Aktyor nədir axı?

Aktyor nədir axı?
28 yanvar 2013
# 11:57

Günel MÖVLUD

Bu yazını bir qədər gecikmiş yazı hesab etmək bəlkə də mümkündür, bəlkə də yox. Mümkündür ona görə ki, Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovun «aktyor nədir ki, onun siyasi baxışı da olsun?» hikmətini səsləndirdiyi vaxtdan az qala bir ay keçib. Mümkün deyil, ona görə ki, heç nəyə əmin olmadığım qədər əminəm: Bəhram Osmanov aktyor barədə belə təhqiramiz fikirdə olan sonuncu rejissor deyil.

Məsələyə bir az uzaqdan başlamaq istəyirəm. Müasir Azərbaycan ədəbiyyatının belə sürətlə inkişaf elədiyi, ictimai-siyasi proseslərə qoşulduğu, çevrə yaratdığı, təsir dairəsini genişləndirə bildiyi halda, niyə müasir azərbaycan kinosunun, teatrının belə ölüvay gündə olduğu məni həmişə düşündürüb. Axı gənc rejissorlar, aktyorlar, ssenariçilər də bizim yaşıdlarımızdı. Eyni dövrdə yaşayırıq, eyni siyasi-ictimai hadisələrin, proseslərin şahidi olmuşuq. Amma onlar elə bil, başqa dünyada yaşayırlar. Gündəmi izləmirlər. Günümüzdə baş verən olaylardan xəbərləri yoxdur. Zarafatları, söhbətləri, davranışları on il, on beş ilin köhnəsidi. Olduqca passiv və həvəssizdirlər. Çevrələri yoxdur. Təsirləri yoxdur. Müstəqil düşünə bilmirlər. Dünyadan xəbərləri yoxdur.

Məncə bunun səbəbi sadədi. Onlar 2000-ci illərdə başlayan gənclik havası, gənclik dalğasına qoşulmadılar. Səbəb təkcə bu deyildi ki, bizim əlimizdə qələm vardı, onlarınsa qələmi yox idi. Səbəb başqa idi.

Gənc yazarlar ədəbi bütləri yıxanda, ədəbiyyatdakı «qəhrəmanları» ifşa edəndə onlar buna cəsarət eləmədilər. İnanmadılar ki, gənc yazarlar Anarı, Elçini, Fikrət Qocanı, Bəxtiyar Vahabzadəni tənqid elədikləri, əsl simalarını açdıqları, miflərini dağıtdıqları kimi onlar da Eldar Quliyevi, Ramiz Əzizbəylini, Yaşar Nurini, Siyavuş Aslanı tənqid edə bilərlər. İnanmadılar ki, bu adamların «dahi», «korifey», «ustad» adlarını əllərindən ala, onları vətəndaş mövqeləri olmamaqda, mütaliəsizlikdə ittiham edə bilərlər.

Biz ədəbiyyatdakı bütləri dağıdanda, onları ifşa edəndə, gənc aktyorlar, rejissorlar özlərinə təzə bütlər - Bəxtiyar Xanızadə, Cənnət Səlimova, Vaqif İbrahimoğlu, Bəhram Osmanov, Mərahim Fərzəlibəyov – düzəltdilər. Biz ədəbiyyatdakı bütlərin yaradıcılığını tənqid edəndə, vətəndaş mövqelərinin olmamasında qınayanda, onlar özləri öz kölgəsindən qorxan, suyu üfurə-üfürə içən, ölkədə baş verən hadisələrə ziyalı mövqeyi sərgiləməyən bütlərinə oxşamağa başladılar. Onlar özləri gənc yaşda müdrik, ehtiyatlı oldular.

Niyə? Onlar nədən, kimdən qorxurdular? Niyə bir adlı-sanlı rejissorun, aktyorun, ya da mədəniyyət sahəsində çalışan iriçaplı məmurun adını çəkməkdən, işini tənqid etməkdən çəkinirdilər?

Səbəb sadədi: umacaqları vardı. Kinodakı, teatrdakı ağsaqqalların köməyi, dəstəyi, təqdimatı ilə hökumətdən pul, ad almaq, karyera qurmaq istəyirdilər. Bəziləri işini itirməkdən, irəli gedə bilməyəəcyinən qorxurdu. Bəziləri rol ala bilməyəcəyini düşünüb, qorxalıq göstərirdi.

Bu sadaladıqlarım hələ də davam eləyir. Azərbaycanlı aktyor bu gün hər mövsüm rol ala bilməyəcəyindən, təqaüdə təqdim edilməyəcəyindən, ad ala bilməyəcəyindən qorxur. Rejissora allah kimi baxır. Teatr direktoruna sitayiş edir, qarşısında əzilib-büzülür. Hələ bunlar qalsın qırağa. Onlar efirə çıxa bilməyəcəklərindən, şou-proqramlara çağırılmayacaqlarından belə qorxurlar.

Bu yaxınlarda bir aktyor mənə şikayət elədi. Dedi ki, bir filmə çəkilib. Filmi çəkən adam telekanalların birinin rəhbərliyində çalışır. Rejissor filmi çəkib, amma aktyorların qonorarını verməyib. Dedim ki, gəlin, məsələni mətbuata çıxaraq. Müsahibə verin, yazaq. Aktyoru elə bil ildırım vurdu. Dedi ki, qəti olmaz. Münasibətləri korlamaq istəmirəm. Birdən mətbuata çıxaram, rejissorlar görər ki, mən problemli aktyoram, məni filmlərə dəvət etməzlər.

Neçə illər ərzində aralarından ictimai təfəkkürü, vətəndaş mövqeyi, savadı, mütaliəsi olan bircə aktyor çıxdı. İlqar Cahangirov. Bütün müqəddəslərə and olsun ki, mən hələ heç yerdə həmkarlarının İlqara olan nifrəti qədər nifrət görməmişəm. Hiss eləməmişəm. Mütəmadi bir iş səbəbindən iki ay müntəzəm baş çəkdiyim gənc tamaşaçılar teatrında görürdüm ki, aktyorlar İlqara salam vermirlər. O gələndə oturduqları yeri tərk edirlər. Bu təkcə qorxaqlıq, «problemli aktyorla» ünsiyyətdən çəkinmək deyildi. Onlar İlqara ona görə nifrət edirdilər ki, İlqar əsl sənət adamının necə dəyərli, onurğalı, ictimai təfəkkürlü adam ola biləcəyini öz varlığı ilə onların gözünə soxurdu. Onlarda natamamlıq kompleksi yaradırdı. İlqara baxanda görürülər ki, ad, təqaüd, karyeraya allah kimi baxmayan aktyor da olmaq olar. Özləri belə ola bilmədiklərinə görə, o əzmkarlığı, iddiasızlığı, təmənnasızlığı İlqara bağışlaya bilmirdilər.

Bir müddət keçdi və İlqarın siyasi aktivliyi, ölkədə baş verənlərə münasibət göstərməyi teatr üçün problemə çevrildi. Bineyi-qədimdən aktyorun «üçmanatlıq adam» olmağına, onurğasız, xaraktersiz, mövqesiz, savadsız adam olmağına öyrəşmiş teatr rəhbərliyi belə savadlı, fəal, vətəndaş mövqeyi olan aktyoru öz heyətində görmək istəmədi. Lətifəsi İlqardan uzaq: bir dananın bir naxırı korlaya biləcəyindən qorxdular.

İlqar işdən çıxarılanda, mətbuat Bəhram Osmanova sual verəndə ki: «İlqar siyasi baxışlarına görə teatrdan uzaqlaşdırılıbmı?» rejissorun cavabı bütün aktorların sifəti üçün tüpürcək oldu:

- Aktyor nədi ki, onun siyasi baxışı olsun?

Bəli, aktyorlaımız buna da dözdülər. Bir nəfər çıxıb demədi ki, əvvəla, «aktyor» «nə?» yox, «kim» sualına cavab verir. İkincisi, sizə aktyorların nələri bilib, nələri bilmədiyini, nələrinin olub-ola bilməyəcəyini müəyyən etmək, qərar çıxarmaq haqqını sizə kim verib? Siz kimsiniz ki, aktyoru belə təhqir edirsiniz?

Heç kim, heç kim səsini çıxarmadı. Nə bir gənc aktyor, nə bir gənc rejisor...

Yaxşı, bəs İlqara bu əzmi verən nə idi? Niyə o belə umacaqsız, təmənnasız olmağı bacarırdı? Rejissora, teatr rəhbərliyinə müdir, allah kimi yanaşmaya bilirdi? Bunun da cavabı çox sadədi – İlqarın arxasında dayanan, əlini kürəyinə vurub «arxayın ol» deyən qüvvənin bir adı Vicdandısa, o biri adı da – İstedaddır! Bəli, istedadlı adam bilir ki, heç vaxt acından ölməyəcək. İsteddalı adamın unudulmaq, itirilmək, tarixdə qalmamaq qorxusu olmur. İstedadlı adam bilir ki, hər işdə istedadını göstərə biləcək.

İstedadsızlar isə rol, ad, təqaüd üçün bütlərə sitayiş etməyə, işini, karyerasını itirməkdən qorxmağa məhkumdur. İstedadsız, onurğsız «aktyor» «nə?» sualına cavab verməyə məhkumdur.

Belə deyilsə, onların cavablarını gözləyirəm...

Yazının sonunda yerli aktyorlarımızın, aktrisalarımızın aktyor işinə, teatra, sənətə münasibətini göstərən bir şey danışmaq istəyirəm. Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bir dəfə onunla müsahibəyə gedən müxbirimizə belə bir şikayət eləmişdi:

- Bəsti Cəfərovanın 55 yaşı var. Bir pyesə quruluş vermək istəyirik. Pyesdə 18 yaşlı qız və 48 yaşlı ana obrazı var. Bəsti xanıma ana rolunu veririk. O isə iki ayağını bir başmağa dirəyir ki, yox, mənə 18 yaşlı qızın rolunu verin. Bəzi aktrisalar mənfi qadın qəhrəmanı oynamaq istəmirlər, rejissora yalvarırlar ki, mənə müsbət qadın rolu ver....

# 5898 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #