Vətən keçmiş zamandadır

Məhəmmədhüseyn Şəhriyar, Cesare Pavese

Məhəmmədhüseyn Şəhriyar, Cesare Pavese

12 noyabr 2022
# 10:00

Kulis.az Orxan Həsəninin “Cesare Paveseyə salam” adlı yazısını təqdim edir.

Dünyada haçansa mənim işıqlı dağlarım vardı... O dağlar indi də var...

Ə. Əylisli

Bu həftə yeni Azərbaycan tarixinin ən önəmli hadisəsini – Zəfər günün qeyd etdik. Şuşa şəhərinin azad olunması ilə yadda qalan Zəfər günü ölkənin müxtəlif bölgələrində təntənəylə qeyd olundu. Şəhid məzarları ziyarət edildi, abidələrə çiçəklər qoyuldu, iki il öncənin fövqəladə əhəmiyyətli hadisələri ehtiramla xatırlandı.

Bəli, cəmi iki il öncə qulağımız cəbhə xəbərlərinə şəklənmişdi. Dostlarımız, doğmalarımız, tanışlarımız güllənin ağzından keçib viran olmuş, daşı-daş üstündə qalmamış kəndləri, şəhərləri azad edirdilər. Viran olmuş, daşı-daş üstündə qalmamış kəndlərin, şəhərlərin əsarəti necə də qüssəlidir.
Ölümlər, şikəst qalmış arzular qələbə sevincinə qarışıb turşməzə duyğular yaradırdı. Mən o vaxt cəbhəyə yaxın ərazidə yaşayırdım. Hər gecə neçə ailə yığışıb bir evdə gecələyirdik ki, üstümüzdən vıyıltıyla keçən mərmilərdən heç olmasa, bir gecəlik xilas olaq.

Nə qədər acı da olsa, hər müharibənin öz hekayələri var. Bu hekayələr müharibəni görmüş, onun ağrısını canında sıxmış adamların simasında özünü göstərir. Müharibənin taleyi insanın taleyidir. Ölən də insandır, öldürən də. Biz yalnız şikəst ayaqların, ölü bənizlərin, viran kəndlərin, yetim tifillərin, odlanmış evlərin üzündə müharibəni görə bilərik. Yalnız bu zaman savaşsız gələcək arzulayarıq, bunun vacibliyinə inanarıq.

İki il öncə atılan topların qüvvəsindən payız çiçəklərinin şehi əsirdi və mən vətən anlayışı haqqında zəndlə düşünürdüm. Vətən mənim üçün həmişə nə zamansa mövcud olan yerə həsrəti ifadə edib. O yer ki, bənövşəyi dağların sinəsində çiçək kimi bitib, lakin mən o çiçəyi heç vaxt qoxlaya, o yerin küçələrində addımlaya, mənə doğma adamların doğma bildiyi kənddə yaşamışam, addımlamamışam, sevməmişəm.

Məcburi köçkün ailəsində dünyaya gəlmişəm. Gözümü açmışam və evsiz-eşiksiz, yurd-yuvası talan olunmuş pərişan insanlara ata demişəm, ana demişəm, baba demişəm, nənə demişəm və ata dediyim, ana dediyim, baba dediyim, nənə dediyim insanlar durmadan, usanmadan xoşbəxt keçmişdən danışıblar, onun həsədini çəkiblər, arzulayıblar və ona görə keçmişin həsədini çəkiblər, ona görə keçmişi arzulayıblar ki, daha gələcəyə ümidləri qalmayıb. Kərpic evlərdə bir-birinə sıxılan çiyinlərin istisini duymuşam, nəfəslə isinən əllərin sığalına sığınmışam, yeddi-səkkiz ailənin hər axşam bir evə yığışıb keçmiş əhvalatları xatırlamasını, xəyallara dalmasını, fikirli-fikirli siqaret sümürməsini görmüşəm və başa düşmüşəm ki, sən demə insan vətəni öz içində daşıya bilərmiş.

Onların içində daşıdığı, daşıyıb bu günə gətirdiyi vətən dumduru idi. O vətənin içində xatirələr durmadan axırdı, axırdı və axıb-axıb bir çökəyə yığılırdı, xatirələr gölməçələnirdi və insanlar o gölməçəyə baxıb gəncliklərini görürdülər, keçmişə qucaq açırdılar, gölməçənin əksində saçlarının ağı silinirdi, dəni tökülürdü, üzlərinin qırışı ütülənirdi, ürəklərinin qəmi azalırdı.

O xatirə gölməçələrinə biz də baxırdıq. Biz – savaşdan xəbərsiz, bəxtinə yalnız onun parçları, ikinci, üçüncü şoku düşən tifillər. Və biz o xatirə gölməçələrinin əksində keçmişi yox, gələcəyi görürdük. O torpaqlara keçmişimizlə yox, gələcəyimizlə uzaq idik.

Atalar sözündə belə deyilir: Səni vətəndən qovmaq olar, vətəni səndən qovmaq olmaz.

Son günlər oxuduğum ən gözəl əsərlərdən biri Cesare Pavesenin "Ay və tonqallar" romanıdır. Bu roman müəllifin yekun romanıdır və o, uğurlu iş adamı, Kaliforniyadan vətəni İtaliyaya illər sonra qayıdan Anguilanın hekayəsini danışır. Anasını, atasını heç vaxt görməyən Anguila körpəykən kilsəyə bağışlanıb və İtaliyanın şimalında Belbo çayı yaxınlığındakı kənddə fermer bir ailənin himayəsində böyüyüb. O, həmişə ağzı havada olub, həmişə başqa yerdə, daha böyük və daha parlaq şəhərlərdə özü üçün daha yaxşı həyat axtarıb. Ancaq dünyanın bir çox guşələrini gəzəndən sonra onda vətən həsrəti peyda olub və uşaqlığının ötüb keçdiyi kəndə geri qayıdıb. T.S Eliotun dediyi kimi, “Bütün araşdırmalarımızın sonu başladığımız yerə çatmaq olacaqdır”.

Pavese böyük şəhərlərin böyük arzuları arxasınca qaçan, lakin qəflətən özünü bir vaxtlar xilas olmaq istədiyi kəndin “çuxurunda” tapan insanın psixologiyasını açır. Birdən-birə onun tərbiyə aldığı bu məkan bütün unudulmuş gözəlliyi və qəddar reallığı ilə özünü büruzə verir və bu da bizim macərapərəstin qəribə təcrübə yaşamasına səbəb olur.

Elə mövzular var ki, onlar barəsində yazmaq çox çətindir. Məsələn, vətən mövzusu. Vətən haqqında hamı danışır. Vətən indi dildən pərgarların istismarındadır. Vətən haqqında minlərlə həddən ziyadə mənasız, əhəmiyyətsiz, heç bir bədii təsir qüvvəsi olmayan əsərlər yazılıb. Adamın o əsərlərdəki "vətən"də ürəyi sıxılır. Adam o əsərlərdəki "vətən"də grinkart qeydiyyatına düşmək üçün tələsir, başını götürüb qaçmaq, gedib Amerikada kamaz şoferi olmaq istəyir.

Yenə təkrar edirəm, çox müraciət olunan mövzularda orginal olmaq müşküldür. Yazıçı təbiəti, yanaşması istəyir. Çox müraciət olunan mövzuya uğurlu münasibət yazıçı ustalığının xəbərçisidir.

Cesare Pavesenin "Ay və tonqallar" romanında biz bu ustalığı hərarətlə duyuruq. Obraz vətənə qayıdır, lakin daha xatirələrdən özgə heç nə qalmayıb.

Müəllif deyir ki, əslində vətən yalnız xatirələrdə mövcuddur. Ona indiki zamanda toxuna, sevə, məhəbbət nümayiş etdirə bilmərik. Hətta vətən indiki zamanda miskin və bezdiricidir. Ona mütləq nostalji duyğularla bağlanmalıyıq.

Vətən keçmiş zamandadır. Uşaqlığımızın qopub gəldiyi yerdə. Və ona uşaqlığımızla, həyatımızın ən saf dövrülə bağlıyıq.

Hətta onu görməsək də!

"Ay və tonqallar" romanının təsirində dolanarkən, təsadüfən MəhəmmədHüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasını internetdən şairin öz səsi ilə yenidən dinlədim. "Ay və tonqallar" ilə "Heydərbabaya salam"ın qopub gəldiyi yer eyni idi; uşaqlığın vətəninə həsrət, bunun sənətkarcasına işlənməsi. Hər iki əsər istinad nöqtəsini eyni yerdən götürmüşdü. Heç bir təması olmayan, İtaliya və Azərbaycan ədəbiyyatının bu iki nümunəsindəki ideya oxşarlığı, ürək yaxınlığı, yanğı eyniliyi məni təəccübləndirdi, həyəcanlandırdı və bir az darıxdırdı.

Hər iki əsərdən bir parça ilə mənə ayrılan vaxtı beləcə bitirirəm:

“Burada hər şeyin dəyişəcəyindən həmişə qorxmuşdum, hətta komanın da xaraba qaldığını düşünürdüm. Burda, körpünün üstündə dayanıb özümə sual verəcəyim anı təsəvvürümdə dəfələrlə canlandırmışdım: axı illər boyu bu ucqarda necə yaşaya, keçini necə otara, sahilə tökülmüş almaları yığa-yığa dünyanın Belbo çayına gedən dik döngədə bitdiyinə necə inana bilmişdim?

Amma məgər qoz ağaclarını yerində tapa bilməyəcəyimi ağlımın ucundan keçirmişdim?

Əgər o, yerində yoxdusa, deməli, hər şeyin sonudur. Bu fikir məni o qədər məyus etdi ki, heç kəsi haylamadım, hətta sakitcə axan suya belə nəzər salmadım. Bax, elə həmin an burda doğulmağın, burdakı qəbirlərdə doğmalarının nəşinin yatıb-yatmadığını bilməməyin, bu yerlərlə qan qohumluğunun yoxluğunun, bu torpaqlara istənilən dəyişikliyin pərt etməyəcəyi qədər möhkəm kök salmamağın necə bir duyğu olmasının fərqinə vardım”.

Cesare Pavese, “Ay və tonqallar”

Heydərbaba, dağın, daşın, sərəsi
Kəklik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsi,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım "Çoban, qaytar quzunu"

Qarı nənə gecə nağıl deyəndə,
Külək qalxıb qap-bacanı döyəndə,
Qurd keçinin şəngülüsün yeyəndə
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sora solaydım

Məhəmməd Hüseyn Şəhriyar, “Hedyərbabaya salam”

# 2791 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #