3-4 gün əvvəl evimizin yaxınlığındakı marketə getmişdim. Kömür kimi qaralmış bir fəhlə marketə girdi. Üst-başı - toz içində idi, köynəyi tərdən islanmışdı. Gözlərində vəhşi bir qığılcım, əcaib bir ümid... Kənara çəkilib yol verdim. Kolbasa, siqaret, çörək aldı. Sonra sular yığılmış soyuducuya baxıb, udquna-udquna satıcıya üz tutdu:
- Olar bir dənə iki litrlik qazsız su götürüm, 2-3 saata gətirib pulunu verəcəm.
Satıcı tərs-tərs fəhlənin üzünə baxıb, bozardı:
- Yox qardaş, verə bilmərəm. Marketin sahibi icazə vermir.
Gözümlə işarə elədim ki, suyu ver, pulunu verəcəm. Satıcı narazı halda suyu fəhləyə verdi və dedi ki, pulunu verməsən də olar.
Havanın 40 dərəcə isti olmasına, dodaqlarının susuzluqdan cadar-cadar olmasına baxmayaraq fəhlə suyu geri qaytardı:
- Mən əlimin qabarıyla qazanıram, heç kəsin nəzir-niyazına ehtiyacım yoxdu. Ya nisyə ver, ya da vermə. Dedim ki, pulunu gətirəcəm.
Satıcı çarəsiz halda məni göstərdi:
- Suyu götür, pulunu rastlaşanda bu müəllimə verərsən.
Fəhlə dönüb üzümə baxdı. Gözlərindəki qığılcım şimşək kimi çaxdı. Üzünə baxmağa cəsarətim çatmadı. Gözlərimi yerə dikdim:
- Mən burda qalıram. Rastlaşanda verərsən pulumu.
- Sağ olun, minnətdaram. Görüşərik. Amma pulu mütləq qaytaracam. Yoxsa götürmürəm.
- Yəqin məni düzgün başa düşürsən. Bu jest filan deyil. Olanda, rastlaşanda qaytararsan.
Cavab verməmiş, çıxıb getdi.
Hadisədən bir neçə gün sonra qabağımı kəsib, 60 qəpiyi zorla ovcuma basdı. Ağacın kölgəsinə çəkilib adama bir siqaret yandırdıq. Tanış olduq. Dedim yazıçıyam, səfeh işlərlə məşğulam. Kondisionerli otaqda oturub sərin su içə-içə gic-gic yazılar yazıram. Başa saldım ki, heç vaxt tikintidə fəhləlik edə bilmərəm, buna gücüm, cəsarətim çatmaz, səhhətim imkan verməz.
Etiraz etdi:
- Müəllim elə demə. Mən hər gün qəzet oxuyuram. Yazmaq da fəhləlikdir, çətindir. Sənin də beynin, əsəbin gedir. Gözlərindən hiss olunur ki, komputerə çox baxırsan.
Təəccübləndim.
Daha sonra Pərviz Cəbrayılın, Zamin Hacının, Elnur Astanbəylinin, Samir Sarının, Şahvələd Çobanoğlunun yazılarını oxuduğunu söylədi. Samir Sarının Xalid Kazımlının gizli imzası olduğundan, jurnalistlərə verilən evlərdən danışdı:
- Ramiz Rövşəni, Salam Sarvanı əzbər bilirəm. Səni də tanıdım Cəlil bəy, iki il qabaq bir şeirin haqqında “Azadlıq”da Zümrüd Yağmur yazı yazmışdı.
Əlim üzümdə qaldı. Matım-qutum qurudu.
...Sonradan bildim ki, Ramin 2009-cu ildə APİ-nin tarix fakültəsini bitirib və müəllimklə ailəsini dolandıra bilmədiyi üçün, fəhləliyə üz tutub. Məndən Aqşin Yeniseyin şeirlər kitabını istədi. Bir də həmkarlar təşkilatları haqqında məlumat toplamağımı, “Kommunist partiyasının manifesti”ni tapmağımı istədi. Söz verdim.
Telefon nömrəsini götürdüm, sağollaşdıq.
Ayrılanda gözlərinə baxdım, gözlərində vəhşi bir qığılcım, əcaib bir ümid vardı...