Sevgili axtaran qoca

Sevgili axtaran qoca
7 yanvar 2013
# 17:47

Ona qoca vaxtı-ölümün qonşuluğunda vurulmuşdu. Ərini 10 il idi itirmişdi. Ağlına da gəlməzdi ki, bu yaşında sevdiyi ola bilər. Amma oldu. Ərinin divarda unudulmuş şəklindən çox sevirdi onu. Həyatının daha etibarlı yoldaşı idi. Hər ay pul gətirirdi. Hamısını da son qəpiyinəcən qarıya verirdi. O da yavaş-yavaş xərcləyib bir təhər ayı başa çıxardırdı. Dava-dərmana verməyəndə puldan iki, üç manat artıq da qalırdı. Amma qalmırdı. Hər ay sevdiyindən ayrılan kimi ilk işi aptekə dəymək olurdu. Ürəyi həyatı daşıyacaq halda deyildi artıq...

Bir yerdə yaşamırdılar. Hərəsinin öz səbəbi var idi buna. Ayda da cəmi bir neçə dəfə görüşürdülər. Bu dünyadakı sonuncu sevdasının görüşünə özü gedirdi qarı. Başqalarının mane olmamağı üçün bəzən gecələr, bəzən də səhər tezdən, alaqaranlıqda. Hərdən görüşdən narazı qayıtdığı da olurdu. Xüsusilə də bayram günləri. Tanış-biliş səhərdən axşamacan sevgilisini tək buraxmırdı belə günlərdə. Puldan ötrü gedib bir kənarda gözləməyə də nə gücü, nə də səbri çatırdı. Bir tərəfdən də mərhum ərinin tanışlarından kiminsə görə biləcəyindən utanırdı. Ona görə də uzaqdan sevgilisinin həndəvərini tünlük görəndə geri qayıdırdı. Amma sonra yenə də gedirdi. Ehtiyacı var idi axı. Bu yeni sevda beli və dizləri çoxdan bükülmüş qarının həyatının sonuncu təsəllisi idi. Onun heç adını da doğru düzgün dili tutmurdu... Qışda görüşləri o qədər də asan olmurdu. Yağışda, qarda bir neçə küçəni keçib sevdiyinə baş çəkmək xeyli çətinləşirdi. Bir dəfə qarda yıxılıb ayağını əzdi...

Yanvar ayı görüşə bilmədilər. Qarıya çox çətin oldu. Ürəyi daha da zəiflədi. Fevralın əvvəli axşam, hava qaralandan özünü toparlayıb evdən çıxdı. Bərk şaxta idi. Çatanda görüş yerini tanımadı. Binanı sökmüşdülər. Təkcə divarları qalmışdı. Artıq bir neçə il idi nitqi tutulduğu üçün kimsəyə dərdini anladıb sevgilisinin hara köçürüldüyünü öyrənə bilmədi...

Həmin gecə fərqinə varan olsaydı xeyli vaxtdır küçədə o baş bu başa gedərək vurnuxan və tezliklə ürəyi dayanacaq bir qarı görərdi. Sevgili bankomatını axtaran qoca bir qarı...

# 2995 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #