“Arxamca gələrsən”

“Arxamca gələrsən”
8 mart 2013
# 09:30

Bizim vaxtımızda da 8 mart olurdu…

Özü də bizim vaxtımız sovetin lap bərk gedən vaxtları idi. Sinfimizin yuxarı başında babamız Vladimir İliç Lenin (Adını tam yazmağa ehtiyac duyuram. Çünki bu günlərdə saytlarda rəhmətliyin adın Lenin yox, Lelin yazıldığın gördüm və çox ağır gəldi. Hər kim olub, olub. Yenə gözümüzü açıb başımızın üstündə görmüşük) guya bizə tərəf mülayim və qayğıkeş baxışlarla, amma əslində başımızın üstündən birbaşa harasa çox da uzaq olmayan bir yerə, böyük ehtimalla Yerevana tərəf baxırdı. Portretin altında isə qırmızı hərflərlə “Oxumaq, oxumaq, yenə də oxumaq” sözləri yazılırdı…

Bizim vaxtımızda bu şeri bilməyəndən gələcəkdə adam olmazdı:

Gözümüzün önündə

Bir insanın şəkli var.

Mehriban ata kimi

Sevir onu uşaqlar.

O, Lenindir Filan-filan-filan…

Gerisi heç kimə lazım deyil artıq…

Sinfimizdə bir də iki sıra ilə düzülmüş kitab rəfi var idi. Müəllim guya ki, sinifdən xaric oxu üçün o rəflərə evdən kitab gətirməyimizi istəmişdi. Amma nədənsə orda böyüklər üçün ədəbiyyat toplanmışdı. Biz isə sinifdən xaric oxu saatlarında riyaziyyatla məşğul olurduq.

Kitabları isə müəlliməmiz oxuyurdu. Tünd qəhvəyi cildi olan kitab indi də yadımdadır. Üstünə “Ana qız” yazılan kitabı müəllimə daha çox oxuyurdu. Qonşu sinifdəki müəllimə rəfiqəsinə “Ana qız”ı göstərəndə başını bulayıb, gözünü doldururdu. Biz, sinfin ağlı kəsən qızları tənəffüsdə pıçıldaşdıq ki, müəllimənin oxuduğu kitabda nəsə bir anlaşılmazlıq var. Axı ana, qız ola bilməz. Qız da ana ola bilməz. Deməli, müəllif kitabın adında ana ilə qız arasındakı “və”ni yazmağı unudub. Müəyyən etdik ki, müəlliməmiz əslində bu kitabı oxumur, yoxlayır. Yoxlayır görsün kitabın içində nə qədər səhv var. Və hər səhvə görə də gözü dolur… O gündən müəlliməmizi ağlatmamaq üçün nəinki və bağlayıcısının, bütün hərflərin qayğısına tək-tək qalmağa başladıq. Artıq Lenin baba tapşırdığı üçün yox, o ağlamasın deyə yaxşı oxuyurduq.

Bizim vaxtımızda hər il martın 6-da bizimlə sağollaşıb sinifdən çıxan müəlliməmiz qəfil nəyisə xatırlayıb qapıdan qayıdardı: “Bax sabah ayın 7-dir. Birigün bayramdır, dərsə gəlmirsiz. Birdən sabah bir uşaq əlində bir şeylə gələr. Sizin yaxşı oxumağınız mənim üçün ən yaxşı hədiyyədir! Evdə analarınıza da tapşırın! Bir adamın əlində bir şey görməyim...” (Bir səhər martın 7-də dərsə gələndə məktəbin qarşısında həyat yoldaşının maşınından düşən müəllimənin maşından düşə-düşə yüksək səslə “arxamca gələrsən, yəqin əlim ağır olacaq” dediyini eşitdik...)

Və gedərdi...

Və səhər birinci dərsdə sinifdə təbaşir tapılmazdı... Müəlliməmiz ildə bircə dəfə təbaşir arxasınca özü qonşu sinfə keçərdi. Biz isə ibtidai sinifdə olsaq da, “təbaşir qıtlığının” səbəbin yaxşı anlayır, sakitcə içində adımız qeyd olunan hədiyyələri gətirib müəllimin stolunun ütünə yığardıq. Kimin hədiyyəsinin əzilmək ehtimalı varsa, o gözləyib hamıdan sonra, qalaqlanmış hədiyyə tayasının üstündən öz hədiyyəsini şəstlə qoyardı. Yerimizdə oturub qurtaran kimi, (nə sirrdirsə, o hamımız əyləşəndən sonra qayıdardı) müəllimə gəlib “Boooooyyyy.... Bu nədir? Sizə nə demişdim?” sualları ilə gözucu hədiyyələri samballayardı...

Bir az sonra qonşu sinifdəki müəllimə-rəfiqə təbaşir axtarışına çıxanda, biz bic-bic baxışardıq...

İldə cəmi bir gün müəllimə ilə aramızda olan o sehrli pərdə qalxardı. Həmən günü müəllimə ilə münasibətimizdə ancaq özümüzün hiss edib qızardığımız bir ərk sezilərdi...

Və ildə cəmi bir gün, bir tənəffüsdə, martın 7-i böyük tənəffüsdə (ikinci dərsdən sonra) hamı bir nəfər kimi sinfi tərk edərdi ki, müəllimələr hədiyyələrinə rahat baxa bilsinlər...

Evdə də baxa bilərdilər, amma... məktəbimizdə uğursuz uşaqlardan ibarət bir sinif var idi. Nə dərs oxuyurdular, nə bayram başa düşürdülər... Həmin gün bütün müəllimələr aldıqları ən mənasız hədiyyəni (Bu çox vaxt bir alt paltarı ilə iki sabun olurdu. Bəli, belə tərbiyəsiz hədiyyə gətirən uşaqlar da olurdu) sanki ildə bircə dəfə aldıqları hədiyyədən vergi ödəyirmişlər kimi uğursuzlar sinfinin müəlliməsinə verərdilər...

Bizim vaxtımızda məktəbdə dərsdən sonra ev tapşırıqlarımızı hazırlamaq üçün qruplar olurdu. Qrup müəlliməmiz çox kök idi və məktəbə çantasında çoxlu yeməklə gələrdi... Sinif rəhbərimiz kimi sirli görünmürdü... Biz başı aşağı dərslərimizi yazdıqca, o yanında əyləşən müəllimələrə həyatının bütün detallarını danışırdı... Sinifdə bütün uşaqlar ərinin onu necə aldadıb qaçırdığını da bilirdi... Dərs hazırlayarkən bir qulağımız onda olurdu.

Valideynlər hədiyyəni həmişə əsas müəlliməyə göndərirdilər... Qrup müəllimələri isə ancaq sinifdə bir ailədən iki uşaq oxuduğu halda hədiyyə alardılar. Bizim sinifdə cəmi iki ailədən iki uşaq bir sinifdə oxuyurdu. Onlardan biri bacımla mən idim... O hər il cəmi iki hədiyyə alırdı. Hədiyyəsi az olduğundan bizi oyun oynamaq məcburiyyətində qoymurdu... Mənə hədiyyəmi ona verib “anam Sizi təbrik edir” demək daha asan idi, hətta hədiyyəni ordaca açıb baxırdı...

Bilmirəm niyə, amma onu çox sevirdim...

Zamanla anladım...

Qrup müəlliməm nə qədər müəlliməyə bənzəməsə də həyatda rastlaşdığım ilk HƏQİQƏT imiş...

P.S. Mənim oxuduğum məktəbdə belə olması, bütün məktəblərdə belə olub demək deyil.

# 5126 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #