Meyxana bayağılığı

Meyxana bayağılığı
26 aprel 2013
# 10:37

Cəlil CAVANŞİR

Bəri başdan deyim ki, mən meyxananın əleyhdarı deyiləm. Sadəcə son illərdə zövqümüzü korlayan bu “sənət” və “sənətkarlar” haqqında bəzi fikirlərimi oxucularla bölüşmək niyyətindəyəm.

Bir vaxtlar onsuz da biabırçı vəziyyətdə olan efiri “işğal” edən ən ciddi məsələ “meyxana, yoxsa bədihə?” sualının cavabını axtarmaq idi. Qarabağ problemindən də “ciddi” hesab olunan bu problem ziyalılarımızı bir zamanlar çox düşündürür, xalqımız səbirsizliklə bu sualın cavabının tapılacağı o anı gözləyirdi. Xalqımızın əsas problemlərindən biri məhz bu sənətin adının tapılması idi.

Küçədə istənilən insanı saxlayıb, ən sevimli şairinin efirdə nə vaxt göründüyünü soruşsanız, xatırlamaz, amma meyxana və meyxanaçılar haqqında saatlarla danışa bilər. Efirdə hələ də bütün günü Mehman Əhmədlini, Namiq Qaraçuxurlunu, Vüqarı, Bayramı, Hacı Elşən Xəzəri və digər meyxanaçı “şairləri” göstərirlər. Efirdə tez-tez buna bənzər “nəzm qırıntıları” eşidilir: “Bu qədər şair oturub yan-yana”. Məni ən çox əsəbiləşdirən məhz bu məqamdır. Şair adını bu qədər gülməli hala salmaq insafsızlıqdır axı. Mərsiyəxanı da, meyxanaçısı da, tamadası da özünə şair deyən məmləkətdə kiməsə “şair” deyib müraciət etmək artıq ironiyadır. Xalqın canı nə “bozbaş” müğənnilərdən qurtarır, nə meyxanaçılardan.

“Namərd qonşularımız bu sənəti də bizdən oğurlayıb, sahib çıxacaq” sözlərini eşidəndə lap gözlərim yaşarır.

Ucuz reklam

Əslində meyxana-bədihə davası meyxanaçıların ucuz reklam axtarışından başqa bir şey deyildi. Vaxtilə mediada bir-birinə hədyan yağdıran Aqşinlə-Elşənin qardaş kimi görüşmələri çoxları kimi məni də çaşdırmışdı. İndi Elşən Hacı Elşən olub, Aqşin isə özünü “əhli-beyt məddahı” hesab edir. Elə onda hiss etdim ki, “cayılı” sənət sayılan meyxananın da “ayağı sürüşməyə” başlayıb. Namiq Mənanın, Mehman Əhmədlinin vətənpərvərlikdən , Elşən Xəzərin, Oqtayın, Ələkbərin dindən danışması məni çox düşündürür. Sovet dövründə məişət səviyyəsində yaşayan, underground sənət sayılan meyxananın müstəqillik illərində üstündəki yasaq, qadağa qaldırıldı. Meyxana sürətlə populyarlaşmağa başladı.

İndi meyxanaçılar israr edirlər ki, meyxana folklorumuzun tədqiqatdan kənarda qalan maraqlı bir janrıdır. Bir müddət Azərbaycanın ən yaxşı folklorşünas alimi ilə birlikdə çalışmışam. Ömrünün 58 ilini folklora həsr edən Sədnik Pirsultanlının dilindən bir dəfə də olsun meyxana ilə bağlı heç nə eşitməmişdim; maraqlandığımı görüb özü izahat verənə qədər. Üstəlik folklorla bağlı oxuduğum kitabların heç birində meyxana ilə bağlı bir sözə, bir cümləyə rast gəlməmişəm. Meyxanaçılar təəssüflənir ki, xalq arasında yaşayan meyxana elmdə öz əksini tapmayıb. Maraqlı iddiadır. Dünya elmlə, texnikayla, yeni nəsil kompüterlə maraqlandığı bir zamanda bizim alimlərimiz “meyxanaşünaslıqla” məşğul olmalıdır. Təsəvvür edin ki, hansısa folklorşünas alim meyxana haqqında monoqrafiya yazıb...Amma inanın ki, bu qətiyyən təəccüblü olmaz.

Meyxananın bu qədər ucuz vasitələrlə reklam olunmasının arxasında nə dayanır? Televiziyalar nə üçün bu yasxana motivli, insanda heç bir katarsis yaratmayan, ovqatımızı bədbinləşdirən, underground sənətə bu qədər aludədir? Olmazmı bu səfeh proqramların yerini daha ciddi sənət verilişləri tutsun? Bu xalqın olan-qalan ülvi hisslərini də “ləntərani” sözlərlə öldürüb manqurtlaşdırmaq çoxmu vacibdir? Görünür bu suallar ətrafında düşünmək televiziyalar üçün sərfəli deyil. Axı belə rahat və ucuz reklamdan, reytinq oyunlarından kim qaçar?

Dilimizə zərbə

Bir vaxtlar efirdə “...dünyanın heç bir xalqında meyxana sənəti yoxdur” deyib şivən edirdilər. Elə indi də meyxananı qeyri-adi sənət hesab edənlər az deyil. Maraqlıdır, meyxanası, bədihəsi olmayan almanların, ingilislərin, rusların, fransızların, rusların, əruzu elm kimi yaradan, vaxtilə daha çox əruzda yazan ərəblərin də Nobel mükafatlı ədəbiyyatçıları var. Məni təəssüfləndirən bu sənətin qlobal miqyasda təbliğinə çalışanlardır. Azərbaycanı meyxana ilə tanıtmaq görəsən kimə lazımdır? Bizim Vüqara, Sahib Kürdəxanılıya, Şəmşirə, Namiq Mənaya ehtiyacımız varmı? Bu adamlarla ən yaxşı halda Rusiyada “toy tutmaq” olar. Onu da pis-yaxşı edirsiniz. Rusiya demişkən, gözünüz aydın olsun İntiqamla Ehtiram “Davay dosvidaniya” ilə meyxananı dünyaya çıxara bildi...

Meyxananın Azərbaycan türkcəsinə vurduğu zərbəni gözardı etmək olmaz. Bu problem daha çox dilçilərimizin diqqətini çəkməlidir. Çünki meyxana dilimizi çox bərbad hala salır. Yüzlərlə misal çəkə bilərəm ki, qafiyə xətrinə sözlər şikəst hala salınır, axmaq-axmaq sözlər uydurulur, yad sözlər dilimizə “soxuşdurulur”.

Hələlik sözü və dilimizi şikəst etmək meyxananın “uğuru”dur.

Yalançı vətənpərvərlik

Televiziyalarda nümayiş etdirilən meyxana şoularında gənclər tez-tez allahdan, dindən, vətəndən danışırlar. Bir vətəndaş kimi məni narahat əsas məsələ bu şoularda Qarabağ, Şuşa, Laçın, Kəlbəcər adlarının hallanması, islamın müxtəlif məzhəblərinin şəninə tərif yağdırılmasıdır. Görəsən Qarabağ uğrunda savaş yenidən başlasa meyxanaçılar bu savaşa haqqında düşünərmi? Yoxsa dabanlarına tüpürüb bir qismi İrana, bir qismi də Rusiyaya qaçar? Yeri gəldi, gəlmədi efirlərdən tez-tez bu sözü eşidirik:- “Dava başlasa birinci biz gedəcəyik”. Görəsən bu söz “cəngavərlərinin” əlinə silah verib döyüş bölgəsinə göndərsələr nə edərlər?

Meyxana yarışmalarındakı coşqunu, meydangirliyi görəndə fikirləşirəm ki, görəsən bu cür igidlərin, qurd ağızlı cavanların torpağı nədən erməni əlindədir? Görəsən vətənini bu qədər sevən sənətkarların əsəbləri “vətən işğalinə” necə tab gətirir?

Yəqin ki, meyxananı dünyaya tanıdana kimi Qarabağın azadlığı haqqında da nə isə düşünəcəklər.

Bu cür hay-küylü vətənpərvərlik, maskalanmış “cəngavərlər” insanda ikrah yaradır. İnanıram ki, çoxları bu cür vətənpərvərliyə nifrət edir.

Təsadüfən youtube.com-da Hacı Elşən Xəzərin İran səfərini izlədim. Ürəyim bulandı. İranda molla rejiminin qanlı idarəetməsində inləyən 40 milyon türkün taleyini düşündüm.

Görəsən dövlət İranı təbliğ edən, bir ayağı Qumda, bir ayağı Kərbəlada olan bu “dindar”larla niyə maraqlanmır?

Əslində meyxana nədir?

Meyxanada nə qədər cılız və primitiv fikirlər səslənsə də, onun mütərəqqi xüsusiyyətləri var. Təəssüf ki, bu gün mahiyyət etibarilə meyxana primitivliyə doğru gedən janrdır. Folklorşünas alim Sədnik Paşa Pirsultanlı deyir ki; “...folklorşünaslıq elmində bu janr bədihə adlanır. Yəni meyxana bədahətən deyilən folklor nümunələrinə daxildir. Xalq isə bu janrı ayırıb və adına meyxana deyib. Bu sözün meylə-şərabla əlaqəsi yoxdur. Əgər bu adı dəyişmək lazım gəlsəydi, bunu xalq dəyişərdi. Bu gün ad dəyişikliyinə yox mahiyyət dəyişikliyinə ehtiyac var.

Coşğusu və emosionallığı olsa da meyxana çox bəsit bir hala salınıb”.

Meyxana rusların “çastuşkasına”, afrikalıların RAP janrına daha çox bənzəyir. Ancaq RAP azad söz, azad şeir növüdür və ritmlə deyilərək böyük coşğu yaradır. RAP-in internetdə 3 cür açılışı var: “Rythm and Poetry”, “Rythmic African Poetry” və “Rythmic accompanied Poem” hamısı ritmlə deyilən şeir mənasına gəlir. Meyxana da ritimlə deyilən bir şeir formasıdır. Afrikalılar bu janrı, yəni öz “meyxana”larını inkişaf etdirdilər, dünyaya təqdim edəcək şəklə saldılar. Azərbaycan meyxanasında da Nizami Rəmzinin islahatlarını RAP janrında aparılan islahatlarla müqayisə etmək olar, çünki bu islahatlar meyxananı daha geniş təqdim etməyə imkan yaradırdı.

RAP ona görə geniş yayılırdı ki, o qaradərililərin, underground kəsimin etiraz nəğmələri idi. Rəhmətlik Nizami Rəmzi də meyxanadan etirazçı janr kimi istifadə edirdi. Elə biz də meyxananın öz üsyankar ruhunu görmək istəyirik.

Son vaxtlar meyxana yaltaqlıq, ucuz reklam, yalançı dindarlıq, saxta vətənpərvərlik, gülməli sevgi təbliğ edir. Bu cür meyxana ikrah yaratsa da, meyxana haqqında birmənalı fikir demək olmaz. Sadəcə meyxana öz görməli olduğu işdən çox uzaqdır, hətta öz funksiyasını demək olar ki, unudub. Ona görə də meyxana primitiv və cılız bir janr kimi narahatlıq yaradır.

Hə, lap yadımdan çıxmışdı. Doğurdan da, meyxananın adını nə qoydunuz, “şairlər”?

# 7845 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #