Şeirin azğınlığı

Şeirin azğınlığı
25 yanvar 2018
# 15:20

Xanəmir Telmanoğlu

Məncə, nə vaxtsa güllə birgə sabahın da açılmasını eyni vaxt intervalında yaxalayan o at ağızlı azğın, üstəlik də, bu qoca dünyanın özündən nələrisə uyduraraq UNUDA BİLMƏDİKLƏRİNİN adına şeir demiş. Odur-budur bütün bəhanələr, hiylələr əlamət və haqqaniyyətlər şeirin əliylə tora salınıb. Dünya həzmi-rabeəsindən keçirə bilmədiyi işləri şeirin öhdəsinə, cənginə verir. Şeir də dünya yaranandan bu qoçuluğun, adama, kainata özünü başa salmağın fəndini layiqincə icra etməyindədir. Şeirə nə var ki. Bu görəvində uslu davranıb gözə girməkdən ötəri istifadə edə biləcəyi ən uyğun və ən yatımlı tilsimi eşq-gül-ölüm olmuşdur (Ta əzəldən şeir şairləri bu Bermud üçbucağına salıb çıxarmır).

Bu günə qədər bu saydığım və adını sizlərə zikr etdiyim ilahiyanə gözəllik həngaməsinin heç biri şeirin onları necə kullandığından, istifadə etməyindən ayılmadı ki, ayılmadı. Şeir ola, dünyada adını gül-ölüm-eşq yazdıran azğınlığa təmas etmədən keçə, toxunmadan ötə, özünü bu üç cəzbə qapdırıb vurmadan qaraltı salmaya, bu heç olacaq iş deyil. Şeir əzəldən bu üç müşketyorla dünyanı teatr səhnəsinə çevirərək hansı dramları, faciələri oynamayıb ki? Elə bu tamaşalarla açılan hallar, ovqatlar, başlayan həyəcanlar cəhalətin hər üzündən acıq çıxarmalarla da müşahidə olunub. Necə ki, əskilərdə insanı döyə-döyə bədənindən cini çıxarırdılarsa, kainatın bədənindən, varlığından şəri, şeiri İblisin səsini eləcə çıxarıb və çıxarır(lar). Şeir olan yerdə İblis öz şər-şəbədəsini səbətinə yığıb uzaqlaşır. Tanrı ilə qarşılaşacağı və hesablaşacağı günə doğru uğultu salaraq yeni - yeni qılıqlarla əhatə olunmağa gedər. Şeir kainatın bağrından şərin sökülməsini, ayrılmasını sanki görəv olaraq üzərinə götürür. Şeir öz harmonik ironiyasıyla üzərinə düşən bəraət zərlərini (atarkən) qoşa gətirməyi gözəl bacarır. Çünki onun bir əli mənalar, hikmətlər dünyasının, o biri əli kəm-kəsirlər aləminin qoyun-qoltuğunda gəzir. Qılıq-qiyafə dəyişdirən vərdişləri öz qanunları ilə (tabiri ilə) pozur və yozur. Yozuma gəlməyən, yozma funksiyasını yerinə yetirməyən şeirlərdən şübhələnmə ehtimalı yüksəkdir.

Biz uzayın qoynunda şeirdəki sözlərin bizə verdiyi hız və imkanlarla süzür, uçur, gedirik. Biz bu üzdən donuq halda deylik. Daima hərəkətdə və dəyişərək min-min çalar qazanmış rənglər səltənətinin işıq aşiqliyinə həya pərdəsi çəkərək, sözlərin üzərindəki ağırlığımızı, ahıllığımızı, qocaman mehrimizi götürüb eşqin süsüylə ( həm də suyu ilə) ağzına kimi silələnib sonsuz həyat, əbədi olma səriştəmizə bir daha can qataraq yiyələnirik. Məsələ budur ki, bu işi təkrar-təkrar görürük. Bizə baxıb gül açır, ilan qabıqdan çıxır, yenə də zəhərini toplamaqdan İlahi zövq alır, hörümçək tor toxuyub kainata o hörümçəkvari xanələri arasından lətafətlə baxır. Mənim danışdığım sözlərin nizam və mahiyyətinə quşlar uçuşlarını kainatın ən ucqar nöqtələrinə götürərək gizli bağları və əlaqələri bir az da təkmilləşdirir (Yəni mənim demişkən, insan balasından söhbət gedir). Sular ayın nurunu içinə vurub sərsəriliyinə haqq qazandırır. Mən şeirdə sözlərin üzərindəki bərəkəti bir daha kamıma çəkirəm. Dev oğlu dev olduğumu anlayın. Məni sözlərin dev elədiyini və ətrafımda neçə - neçə devin nələri yerli-dibli devirdiyini görüb dünyanın POETİK Məsuliyyəti altına girirəm. Həm də ətrafımdakı divlərin öz üsulundan yararlanıb onların çoxunun necə ova çevrildiyinin şahidinə dönürəm.

Nə olursa olsun, içimdəki qovğalar bitmir ki, bitmir. Elə biləsən dünəndi, Zəngəzur dağlarının o ürək gubbuldadan qoynunda gecələr boyunca qurt kimi üzü təzəcə mehirlənib halıma hal gətirmiş aya doğrularaq ulamağım.... deyəsən elə bu ulartılar da o ulartıdır qafil...

1. yeni qəzəl

ey dili qafil fil faili məchul fani f....

zinc döyüb işıq yaxacam niyə qaranlıq şahım

Sərmayə əsarətindən qurtulub özünün əlindəki qəddar kapitalını qapdırmamaq üçün sufi bürüncəyində “mərhəmət işığını” dünyaya səpələyən bu göreşən zümrənin zınqırovlu zəmbilində əslində zibildən başqa baş yazı ola biləcək “biclik” bülbülünün “qanlı nalələri, əfğanları” sinə parçalayıb göz yaşlarının sellənişindəki səslənişə bais olarkən, “mən sizi başa düşürəm, amma belə etməyin” hayqırışına hayıf qıran, hayf çıxaran bir çaxnaşma çiləsində mənə yaraşdırılan “ barbarlığımı” cilalamaq istəmirəm.

İstiqrarlı olmağınıza təminat Təmkinlə Verildiyi vergüldən sonrakı gününün başlanğıcında başını busəylə bəsləyən bəsirətlə bəxtinin Buxarasında buyrulan o tənhalıq dolu dəlilləri din adlı əmanətlə ələyib arıladan, aylı bir gecədə suların üzərinə sakit sehriylə sərilən sədaqətini varlığımda itiləyən o ölüm mələyi mənim müşküllərə millənən (mərasimlərimi ) məsafələrimi öz iqtidarı altına aldığından əlimi qaldırıb qaybın qaysaqlanmış qiyamətinə uzadıram.

Bir saray inşaaaaaasının torpağı üzərində üzünün izinə düşüb dövranın döyüş çəlləklərində cahilliyini saxlayanlara azar-azar baxaraq qılı qırx yaran naləsini yeri gəldiyində işə salan nigarançılığını nisyə bilib bəraətini ilkin izahıyla isladan, o yoxsul yaxasındakı yoxuşlarda yıxılıb dursa da, geri çəkilməyən, cənnətin cəhalət dolu cariyələriylə çilə çıxaracağını düşünən bu mərasimpərəstlərin məkirli mənzillərində mənim müsafirliyim heç bir nəfəs həcmi qədər hücumda da həddini aşmaz, bayım....

2. küllü də yatar dinə

ey dadi bidad danəndə dəhan dərviş d…

patişahların şeirlə verdiyi fərman….

bilirəm ki şeirimə ağız büzür çoxları

onların həngaməsi uyuyur sinəm altda

batır qəlbə baxışdan o şiş uclu oxları

qorxsunlar ki salmayım onları çənəm altda

şeir demə onun da siqləti haqqa dönür

üfüqlərində yanan işıqları əcəlli

bir də gördün ən odlu söz damarımda donur

onun da minarəsi ötələrdən ucalır

yoxsulluq mayasında ilahi himə bənddi

güllə şeirin mayası bir zamanda kəsilib

mənim yazdığım sözün çoxu haqdan sapantdı

dəydiyi yedə əcəb çoxunu təmiz silib

elə bilmə yazımın yoxdu dağdan xəbəri

göylərin köynəyindən keçən nəğmə qırğındı

qarşısına çıxsaydım yazar məndən Təbəri

bilirəm ki keçmişim gələcəkdən qırqındı

bu da yaşıllıqların ritmə çöküş tarixi

mərasimlər sərxoşu oxşyacaq halıma

bizə qədər yazıda sözlər (i) qoruyan mixi

diksinəcək çalmama əsnəyəcək şalıma

sözü deməklə yazmaq başqa başqa savaşdı

odur ki şaqqalanıb min bir yerdə azarım

şeirdi güldü dağdı sudu bunlar sirdaşdı

əzəldən düşərlidir bu taxtadakı zərim...

soluduqca havanı kainat işvəlidi

hər görünən işartı şirin canın qəsdinə

elə durub deyərsən adamdı havalıdı

sönəndə bu vulkanlar küllü də yatar dinə

nə durub döşəyirsən adamın qavalına

bu can yaranışından talib olub üç dinə

yoxsa şeir macəram bitməyincə yox ölüm

dolub daşınca içim deyərlər ki ucayam

birdən elə tutullam hardadır mənim elim

bütün yanğınlar çıxan tüstülərə bacayam

3. köksümdə dəmlənər

1. ey dadi bidad danəndə dəhan dərviş d....

2. qaz vurub qazan dolduran şahdır da...

3. nə zamansa axar su olduğumu bilirəm

4. azmanca bir sura səs soluğuyla dolduğumu

5. bölürəm vaxtımı keçmişə düşəni nəşəmdi

6. gələcək göyə çəkilmiş şəklimlə kəmdi

7. yol ayrıcında ucunda baş yellənən nizə

8. izimə saldığı artığı udub dev meşə

9. bu səslər qulağımdan yönəlir ağlıma

10. ağlama deyirəm lağımdakı maymağa lağlağıyla

11. dönüb gedirəm dirilir canımda su səsi

12. döyülüb gəlirəm dev gəlib içimdən su içir

13. öyünmək gülüşdən betər suçumu çəkir

14. çimir getmir gözümə qan tər eyzan kirdir kir

15. başımın üstündə böyü(r)ür ay böyüyür

16. yuyur uyğumi su canımı quş olmağa qoymur

17. çəkir altdan çəkir üstdən tarımam

18. tarının simləri suya düşmüş hərcayiyə

19. başımı itirsəm it hürsə kürsümə

20. köksümdə dəmlənər əzilən nilufər

21. fil gələr lərzəsin əsdirib hönkürər

22. kərəmi kiridən də var kərəmi ağrıdanı bir sor

23. qurşanıb qılıncın qaftanı eyzan tən malı

24. sualı vəbalıdır bu alpların ağrısnın...- de barı….

4. gül

1. ey dili qafil fil faili məchul fani f...

2. deyin patişaha şam yandıracam...hələ...

1. gülü görməyimdə mədəniyyət işvəsi oynar

2. gülü görərkən göyləri bu işə qatmağımı demirəm hələ

3. gətirib töksəm dibinə qıvrılar içindən su

4. su rənginə dönüşər gülün su rəngi güldən alar hələ

5. indi ona toxunsam bütün yalnızlıqlar oynar yerindən

6. ya özümü tox tutsam yanğın başlar ürəyimdən hələ

1. gül baxçada mədəniyyət deyib durur

2. nəfəsimi kəsir gözlərimi yumur dodağımı tikir hələ

3. sükut vurur üzərimə içimə qaytarır var-gəli

4. qırx keçidimdə saxlayır yeddi yerimdən əyir hələ

5. ərzin nehrlərini axıdır sorağına

6. gülü gör qafil məni sonra qına hələ

1. gülə yaxınlaşsam bir addım da nə olar görən

2. yerinmi göyünmü haqqına girdiyimi bilmirəm hələ

3. əyilib qoxlasam qisasımı dünyadan alıram ələk-vələk

4. əyilib qoxlasam bütlər yıxılası bütlər dağılasıdı hələ

5. gül varsa qarşımda gözə almışam hər şeyi deməkdi hələ

20. gülü gördüm gülü

21. içimdə mədəniyyət şahlandı

22. gül elə açıb elə pardaxlandı

23. dərmədim əlim havada qaldı

24. mən təslim mənliyim təslim mənəmliyim təslim hələ

25. paris təslim london təslim tel-əviv təslim hələ

5. cana sızan

ey dili qafil fil faili məchul fani f....

padişaha bəxşiş olarmı yavruların göz yaşı...

nəydi hüzünlərə vurulub ayrılıqlara düşkün işığa güvənc

düşüb gizlinlərə sirr bükülüb yeddi qat

gəldim min bir rəng bərraqladan nurların qovha qovunda

yerə minnət torpağa sitəm dünyaya giləm

bir giləydim hədəfim sapıtanda qaragözlü qaplanların qırımından

ovları buraxdığm olurdu ovalarda ovulurdu mənim... məndə qan adlı obam

yıxılnınca əllərim tökülərdi böyür başımdan

qalxınca min budaq kimi şaqqıldardı sümüklərimin ahəngi

yox belə gülün tikanıyla dialoqu keçmdi şeirlərin sözlərdən qalma şəhadətinə

yox beləsi

əsla olmayacaq da

titrək yanaqlarında aləmlər hansı üzlə sirrini açır Adəmin ədəbinə

mənə düşən gözlərimi açmaqdı

bu da bir qıpçaqlıqdı alaçıqdı dünyaya qılıqdı qalıqdı

istər çöllər yığılsın gülə

baharda çıxsın tumurcuğundan göyün altında boşluq oyalasın

məni çıxarib seyrə dursun pişvazıma pəri qızlarının suların başındakı qılıqları

məni salsın eşqə

məni salsın eşqə göylə yerin cana necə sızdığını görsün

6. yaxınına gələməz

ibn arabiyə

ey dadi bidad danəndə dəhan dərviş d...

sənin gözlərini yumamam

sənin yuxunu görəməm

sənin gecənə qaranlıqlayamam

sənin sabahına açılamam

səni səni səni görərərəm səni tanıyamam

nəyə baxmısansa eyni ölçüdədir

nəyi görmüsənsə əşyadır

kimlə danışdınsa ayətdir löhvi məfuzdandır

kimi gördünsə adəmdir adəm tərkibidir

kimsə allahı bu qədər ovudmaz

kimsə ovudub onu yaxınına bu qədər gələməz

bədənin itmiş çəkidir

ağırlığın hava qədər gələməz

haqq sayını itirməm əşylar da sevinsin

adını tutan otla suyla ağacla dil dil ötsün

bir nöqtə qədər güvəncən səhraları sulayır əsrləri

hər gün işıq tərkibində varlıqdan ötürsən

7. bir az gec gəlsə

ey dili qafil fil faili məchul fani f....

patişahlara xatırlatsan arzusunu...

bahar bir az gec gəlsə kəhanətmi yüksələr

çölün qəbahətindən

çölün bərəkətindən bəlkələrmi əksilər

sızladar aləmlərcə səsinin yanğısını

ən gözəl kirlər üçün yaraşıqmış əskilər

bahar bir az gec gəlsə arif qımıldar nə sir

qış erkən ağararsa

quşlarsa boşluqlarda qalxıb yelkən ararsa

həyat öz axarında yoxlarsa qayıbları

qüdrət təcəllasını qurarsa hər addımda...

ləbələb dolu suyla yusifin quyuları

bu nə boya bu nə rəng əşyaları arayır

ruhumda tufan qopur qovur qəlbimi avam

(bir az tez ya bir az gec deyil əsla səxavət

hiylələr son bulunca başlamaz olsun davam)

8. tapdığı yer

ey dili qafil fil faili məchul fani f....

su padişahın ağzında isindi

atılıb dənizə qəfil hərəkətsiz duran yaranışla

tilov ənsəsində qıfıl səsini bu sonsuzluğa təhvil verən

bu nə sükut dalğalar qoynunda arxadakı qayalıqlara yayılmış qoyunlar

bükülüb açılan balıqlar su qıvrım(lar)ına sunduğu ovsunlar

onu dondurmuş yerində onu gizlətmiş özgə dərində

adına dəniz dediyin hansı fikrin təkrarıdır hanası duyğu inkarı

hansı bir sevdayla gəlmək ona hansı sədayla qoşulmaq yanğınlarına

üstəlik qoynunda bir canın içərilərində sıxılmış cahanın qayıbla əlləşən hünkarı

gəl də qarşısına çıxar ağlını iki qaş arasından sızdır yoxluğunu...yalınlığını

dönüb sahilə ağır ağır arxasını dənizə döndərmiş qoyunları görüb

göyün rəngindən duyğular tutub itmiş dənizçini geyindirən bu kitab

meh dolaşan vərəqləriylə aşıb daşan varlığında gizlətdiyi qərib ki qərib

taparaq dənizdən ayrılığını çoxdan izinə düşmüş qayğılarına qatıb

axır ki tapıb ürəyinin yerini ol səbədən yükünü şeirə endirib Mİ endirib

9. yox aran nədən

ey dili qafil fil faili məchul fani f…

keçmişi hər zaman özümlə yaşatdığım bir əyləncəm var

dünya keçmişimdən asılıb çiynlərimin hürriyyıtinə

həddim nə

guya keçmişi hürküdüb gələcəyi tumurcuqlarının çiçəyini qoxlamaqmı peşəm

azmanca... qızaran güllər qışın ortasında bir əcəm cahilliyimi

xaincə azarıma gülüb keçər arşın tarlasında acam

Illərlə çəkdiyim çilə bir kimsənin söndürmədi diləyini..

axilles dabanını xoruz banıyla da oturda bilərdi yunanın uyumuş ağzına...

soyuğun qırış saldığı....çatlatdığı üzdə çar sarayı yıxılar rasputin

bir tin o yanda təntiyən titrəyən həyanı yoxsullar etməz qəbul daha

adının hallanmasını istəməyən qibləsi sərvaxt ... qəlbi o yazan

bildirərək həddini simasından asaraq qırqınları ... buymuş demək fəlakət...

utancımı çıxarıb aşikara əcəlimi ulduzların çırtlayan yanğısıyla ovudana bənzəyirəm

xaçını soxma gözümə kəhanətini halınla quduzlaşdırıb salma üstümə

hərarətimi ölçmə günəşlə nəfəs alıram işığı hökm bilən ərəm

əcinnələri tanımam genimdəki nəşəm də bəs edər mahşərə barışam

musanı yola verdin isanı ötüşdürdün əhmədlə yox aran nədən

# 2967 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #