzünü görmədiyi uşaqlarına göndərəcək. Tamaşanın ideya həlli tərtibatda (rəssam: Anar Əliyev) daha dolğun ifadə olunur. Səhnədə üç rəsm əsəri asılıb-hamısında qadın əks olunub. Bunlardan biri Kişinin anasıdır- şəkil elə çəkilib ki, amiranə üz cizgiləri olan qadının hökmlü baxışları əks istiqamətlərə baxır. Baxmayaraq ki şəkildə təsvir olunmuş anası artıq həyatdan köçüb, amma o, hələ də Kişinin həyatının əsas qadını, real kabusudur. Ana hər yerdədir, onu aşıb keçmək olmur. Ş Anlayacağımız Kişinin həyatının bütün istiqamətləri anasının baxışları altında, onun monopoliyasındadır.

Əlbəttə başqa qadınlar da var, amma o qadınlar otaqdakı portretlərdəki kimidirlər - bir cizgiləri belə aydın deyil. Əvəzində ananın cizgiləri aydın və hökmlüdür.

Kişi atasız buraxdığı uşaqlara öz atasızlığından danışır-hətta bunun üçün belə sözü yoxdur. Anası ona atasızlığı yaşamağa belə imkan verməyib. Ata yoxdur, deməli, atasızlıq da yoxdur. Ana ona hamını əvəz etməyə çalışıb. Əvəzində ona dözülməz komplekslər buraxıb. Doğma münasibətlər doqmaya çevrilib, Kişi həyatındakı boşluğu nə ilə dolduracağını bilmir. Bu yaşında özünü gah uşaqlara, gah özünə təqdim edir. Danışır, kövrəlir, əsəbiləşir, yorulur, arada zala göndərişlər edir-elə də isti qarşılanmır. Bu arada düşünürsən: səhnədən zala edilən göndərişlər Kişinin çarəsizliyidir, yoxsa aktyor Ayşad Məmmədovun? Ayırd etmək olmur. Amma nitqdə, hərəkətlərdə zəif bir pafos olduğunu ayırd edirsən.

"Mən… Biz…” sevgidən boşluğa aparan yolda ayaqüstü bir söhbətdir.

Söhbət darıxdırıcı, vacib qonaqlıqlar kimi sıxıcıdır, darıxırsan, yorulursan, amma unutmursan, bir yerində sızıltı-ağrı kimi qalır. Qalır ki, sevgidən boşluğa aparan yolu tanıtsın…

***

Sonda Kişi intihar edir-şaşırırsan. Bəzən biri gözləmədiyin halda intihar edir. sarsılır, təəcüblənirsən: Bu intihar necə yetişdi? Bəlkə rejissor göstərə bilməyib? Bəlkə aktyorda alınmayıb? Bəlkə mən o intihar edənə laqeyd olmuşam? Bir addımlıqda adamın intihar vəziyyətində olmasını necə görməmişəm? Təsirlənirsən, yüklənirsən. Deyəsən, rejissor da bunu istəyirmiş. Amma biz hardan biləydik ki, bu tamaşa, enerjili, çevik bir Kişinin intihar qabağı oyunudur?

Sonda proyektorla işıqlanan ekranda qıvrımsaçlı, şirin bir körpənin ilk addımlarını gördük. O, qaçır, onun ardınca yürüyürlər ki yıxılmasın…

Hər şey necə yaxşı başlamışdı, ilahi… Sevgilə… Qayğı ilə... Hara getdi bəs? Drel səsi ilə batırdılar, üstündə ambulans serenaları “uladı”, qopardılar o həyatı, daşıyıb-daşıyıb doymadılar, yaşamağa qoymadılar, “belədi bu iyvermiş camışlar…”

# 3177 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #