Ayrımla kürd

Ayrımla kürd
19 aprel 2013
# 12:01

Layihə-“Başıma gələnlər”

Bir vaxtlar yazıçı dostum-qardaşım Şərif Ağayarla bir-birimizə təzə eşitdiyimiz lətifələrdən danışardıq. O, kürdlər haqda, mən də ayrımlar haqda təzə bir şey eşidən kimi zəngləşib görüşür, deyib-gülürdük.

Bir dəfə mən bir ləzzətlisini eşitdim və bunu Şərifə danışmağa tələsdim. Zəngləşib görüşdük. Şərif dedi, sən danış, biri də mənim yadıma düşüb, onu da mən danışacağam.

Demək, ayrımların yaylaq vaxtları olur. Yekə külfəti olan bir ayrım kişisi də böyük oğlunu təzəcə evləndiribmiş. Yaylaqda kişinin uşaqları mal-qara işlərinə gedər, çöl işləri ilə məşğul olar, təzə gəlin isə onlara yemək hazırlayarmış. Günorta vaxtı hamısı dəyənin yanına gələr, gəlinin bişirdiyindən qarınlarını doyurarmışlar.

Bir gün kişi günorta yeməyinə bir az gec gələsi olur. Fikirləşir ki, uşaqların əlindən indiyə yemək qalmaz, burda gecikənə yemək yoxdu. Ona görə çox ehtiyatla gəlindən soruşur ki, yeməyə bir şey qalıbmı? Gəlin deyir, əlbəttə, yaxşı dovğa var. Kişi sevinərək daşın üstündə oturub deyir, bıy günün ağ olsun, a qızım, gətir görüm.

Gəlin həmən gedib bir qab dovğa ilə qayıdır. Dovğa kişiyə ləzzət eləyir, qabın dibini də başına çəkəndən sonra soruşur ki, a bala, orda yenə qalıbmı? Gəlin deyir, var, istəyirsən bir qab da gətirim. Kişi sevinərək deyir, gətir a qızım, səni min budaq olasan! Gəlin qayınatasının qabağına yenə bir qab dovğa qoyur. Kişi yeyib qurtardıqdan sonra təzədən soruşur ki, a bala, bəlkə orda yenə qalıb? Gəlin deyir, var yenə, istəyirsən bir qab da gətirim. Kişi əlini əlinə sürtüb deyir, tanrı köməyin olsun, a bala, varsa gətir. Nə isə, kişi üçüncü dovğanı yeyəndən sonra gəlindən soruşur ki, a günü ağ olmuş, külfətin əlindən nə yaxşı yemək qalmışdı? Gəlin deyir, yeməyə hamı gəlmişdi, dovğa qazanına siçan düşdüyünə görə yeməmiş getdilər. Gəlinin sözlərindən qayınatanın beyni qıjıldayır.

“Səni mənim ojağıma calayanın...” deyə söyüb qarşısındakı dovğa qabını gəlinin arxasınca fələzləyir. Kişinin əsəbiləşdiyini duyan gəlin qaçıb dəyənin arxasında gizlənir. Qab dəyənin yanından vızıldayıb keçəndən sonra gəlin başını dəyənin arxasından çıxarıb belə deyir: “A kişi, yimersən-yimersən, bə itin yal qabını niyə qırersan?”

Lətifəyə xeyli gülüşəndən sonra Şərifdən soruşdum ki, sən canın, ağlın nə kəsir, bu ayrım əhvalatıdı, yoxsa kürd? Şərif dedi, əə, ikisi də eyni şeydi, dana! Bə, eşitməmisənmi, deyir, kürdnən ayrım eyni şeydi, eləcə ortasından araba təkəri keçib. Biz təzədən xeyli gülüşdük. Şərif dedi, dayan, mən də bir kürd anekdotu danışım.

Demək, Almaniyanın hansı şəhərindəsə gənc bir royal çalan solo-konsert verir. Bu gənc oğlan o qədər gözəl ifa eləyir ki, hər dəfə onu ayaq üstə alqışlayırlar. Nə isə, konsert anşlaqla başa çatır. Bu zaman tamaşaçılardan biri qaçıb royal çalanı kulis arxasında qucaqlayaraq belə deyir: “Halal olsun sənə, a kürd qardaş!”

Royal çalan təəccüblənir: “Əmoğlu, kürd olduğumu hardan bildin?” Tamaşaçı qayıdır ki: “Əə, sən ki, başlayanda stolu royalın yaxınına qoymaq əvəzinə oturub royalı öz yanına dartdın haa, onda bildim kürdsən!”

Nə isə, bir xeyli də bu söhbətə güldük. Dedim, Şərif, yekə kişisən, niyə goplayırsan, royal hara, kürd hara? Ayrımla kürdünkü sazdı! Şərif dedi, qətiyyən ola bilməz, o dəqiq kürd olub, üz vurma, aşağı yeri yoxdu.

Nə isə, bu əhvalatdan bir neçə gün keçmiş, Şərif, mən, Mövlud Mövlud, bir də Rövşən Naziroğlu “Neftçilər”də xəngəllədikdən sonra metroda gəlirdik. Vaqonda basabas olmasına baxmayaraq Şərif deyib-gülməyindən qalmırdı. Birdən üzünü Rövşənlə Mövluda tutub dedi, sizə təzə bir kürd anekdotu danışacam. Sonra həmin royal çalanın əhvalatını danışdı. Qatar növbəti stansiyada dayananda bir gənc qonşu vaqondan çıxıb qaça-qaça bizim vaqona girdi və adamların arası ilə birtəhər adlayıb yanımıza gəldi. Çatan kimi əlini Şərifin kürəyinə vurub dedi: “Halal olsun, a kürd qardaş, əla anekdot idi!” Şərif təəccüblə ondan soruşdu: “Ayə, mənim kürd olduğumu hardan bildin?” Oğlan gülüb: “Əmoğlu, nətəri bilməyim, səsin qonşu vaqonda da eşidilirdi, gülməkdən ölmüşəm!” – dedi...

# 5566 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #