Nə üçün də, nə üçün?

Nə üçün də, nə üçün?
5 yanvar 2016
# 12:26

Bir gün Nəsrəddin Xocaya xəbər verirlər ki, bəs, nə yatmısan, qalx, düşmən gəlib kənd-kəsəyi işğal edir, çəkidə yüngül, qiymətdə ağır nəyin varsa, götür, aradan çıx. Xoca Nəsrədddin deyilən kimi də edir. Evində nə qədər pul-para, qızıl-gümüş varsa cibinə doldurub qaçır. Kəndin çıxacağında iki oğru qabağını kəsib üstündəkiləri əlindən alandan sonra, onu döyməyə başlayırlar. Yazıq kişi birtəhər özünü ələ alıb deyir: “Qardaş, məni nə üçün döyürsünüz? Az gətirmişəm, yoxsa, gec gəlmişəm?”

Bəli, “Nə üçün?” çox ciddi sualdır.

Görürsən biri səndən küsür, aylarla danışdırmır. Məsələnin ən dəhşətli yanı budur ki, sən adamın nə üçün küsdüyünü bilmirsən və o da sənə heç nə demir.

Soruşursan, yenə demir.

Frans Kafkanın “Məhkəmə” əsəri qos-qoca bir “Nə üçün?” sualı üzərində qurulub.

Bir səhər Josef K.-nın evinə üç nəfər gəlir, ona elan edirlər: “Sən həbs olunmusan.”

“Nə üçün?” - Josef K. bütün roman boyu bu sualın cavabını axtarır.

Və təbii ki, tapmır.

Dünyada “Nə üçün?” sualının altına gömülən minlərlə qətl, basqın, yanğın hadisəsi, müharibələr, fırtınalar, fəlakətlər vardır.

Xalq yazıçısı Elçin də deyir ki, mən yenicə çapdan çıxan “Baş” romanımı məhz “Nə üçün?” sualına cavab vermək üçün yazmışam.

Hətta ədəbiyyatımızda “Nə üçün” adlı ayrıca hekayə var.

Son günlər ölkədə baş verən hadisələr də adamın qafasında nəhəng bir “Nə üçün?” sualı doğurur.

Və bəlkə də bu “Nə üçün?” sualı onu doğuran səbəblərdən çox-çox böyükdür.

Elə buna görə heç vaxt cavab variantı olmur.

Məsələn, ciddi böhrana gömülməkdə olan ölkədə “Formula 1” yarışması NƏ ÜÇÜN keçirilməlidir?

Yaxşı, “Formula 1”-i anladıq, bəs bu “İslam oyunları” kimin nəyinə lazımdı? Biz cəhənnəm, İslamın oynayan günüdü ?

Açırıq saytları: 844 dərman qadağan olunub!

NƏ ÜÇÜN?

Cavab yoxdur.

Axtarsan da tapa bilməzsən.

Sosial şəbəkələrdə ehtimal olunur ki, dərmanlara bütünlüklə yox, istehsalçı ölkəyə görə qadağa qoyulub. Yəni, ola bilsin Karvalolu Rusiya yaxşı buraxmır, ona görə Səhiyyə Nazirliyi istəkli vətəndaşlarına Rusiya istehsalı olan Karvalolu qadağan edir. Başqa yerdən gələn eyni adlı dərmana yasaq yoxdur. O zaman ikinci sual çıxır ortaya: NƏ ÜÇÜN indiyədək yasaq qoymurdu? Pis idisə çiçəklənən ölkəyə niyə buraxırdı? Böhran gələn kimi yaxşı dönüb pis oldu?

Yaxud, içkilər kartla satılacaq – NƏ ÜÇÜN?

Bayaq bir iqtisadçı dostum “depozit”, “təmərküzləşmə” kimi qəliz terminlərlə içki-kart oyununu mənə iki saata başa saldı. Üstəlik bildirdi ki, söhbət 50 manata qədər olan xırda al-verdən yox, topdansatışdan gedir. Amma, Məşədi İbad demişkən, mən bilmirəmsə, bu bisavadlar haradan biləcək?

Tək kəlmə – absurd ölkədə, hətta absurd dünyada yaşayırıq.

İş o yerə çatıb ki, “Maşınlara apteçka, qəza nişanı və yanğınsöndürən” - alın deyəndə də camaat xoflanır. İzahını bildiyi bu qərarda da nəsə absurd axtarır. Çünki bizdə yaxşı qərarlar da yaxşılıq naminə verilmir. Nəyə görəsə verilir, sadəcə təsadüfən yaxşılıqla üst-üstə düşür.

Bəli, bizdə yaxşı qərarlar da yaxşılıq məqsədi ilə verilmir!

Görəsən, NƏ ÜÇÜN?

# 1252 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #