Alqayıt

Alqayıt
16 yanvar 2013
# 08:30

Səbuhi MƏMMƏDLİ

“Bir gün axşam saatlarında qapım döyüldü. Tanımadığım bir adam məndən elə o andaca onların toylarına gedib, məclisi aparmağı xahiş etdi. Dedim, axı indi gecdir, mən indən sonra necə toy aparım. O, mənə cavab verdi ki, gətirdiyimiz tamada bütün toyu bərbad etdi, gəlin kömək edin. Getdim toya, baxdım ki, xalq artisti Arif Quliyev çəkilib bir küncdə oturub. Məni görən kimi dedi ki, nə yaxşı gəldin, məni bunlardan qurtar. Qonaqlar isə iddia edirdi ki, Arif toyu apara bilmir. Dedilər ki, bir dəfə yıxılıb güldürdü, bir dəfə oynayıb güldürdü, amma artıq heç nə edə bilmədi… Mən o toyu axıra qədər apardım. Düzünü desəm, mən də razıyam, Arif Quliyev toy apara bilmir. Gözəl sənətkardır, amma bu işi bacarmır”.

***

O, şair idi. Həm də tamada. Hər iki halda onun çörəyi sözdən çıxırdı. 80-ci illərdə, İsa Hüseynovun təbirincə desək, zaman o zaman idi ki, Azərbaycan insanı ordan-burdan kaset alıb musiqi dinləyərdi. “Baloğlan”, “Ağadadaş”, “İsrail”, “Yusif”, “Qədir” yazılmış kasetlərin yanında qeyri-adi bir ada da rast gəlmək olurdu: “Alqayıt”. Çoxu elə bilirdi ki, bu kimdirsə əsl adını gizlədir, Alqayıt onun təxəllüsüdür. Amma Alqayıt mahnı oxumurdu, hansısa hekayəni segaha çevirib toyxana camaatını ağlatmırdı. Alqayıt şeir deyirdi, müxtəlif əhvalatlar nəql edirdi və…Və həmişə də nəyə görəsə sonda özünü haqlı çıxarırdı. Onun danışdığı bütün hekayələrin sonu həmişə zalımın, güclünün yox, məzlumun, kasıbın qələbəsi ilə bitərdi.

***

Alqayıt pritçalar, necə deyərlər Quran ayələri danışmırdı. Sıradan hekayələr nəql edərdi, amma şirin danışardı. Özü də Göyçə ləhcəsiylə.

Göyçəli idi Alqayıt. 1941-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdu. Anası Seyid Maral nəinki Göyçədə, eyni zamanda Zaqafqaziyada sınaqlı seyid kimi tanınan Seyid Bayramın qızı idi.

Alqayıt orta məktəbi Dəşkənddə bitirdikdən sonra, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil-­ədəbiyyat fakültəsinə qəbul olmuşdu, sonra kəndlərinə qayıdıb müəllimliyə başlamışdı.

Tale onu sonradan “Mingəçevir işıqları” qəzetinə də gətirib çıxarmışdı. İki il bu qəzetdə işləyəndən sonra yenidən Göyçəyə qayıtmışdı. Amma müəllimliyə yox, mətbuata. “Bolluq uğ­­runda”, “Vardenis” qəzetlərində çalışmışdı...

***

Alqayıt qaçqınçılıqdan əvvəl gəlmişdi Azərbaycana, Xanlar rayonuna. Amma təpədən-dırnağa kimi göyçəli idi. Elə ölənəcən də bu ruhu özündə saxladı.

Onun 3 kitabı çıxmışdı. Audio və video-kasetləri isə çox sürətlə satılırdı. Alqayıt o dövrün müğənniləri kimi-yuxarıda bir neçəsinin adını çəkdik - çıxan kasetlərini nömrələməzdi. Heç buna ehtiyacı da yox idi. Onun iştirak etdiyi toylarda kustar üsulu ilə yazılardı kasetləri. Və elə həmin toydan bir gün sonra bütün Azərbaycana yayılardı.

***

Alqayıt dissident deyildi, Məzahir Daşqın, Bəhmən Vətənoğlu da deyildi. Amma Alqayıtın şeirlərində eyhamlar az deyildi.

Alqayıt erməni şovinizminin ifşa etməyi bacarırdı, amma bunu ustalıqla edirdi. Bəlkə də Göyçədə yaşayan qohum-əqrəbasına, əzizlərinə görə dərinə getmirdi.

Alqayıt təkcə tamada deyildi, o, sözün həqiqi mənasında toyu ələ alıb axarınca apara bilən adam idi. Yazının əvvəlindəkilər onun özündən sitatdır. Və elə hadisələr bəlkə dəfələrlə onun başına gəlib.

Alqayıt toylara getməklə dolanırdı. Və ən çox da Könül Xasıyeva ilə. Onun kasetlərinə qulaq asanlar bunu təsdiq edə bilərlər.

***

“Tamada Alqayıtı toyunda görmək istəyənlər bu nömrələrə zəng edə bilərlər. TEL :(+994 12) 498 17 61. (+994 50) 209 60 05. (+994 55) 209 60 05”.

İnternetdən tapdımı bu nömrələri.

Daha bu nömrələrə zəng vurmayın. Zəng çatmayacaq.

Alqayıt da qayıtmayacaq.

# 5899 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #