Sənə nə deyim axı, Fərid?!

Azad Qaradərəli, Fərid Hüseyn

Azad Qaradərəli, Fərid Hüseyn

9 aprel 2022
# 15:20

Kulis.az Azad Qaradərəlinin "Şair, araşdırmaçı Fərid Hüseynin bir yazısının yazdırdığı sətirlər" yazısını təqdim edir.

Fərid Hüseynin Eldar Baxışın “Gecənin bir aləmi” şeiri haqqında qeydlərini oxuyub, xeyli təəccübləndim. Bu təhlildən çox şairin şairlə güləşməsinə - söz güləşinə bənzəyirdi. Təbii, Eldar çox cüssəli idi, təbii Eldar enlikürək idi, təbii Eldarın arxası hələm-hələm yer görməzdi...

Düşündüm ki, Fərid niyə belə edib? Cavabım bir qədər fərqli yozula bilər: Fərid Eldarın söz sehrindən çıxmaq istəyib. Qorxub, üşənib Eldardan. Axundov Füzulini necə tənqid etmişdisə, Cabbarlı Cavidə necə ilişmişdisə, Tolstoy Şekspirə necə ağız büzmüşdüsə, Fərid də Eldara elə ilişmək istəyib... Eldarın ürəklə nəfsi dəyişik saldığını düşünür və deyir ki, insanı hansısa qadının dalınca ürək yox nəfs çəkir...

Ay Fərid, ay qağa, Eldarın şeirindəki qadın “hansısa qadın deyildi axı”!

Dostum Fərid, yazırsan ki, güzgü yoxdusa, dodaqdakı uçuğu necə görmək olar? Ay sənin saqqalın ağarsın! Sənin heç dodağın uçuqladımı? Mənim mərhum dostum Əhməd Oğuzun xatirəsinə həsr etdiyim “Uçuqlama” adlı hekayəm var. Adamın uçuqlayan yeri – dodağı, üzü, o uçuğun ağırlığından sallanır, əlini vurmaqla da bunu “görə bilirsən.” Eldarın şeirinin ən dəhşətli yerlərindən biri məhz bu məqamdır – Nizamidə də bu yer gözəl verilib:”Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi...” Eldarda isə bu yer - aşiqin ən mübhəm anı elə verilib ki, elə burada kor-koranə sevgi var:”Alnıma toxundum, gördüm tərləyib/ Dodağıma baxdım, uçuqdu gördüm.”

Sən heç yasaq eşq yaşadınmı, dost?!

Şeirdə “darvazalar” kəlməsi var, sən axı şairsən, niyə bu “darvazanı” adi dəmir darvaza kimi fikirləşmisən? Bu “darvaza” o sən düşündüyün darvaza da deyil! Tək bir açar düşən, yalnız içəridən bağlanan qəlb darvazasıdır ki, Eldar şeirinin qapısından belə misralar çox keçib...

Deyirsən ki, əllər, saçlar oyanmır... Şair, qadın əllərinin necə yatdığını, qadın saçlarının yastığa necə sərələndiyini gördünmü heç? Bir aşiq əllərinin təmasıyla oyanmağa müntəzirdirlər onlar... Sənə nə deyim axı?

Mən axırı ki, tapdım səni bu şeirdə hövsələdən çıxardan nə olub? “Gecənin sümüyü sürmə olmuşdu” misrası! Sən bu misranı anlaya bilməmisən və bu boyda mətni də ona görə yazmısan?! (Bunu mən demirəm: özün etiraf edirsən ki, bu misra anlaşılmır.)

Axı bir az yuxarıda vardı o misranın izahı, özü də necə vardı? Eldaranə vardı!

Gəl baxaq o misralara:

Gecə çırpınırdı, gecə əsirdi,
Gecə titrəyirdi, nə titrəyirdi.
Sinəmiz gecəni : - bu xoş gecəni,
Bir daş ütü kimi ütüləyirdi.

(Deyimə bax, ilahi! Aşiqlərin sinəsi gecəni ütü kimi ütüləyir ki, onların xatirinə bir az da uzansın. O mahnıda necə deyilirdi:açılma sabah, banlama xoruz!)

Fərid, “Sümüyü sürmə olmaq” ayrı məqamlarda da işlənə bilər (məsələn, “yetimlərimi böyütmək üçün sümüyüm sürmə olub”), amma burada gecənin sümüyü sürmə olub – gecə qurtarmaq bilmir, gecə aşiqlərin əbədi gecəsi olaraq qalmaq istəyir; əzabkeş gecə bu şeirdə ayrıca bir obrazdır.

Əzizim Fərid! Sənin əzminə, sənin zəhmətkeşliyinə, tay-tuşlarının umu-küsülərinə baxmayaraq başını aşağı salıb sənətlə məşqul olmağına heyranam. Səninlə birgə ustad Sabir Əhmədli haqqında layihəmiz uğurlu alınmışdı. Məndən vaxtilə ən yaxşı müsahibələri sən almısan – biz bir-birimizi yaxşı tanıyırıq və ümidvaram ki, bu yazıda bəzi fikirlərim dostluğumuza kölgə salmaz.

Amma Fərid, mən böyük şair Eldar Baxışla da dost olmuşam və o dostluq hələ də davam edir. Mən Eldarın xatirəsinə uzun hekayə həsr etmişəm. Eldar haqqında məqalələr yazmışam. Amma hər dəfə Eldarı oxuyanda sənin kimi mən də üşənmişəm! Eldar çox böyük şairdir, Fərid!

Sənin mütaliəli olduğunu bilirəm. Amma bunu bilmirəm: sən Cəfər Xəndanın Sabir haqqında monoqrafiyasını oxumusanmı? Ustad alim həmin monoqrafiyada Sabirin sənətkarlıq xüsusiyyətlərini didik-didik aramış, hətta şairin şeirlərində bəzi yanlışlıqlar da tapmışdı. Həqiqətən, o səhvlər sənin Eldarda tapmaq istədiyin yanlışlıqlar kimi deyil, adi gözlə çətin görünən “səhv”lər idi. Amma Cəfər Xəndan sonda bilirsən nə demişdi: yanlış da bir naxışdır!

Eldar Baxış yaradıcılığı müqəddəs-filan deyil, orada da kifayət qədər yerinə düşməyən söz, kəlmə ola bilər, zira bu gərək ustalıqla edilsin. Şairin ruhunu başa düşübən, könül bağını, söz ənginliyini anlayıban edilən axtarış vacibdir, olmalıdır.

Mənə görə, Əli Kərimdən sonra poeziyamızın elə bir mərtəbəsidir ki, Eldar Baxış mərtəbəsi, ora ayaq basanda mərtəbələri iki-iki çıxmaq günah olar.

Məramının xoş olduğuna inanıram. Yazının əvvəlində Eldar haqqında dediyin xoş sözlər də bunu bəlirləyir. Elə mənim də məramım xoşdur. Əslində biz üçümüz də dostuq: Eldar, sə və mən. Eldar mənim dostumdur. Mən həm də səninlə dostam. Belə deyim var axı: dostumun dostu mənim də dostumdur.

# 3200 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #