Qadınlar hicablarını niyə yandırır?

Qadınlar hicablarını niyə yandırır?
21 sentyabr 2022
# 10:44

Kulis.az Rəvan Cavidin “İnqilabdan inqilaba” yazısını təqdim edir.

İslam dininin hakim olduğu ölkələrdə cəmiyyətlər iki səbəbdən inkişaf edə bilmir. Məhz bu səbəblərə görə də, insan haqları həmin ölkələrdə sadəcə söz birləşməsi olaraq qalır. Birinci səbəb, yanlış təbliğ olunan dini dəyərlər, ikinci səbəb isə yanlış ifadə olunan ailə dəyərləridir. Bu iki dəyərsizliyin fonunda ən böyük zərbələr də məhz qadınlara dəyir. Qadın haqlarının, insan hüquqlarının, azadlıq və sərbəst fikir ifadə etmək hüquqları çadranın altında yumruq, şillə ağrıları ilə basdırılır.

İran bu kimi ölkələrin ən “parlaq” nümunəsidir. Yəqin ki, bu ölkə tarixdə “İnqilablar ölkəsi” kimi qırmızı bir haşiyənin içində özünə yer edə biləcək.

1979-cu ildə “Kaset inqilabı”ndan sonra qədim mədəniyyətə və ziddiyyətlərlə dolu tarixə sahib İranın qara günləri başladı. Həm zahiri qara, həm də elə düşüncə, milli kimlik baxımından qara günlər. İran ortodoks islamın mistik, metafizik islama keçidinin ən böyük nümunəsi olmaqla yanaşı, həm də bu dinin dünyada özü də hiss etmədən (?) qaragüruh bir din kimi tanınmasında əsas fiqura çevrildi. Və qırx ildən çoxdur ki, “Kaset inqilabı”nın çadralı bəhrəsini bütün dünya, həm də İslamın özü izləməkdədir. Nəinki qadın, insan hüquqlarının əzilməsi ilə, radikal zehniyyətlə idarə olunan bir cameənin əsrarlı beyinlə verdiyi qərarlarla İran dünyanın fenomeni olmağı bacardı.

Etiraz? Bəli. Bu cür inqilabların və rejimlərin sonu etirazlara, xaosa, dağılmaya və nəhayət, şahın, ya da mollanın taxtından salınmasına gətirib çıxarır.

Qadınlara birmənalı münasibəti olmayan radikal islamın ən vacib göstərişlərindən biri olan hicab dəfələrlə İranda genişmiqyaslı etirazlara səbəb olub. 2017-2019-cu illərdə Vida Movəhidin başlatdığı “İnqilab küçəsi qızları” adlı aksiya İran sərhədlərini aşmış, digər İslam ölkələrində də rezonansa səbəb olmuşdu. Etiraz formasının estetikası isə tanış idi. Movəhədin Tehranın İnqilab küçəsində hicabını çıxarıb bir çomağa ilişdirmiş və bayraq kimi sallamağa başlamışdı. Həmin gün həbs edilmiş və bir ay sonra icbari cəza ödəməklə həbsdən qurtula bilmişdi. Lakin Movəhədin başlatdığı etiraz o həbsdən çıxana qədər digər İslam ölkələrində aksiyalara səbəb olmuşdu. Geyim azadlığı (oxu: fikir azadlığı) istəyən etirazçı qadınların bir çoxu həbs olunmuş, bir neçə nəfər qadın da aksiyalarda öldürülmüşdü. “İnqilab küçəsinin qızları” aksiyaları iki il, 2019-cu ilə qədər davam etdi.

Qeyd edim ki, İranda bu cür hicab aksiyaları Amerikada yaşayan iranlı jurnalist Məsih Əlinejadın müxtəlif vaxtlarda etdiyi çağırışlarla daha çox alovlanır. İran kəşfiyyatı illərdir bu jurnalistə qarşı sui-qəsdlər təşkil etsə də, o, canını qurtara bilib.

Və növbəti aksiya Məhsa Əminin öldürülməsi ilə başladı. Bu dəfə hədəf təkcə geyim, fikir azadlığı yox, molla rejminin sarsıldılmasına hesablandı.

22 yaşlı Məhsa Əminin geyim (hicab) qaydalarını pozduğuna görə İslam İnqilabı Keşikçiləri Korpusu (“SEPAH”) tərəfindən saxlanılması və döyülərək öldürülməsi İranın müxtəlif şəhərlərində geniş aksiyalara səbəb oldu. Qadınlar hicablarını çıxarıb küçənin ortasında tonqala atır, polis maşınları aşırılır, “SEPAH”a qarşı təzyiqlər göstərilir. Bütün bunların fonunda İran hakimiyyəti ölkədəki insan haqlarının əzilməsi faktlarının araşdırılacağını bildirir. O hakimiyyət ki, təxminən bir ay qabaq öz kəşfiyyatını xarici ölkədə yaşayan jurnalistini öldürməyə göndərmişdi. Və əlbəttə, SEPAH və milli kəşfiyyat arasında bilinməyən əlaqələr yoxdur. Ümumiyyətlə, indi İslam ölkələrinin hamısının kartları açıqdır.

Qayıdaq birinci abzasda qeyd etdiyim səbəblərə. Dini dəyərlərin yanlış təbliğatı və ailə dəyərlərinin yanlış ifadəsi.

Ortodoksal islamda da bəzi anlaşılmayan qaydalar olsa da, radikal islamda bu qaydalar həddindən artıq absurd və məntiqə sığmazdır. Radikal islamın beşiyi olan İran yeganə ölkədir ki, islam dininə inanmayanlardan belə hicab geyinmələrini tələb edir. Bu artıq xəstəlik deyil, nədir? İranın dünyaya yayılmış propaqandaçı dindarları də müxtəlif, əndrabadi yollarla 1980-ci ildə verilmiş bu hökmün doğruluğunu, vacibliyini isbat etməyə, isbatları ilə razılaşmayanda isə dini xaoslar çıxarmağa başlayırlar. Halbuki yüksək nüfuza sahib şiə alimi Mehdi Təbatəbai İslamda hicaba məcbur etməyin olmadığını və bunun yaxşı nəticələr vermədiyini demişdi. Təbii ki, məqsədi islam yox, radikallıq olanlar öz ayətullahlarının bu sözlərini eşidə bilmirlər. Bunun da səbəbi ortodoksal islamçılardan fərqli olaraq radikalçıların həqiqi islami dəyərlərə yox, asi çıxmış dəyərlərə söykənmələridir.

Dini radikalizmin qadınları qula çevirib əşya kimi satdığı, geyiminə, saçına, ailəsinə qarışdığı ölkədə hakimiyyətin bir başa fitva ilə idarə olunması dəhşətdir. 21-ci əsrdə, Marsda ağac əkildiyi bir dövrdə hələ də qadın cinayətlərinin bu qədər gündəmdə olması, Qadın haqlarının sərsəm fikirlərlə (oxu: xurafat, mentalitet) tapdanması tragediyadır. Bu barədə tənqid yazan kimi də radikal dindarlar (əslində, onların dində olduğunu heç düşünmürəm) bircə arqumentlə adamın üstünə gəlirlər:

"Bizim din qızları diri-diri basdırılmaqdan qurtarıb".

Adam nə qədər cahil olmalıdır ki, 21-ci əsrdə bu arqumentlə kiminsə qabağına çıxsın. O adam ya dəlidir, ya da əsrarlı.

Bu gün qadınların hicablarını, çadralarını açıb yandırması, mövcud rejimə, mövcud qayda-qanunlara boyun əyməməsinin arxasında 43 illik bir məhbəs həyatı durur. 43 ildir bu qadınlar azadlığın, yaşamağın, qollarını açıb nəfəs almağın nə olduğunu bilmirlər. 43 ildir bu qadınların sərbəst olmaq haqları əllərindən alınıb. Etiraz aksiyaları nə qədər davam edəcək, bilmirəm. Amma molla rejiminin üzünə bir şillənin dəydiyi aşkardır. Və ümid edirəm, tezliklə "Kaset inqilabı"nın iqtidara gətirdiyi hakimiyyət "Hicab inqilabı" ilə başa çatar. Çünki İran və onun agenturası bu gün də cəmiyyətimiz üçün təhlükə olmaqda qalır. Gənclərimizin, aydınlarımızın ayətullah eşqləri milli düşüncənin önündə dayanır. İslamı dünyada vahid din etmək istəyən xəstə təfəkkürün yayılması öncə öz milli kimliyinə, sonra digər xalqların milli kimliyinə zərbə vuracaq.

# 3363 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #