Lax yumurtalı qisas

Lax yumurtalı qisas
10 dekabr 2012
# 11:10

Xudayar, özü demişkən, sıradan bir sənətkar deyildi, ev təmirinə və tikintisinə aid olan bütün işləri bacarırdı - daş hörgüsündən tutmuş ta kafel, metlax qoymağa qədər. Buraya santexnika işləri də daxil idi.

O, ali təhsilli inşaat mühəndisi idi. Yaşının qırx beşində gəlib qara fəhlə işləməsinin, özünün də lovğalanaraq dediyi kimi, sənətkarlıq eləməsinin bir neçə ciddi səbəbi vardı. Birincisi o idi ki, Xudayar tikinti şirkətlərinin rəhbərliyi ilə yola gedə bilmirdi. Arada o, iş icraçısı kimi fəaliyyət göstərəndə onun belə bir qabiliyyətdə olmadığı üzə çıxmışdı. Bir neçə xoşagəlməz epizoddan sonra onu müdiriyyətin iradəsi əleyhinə çıxdığına görə işdən qovmuşdular.

Belə çıxırdı ki, Xudayar “betona sement bu qədər vurulmalıdır, armaturlar filan ölçüdə olmalıdır” deyərkən şirkəti müflis etmək istəyir. Bu, təbii ki, şirkət rəhbərliyinin xoşuna gəlmirdi. Xudayar bir dəfə də “belə olmalıdır, standart belə tələb edir” deyə etiraz bildirərkən, şirkətin onsuz da qara prezidentinin rəngi bir az da qaralmış, çığırmışdı ki, sən özün bizim standarta uyğun gəlmirsən.

Beləcə, onun şələ-şüləsini qoltuğuna verib yola salmışdılar. Xudayar qapıdan çıxanda bircə onu demişdi ki, bir gün qaldırdığınız bu binalar domino daşından düzəldilmiş oyuncaq evciklər kimi təpənizə uçulub töküləndə məni yadınıza salacaqsınız. O, nə qədər humanist olsa da o vaxtdan bəri, Rixter şkalası ilə beşcə ballıq zəlzələ arzulayırdı ki, onun vaxtilə işlədiyi şirkətin tikdiyi binalar uçsun və şirkətin qara prezidentini, eləcə də səfehqulu iş icraçılarını tutub qoysunlar içəri. Sənətkar əmin idi ki, beş ballıq zəlzələ şəhərdə elə bir dağıntı törətməz, amma onun keçmiş şirkətinin binalarını yerlə bir edər.

O cür insafsızcasına işdən qovulandan sonra onu başqa şirkətə götürmürdülər. Adı demaqoq çıxmışdı, ona görə. Hara gedirdi, deyirdilər, qardaş, sən canın, bizi zibilə salma, biz səni bura heç fəhlə kimi də götürə bilmərik.

Bu haqq-hesabdan sonra Xudayarın qarşısında iki yol qalırdı: tikinti sektorunu tərk etmək, ya da özəl qaydada işləmək. O, ikincini seçmişdi.

Beləliklə, o, xeyli vaxt idi azad sənətkar kimi fəaliyyət göstərirdi və bu cür həyat tərzindən məmnun idi. İşlədiyi vaxtlarda Xudayar yaxşı qazanırdı, işləmədiyi vaxtlarda isə toplayıb kənara qoyduğu puldan xərcləyirdi. O, ailəcanlı adam olduğundan çalışırdı ki, ailəsi korluq çəkməsin, oğlu və qızı yaxşı təhsil alsın. Ona görə də Xudayar şənbə-bazar, bayram-tətil, yay istirahəti, qış məzuniyyəti bilmədən işləyirdi. Onun tətili yalnız əlindəki bir işi bitirib digərinə başlamadığı günlərdə olurdu, bəzən iki-üç gün, bəzən bir ay. Amma aydan o tərəfə keçdiyi olmazdı, mütləq köhnə müştərilərindən hansınınsa tuşutması ilə ona yeni bir iş təklifi gələrdi.

Xudayarı adlı-sanlı hakimə keçmiş “xozeyn”i məsləhət görmüşdü. O, insan adam idi (bu, sənətkarın insanlara verdiyi ən yüksək qiymət idi), evini təmir etdirərkən ustalara, fəhlələrə yaxşı baxmışdı, işlərindən razı qalmışdı və zəhmət haqlarını son manatına qədər ödəmişdi. Ona görə də hakim ona zəng vurub “insan adam”ın adını çəkərək ona villasını təmir etdirmək istədiyini deyəndə prinsipcə razı olduğunu (o, savadlı danışmağı sevirdi) bildirmiş, daha sonra gedib evə baxmış, qiyməti danışmış, briqadasını hazırlamış və bir gün işə başlamışdı.

Hakim Nəsirovun villasını başqa bir tikinti briqadası tikib başa çatdırmış, amma evin içini abıra salmadan, heç bir iş görmədən atıb getmişdilər. Nəsirov deyirdi ki, əvvəlki briqada ilə danışıqları belə olub, onlar dörd divarı təhvil verib üzülüşməli imişlər, elə də olub. Ancaq Xudayar şübhələnirdi ki, bu işin içində bir iş var, güman ki, bunun verdiyi pul əvvəlki briqadanı qane etməyib deyə tərəflər pozuluşub.

Nəsirov iş yeni başladığı vaxt özünü səxavətli göstərsə də, axıra yaxın simicin yekəsi olduğu üzə çıxmışdı. O, yüz cür bəhanə uydururdu, bütün ustalara boyun olduğundan az pul verirdi. Bir dəfə o, Xudayarın qoyduğu kafellərə əlini sürtərək dedi ki, burada sanki bir millimetr uyumsuzluq var. Xudayar etiraz etdi, dedi, dünyanın heç bir ustası onun işində “defffekt” (o, bilə-bilə “f”ləri üç eləmişdi ) tapa bilməz. Onlar bir az höcətləşdilər, hakim dediyindən dönmədi, əsl hakimlər kimi dedi, qərar qətidir və apelyasiyası-zadı yoxdur.

Hələ həmin höcətləşmə zamanı Xudayar başa düşdü ki, axırda problemləri olacaq. Əvvəlcə istədi ki, axıra yaxın işi yarımçıq saxlasın və briqadasını da götürüb getsin, amma fəhlələr oturub hesabladılar ki, onların Nəsirovdan alacaqları çoxdur, işi yarımçıq qoysalar, hakim pullarını verməyəcək. Əlac kəsildi, Xudayar başda olmaqla fəhlələr işi davam etdirdilər. Villada bir-iki günlük iş qalmışdı, hakim Nəsirov briqada ilə hesablaşmağa gələndə fəhlələrə borclu olduğu pulun bir hissəsini gətirdi, xeyli hissəsini saxladı və bəyan etdi ki, işi tam təhvil verəndən sonra yerdə qalan pulu bir-iki aya düzəldib verəcək, amma bir hissəsini ümumiyyətlə verməyəcək, çünki ustaların gördüyü iş xoşuna gəlməyib.

Cənab hakim tikinti meydançasını tərk edən kimi Xudayar situasiyanı ayıq baxışla, soyuq ağılla dəyərləndirdi: “Uşaqlar, bu, türkün sözü, kötü adamdır, bizə atacaq”.

Briqada əlini işdən ayırıb uzun-uzadı məşvərət elədi. Xudayar əvvəlcə onu bu hakimə calayan “insan adam”a zəng etdi. Prokurorluq işçisi olan həmin şəxs dedi, ay Xudayar, mən nə bilim o belə adamdır, bizə gələndə evin təmirini gördü, soruşdu, bunu kim edib, sonra yapışdı ki, onu mənimlə calaşdır, mən də guya ki, xeyirxah iş gördüm. Prokurorluq işçisi dil-ağız eləyəndən sonra eyhamla bildirdi ki, o, bu məsələyə qarışa bilməyəcək.

Müzakirənin gedişində ustalardan biri – santexnik işləri görən Həmid təklif etdi ki, sabah hakimi tutub dirəsinlər divara, qaz açarını boğazına sıxıb desinlər, adə, pederas qaşqaldaq, fəhlənin haqqını nöş kəsirsən. Xudayar dedi, yox, maddəsi ağırdır, qaz açarıyla hədələmək o tərəfə dursun, “pederas qaşqaldaq” söyüşünün altından çıxa bilmərik.

Evin elektrik işini həll edən Fazil dedi ki, ən yaxşısı evi bərbad günə qoymaq, beləcə də atıb getməkdir. Xudayar bununla da razılaşmadı, dedi, bu, özlərinə qarşı anti-reklam olar.

Kəsəsi, hərə bir söz dedi, Xudayar isə müdrik-müdrik susdu, lap axırda hansısa kitabdan oxuduğu sözü dilə gətirdi: “Qisas soyuq yeyilən yeməkdir, Həmid”.

O, iş yoldaşlarına izah etdi ki, bu xəsis hakimlə dalaşmağın heç bir xeyri ola bilməz, daha böyük ziyana düşə bilərlər, həm onun cangüdənləri və haraya gələn qohum-əqrəbası tərəfindən eşşək kimi döyülərlər, həm də tutularlar və məcbur olarlar qazandıqlarını aparıb polis-prokuror-hakim-vəkil dördlüyünə versinlər.

Polemikanın sonunda Xudayar optimal çıxış yolu kimi, özü demişkən, konstruktiv-kreativ təkliflə çıxış etdi, dedi ki, bir qisas növü bilir, Blaqoveşşenskdə əsgərlikdə olanda bir itxasiyyət polk komandirləri olub, onun daçasını tikərkən bu üsulu tətbiq ediblər. Baş usta ümidvar olduğunu bildirdi ki, onlar bu üsulla zəhmətlərinin haqqını ala bilməsələr də hakimə güclü zərbə vura bilərlər və o, bu evdən xeyir görə bilməz.

Əyninə hakimlərin mantiyasina oxşayan qara iş xalatı geymiş Xudayar əlindəki çəkici masaya vuraraq öz verdiktini elan etdi:

- Sabah hərəniz nə qədər bacarırsınızsa, o qədər lax yumurta tapın gətirin.

Sonra o, lax yumurtanın təyinatını tərif etdi və briqada yekdilliklə razılaşdı.

Ertəsi gün onlar özləri ilə çoxlu lax yumurta gətirdilər. Çətinliklə marketlərdən, toyuq saxlayan qonum-qonşulardan tapmışdılar. Xudayarın göstərişi ilə yumurtalar bir-bir, qabıqları yüngülcə çatladılaraq künc-bucaqlarda, müxtəlif yerlərdə səliqə-sahmanla yerləşdirildi. Bu, ustaların daha bir gün vaxtını aldı, amma onlar bu əziyyətə mətanətlə qatlaşdılar. Nəsirovun evi böyük olduğundan yumurta bir az çox işlədildi – təbii ki, Şəki Xan sarayının tikintisinə gedən qədər deyildi. Ustalardan biri deyəndə ki, deyəsən, bir az barıtı çox qoyduq, Xudayar dedi, yoooox, az deyil, bu ev elə iylənməlidir ki, qonşular hakimin üstünə davaya gəlsinlər, küçədən keçənlər elə bilsinlər, buralardan kükürdlü su çıxır.

İşin son günü, gözlənildiyi kimi, möhtərəm hakim onların haqqını xeyli kəsdi, üzünü bozartdı və onları borclu çıxartdı. Bu davranış əslində Xudayarın dəstəsində məmnunluq yaratdı, hakim onların pulunun yerdə qalan hissəsinin çoxunu verib, azını saxlasaydı, ustalar lax yumurtaya görə peşmanlıq çəkərdilər.

Bu hadisədən təxminən iki ay sonra Xudayarın mobil telefonuna usta Rəfayıldan zəng gəldi və onlar çayxanada görüş təyin etdilər.

Ustalar çayxanada azərbaycanlılarsayağı görüşdülər və özlərinin, ailələrinin, qohum-qardaşlarının can sağlığı ilə maraqlandılar, müsbət cavablar alandan sonra yeddi-səkkiz dəfə də “nə var, nə yox” tipli suallara “sağlığın” kimi cavablar verdilər, bir çaynik çay aşırdılar, bir qənddan qənd yedilər, nəhayət, Rəfayıl mətləb üstünə gəldi:

- Məni bir evə işə çağırıblar, gedib baxmışam. Məndən qabaq orda sən işləmisən. Məhkəmə sədri var ey, Fazil Nəsirov, onu deyirəm.

Xudayar məsələni anladı və özünü bilməzliyə qoyub soruşdu:

- İki ay olar biz onun evini işləyib bitirmişik. Orda iş qalmamışdı axı, tam hazır eləyib vermişik. Sənlik nə iş var ki, orda?

Rəfayıl iki dəfə udqundu, on dəfə gözünü qırpdı, axırda bir az açıldı:

- Xudu, qaqa, məsələ ondadır ki, həmin ev yenidən remont olunmalıdı, özü də rus demişkən, ot i do.

- Niyə ki?

- Otaqlar leş iyi verir. Hamısı.

- Mənə nə dəxli var? – Xudayar öz kursunu davam etdirdi və zarafat damarı tutdu: - Türklər demişkən, nasıl yardımçı ola bilərəm, abi?

Rəfayıl daha uzatmaq istəmədi:

- Otaqların hamısına lax yumurta yerləşdirilib, bunu ustalar eləyib, bilirəm. Nəsirov evində işləyən ustaların adını mənə deyəndə tanıdığım bircə sən oldun. Ona görə sənə deyirəm ki, bəlkə biləsən, yumurta otaqların haralarına qoyulub, tapım çıxardım, hər yeri söküb-tökməyim.

Xudayar usta da, nəhayət, mətləbə keçməyi qərara aldı:

- Rəfayıl, neçə ildi bu sənətdəsən, bilmiş olarsan, ustalar xozeynin evinə lax yumurtanı niyə qoyurlar?

Rəfayıl yenə udqundu:

- Haqq-hesab kəsiləndə, ustaya danışıldığından az pul veriləndə...

- Ay sağ ol,- deyə Xudayar məmnun-məmnun gülümsündü: - Bəs sən Nəsirovdan soruşmusanmı ki, o, ustaların haqqını düz verib, ya yox?

- Deyir, hamısını düz vermişəm, sadəcə, yaxşı işləməyənləri bir az cərimələmişəm.

Xudayarın üzü bozardı:

- Gözünün içinə qədər yalan deyir əclaf, təkcə on beş min manat məndən kəsib. O qədər iş görmüşük onun evində, bir milyon manatlıq evdə materiallı-zadlı iki yüz min manatlıq təmir işi görmüşük, axırda əlli min manatımızı kəsdi, dedi ki, heç atdanıb-düşməyin, o yan-bu yan eləsəniz sizi qoydurram içəri. Belə olan halda nə bilmək olar ki, onun evinə bir kletka lax yumurtanı haqqı kəsilmiş yeddi ustadan hansı yerləşdirib.

Bunu deyəndən sonra Xudayar çox ləzzətlə güldü və Rəfayıl bu durumu xeyirliyə yozdu, fikirləşdi ki, deyəsən, bu, axırda sıyılacaq.

Heç demə, aradan keçən bu müddətdə lax yumurtaların qabığının çatı bir az da böyüyüb və “müşk-ənbər” iyi hakimin evini tamam bürüyüb. Rəfayılın söhbətindən aydın oldu ki, villanın hazır olmasından bir ay sonra Nəsirov oğlunu evləndirib, təzə evinə təzə gəlin gətirib. Toy günü evdə xoşagəlməz iy olduğunu bilsələr də, xoş rayihə yayan flakonlar vasitəsilə leş iyini ört-basdır ediblər. Amma toy gününün səhəri təzə gəlin öyüyüb hamama qaçanda deyiblər, boy, dünən bir, bu gün iki, bu, nə tez hamilə qaldı. Bəziləri şübhələniblər ki, yəqin gənclər məsələni öncədən həll ediblərmiş. Sonra təzə bəy də öyüyəndə başa düşüblər ki, yox, bu hamiləlik məsələsi deyil.

Başlayıblar tədbir görməyə, elə biliblər, evin harasındasa siçan, yaxud pişik ölüb, yoxlatdırıblar, bir şey tapmayıblar, axırda başa düşüblər ki, ev yenidən işlənməlidir, yoxsa burada yaşamaq mümkün olmayacaq.

Xudayar bu hadisədən o qədər məmnun qaldı ki, sanasan, hakim ondan kəsdiyi zəhməthaqqını Rəfayıldan geri göndərib. O, elə bu məmnunluqla da dilləndi:

- İndi, Rəfayıl, mən sənə minalanmış sahənin xəritəsini verməliyəm, eləmi?

- Yaxşı olar, - Rəfayıl tələsik dedi.

- Yaxşı olmağına yaxşı olar, Rəfayıl, amma sənə və Nəsirova yaxşı olar. Bəs bizim kəsilmiş haqqımız, batmış zəhmətimiz necə olsun? – qıyqacı baxa-baxa soruşdu Xudayar: - Əlimizin qabarı necə olsun? Alnımızın, hələ alın o tərəfə dursun, dalımızın təri necə olsun, Rəfayıl?

Rəfayıl bu ritorik suallara cavab verə bilmədi.

Onun məlul-məlul susduğunu görən Xudayar davam etdi:

- Məndən sənə qardaş məsləhəti, o evdən nə sən xeyir görə bilərsən, nə də Nəsirov. Onun fundamenti haramla atılıb. Orada bizim uşaqların tərinin haqqı qalıb. Sən o evdə işləməkdən imtina elə, qardaşın sənə iş tapar. Bizim uşaqlar o evə o qədər lax “mina” düzüblər ki, düz özülünə qədər sökülməlidir, yoxsa o ev axıra qədər leş iyi verəcək.

Rəfayıl usta daha bir söz demədi, başa düşdü ki, əslində Xudayar düz deyir, Nəsirov onu da eşşək kimi işlədəcək, axırda da pulunu kəsəcək.

Xudayar usta və onun briqadasının yolu hərdən vaxtilə təmir etdikləri villanın yanında düşəndə üstündə “Ev təcili satılır” elanını görür, evin niyə satışa çıxarıldığını və niyə hələ də satılmadığını bilir, qımışıb keçirlər.

P.S. Müəllif Xudayar ustanın xəsis hakimə qarşı tətbiq etdiyi qisas üsulunun ideya kimi qəbul olunmasına qarşıdır, tövsiyə etmir və əmindir ki, ustalar özləri bilən məsləhətdir. Sa

# 3279 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #