Bir ovuc əllərin...

Bir ovuc əllərin...
31 mart 2014
# 11:38

Uzun-uzadı zamanlardı xoşbəxtəm, özü də təkadamlıq. Siz bilmirsiz təkadamlıq səadətlər necə olur. Heç bilmirsiz təkadamlıq necə olur. Heç bilmirsiz səadətlər necə olur. Heç bilmirsiz necə olur kirli ayaqlara təzə ayaqqabıları geyinmək. Əvvəlcə qucaqlamaq da var hələ. Hələ bir dəfə öpüb gözümün üstə də qoymuşdum. Anam görüb ağlamışdı. Demişdi: “O, möhür deyil, həm də ayaqqabıya səcdə günahdı”. Mən də soruşmuşdum: “Bəs sənin ayaqlarına?”


Anam təzə ölüb. Lap təzə. Bu dəqiqə çağırsam mənə hay verə bilmədiyinə görə heyfislənər bəlkə də. Hələ qınayar da ki, niyə bir az əvvəl çağırmadın?! And içərəm, anamın əlləri soyumayıb hələ də, im-istidi. Bax, Allah haqqı, düz deyirəm. Anamın əlləri təkcə “əl” deyildi axı. Oyuncaqlarım olmayıb, “hamısını pişiy aparıb”. Mən onda anamın əlləriylə oynayırdım. Saymağı da onun barmaqlarında öyrənmişəm – doqquzacan. Bir barmağını tikiş maşını aparmışdı. Hələ bağçada müəllimə məni vurmuşdu bunun üstündə. Deyirdi “Niyə doqquzdan sonra on demirsən, ay axmaq uşaq”?! Mən də deyirdim ki, anamın əllərində “10” yoxdu axı”. Hələ ağlamışdım da onda.

Anam yaxşı adam idi. Çox həlim birisiydi. Yeriyəndə ayağının altında qarışqa qalsaydı da inciməzdi. Məndən 33 yaş böyük idi. Amma, heç inanmırdım buna. Düz də eləyirdim. Dünən hesablayıram ki, 30 yaş böyükdü məndən. Qəribədi...


Allah dediyimiz xərçəng tapşırmışdı ciyərlərinə. Anam da allaha inanan adamıydı, elə qoruyurdu ki xərçəngi... Bu xəstəliyin adından belə ətim ürpənir. Həkimlər tapşırmışdı anama deməyək xəstəliyini. Təkcə atamla mən bilirdik. Bir dəfə böyük bacım anam yatan otağın düz qapısının ağzında yapışdı yaxamdan. Dedi, qaqa, mənə düzünü de, onsuz da bilirəm iynə-dərmandan, sən atamın canı düzünü de, anam xərçəngdi? Mənim sakit danışmağıma baxmayın, o, bunları hönkürərək deyirdi. Mən özümü itirdim, gözünə baxa bilmirdim, bacım allaha oxşayırdı onda, elə bilirdim qəti yalan danışa bilmərəm ona. Bir də çığırdı “aldatma məni, düzünü de, o zəhrimar xərçəngdəndi hə, sovxaya qalsın onu”!? Elə mən boynunu qucaqlayıb sakitləşdirmək istəyirdim ki, anamın ağrılı səsi gəldi: “Ay bala, elə demə, allaha acığ gedər”.

Heç bilmirəm necə deyim xoşbəxt olduğumu. Atılmış uşaq kimiyəm indi. Məncə bütün atılmış uşaqlar eyni cür oğurluq eləyir, eyni cür gülümsəyir, eyni cür darıxır. Mən darıxanda saçlarımı qarışdırıram, barmağımı dişləyirəm, pərdəni dartıb qırıram. Sonra ayağımın altına stul qoyub pərdəni asıram. Xoşum gəlir pərdə asmaqdan. Kənddəki evimizdə qəşəng pərdəmiz vardı – up-uzun, ağ-appaq, göm-gözəl. Yox əşşi, axırıncı artıq idi, belə də söz olar? Göm-gözəl...

Qatlayıb vurmuşduq pəncərəyə. Pərdəni deyirəm. Əziz qonaqlar gələndə açıb süfrə eləyirdik. O deyirlər e, süfrə müqəddəsdi-filan, yalan söhbətdi. Pərdə daha müqəddəsdi. Daha doğrusu pəncərə. Heyif deyil pəncərə? Lap çox darıxanda pəncərədən çölə baxıram. Adamlar pəncərədən daha mehriban görsənirlər.

Pəncərəsiz yerlər elə axmaq yerlərdi ki. Mən aylarla pəncərəsiz qalmışam. Bəlkə də gopa basıram, belə şey olmayıb, özümdən uydurmuşam. Guya uydurulmamış nə var ki? Bu dəqiqə mənim üçün o soyadıyla çağırdığım qızdan başqa hamı uydurmadı. Pəncərəsizliyimə necə inanmışdım. Mən də qəribə adamam özüm ölüm. Deyirdim, ay allah, varsansa bir iynə göndər bu tavana, deşsin keçsin, həmin deşikdən göy üzünə baxım. Düzünə qalsa, iynə deşiyindən göyə baxmaq olmaz, bir az düşük çıxır. Amma, neynim, fikrimi izah eləməyə başqa söz tapa bilmirəm. Yamanca sevirəm göy üzünü. Ta uşaqlıqdan vurğunuyam. Göy üzü qəşəngdi, orda pis adamlar yoxdu. Polislər də yoxdu orda. Sevdiyim adamları da göy üzünə bənzədirəm. “Bənzədirəm” də sərsəm sözdü. “Oxşadıram” daha yaxşı səslənir. Sevdiyim adamları göy üzünə oxşadıram. Ciddi sözümdü, Rafiq Tağı göy üzünə oxşayırdı. Elə Vaqif Bayatlı da eynən göy üzüdü...

Nə deyim, gərək hamının göy üzündə kimisə olsun, mütləq olsun, allah haqqı düz deyirəm. Mən hər gün göyə baxıb doqquzacan sayıram... Niyə inanmırsız ki?!

# 9257 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #