Keçmişdəki gələcək

Keçmişdəki gələcək
7 yanvar 2013
# 15:30

İlqar RƏSUL

Proloq

Bəlkə də mən kasıb bir əkinçinin ailəsində doğulsaydım indi yazacaqlarım daha cəlbedici olardı. Hər halda hərənin öz həqiqəti var. Hətta o həqiqət başdan ayağa yalan olsa belə. Mənim həqiqətim ondan ibarətdir ki, ixtisasca jurnalist olan məmur ailəsində doğulmuşam. Özüm də hesab edirəm ki, hər kəs doğulduğu ailəni doğrultmalıdır. Və bu yalan həqiqət deyil...

İlin tut fəsli

...Əkiz qardaşımla mən orta məktəbi əla qiymətlərlə oxuyub qurtaracağıq. Amma Atamız və Anamız (sonradan da böyük qardaşımız və bacımız) kimi universitetdə təhsil almaq arzumuz uzun müddət ürəyimizdə qalacaq. Çünki bunun üçün normal bilik yox, yaxşı pul lazım olacaq. Ailəmiz imkansız olmasa da anamız bizi pulla adam etmək istəməyəcək...

Ona görə də mən tezliklə əsgərliyə gedəcəm. Sonra qayıdıb rayonumuzdakı texnikumu fərqlənmə diplomu ilə bitirəcəm. Bir müddət mənasız bir zavodda mühəndis işləyəcəm. Az sonra Azərbaycan müstəqil dövlət olacaq. Ardınca Rusiya ermənilərin əli ilə mahalımızı işğal edəcək, ev eşiyimizi yandıracaq. Ailəmiz qohumlarımızın şəhərinə - Bakıya köçüb məcburi köçkün həyatı yaşayacaq. Ailəyə kömək etmək üçün həmin dövrün gəlirli peşələrindən sayılan dəri gödəkçə tikməyi öyrənib bir müddət gecələr səhərədək yatmayacam (adam ailədə digərlərinə nisbətən bir azca çox pul qazananda, evdə ucadan danışa bilmir ki, birdən bunu qazancının səndə yaratdığı təkəbbür kimi qəbul edib inciyərlər. Gözdən düşərsən yəni)...

...Sonra nəhayət ki, arzuma çatacam. Məmmədəmin Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub oranı fərqlənmə diplomu ilə bitirəcəm. Oxuduğum müddətdə mənə maddi cəhətdən əkiz qardaşım dəstək olacaq. Sonralar qardaşım universitetin hüquq fakültəsində təhsil alırkən mən də onun üçün nələrsə etməyə çalışacam...

Bunlar artıq həyatımın jurnalist dövrünə təsadüf edəcək. Sonra ailə quracam. Oğlum olacaq. Sonra böyük qardaşım müharibənin və köçkünlüyün fəsadlarının yaratdığı ruh düşkünlüyündə öləcək. Sonra Anam bu dərdlə öləcək. Mənsə heç nəyə təslim olmadan elə hey harasa gedəcəm, gedəcəm, gedəcəm...

Bütün bunlar 2013-cü ilə qədər baş verəcək hadisələrdir: Böyük bir hissəsi məmləkətimin işğalına bağlı köçkünlük həyatının payına düşəcək və məndə yaşamaq hissini gücləndirməkdən başqa əlindən bir şey gəlməyəcək uğurlu, uğursuz həyat hadisələri...

Epiloq

Hələliksə 1976-cı ilin yay tətilidir. Mənim cəmi 10 yaşım var və 3-cü sinfi bitirmişəm. 3 yaşım olarkən 38 yaşında qəfil vəfat etmiş atamın hələ sağlığında xeyli sonranı düşünüb aldığı bahalı paltarları geyinir, gah evimizin damından tapdığım Jül Vernin latın qrafikalı kitablarını, gah da anamızın kitab dolabının əlimiz çatan rəfinə düzdüyü kiril qrafikalı Mark Tven, Konan Doyl əsərlərini oxuyur, böyük ağ kağızlara sentyabrda məktəbin ədəbiyyat kabinetinin divarından asılacaq Nizaminin, Füzulinin portretlərini çəkir, dostlarımla məhəllədə oynayır - bir sözlə adətən pəncərələrindən həyətə piano səsi yayılan üç mərtəbəli böyük bir evdə Anam, bacım və qardaşlarımla birlikdə ciddi bir qayğısı olmadan yaşayıram…

# 4005 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #