Anamın əlləri

Anamın əlləri
14 may 2013
# 07:45

Beş yaşlı oğlum qucağımda oturub dil boğaza qoymadan anasını tərifləyir: “Ata, anamın əlləri elə qəşəngdir ki...”. Gözlərimi yumub onun anasını tərifləməyinə qulaq asıram: ”Mənim anam...” O danışdıqca mən də onun fikirlərinə qüvvət verirəm, “canım, anaların əlləri qəşəng olur...”

Birdən susur və boynumu qucaqlayıb qulağıma pıçıldayır:

- Ata, mənim nənəm sənin anadır, hə?

- Elədi quzum.

- Ata, nənəmin əlləri elə möhkəmdir ki, elə qaradır, elə qocadır ki...”

***

Oğlumun sözləri məni əməlli başlı silkələyir. Beş yaşlı uşağa nənəsinin əllərinin niyə sərt, qabarlı, qoca olduğunu necə izah edim? Gəncliyini, ömrünün ən yaxşı vaxtlarını övladlarına və şagirdlərinə həsr eləmiş müəllim anamın sərt, dərsi cadar-cadar əlləri gözümün qabağına gəlir. Görüşəndə saçlarıma tumar çəkən, dəfələrlə öpdüyüm o sərt, qabarlı əllər gözümün önündə canlanır...Odun doğrayan, ot biçən, alaq təmizləyən, inək sağan, təndir qalayan, çörək yapan o əllər, mənim klaviaturaya alışmış yumşaq əllərimdən fərqli olaraq sərt, qabarlı əllər yadıma düşür gecənin bir vaxtı... Müəllim anamın, şair anamın susuz torpaq kimi cadar-cadar olmuş əlləri...

Əllərimi oğlumdan gizləməyə çalışıram. Utanıram əllərimdən...

Anam texnikanın bu qədər inkişaf etdiyi vaxtda da hərdən mənə uzun-uzun məktublar yazır... Cadar-cadar olmuş, oğlumun “elə möhkəmdir ki...” dediyi əlləri ilə mənə şeirli, duyğulu məktublar yazır anam... Oxuduğu saysız kitablar, yetişdirdiyi minlərlə şagird, yazdığı şeirlər, nəvələri üçün düzüb-qoşduğu nağıllar, laylalar yadıma düşür...

Yayın istisində üşüyürəm. Boğazımdakı kədəri udub, doluxsunuram...

***

Kənd həyatının öz çətinlikləri var və kənd qadınları daha fədakar, daha qayğıkeş, daha duyğusaldır... Ağlım kəsəndən anamın dırnaqları manikür görməyib... Atam şəhərdə işlədiyi üçün anam həm kişi işinə, həm qadın işinə qaçıb... Yer belləyib, bostan suvarıb, tərəvəz əkib, meyvə yığıb, odun doğrayıb...

Bir dəfə də olsun yeməyimizi gecikdirməyib, paltarımız ütüsüz olmayıb...

Heç vaxt bizdən tez yatmayıb, bizdən sonra oyanmayıb...

Bir dəfə də olsun məktəbə qarnımız ac, paltarımız çirkli getməmişik...

Biz xəstələnəndə qeybdən zoğal mürəbbəsi, itburnu, kəklikotu, qarğadalı saçağı peyda olub həmişə...

Heç vaxt atamla aramızın açılmasına, atamızdan narazı qalmağımıza imkan verməyib və həmişə atamı o qədər sevib ki, bütün ailə bunu hiss eləyib.

Uşaq kimi nazıyla oynayıb atamın...

İndi də hamı-qudaları, kürəkəni, gəlinləri, nəvələri anamın atama olan sevgisinə qibtəylə yanaşır...

***

...Anam qocalır və mən bunu sonuncu dəfə anamın əllərinə baxanda, o torpaq qoxulu, süd qoxulu, çörək qoxulu əllərindən öpəndə hiss elədim...

***

...Tələbə yoldaşım Hüseynin anası dünyasını dəyişəndə bərk sarsılmışdım və dərk eləmişdim ki, analar əbədi deyil. 24 yaşım vardı, yüzlərlə kitab oxumuşdum, tələbəydim, rəvan nitqim vardı amma Hüseynə təskinlik verməyə söz tapa bilməmişdim...

Yanında oturub onunla birlikdə susmuşdum...

O gün başa düşmüşdüm ki, anası dünyadan köçənlərə təskinlik vermək üçün söz axtarmaq mənasız işdir...

***

Anamın əlləri bu gecə yuxuma girmişdi... Saçlarımı qarışdırdı, tumar çəkdi...

Bərk-bərk yapışdım...

Öpdüm, üzümə söykədim...

Oğlumun sözləri yadıma düşdü, ağlamaq istədim...

Bərk-bərk yapışdım cadar-cadar olmuş əllərindən...

Yalvardım...anamın əllərinə yalvardım ki, qocalmasın...

***

Dünyada bəlkə də ən ədalətsiz hadisə ana əllərinin qocalmasıdır...

# 3251 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #