Pərviz Bülbülənin qalib gəldiyi dövlət qurumu

Pərviz Bülbülənin qalib gəldiyi dövlət qurumu
13 aprel 2023
# 09:30

Kulis.az Mirmehdi Ağaoğlunun ""Mahnılarımız monitorinq aynasında" kitabı haqqında" adlı yazısını təqdim edir.

Ötən həftə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi (dövlət büdcəsindən maliyyələşən publik hüquqi şəxs!) “Mahnılarımız monitorinq aynasında” adlı nəfis kitab təqdim etdi. Kitabda mahnı janrı sahəsində ədəbi dil normalarının kobud şəkildə pozulmasından bəhs edilib.

Təhlil edilən mahnı nümunələri içində Zülfiyyə Xanbabayeva, Röya kimi Xalq artistlərinin ifaları da yer alır, Dana Durdana kimi adını ilk dəfə eşitdiyim müğənninin mahnıları da; yaxud sevilən, trend ifalar da çoxdur (“Dur gedək hoppalara”, Eyyub Yaqubov “Buzovna”), ara mahnısı dediyimiz, “kayf", "nəşə” kimi sözlərlə dolu musiqi nümunələri də.

Kitabı bir qədər vərəqləyib xeyli haqlı irada rast gəldim. Belə başa düşdüm ki, Aygün Kazımova, Zülfiyyə Xanbabayevə, Şəbnəm Tovuzlu, Eyyub Yaqubov, Talıb Tale və başqa ifaçılar bu kitaba göz gəzdirib səhvlərini düzəltsələr, çox yaxşı nəticələr əldə edər və gələcəkdəki ifaları zamanı bu qüsurlardan arınmış olarlar.

Burası belə. Burası aydındır. Lakin bir məsələ ortaya çıxır ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin dövlətin vəsaitini xərcləyib belə bir kitab çıxarmasına hansısa əlahiddə ehtiyac vardımı?

Yox, kitabın satışından əldə olunan gəlir onun xərcini ödəyəcəksə, mən bir söz demirəm. Əks təqdirdə Monitorinq Mərkəzinin belə bir kitab buraxmasına, tutalım Şəbnəm Tovuzlunun, Talıb Talenin, Damlanın, lap elə Brilyant Dadaşovanın mahnısının təhlilinə nə ehtiyac vardı?

Bu, nəyi dəyişəcək?

Bu təhlili hansısa müstəqil qurum (və ya şəxs) öz təşəbbüsü hesabına həyata keçirsə, ona sözümüz olmaz, necə ki, bu yaxında bir gənc musiqiçi-bloger Musa Musayevin məşhur ispan mahnısını illərlə ictimaiyyətə “Porto-morto” adıyla sırıdığını faş elədi, hər kəs də razı qaldı, yox, təhlili dövlət qurumu aparırsa, o zaman vergi ödəyicisi kimi bizim də mühakimə etmək səlahiyyətimiz ortaya çıxır.

Əslində, “Mahnılarımız monitorinq aynasında” kitabının çapı bir sıra məsələlərə təzədən göz gəzdirməyə ehtiyac yaradır.

Gəlin əvvəlcə sualı belə qoyaq ki, dövlətin sənət, mədəniyyət məsələlərinə bu qədər dərindən müdaxilə etməyə haqqı çatırmı? Çünki bu kitab özünün haqlı iradları ilə dövlətin bu sahəyə müdaxiləsini sanki legitimləşdirir, əks təqdirdə dövlət qurumunun bu işi görməsinə lüzum olmazdı.

Dövlətin mədəniyyətə münasibətində iki cür yanaşma mövcuddur. Birinci yanaşma ondan ibarətdir ki, dövlət digər sahələrə olduğu kimi bütövlükdə mədəniyyət sahəsinə də nəzarət edir, hər şeyi özü yerinə yetirir, iqtisadiyyatın dövlət tənzimlənməsi həyata keçirildiyi kimi mədəniyyətin də dövlət tənzimlənməsi aparılır. Birinci münasibətdə dövlət özü bütün mədəniyyət məhsullarının istehsalına və keyfiyyətinə nəzarət edir, onun siyasətinə uyğun olmayan heç bir məhsul ərsəyə gəlmir. Yəni bu zaman sənətkarın iradəsindən çox dövlətin iradəsi önə çəkilir. Sənət adamlarının azadlıqlarının bu məhdudlaşdırılması müqabilində dövlət onları ev, ad, bağ, iş, şərait, xəstələnəndə havayı müalicə kimi güzəştlərlə təmin edir.

Digər mexanizm isə bazar iqtisadiyyatı mexanizmidir ki, bu zaman dövlət mədəniyyət sahəsinə qarışmır, mədəniyyət adamlarının azad şəkildə istehsal etdikləri kontentlərə müdaxilə etmir. Bunun nəticəsində dövlət dolayısı ilə sənət adamları qarşısında heç bir mükəlləfiyyət də daşımır. Yəni evsizdirlərsə, eşiksizdirlərsə belə, dövlət tutalım inşaat sektorunda bənnaya, mühəndisə necə münasibət göstərirsə, onlara da eyni münasibət sərgiləyir, yəni hər kəsə bərabər şərait yaradır: bu pis şərait də ola bilər, yaxşı da.

70 il əsarətində yaşadığımız sovet hakimiyyəti dövründə Azərbaycan mədəniyyəti birinci idarəetmə mexanizmi ilə idarə olunub. Dövlət müəyyən qurumlardakı bədii şuralar vasitəsilə mahnıların mətninə, ifa tərzlərinə, çap olunan kitablara, çəkilən rəsm əsərlərinə, istehsal edilən filmlərə, qoyulan tamaşalara – qısacası hər şeyə nəzarət edirdi. Əvəzində isə özünün yazılmamış bir öhdəliyi vardı. Sənət adamlarını təmin etmək: adla, mükafatla, mənzillə, işlə...

Dövlətin sənətə nəzarətinin müsbət tərəfləri çox idi. Əksər hallarda keyfiyyətsiz məhsulların yayılmasının qarşısı alınırdı. Amma bir çox halda da sənətkarların azadlıqlarını əllərindən alırdı, bu da sənəti təbii inkişafdan saxlayırdı. Üstəlik həmin o bədii şuraların nə qədər obyektiv olduqları özü də böyük bir müəmma idi.

SSRİ-nin dağılması ilə bu idarəetmə tərzi dəyişdi. Dövlətin sənət adamları qarşısında öhdəliyi aradan götürüldü, üstəlik sənət adamları da müəyyən azadlıqlar əldə etdilər. Müstəqil olduğumuz 30 il ərzində əksər sahələrdə bazar iqtisadiyyatına keçdiyimiz kimi mədəniyyətin menecmenti sahəsində də bazar iqtisadiyyatına keçəcəyimiz gözlənildiyi halda tam əksi baş verdi. Görünür 70 il ərzində öyrəşdiyimiz idarəetmə mexanizmini tərgitmək üçün 30 il azlıq edib. Çünki praktika göstərir ki, nə dövlət sənətə müdaxilə etməkdən çəkinir (elə bu kitabın timsalında), yəni nəzarətdə maraqlıdır, nə də sənət adamları dövlətin ətəyindən əllərini çəkirlər (yenə də fəxri ad, ev, xəstələnəndə müalicə olunmaq istəyirlər).

Beləliklə, nəticə bu olur ki, əldən də qoya bilmirik, yardan da doya bilmirik.

Dövlət-mədəniyyət münasibətlərinin bazar iqtisadiyyatı formasında dövlət cinayət məsuliyyəti yaradan məqamlar istisna olmaqla sənətə müdaxilə etmir. Sənətkarla onun məhsulunun alıcısının – xalqın münasibətlərinə qarışmır. Sənətkar hansısa mahnını səhv oxuyursa da, əgər bunu xalq bəyənirsə, daha dövlət heç bir reaksiya vermir.

Bazar iqtisadiyyatı şəraitində dövlət qalxıb Pərviz Bülbüləyə irad tuta bilməz ki, sənin ifalarında hansısa sait uzadılır, yaxud İran və hind ritmlərindən bol istifadə edirsən, ya da ay Eyyub Yaqubov, “Buzovna” yerinə niyə “Bizoona” deyirsən. Əlbəttə bu iddia ilə çıxış etmək məqbuldur, amma yalnız hansısa ictimai təşkilat, yaxud musiqiçi, bəstəkar səviyyəsində, daha dövlət səviyyəsində yox. Əks halda dövlət istehlakçı ilə istehsalçının arasına girmiş olur.

Dövlətin bu müdaxiləsizliyi onu əlavə mükəlləfiyyətlərdən də xilas edir. Dövlət bazar iqtisadiyyatında çalışır ki, büdcəni səmərəsiz xərclərlə dağıtmasın. Bunun üçün də bacardıqca bu münasibətlərdən kənarda dayanır. Buna görə də oturuşmuş Qərb ölkələrində heç bir sənətçi “yumurtası tərs düşən kimi” dövlətin üzərinə qaçmır, özü öz problemini həll etməyə çalışır. Dövlət də yalnız problemin həlli üçün şəraiti təmin etməklə məşğul olur, birbaşa yolla yox, qanunlarla, mexanizmlərlə. Necə deyərlər sənin əvəzinə balıq tutmur, balıq tutmağı da öyrətmir, sadəcə çəkilir durur kənarda ki, rahat şəkildə balığını tutasan, daha ekologiyanın əməkdaşları gəlib iki əl boyda balığa görə səni çərlətməsinlər.

Yuxarıdakı müqayisəni davam etdirsək, Pərviz Bülbülənin hansısa mahnını necə oxumasına müdaxilə etməyən dövlət sabah ona mükafat, ad verməyə də borclu olmayacaq. Yaxud əksinə, bu gün Pərvizə müdaxilə edən dövlət sabah ona ad da verməlidir, ev də, digər təminatlar da. Çünki dolayı yolla onun yaradıcılığına müdaxilə etməklə Pərvizin qazancına məhdudiyyət qoymuş olur ki, bunun da necəsə əvəzini qaytarmalıdır. Yəni bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə dövlətlə sənət mühiti arasında belə bir razılaşdırılmamış qayda var ki, mən sənin nə istehsal etdiyinə qarışmıram, sən də məndən əlavə öhdəlik tələb etmirsən, üstəlik sabah xalqın boynuna da minnət yükləmirsən ki, mən ömrümü xalqa həsr etmişəm və sair və ilaxır. Onun üçün biz ABŞ Xalq artisti, İngiltərənin Əməkdar artistini görmərik, yaxud “Almaniya kansleri “Ramsteyn”in yaradıcısına ev bağışladı” xəbərinə rast gəlmərik.

Deməyim odur ki, sovet zamanı dövlət bu qədər müdaxilələr hesabına sənət mühitini steril saxlaya bilirdi. Çünki nəzarət imkanı da geniş idi, səhnələr, televiziyalar, radiolar dövlətin tabeliyində idi. Bircə şadlıq mərasimlərinə dövlət müdaxilə edə bilmirdi ki, bunun sayəsində efirə yol tapa bilməyən müğənnilər şadlıq mərasimlərinə çağırılır və kifayət qədər məşhur olurdular. Sonralar səsyazma imkanlarının genişlənməsi də dövlətin nəzarət mexanizmlərini bir qədər axsatdı, nəticədə efirə buraxılmayan xeyli ifaçının kasetləri rahatlıqla ölkəyə yayıldı, əl-əl gəzdi, rəsmi sənət mühiti buna qarşı çıxsa da praktiki heç nə edə bilmədi: İsrail Məmmədov telekanala buraxılmırdı, əvəzində toyların bəzəyi idi.

Sözümün canı odur ki, çıxan qan damarda qalmaz. Bu gün Monitorinq Mərkəzinin xərc çəkib hansısa mahnıların qaydalara cavab vermədiyini sübut etməyi heç nəyi dəyişməyəcək. Ən yaxşı halda dövlət öz nüfuzundan istifadə edib telekanal və radiolara tapşıra bilər ki, qüsurlu mahnılar efirə verilməsin, o mahnıların müəllifləri verilişlərə çağırılmasın. Tutalım ki, dövlət necəsə bu addımı atdı! Daha Pərviz Bülbülə, Eyyub Yaqubov, Talıb Tale, Şəbnəm Tovuzlu mahnını qüsurlu ifa etdiyinə görə, efirə çağırılmadı. Yaxşı bu mahnıların toylarda, internetdə, musiqi platformalarında, “Youtube”da yayılmasının qarşısını necə alacaq? Axı bu yaxında “Youtube” kanalına baxış sayına görə 1 milyardı keçib rekorda imza atan Üzeyir Mehdizadə onsuz da yerli tele-kanalları bəyənmir! Yaxud “nəşə, kayf” temalı mahnılar türklər demiş, zatən televiziyalarda, radiolarda deyil, müxtəlif internet platformalarında, səyyar formada yayılır, nə qədər tənqid edilsə də kifayət qədər dinlənilir (təəssüf ki!).

Digər tərəfdən həmin sənətkarlara Azərbaycanda imkan verilməyəcək, qadağa qoyulacaq, senzura tətbiq ediləcək, gedib Özbəkistanda milyonlarla pərəstişkar qazanacaqlar, Türkiyədə tanınmış müğənnilərin repertuarına düşəcəklər. Yəni şair demiş, neyləsən də baş daşın qəbirdən çöldə qalacaq...

Bütün bu təcrübələrdən çıxış edərək onu demək gərəkdir ki, Monitorinq Mərkəzinin gördüyü iş yaxşıdır, amma səmərəsizdir. Dövlət büdcəsini belə layihəyə sərf etməyə dəyməz. Bu cür düşüncə sovet dövrünün qalığıdır.

30 ildir müstəqilik, nəhayət birdəfəlik sovet dövrünün mədəniyyət menecmentindən qurtulmaq lazımdır. Bu ən birinci dövlətin özünə lazımdır ki, onu bir sıra yersiz mükəlləfiyyətlərdən azad eləsin. İkincisi isə gərək sənət adamları da dövlətlə münasibətlərdə sovetlərdənqalma vərdişləri unutsunlar, özləri yenilik tələb etsinlər. O zaman mədəniyyət də zənnimcə inkişaf edər, dövlət də vacib məsələləri qoyub kiminsə mahnıda “Buzovna” yerinə “Bizoona” deməsini özünə dərd etməz.

# 3749 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #