Qadın və qocalıq

Qadın və qocalıq
26 iyul 2013
# 07:00

Gənc qadın nəvaziş və sevgiylə körpəsini sinəsinə sıxıb. İlk baxışdan qayğısız görünür.

Ancaq həm də elə bil, körpə qızını nəsə təhlükəli bir şeydən qorumaq istəyir.

Onun sağında isə başını köksünə əymiş, döşləri sallanmış, dərisi bürüşmüş, duruşundan məyusluq yağan yaşlı qadın dayanıb.

O, təravətini, gözəlliyini itirmiş vücuduna görə utanır və üzünü gizləmək istəyir.

Yaşlı qadın yaşı, qocalığı ilə barışmaq istəmir.

Bu, Avstriya rəssamı Qustav Klimtin “Qadının üç yaş dövrü” tablosudr.

“Rəsm predmeti kimi məni özüm az maraqlandırır. Məndə xüsusi nəsə yoxdur” deyən Klimti daha çox qadın bədəni, təbiəti maraqlandırıb və əsərlərində də ən çox onları təsvir edib.

Tablo 1905-ci ildə çəkilib.

Hələ o dövrlər plastik əməliyyatlar bugünki qədər nə inkişaf etmişdi, nə də aktual idi.

Görəsən, Klimt yaşasaydı, onun fırçasında müasir qadın necə, hansı rakursda, hansı boyalarla, kontrastlarla təsvir olunardı?

Məsələn, elə bu tablodakı, yaşına görə əzab çəkən o qadının durumunun hansı variasiyasını təklif edərdi Klimt?

Plastik əməliyyat keçirən bir qadın bədəni və siması tragikomik kontekstdəmi?

Estetik əməliyyat üzündən individuallığını itirmiş qadınların ümumiləşdirilmiş obrazımı?

Təbiətə qarşı kosmetik prosedurlarla ümidsizcə mübarizə aparan qroteskləşdirilmiş bir qadınmı?

...Hər iki cins üçün yaşı ilə barışmaq çətindir.

Xüsusən də həmişə cazibədar görünmək, üzərində diqqət hiss etmək istəyən qadın üçün.

Yaş kompleksi, təravətini itirən vücud qadını estetik əməliyyatların ağuşuna atır.

Bu, təbiəti, hər şeydən əvvəl isə özünü müvəqqəti, kədərli aldanışa bənzəyir.

Doğrusu, bu yazı televiziya ekranından Ajda Pekkanın ara-sıra gözümə dəyən kliplərindən sonra ağlıma gəldi.

Estetik düzəlişlər, texnologiya effektləri hesabına 67 yaşında da çılpaq bədəninin nümayişinə ehtiyac duyan Pekkan ümidsizcə təbiətə meydan oxuyur. Özümdən asılı deyil, ona acıyıram.

Və düşünürəm ki, qadın yaşıyla barışmaq istəməyəndə eybəcərləşir, özünü komik durumlara salır.

Nə edirsən et, təbiətə qalib gəlmək imkansızdır.

Texnologiyalar, estetik redaktələr belə təbii qüsurları ört –basdır etmək gücündə deyil.

O, yenə də bir şəkildə özünü büruzə verir.

Zəruri reallığa qarşı müqavimət anlamsızdır.

Bəs bu vəziyyətdə ən yaxşısı nə ola bilər: sadəcə, qadının yaşıyla barışması, yaşını, qırışlarını sevməsi, bəzən özünə ironiya etməsi.

Yaşının ötməsinə sağlam yanaşan, üzündə yaranan qırışları sevən qadınlar çəkici, işıqlı, təbii olur, nəinki estetik əməliyyata gedənlər.

Məsələn, sevdiyim aktrisalardan biri Annett Bening yadıma düşür. Somerset Moemin “Teatr” romanı əsasında ekranlaşdırılan filmdə baş rolu oynayanda 46 yaşı vardı. Bu qadının cazibəsinə heyran olmuşdum. Və mənə elə gəldı ki, onu daha da çəkici edən gözlərinin ətrafında, gülümsəyəndə üzünün bəzi yerlərində əmələ gələn xəfif qırışlarıdır.

# 4321 dəfə oxunub

Oxşar xəbərlər

Peyğəmbərlik nədir?

Peyğəmbərlik nədir?

15:00 7 yanvar 2025
"Qəzada ölənlərdən biri danışdı"

"Qəzada ölənlərdən biri danışdı"

13:15 26 dekabr 2024
Geylər niyə sürətlə çoxalır?

Geylər niyə sürətlə çoxalır?

12:16 23 dekabr 2024
Seriallarımızda ağsaqqallıq eləyənlər

Seriallarımızda ağsaqqallıq eləyənlər

12:19 19 dekabr 2024
“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

“Sənə demişəm axı, heç bir qızı layk eləmə!”

15:00 16 dekabr 2024
Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
# # #