Salam, Xocalı!

Salam, Xocalı!
26 fevral 2018
# 11:35

Bu gün şəhərdə izdiham var.

Xocalı faciəsinin il dönümüylə bağlı bağçalarda, məktəblərdə anım tədbirləri keçirilir. Uşaqlar əllərində qərənfil məktəbə yollanır. Çantalarında Xocalı rəsmləri var-tanklarla, qanla, qarla, yıxılan adamlarla dolu şəkillər var... Evimizdən məktəbə yola salırıq Xocalını, uşaqların düçüncəli üzündə də qarşılayırıq. Həmişə belə olacaq - Çöl deyəndə yaşıl çəmənlik yox, o qarlı çöllüyü düşünəcəyik...

Uşaqlarımıza da danışacağıq. Amma ehtiyatla. Qorxutmadan. Məktəbdə divar lövhəsində özü yaşda uşaqların cəsədlərini görmüş körpəni evdə aldadacağıq: elə şey olmaz, - deyəcəyik. - Heç adam da uşağı öldürərmi? – deyəcəyik. Bir az böyüklərə şeirlər seçəcəyik, amma daha bağçada “Bir ərin qolları düşüb yanında...” kimi şeiri 5 yaşlı uşağa verməyəcəyik. Uşaqların əllərinə qərənfillər verəcəyik, xatirə lövhələrinin, heykəlləri ziyarətə göndərəcəyik. Bu qətliam haqda filmlər çəkəcəyik, tamaşalar qoyacağıq, amma eləsini ki, terror “təkrarlanmasın”, bunu bizdə qorxu yaratmaq üçün etmişdilər axı? Biz qorxutmayacağıq, ağıllı olacağıq.

Biz sevginin, işığın qorxunu yendiyi filmlər çəkəcəyik. O dəhşətin bir yerində mütləq insana, insanlığa ümid saxlayacağıq.

Necə ki, “Fəryad” filmi müharibəyə qalib gəldi; düşmənin uşağına görə evi yanmaqdan xilas etməklə əsir İsmayıl yaralı, heysiz vəziyyətində belə erməniyə qalib gəldi, “mən insanam” deyə bildi. Ceyhun Mirzəyevin qəhrəmanı işgəncələr bahasına mənəviyyatını qoruya bildi. Bu, düşmən üzərində qələbə deyil, bu, artıq müharibə üzərində qələbədir. Ona görə filmin sonunda əsir İsmayılı dəyişəndə zəfər marşı səslənir – İsmayıl qalibdir!

Biz kinoda belə qalib gələcəyik!

Filmlərimiz dərdimizi başqasına danışmaq kimi öhdəlikdən çıxıb özümüzlə söhbət olacaq!

Yaralarımız qanayanda insan olduğumuzu yadımıza salacaq!

Bizim düşməndən fərqimiz bu olacaq!

Qətliamdan o dəhşətli şəkilləri böyüdüb binaların üstündən asmayacağıq. Reklam, ya da “müvəqqəti narahatlığa görə üzr istəyirik” lövhəsinin üstünə yapışdırmayacağıq. Onlar o şəkillərdən yox, bizim kədərimizdən anlayacaqlar hər şeyi.

TV-lərimiz müğənnilərin qarderobundan çıxıb qəfil kədərlənməyəcək.

Biz bu faciəni unutmaqdan da qorxmayacağıq. Bunu unutmaq mümkün deyil...

# 2672 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #