O fahişəni sevirdim

O fahişəni sevirdim
22 sentyabr 2017
# 11:51

Mən o fahişəylə barların birində tanış olmuşdum. Məsum çöhrəsi vardı, uşaq təbəssümü ilə gülümsəyirdi. Biz onunla otağa girəndə bir anlıq duruxdum.

- Nə oldu? Niyə kefin yoxdur? – soruşdu çiynimdən tutaraq.

- Heç...

- Sevgilindən ayrılmısan?

- Sevgilim yoxdu.

Otağa girəndə hiss etdim ki, mən ona toxuna bilməyəcəm. Bir anlıq qorxdum. Tez o otaqdan çıxıb getmək istədim. Qorxumun səbəbi özümə də bəlli deyildi. Amma bu qorxu sevgidən yaranmışdı. Bir fahişəni sevmək mənə qorxulu yuxu kimi gəlirdi.

Birdən ağlımdan uşaqca bir şey keçdi. Guya fahişəni bu qaranlıq dünyadan çıxarıb işıqlar diyarına aparıram. Nağıl kimi bir şəhərdə xoşbəxtcəsinə yaşayırıq.

- Nə düşünürsən? Soyun də... – o məni tələsdirirdi. İndi fikir verdim ki, artıq ətcəbala qarşımda dayanıb. Belə tez soyunmağı əsəblərimə toxundu, içim buza döndü.

- Niyə belə tez soyundun? – soruşdum. - Mən belə sevmirəm.

- Əşşi, vaxt yoxdu e... Sən romantika axtarırsan.

Qəfil xəyalımda yaratdığım nağıl şəhəri gözlərimin qabağında durdu:

- Gedək buralardan...

- Hara? Başqa yerdə istəyirsən?

Məni başa düşməmişdi, gedib paltarlarını geyinmək istəyirdi.

- Onda qiymət çox olacaq ha...

- Onu demirəm. Gəl səni bu həyatdan xilas edim.

- Nə?

- Deyirəm, xilas eləyim də səni.

- Boş-boş danışma. – qaqqıldadı, bədəni dalğa-dalğa yırğalandı.

Birdən-birə nə qədər axmaq bir təklif etdiyimi anladım, başımı buladım:

- Alınmayacaq məndə.

- Narahat olma. - əlimi tutdu. – Gedək.

Pulu uzatdım, götürmədi. Əlini çiynimə aşırdı, əhli-kef görkəmdə otaqdan çıxdıq. Qabağımıza başqa fahişələr çıxdı, tüstünün içində onların parıltısını görürdüm. Birdən ağlımdan keçdi ki, ən çətini onları seçmək olur. Hamısı sənə baxır və sən yalnız birini seçməlisən. Həm də düşündüm ki, fahişələrin hər şeyi ortadadır, yalan danışmırlar, (əslində onların uydurma hekayələr danışmasını çox eşitmişdim) gördüyün kimidir onların həyatları. Və qəribədir, bayaqkı hiss təzədən bütün vücudumu titrətdi: fahişəni sevə bilərəm! Özü də çox dəhşətli bir sevgi olar bu. Heç yerə qaça bilmərəm bu sevginin əlindən. Həm də qorxu da səpilirdi bu sevgiyə.

- Sevgilimdi e... – fahişə rəfiqələrinə baxıb dedi, hamısı gülüşdü. – Zor oğlandı!

Özümü onun cəngindən xilas eləyib küçəyə çıxdım. Tezbazar ordan uzaqlaşmalıydım. Bir də gördüm arxamca gəlir, köynəyini bağlaya-bağlaya. Uzun ayaqlar pillələri enirdi.

- Sənə sözüm var. – dedi mənim yanıma çatmadan.

- Buyur...

- Bir də bura gələndə içmə. Yaxşı?

Başımı tərpətdim.

Bir də ora getməyəcəkdim yəqin ki. Ora getsəm, həmişə bu məsum, uşaq təbəssümlü fahişə çıxacaqdı qabağıma. Mən onu xilas etməyi düşünəcəkdim axmaqca. O da mənə baxıb güləcəkdi. Sevəcəkdim o qadını. Tükürpədici bir sevgi olacaqdı bu.

- Narahat olma. – deyəcəkdi. – Heç kimə demərəm.

- Səni sevirəm!

- Yavaş, eşidirlər. Adamları özünə güldürmə. Fahişəni sevmək olmaz.

Qulağımda onun səsi küçənin qaranlığında yüyürə-yüyürə o bardan uzaqlaşdım.

# 1945 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #