Bağışlamaq sənəti

Bağışlamaq sənəti
30 yanvar 2013
# 16:31

QİSMƏT

Zbiqnev Herbertin xatirəsinə.

Zaman yeganə dərmandı ki, onun son istifadə tarixi olmur. Əksi olsaydı, dünya indi olduğundan min dəfə bərbad bir yer olardı, amma madam ki, zamanın dərman olması ilə ən azı dil qatında razılaşmışıq, demək zamanın bizə təsir etməsi üçün, onu həm də qəbul etməyə çalışmaq lazımdır.

İnsan oğlu qəribədi, xüsusən biz çox qəribəyik, zaman elə bil bizdən kənar bir yerdə hərəkət edir, bizim elə bil ona heç bir dəxlimiz yoxdur. Bağçasında təmizlik pulu, məktəbində süpürgəçi pulu, təmir pulu, universitetində imtahan pulu verə-verə böyüyürük, bunu həyatın çox adi həqiqəti, dünyanın gərdişi kimi qəbul edirik, sonra başlayır maşını vuranda yol polisinə görüm-baxım eləmək, “JEK”dən sənəd alanda, övladı filan yerə düzəldəndə şirinlik vermək, beləcə, orta statistik ömrümüz çoxu qanunsuzluğu yemləməklə ötüb keçir. Sonra da deyirik ki, bu ölkənin adamları niyə qaraqabaqdı, nevrotikdi, rəngsizdir, acıdildi, həzərat, bütün ömrü şirinlik verməklə keçən adamda şirinlikmi qalar ?!

İliklərimizə qədər eqoist, yekəxana, qudurğan, imansız, inamsız olmuşuq. Göydələnləri süngü kimi səma deşmək istəyən şəhərin adamları ağzı açıq yuxarı boylanırlar, ayaqlarının altında isə həqiqət can verir.

Binalar tikilər-sökülər, “JEK” müdirləri dəyişər, qəzetlər açılar-bağlanar, bu gün azğı köpüklənə-köpüklənə millətdən danışan psevdo-vətənpərvərlərin izi-tozu qalmaz bir gün, amma gerçək ziyalıların, bu gün yaxşı yaşamaq üçün, rahat yaşamaq üçün kütlənin fikri hansı rəngdədirsə, o rəngə bürünməyən sənətçilərin fikirləri min il sonra da indi deyilmiş kimi təzə görünər.

Bütün zamanlarda millətçilik də, vətənpərvərlik də ən mədəni al-ver vasitəsi olub. İstisnalar həmişə olub, onlar isə gerçək vətənpərvər, həqiqi ziyalı olduğu üçün səfalət içində yaşayıblar. Həmişə belə olub: o həqiqi ziyalılar elə ki, dünyadan köçür, onun heykəli ucaldılır və ildə iki dəfə, doğum və ölüm günündə həmin heykəlinin qarşısına yığılıb, kövrəlmək, onun haqqında xatirə danışmaq ənənəsi başlayır, yəni ki, alver davam edir.

Bütün bunları niyə yazıram ? Çünki indilərdə Əkrəm Əylisliyə qarşı qəribə, əcaib bir kampaniya işə düşüb. Mən estetika etibarilə bəlkə də Əkrəm Əylisliyə ən uzaq adamam, amma bilirəm ki:

Əkrəm Əylisli Azərbaycan dili deməkdir!

Əkrəm Əylisli ədəbiyyat yanğısı deməkdir!

Əkrəm Əylisli açıqsözlülük deməkdir!..

***

Məşhur polyak şairi Zbiqnev Herbertin ünlü polyak rəssamı, esseisti, sənətşünası Yuzef Çapskiyə ithaf etdiyi bir şeiri var. Şeir "17.IX" adlanır. 1939-cu ildə 17 sentyabrda Çapski rus ordusu tərəfindən həbs olunmuş, Starobelskdə polyak əsirləri üçün olan yerdə məhkumluq həyatı yaşamışdı. Herbert şeirdə həmin tarixi yazır və şeiri belə bitirir :

"... bizdən sonra gələnlər yenidən vaqif olsunlar,

sənətlərin ən çətininə, yəni bağışlamaq sənətinə."

Bəylər, xanımlar, bağışlamaq sənətini öyrənməyə çalışmalıyıq, həm də ona görə ki, bir gün Əkrəm müəllimin düz demədiyi anlaşılsa, onu da bağışlamaq üçün vərdişimiz olsun.

P.S. Düşünürəm ki, bu ölkədə Əkrəm Əylislinin heykəli olacaq və o heykəlinin önündə hər il anım günü keçiriləcək. Orda rəngbərəng qalstuklu kişilər, ziyalılığı yamsılayan eynəkli xanımlar belə çıxış edəcəklər : “Əkrəm Əylisli tolerant, barışdırıcı bir ziyalı kimi həmişə bizim mayakımız olub.” Alver davam edəcək.

# 5696 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #