Şəhid adından niyə istifadə edirlər?

Şəhid adından niyə istifadə edirlər?
16 may 2022
# 11:18

Kulis.az Ayxan Ayvazın “Şəhid adından istifadə edənlər” yazısını təqdim edir.

Yadımdadır, bir şəhid anası öz oğlunun maketini hazırlayıb, ona toy eləmişdi. Şəhid anası oğlunun toyunu görməmişdi deyə bu cür qəddar bir üsula əl atmışdı.

Mən insanları əlüstü tənqid etməyin əleyhinəyəm. Həmişə empatiya hissimə işıq yandırmışam. “Niyə belə oldu?” sualını öz-özümə vermişəm. Düşünmüşəm ki, bir insan necə belə birinə çevrilə bilər? Dərd insanı necə bu hala sala bilər?

Ötən günlərin birində dostumla şəhərdə gəzirdik. Axşam tərəfi idi, tıxac oldu, dostum maşının içində deyinməyə başladı. Mən isə maraqlı bir an tutmaq üçün ora-bura baxınmağa başladım. Sizə də məsləhət görürəm, həmişə ən çıxılmaz, ən pis vəziyyətdə başınızı qatacaq nəsə tapın. Yoxsa deyinə-deyinə qalacaqsınız.

Mənim gözlərim “şəhid xanımı” yazılan maşına sataşanda isə donub qaldım. Həmin an bircə onu düşündüm: yəqin ki, söz atanların qarşısını almaq üçün xanım bunu yazmağa məcbur olub. Olur axı bizdə, maşında xanım görəndə ona söz atmaq istəyirlər. Çox güman, şəhid xanımı da həmin narahatlığı bu şəkildə ifadə edib.

O yerdə möcüzə baş verdi! Tıxac açıldı, maşınlar zəncirlərindən azad olan itlər kimi irəliyə atıldılar. Arxa şüşəsinə “şəhid xanımı” yazılan iri, ağ maşın isə sola dönüb gözdən itdi. Düzü, maşının hansı markaya aid olduğunu bilə bilmədim – maşınlardan heç başım çıxmır. “Şəhid xanımı” sözü isə evə gedənə qədər gözlərimin qabağından getmədi.

Düzü, yazını yazmadan əvvəl də xeyli düşündüm. Empati hissimi təzədən diriltməyə, hər şeyi incə-incə ayırd etməyə başladım. Şəhid qadını niyə belə bir yola əl atsın ki? Təbii ki, hamımızın ağlına gələn ilk cavab bu olur: yol polisinin onunla işi olmasın. Nə olur-olsun, qanun pozuntusu və.s. Dəxli yoxdur, əgər şəhid qadınıdırsa, o heç vaxt qanun pozuntusu edə bilməz. Etsə də, bizim borcumuzdur ki, onun qanun pozuntusuna göz yumaq.

O günləri hüquqşünas dostumla danışırdıq. Ona soruşdum ki, hüququn aliliyi nədir? Bu söz hüquq terminində çox xoşuma gəlirdi, lakin o “aliliyi”n nə mənə şey olduğunu anlaya bilmirdim. Gülümsündü: “Neçə il hüquq təhsili almışam, hələ də hüququn aliliyini başa düşmürəm”.

Hüququn aliliyini necə izah edirlər? Hüququn cəmiyyətdə ali mövqedə olması, xüsusilə də, fərdi və institusional davranışa təsir etməsi, eləcə də hökumət də daxil olmaqla cəmiyyətin bütün üzvlərinin eyni dərəcədə hüquq normalarına tabe olması. "Hüququn aliliyi" ifadəsi hər hansı xüsusi hüquq norması ilə bağlı deyil və siyasi situasiyalarla əlaqədar işlədilir.

Oxuyub araşdıranda gördüm ki, bu ifadənin istifadəsi XVI əsrə qədər gedib çıxır. Qanun hər kəsdən üstündür. Qanun heç kimin kimliyinə, tutduğu mövqeyə baxmır. Hətta Platonun dövründə, antik dövrdə belə hüququn aliliyini tanıyır, onu hamıdan, hər şeydən üstün sayırdı.

Biz sivil, dünyəvi bir dövlətdə yaşayırıq. Cəmiyyət nə qədər dini, mental ənənələrə uyğun olsa da, xeyri yoxdur, qanun qanundur. Lakin bizim qanunların tətbiqində, onların işlək mexanizm olmağında böyük problemlər var. Hüququn aliliyi bizim üçün sadəcə termindən ibarətdir və təəssüf ki, onun heç kimə aidiyyatı yoxdur. Biz hüququn axsadığı bir yerdə yaşadığımız üçün şəhid yaxınları, qazilər tutduqları mövqeyə görə davranmağa məcbur qalırlar. Çünki onlar bilirlər ki, hüququn aliliyi heç bir vaxt onların istəklərinə uyğun olmayacaq.

Şəhid yaxınları, şəhid xanımı özünə biznes yaradır, yaxud torpaq sahəsi götürür. Bunların hamısı normaldır. Çünki kimliyindən asılı olmayaraq, heç kimə bizneslə məşğul olmağı qadağan etmək olmaz. Sadəcə şəhid yaxınları öz statuslarından geninə-boluna istifadə etməklə onların qarşısında Çin səddi kimi açılan qanundan yaxa qurtarmaq istəyirlər. Qanun hüququn aliliyini təmin edərsə və bütün vətəndaşlara bu terminin qaydalarını tətbiq edərsə, o zaman heç kimin “şəhid xanımı” kimi hər hansı bir “kömək”dən istifadəsinə ehtiyac yaranmaz.

Qanunun, hüququn norma kimi görünmədiyi cəmiyyətlərdə üçüncü, dördüncü yollara əl atmaq təkcə şəxsin özü üçün deyil, bütün cəmiyyət üçün doğru seçim kimi qavranılır. Məsələn, elə bir yerdə yaşayırıq ki, kimsə “şəhid xanımı”nın maşınına öz statusunu yazmasını tənqid etməz. Maşının sahibəsi də bunu bildiyi üçün rahatdır. O, bu maşınla hər hansısa idarəyə gedəcək, özünü şəhid yaxını kimi təqdim edib işini aşıracaq. Əgər özünü şəhid yaxını kimi tanıtmasa, təəssüf ki, onun işinə baxan olmayacaq. Baxılsa da, bu çox uzun zaman çəkəcək. O vaxta da kim ölə, kim qala.

Hansısa Koreya filmindən belə bir detal yadıma düşür. Orda şəhid verən bir ailə ona ayrılan kompensasiyaya ilə yaşayır. Günlərin birində o şəhid bildikləri adam evə gəlir və ən dəhşətlisi bundan sonra başlayır. Bütün ev əhli onun getməsini, ayrı ölkədə yaşamasını istəyirlər. Niyə? Çünki dövlət o adamın şəhid olmadığını bilsə, ayrılan kompensasiyanı geri alacaq.

İnsanın hamının diqqətini çəkmək, tanınmaq, yaddan çıxmamaq kimi ibtidai bir duyğusu var. Ətrafımızda, yan-yörəmizdə hamı bu diqqət aclığından əziyyət çəkir. Sosial şəbəkələrdə insanların həddindən artıq aktiv olmasının səbəbi də bu diqqətsizlikdən doğur. Bəlkə də, şəhid xanımı, yaxud qazilər onlara diqqətin azaldığını müşahidə edərək bu vasitələrə əl atırlar. İkinci bir tərəfdən, bu diqqətçəkmə onlara “yazığı gəlmə” formasında geri qayıdır. Ürəyi yumşaq olan xalqımız da hər hansısa şəhid yaxınına, ya da qaziyə nə yolla-olur olsun, əl uzatmaq, kömək etmək istəyir.

Ona görə də insanlara bu yarlıqlarla – şəhid yaxını, şəhid xanımı, şəhid qardaşı kimi yaxınlaşmaq, onlardan nəsə ummaq doğru deyil. Bir yaxınım var, ailəsini qəzada itirib. Ona elə gəlir ki, bütün ölkə ona borcludur, hamı bunun yanında olmalı, qayğısına qalmalı, cibinə pul basmalı, kreditlərini ödəməlidir.

İstifadə etmək məğlubiyyətdir! Heç vaxt heç nədən istifadə etməyin! Çünki yaşamaq nədənsə istifadə etmək qədər dəyərli bir şey deyil. Məsələn, bu gerçəyi şəhidlər daha yaxşı bilər.

# 4883 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #