Yaradanın söyüşləri

Yaradanın söyüşləri
28 noyabr 2013
# 13:16

Srağagün yolum rayonumuzun polis şöbəsindən düşdü. Narahat olmayın, sənəd-sünəd məsələsi idi...

Bilməyənlər üçün deyim ki, rayonumuz (Laçın) dağılandan sonra adamların xeyli hissəsi Ağcabədinin Taxtakörpü deyilən ərazisində məskunlaşıblar və rayonumuzun inzibati idarələrinin, demək olar ki, hamısı Taxtakörpü qəsəbəsindədir.

Tanış polislərin biri ilə təzəcə söhbətləşirdim ki, qəflətən Post Patrul Xidmətinə məxsus sirenalı maşın şöbənin həyətinə daxil oldu. Arxa oturacaqdakı iki polis aralarında güclə saxladığı bir adamı itələyərək yerə düşürdü. Adam ağzı köpüklənə-köpüklənə hamını söyür, yeri-göyü, dağı-daşı, mələkləri-cinləri biri-birinə qarışdırırdı.

Bir də baxam kim? Mənim ən yaxın uşaqlıq dostum Yaradan!

Onun qaçqınlıqdan sonra dəli olduğunu eşitmişdim, amma belə yaxından görməmişdim.

İçim burxuldu!

Polislər Yaradanı güclə tutmuşdular.

O, kiməsə, nəyəsə çox bərk qəzəblənmişdi.

Məni görəndə susdu bir anlıq. Sifəti əsməyə başladı. Dili ilə dodaqlarını yalayıb diqqətlə mənə baxdı. Gözləri yerində oynayırdı.

O, qəlbi və ruhu ilə tanıdı məni, ancaq ağlı hələ də aldıra bilmirdi. Əgər polislər qollarını buraxsaydılar və o, əlləri ilə sifətimə toxunsaydı yüz faiz tanıyacaqdı. Tanıyacaqdı və məni bərk-bərk qucaqlayacaqdı. Hirsi də yatacaqdı yəqin! Hətta bəlkə ağlayacaqdı da!

Amma qoymadılar.

Yaradanın gözləri başqa gözlər idi. Gözlərinə baxanda elə bildim onun içində tamam başqa bir adam, bəlkə də cin-şeytan oturub. Amma tam sahib ola bilməyib Yaradana. Beyninin dərinliklərində keçmişin solğun izləri qalmaqdadır.

Yaradanı ən çox toylarla xatırlayıram.

Bir yay kəndimizdə nə az-nə çox düz 40 toy oldu.

Yaradana atası əla bir kostyum almışdı.

Mənə də dayımın bahalı cins şalvarından və köhnə gödəkcəsindən o vaxt üçün yaraşıqlı sayılacaq geyim hazırlamışdı anam.

Toylarda doyunca oynayırdıq imkan düşdükcə... “Yalvara-yalvara” mahnısına. Bəzən kəndin cayılları bizə imkan vermirdilər. Qaçıb mağarın arxasında oynayırdıq. Amma qızlara qənşər oynamağın başqa ləzzəti vardı. Çox yaraşıqlı idi yaradan. Kostyum da əla yaraşırdı ona. Biz qol-boyun olub meydana girəndə hamı əl çalırdı.

Yaradan qocalmışdı xeyli.

Onun tanış sifətinə və xəstəlikdən yadlaşımış gözlərinə çox baxa bilmədim. O da bu şairanə baxışmağa təhəmmül etmədi. Gözlərini yayındırıb qışqırdı və yenə də kimisə söyməyə başladı. Ağzı köpüklədi, sifəti titrədi.

Polislər onu şöbənin arxa girişinə tərəf apardılar. Arxalarınca yalnız bunları deyə bildim: “Xahiş edirəm, onu xəstəxanaya aparın, sakitləşdirici vursunlar!”

Yaradanın qolundan bərk-bərk yapışan polis qışqırdı:

“Aparmışdıq, həkimi tapmadıq!”

Bəs Yaradanı nə üstə tutublar...

Yanımdakı polis danışdıqca kənddəki Yaradanı xatırlayıb daha da qüssələndim.

“Hər gün belədir!

Çıxıb qonşuları söyür, zəng vururlar ki, gəlin aparın. Biz də gətiririk, həkimlər iynə-zad vurur, sonra aparıb evlərində qoyuruq. Tutması tutanda o qədər qışqırıb danışır ki, tamam əldən düşür, günlərlə yatağından qalxa bilmir.”

Özümü saxlaya bilmədim:

“O kimi söyür?”

Polis gülümsündü:

“Hamını! Səni də söydü bayaq...”

Belə...

Dünyanın bu boyda həqarətlərinə dözən həmyerlilərim Yaradanın söyüşlərinə dözə bilmirlər demək...

Bəlkə də haqlı söyür, ona görə...

# 3695 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #