Xalqımızın estetika problemi

Sevda Sultanova, kinoşünas

Sevda Sultanova, kinoşünas

17 avqust 2022
# 14:00

Qəbələnin Laza kəndinin sakinlərinin turistləri əraziyə buraxmaması ilə bağlı yayımlanan videolara gələn şərhlər çoxmənalıdır. Rəsmi mənbələrin məlumatına görə, münaqişəyə səbəb avtomobillərin ərazidə sıxlıq yaratmasıdır. Şərhlərdə isə kənd sakinləri konfliktin mənbəyi kimi digər səbəbləri də əsas gətirirlər: turistlərin pintiliyi, təbiəti zibilləməsi, kənd mentallığını nəzərə almadan açıq-saçıq geyinməsi...

Bu yerdə yadımdan çıxmamış deyim ki, yazılarımdan birində Lerikdə zibil konteynerlərinin qoyulmaması ilə bağlı tənqidi qeydlərim vardı. Lerikə yeni icra başçısı təyin olunandan sonra görülən ilk işlərdən biri, rayonun əksər yerlərində zibil yeşiklərinin yerləşdirilməsi olub. Yazımın, ərazinin zibil yeşikləriylə təmin olunmasına təsir göstərib-göstərmədiyini dəqiq bilmirəm. Bütün hallarda rayon rəhbərliyinə təşəkkür edirəm.

Təbiətdə antisanitariya mühitinin əmələ gəlməsi, əlbəttə ki, təkcə, cavabdeh qurumların, kənd sakinlərinin məsuliyyəti deyil. Bu məsuliyyəti şəhər sakinləri də daşıyır. Çünki şəhərin özündə belə çeşidlənməyə imkan verən zibil qutularının qoyulmasına baxmayaraq, yeri zibilləmək, eyvanlardan küçəyə tullantı atmaq ənənəsi qalır. Bu, bir az da sovetdənqalma mədəniyyətin nəticəsidir. Türkiyədə otel sahibləri ən çox Rusiyadan gələn turistlərin pintiliyindən gileylənirlər, rus turistləri otelə dənizdən qum gətirir, otaqları antisanitariya şəraitində saxlayır, yeyib içdiklərinin qalıqlarını ortalığa tökürlər.

Evlərini təmiz saxlayıb, ətrafı rahat şəkildə zibilləməyinin, tökdüklərini təmizləməməyinin, bəlkə də, əsas səbəbi, yurdumun qonaqpərvər, gözəl insanlarının estetik mədəniyyətinin, estetik zövqünün qüsurlu olmasıdır. Ümumiyyətlə, estetik zövqdə qüsur az qala hər sahədədir. Misalçün, kinoda. Rejissorlarımızın təklif etdikləri süjetlər maraqlıdır, amma hekayələrin estetik təqdimatında ciddi problemlər yaşanır: üslubda, təsvir həllində, ifadə vasitələrində, seçilən rakurslarda və s.

Yaşam tərzimiz də yüksək, incə estetik zövqə, mədəniyyətə xitab eləmir. Vaxtaşırı Yutub kanalında satışa çıxarılmış imarətlərlə bağlı videolara baxıram. Evlərin memarlığı, interyeri, dizaynı azərbaycanlıların estetik dünyagörüşündən xəbər verir. Yaşayış üçün nəzərdə tutulmuş evlər rəsmi görüşlərin, ziyafətlərin keçirildiyi nəhəng saraylara oxşayır. Lakoniklik və praktiklik yoxdur, mebel və dekor çoxdur, üslub konkret deyil, yəni bilinmir barokkodur, klassizmdi, rokokodur, yoxsa neoklassizmdir. İmarətlərin pərdələrindən tutmuş mebel modellərinə kimi təmtəraqlılıq, karnavallıq xüsusi vurğulanır.

Bu iri evləri tikən adamlar, yəqin ki, bir-birini tanımır. Lakin zövq eyniliyi ondan xəbər verir ki, gərəksiz maksimalizm deyəsən, milli xarakterdir, minimalist memarlıq və dizayn, fərqli interyer üslubları (skandinav, provans, avanqard, loft və s.) bizə yaddır. Biz evləri rahat, praktik yaşamaqdan çox, göstəriş üçün tikirik.

Həmçinin, dincəlmək, istirahətlə bağlı estetik duyumumuz fərqlidir. Əksərimiz təbiətdə dincəlmək deyəndə, ağla ilk gələn, yeyib-içmək olur, xüsusən, kabab çəkmək və samovar çayı. Hətta Qarabağın işğalı dönəmində səslənən arzuların sonluğu belə bitirdi: “İsa bulağında kabab çəkib, bulaq suyu içək”. Elə ona görə istirahət yerlərini tərk edən turistlərdən ən çox qalan kabab qalıqları, araq şüşələri və s. olur. Yadımdan çıxmamış, dənizə də çimməkdən çox qarpız yeməyə, qarpızla selfi çəkməyə gedirik.

Yaxud, televiziyada xəbər aparıcılarından tutmuş efiri işğal etmiş müğənnilərədək, əksərinin simadan bir-birinin təkrarı olması estetik zövq problemidir. Estetik əməliyyat (əslində, onu qeyri estetik adlandırmaq daha doğrudur) nəticəsində üzləri, vücudları eyniləşən qadınlar son nəticədə individuallığını itirirlər.

Düzdür, estetik qavram, zövq məsələsi, xüsusən, məişətdə individual məsələdir, konkret standartları yoxdur, universal deyil. Bayağılığın özü də bir zövq göstəricisidir. Misalçün, Kantın, Georq Zimmelin fikrincə, dəb özlüyündə sosial fərqlilik funksiyası daşıyır, o, indiviuallığın ifadə vasitəsidir, ona görə məzmun etibarilə estetik kriteriya ilə əlaqəsi yoxdur, sadəcə, sosial kontekstdə dəyərləndirilməlidir.

Amma, əlbəttə ki, təbiəti qorumaq, təmizliyə riayətlə bağlı ümumi bir estetik tərbiyə konsepsiyası, dəyərləndirmə vacibdir.

# 2717 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
# # #