Ən böyük biclik düzlükdür

Ən böyük biclik düzlükdür
29 may 2021
# 09:31

Kulis.az Xalq yazıçısı Elçinin Əli Vəliyev haqqında yazdığı "Ən böyük biclik düzlükdür" yazısını təqdim edir.

1.

Əli Vəliyev canlı-cüssəli bir adam idi və nə qədər canlı-cüssəli idisə, bir o qədər də ürəyi təmiz və yumşaq, sadə və səmimi, rəhmdil və xeyirxah idi. Mən dəfələrlə bu xeyirxahlığın şahidi olmuşam və əvvəllər də bunu demişəm: Yazıçılar İttifaqında işlədiyim vaxtlar məndən ən çox xahişlər edən iki nəfər idi: Əli Vəliyev və rəhmətlik Abbas Zamanov, ancaq bu xahişlərin heç biri onların öz problemləri ilə bağlı olmayıb və bu xahişlər həmişə ədəbiyyata yeni gəlmiş adamların, imkansız və kimsəsiz qələm əhlinin problemləri ilə bağlı olub. Onu tez-tez xatırlayan İlyas Əfəndiyev deyirdi ki, vəzifə Əli Vəliyevin necə adam olduğunu o saat göstərirdi. Bakıda Voroşilov (indiki Səbail) Rayon İcra Sovetinin sədri işlədiyi vaxt evsiz yazıçılara mənzil verirdi. Xəbər gedib Mir Cəfər Bağırova çatanda ki, Əli Vəliyev bir ucdan yazıçılara mənzil paylayır, qəzəbi tutub və onu vəzifədən çıxarıb.

Ancaq ürək yumşaqlığı və sadəliyi ilə yanaşı, Əli Vəliyev lazımi məqamlarda çox ciddi və prinsipial olurdu. O, 40-cı illərin ikinci yarısında «Kommunist» qəzetinin baş redaktoru işləyirdi və bir dəfə İlyas Əfəndiyev onun yanına gedəndə görür ki, üç-dörd nazir, hərəsinin də qoltuğunda bir qovluq, katibə otağında oturub, Əli Vəliyevin qəbulunu gözləyir. Söhbət Bağırovun qolugüclü nazirlərindən gedir və Əli Vəliyev camaatın redaksiyaya yazdığı şikayət ərizələrinə görə onları çağırtdırıb ki, məsələni aydınlaşdırandan sonra qəzetdə material dərc etsin. Yerə-göyə sığmayan bu zorlu nazirlər də, qorxudan şəxsən gəlib, katibənin otağında gözləyirlər ki, Əli Vəliyev onları nə vaxt qəbul edəcək.

O, bəyənmədiyi, düzgün hesab etmədiyi nəyisə mərdi-mərdanə üzə deməkdən çəkinməyən, qeybətçilikdən, sözbazlıqdan tamam uzaq bir insan idi və onun bəzən yaxın adamlardan küsməyi var idi, ancaq ürəyində qətiyyən kin saxlamırdı, xırda bir nəyə görəsə küsürdü, bir müddətdən sonra barışırdı – təkrar edirəm, söhbət yaxın adamlardan gedirsə belə idi, prinsipial məsələlərdə isə o, geri çəkilən adam deyildi.

Bu yerdə mən yenə İlyas Əfəndiyevin şəxsən şahidi olduğu bir hadisəni də söyləmək istəyirəm: Müharibədən sonrakı vaxtlarda bir gün Mir Cəfər Bağırov yazıçıların müşavirəsini çağırır və o, qəzəblə zala daxil olan kimi Səməd Vurğuna qarşı ağır siyasi ittihamlar söyləyir. Müzakirə başlayır və rəhmətə getdikləri üçün adlarını çəkmək istəmədiyim bəzi natiqlər Bağırovun ittihamlarından ruhlanaraq Səməd Vurğunu kəskin tənqid edirlər. Bu o zaman idi ki, dediyim kimi, Əli Vəliyev sovet dönəmində Azərbaycanın əsas mətbu orqanı olan «Kommunist» qəzetinin baş redaktoru idi və söz ona veriləndə xitabət kürsüsünün arxasına keçib:

- Yoldaş Bağırov, düzdür, Səməd Vurğunun nöqsanları var, ancaq Səməd Vurğun böyük talantdır – deyir.

Bağırov onun sözünü kəsir:

- Səməd Vurğun talant idi! - deyir.

Və Əli Vəliyev:

- Xeyir, Səməd Vurğun indi də talantdır!- deyir və üzünü yana çevirib, susur.

İlyas Əfəndiyev danışırdı ki, zala elə bir sükut çökdü, milçək uçsaydı, səsi eşidilərdi və Bağırovun qalın şüşəli eynəyinin arxasından Əli Vəliyevə zillənmiş gözlərində qəzəblə gözlənilməzlik, zəhmlə heyrət bir-birinə qarışmışdı.

Bağırovun qarşısındakı mizin üstündə həmişə karandaşla dolu qələmdan olurdu və əlində ekzema olduğu üçün, hərdən əsəbiləşəndə bir dəstə karandaş götürüb, ovcunda oynadırdı və bu dəfə də karandaşları ovcuna alıb, ayağa qalxaraq, bir az var-gəl edir, var-gəl elədikcə də ovcunda oynatdığı karandaşların şaqqıltısı zala yayılır.

İlyas Əfəndiyev deyirdi, Bağırov impulsiv, tez əsəbiləşən, qəzəblənən bir adam idi və qəribəsi bu oldu ki, Əli Vəliyevin qaytardığı söz, elə bil, Bağırovu yumşaltdı; elə bil, Əli Vəliyevin mərdi-mərdanə etirazındakı səmimiyyət o sərt və impulsiv adama – Bağırova daxilən təsir etdi, yerinə keçib, Əli Vəliyevə:

- Yaxşı, sən keç otur, - dedi və üzünü Səməd Vurğuna tutdu:

- Gəl görək, sən özün nə deyirsən?

Səməd Vurğun özünə qarşı ittihamlardan danışmağa başlayır və İlyas Əfəndiyev deyirdi ki, Əli Vəliyevin belə bir kişi tərsliyi Səmədi kövrəltmişdi, Mir Cəfərin də qəzəbi gözgörəti keçib, gedirdi, bir sözlə, o iclas əmin-amanlıqla qurtarır. Ancaq həmin iclas Əli Vəliyevin nəinki vəzifədən, hətta partiyadan çıxarılması ilə, bəlkə daha ağır bir nəticəylə qurtara bilərdi və Səməd Vurğunun da başına nə iş gələcəkdi, bunu Allah bilir.

Mən bilən dərəcədə Əli Vəliyev o dövrdə yeganə yazıçı olub ki, iclas zamanı (və ümumiyyətlə!) Mir Cəfər Bağırova söz qaytarıb. Orasını da deyim ki, yazıçılar bir-biri ilə etibarlı söhbət zamanı Bağırova «dörd göz» deyirdilər və bu «dörd göz»lük, yəqin ki, yalnız onun eynək taxmasının yox, qəzəbli baxışlarındakı zəhm ifadəsi olub.

Bu qeydlərimin elə əvvəlindən İlyas Əfəndiyevə istinad etməyə başladım və bunun da səbəbi odur ki, onunla Əli Vəliyev arasında çox mehriban və məhrəmanə münasibət var idi. İlyas Əfəndiyevin xasiyyətinə, münasibətlərinə yaxşı bələd olduğum üçün, bunu da demək istəyirəm ki, onun o cür isti və məhrəmanə münasibət bəslədiyi yazıçıların sayı o qədər də çox deyildi.

Əli Vəliyev (eləcə də rəhmətlik Məsud Əlioğlu) bir çox kitablarını avtoqrafla İlyas Əfəndiyevə bağışlayıb və mən bu yazını yazarkən həmin avtoqraflardakı səmimi və mehriban sözləri oxuyanda onların arasındakı o səmimi münasibətin bir daha şahidi oldum. Bunu da deyim ki, 1979-cu ildə İlyas Əfəndiyev gözlənilmədən xəstələndi və Moskvada əməliyyat olundu. Əli Vəliyev mənim «Moskva» mehmanxanasındakı telefon nömrəmi öyrənib, Moskvada qaldığımız üç ay müddətində tez-tez mənə zəng edib, atamı xəbər alırdı.

Və mən bunun da şahidiyəm ki, İlyas Əfəndiyev Əli Vəliyev rəhmətə getdiyini eşidəndə – 1983-cü ilin 2 fevral günü – necə sarsılmışdı və bu sarsıntıdan sonrakı onun «heyhat!..» əhval-ruhiyyəsi xeyli müddət çəkdi, elə sonralar da ən səmimi hisslərlə tez-tez Əli Vəliyevi xatırlayırdı.

2.

Əli Vəliyev həqiqi kommunist idi və mən bu gün də bunu fikirləşəndə həmin «həqiqiliyə» hörmətlə yanaşıram, çünki Əli Vəliyev gündüzlər iclaslarda çıxış edəndə Lenindən sitatlar gətirən, Kommunist Partiyasının maraqlarını güdən, şəninə şüarlar deyən, xəlvətə düşəndə isə axşamlar Lenindən, Kommunist Partiyasından lətifələr danışan kommunistlərdən deyildi. O, kommunizmə inanırdı və bu, təbii idi. Rusiya imperiyasının ucqar bir guşəsində, Zəngəzur qəzasının Ağudi kəndində anadan olub, kasıbçılıq içində çətinliklərlə böyümüş, muzdlu fəhlə işləyə-işləyə təhsil almış Əli Vəliyevin geniş tanınan və hörmətli bir qələm sahibi, cəmiyyətin nüfuzlu bir üzvü olması, aydın məsələdir, onun öz fərasətinə borcludur, ancaq bu da aydın məsələdir ki, həmin fərasətin qarşısında yaşıl işıq yandıran da Sovet hakimiyyəti olmuşdu.

Sovet sistemi paradokslarla, ziddiyətlərlə dolu bir sistem idi: bir tərəfdən siyasətdən uzaq Firudin bəy Köçərli kimi böyük bir maarifçini heç nəyin üstündə güllələyirdi, o biri tərəfdən isə Azərbaycanın ən ucqar kəndlərində belə məktəb açırdı, bir tərəfdən Abbas Mirzə Şərifzadə kimi böyük bir aktyoru yenə də heç nəyin üstündə güllələyirdi, o biri tərəfdən isə yalnız Bakıda yox, rayonlarda da Dövlət Teatrları yaradırdı, bir tərəfdən Hüseyn Cavidi (Cavid əfəndini) Sibirə (əslində ölümə!) göndərirdi, o biri tərəfdən isə onun sədaqətli dostu Abdulla Şaiqi (Şaiq əfəndini) SSRİ Ali Sovetinə deputat təyin edirdi və s, və i.a.

Ancaq biz bilavasitə mövzumuza qayıdaq.

Soldan: (əyləşiblər) Hüseyn Şərif, İlyas Əfəndiyev, Mehdi Hüseyn, Əli Vəliyev, Əbülhəsən, (ayaq üstə) Qabil, İsmayıl Şıxlı, Nəbi Xəzri, İmran Qasımov

Mən Yazıçılar İttifaqında işlədiyim 970-ci illərin ikinci yarısı, 80-ci illərin əvvəlləri Leonid Brejnevin rəhbərlik etdiyi və onun orden-medal hərisliyinin Sovet şifahi xalq yaradıcılığında ləzzətli gülüş hədəfinə çevrildiyi, bu orden-medalların, marşal ulduzunun, beş dəfə Sovet İttifaqı və Sosialist Əməyi qəhrəmanlarının qızıl ulduzlarının, hətta ədəbiyyat üzrə (!) Lenin mükafatı nişanının böyük təntənə ilə (elə bil, Siyasi Büro mərasiminə yox, Molyerin komediyalarına baxırsan) rəhbərin döşünə taxıldığı bir dövr idi və Əli Vəliyev Yazıçılar İttifaqına gələndə adətən ya rəhmətlik Hüseyn Abbaszadənin (onunla dost idi), ya da mənim otağımda otururdu. Onun yanında Lenin, Kommunist partiyası haqqında nəsə xoşagəlməz bir söz demək olmazdı, o saat acığı tuturdu, tənbeh edirdi, ancaq mən Brejnevin növbəti təltif mərasimi ilə bağlı qəzetlərdəki şəkilləri ona göstərərək:

- Əli müəllim, görürsüz də bu komediyanı?- deyəndə, üzünü yana çevirib, bir söz demirdi, çünki, aydın məsələdir, bu absurdu görürdü və mən buna şübhə etmirəm ki, ürəyində bu absurdun ağrısını çəkirdi, ancaq bunu dilə gətirməyi öz inamına qıymırdı.

Əli Vəliyev: «Ən böyük biclik, düzlükdür»- deyirdi və bu düzlük onun özünün də şəxsiyyətində idi, xasiyyətinin, inamının, dünyagörüşünün mühüm bir cəhəti idi. O, kolxoz quruluşunun düzgün bir yol olduğuna inanırdı, buna tamamilə əmin idi və bu inamla da, misal üçün, «Gülşən» romanını yazırdı. (Yeri düşmüşkən deyim ki, bizim böyük bəstəkarımız Soltan Hacıbəyov bu romanın əsasında «Gülşən» baletini bəstələmişdi.)

Əli Vəliyevin yaradıcılığı ilə bağlı mühüm bir cəhəti xüsusi qeyd etmək istəyirəm: onun yazdığı əsərlər – «Çiçəkli», «Qəhrəman», «Turaclıya gedən yol» və başqa romanları, bir çox hekayələri həmin dövrdə meydana çıxmış bir sıra başqa əsərlər kimi konyukturanın yox, dediyim həmin inamın bəhrəsi idi və bu yerdə mən əvvəllər də dediyim başqa mühüm bir cəhəti qeyd etmək istəyirəm.

1930-cu illərdə ədəbiyyata gəlmiş yazıçılarımızın böyük xidməti onda oldu ki, onlar Azərbaycan ədəbi-bədii dilini inkişaf etdirdilər, təmizlədilər, ədəbi janrları, o cümlədən romanı nəsrimizin milli faktoruna çevirməyi bacardılar, milli hekayəçilik ənənələrini inkişaf etdirərək, bu janrın ədəbiyyatımızdakı mühüm yerini müəyyənləşdirdilər və həmin əsərlərə bu günün sosrealizmdən sonra azadlığa çıxmış ideoloji və bədii-estetik tələbləri baxımından qiymət vermək, gətirib inkarçılığa çıxara bilər və çıxarır.

«Budağın xatirələri»nin dilinə baxın. Bu bədii dil XX əsrin əvvəllərindəki bədii dilimizə nisbətən nə qədər inkişaf edib, eybəcər ərəb-fars ibarələrindən təmizlənərək milliləşib (!), zənginləşib və etnoqrafik baxımdan da bu əsər ekzotikanı yox, həqiqi milli koloriti ifadə edir.

Söz ki, «Budağın xatirələrin»dən düşdü, prinsipial hesab etdiyim bir cəhətlə də bağlı, bu roman-xatirənin üzərində dayanmaq istəyirəm. Əli Vəliyev həyatının tarixçəsini yazıb, Budaqın prototipi onun özüdür və romanda müəllifin şəxsiyyətindəki düzlük və ədalət baxımından əlamətdar olan belə bir epizod var: Budaq artıq səlahiyyətli ixtiyar sahibidir və Ağdama ezam olunaraq, raykomun birinci katibinin kabinetində şikayətçiləri qəbul edir. Növbəti şikayətçi onun qəbuluna gəlir və Budaq bu qadını tanıyır.

«On üç il əvvəl qapısında muzdurluq elədiyim Eyvazxanbəyli Bikə xanım idi. Çox araqlamış, dəyişib tanınmaz hala düşmüşdü. O, məni tanımadı. Tanımazdı da. Oturmaq üçün yer göstərdim.

- Ərzim var, ay qardaş.

- Qulaq asıram.

- Torpaq şöbəsinin müdiri iki ayağını bir barmağa qoyub ki, gərək pambıq əkib, becərəsən. Mən bir dul arvadam, yaşımı da, özümü də görürsünüz. Bu halda mən pambıq əkib, becərə bilərəmmi?»

Sonra məlum olur ki, QPU Bikə xanımın qohumlarını həbs edib və tanışlıq verməyən Budaq beləcə pis günə qalmış, ancaq kolxozçu olmaq da istəməyən bu qadından soruşur ki, bəs, oğlanların hardadır?

«Bikə xanım alma qaxı kimi bürüşdü. Elə bil daha da nazikləndi. Kürsünü irəli qoub, stola söykəndi, kabinetdəki uç telefona, müxtəlif müxəlləfata, şəkillərə məzlum-məzlub nəzər salıb, divara vurulmuş xalçanın üzərində xeyli dayandı. Xanımın cavab verməyib xalçaya həsrətlə baxması təəccüblü idi. Mən xəbər alanda, iniltili səslə cavab verdi:

- Xalçamı gətirib kabinetinə vuran adam (söhbət rayon partiya komitəsinin birinci katibindən gedir!- E.) oğlanlarımın harda olduğunu məndən yaxşı bilər.»

Yəni oğlanlar da həbs , bəlkə də məhv edilib.

Torpaq şöbəsinin həmin müdiri, kommunist Yunis gəlir və Budaq onu Bikə xanımla üzbəüz oturdub, sorğu-suala tutanda deyir:

«- Bəy arvadıdır. Yoldaş Budaq! Siz bunun nəslini yaxşı tanımırsınız. Bunlar müzür ünsürdür. Keçmişdə kəndliləri istismar ediblər. Zəhmət çəkib, yeri belləsin, planı yerinə yetirsin.

… Bikə xanım şalı dartışdırıb, sanki üşüyən canını qızdırmağa çalışdı.»

Bəs, Budaq nə edir? «Hirsindən boğazı qovuşan» Budaq müdiri tənbeh edərək, bəy arvadına (!) deyir:

«- Gedin evinizə, lap rahat oturun. Heç kim sizə pambıq planı verməyəcək.»

Mən bu kiçik epizodu ona görə bu cür təfərrüatı ilə xatırladıram ki, Əli Vəliyevin şəxsiyyətindəki dediyim həmin düzlük və ədalət hissi onun qələmini də hakim ideoloji siniflər ayrı-seçkiliyinin, Sistemin tələb etdiyi mövqenin yox, bu mövqeyə tamam zidd olan mənəvi dəyərlərin müttəfiqi edib və nəzərə alın ki, bu əsər 1950-ci illərdə – Sistemin möhtəşəm vaxtlarında yazılıb.

Konyuktura və inamla bağlı fikrimi bir az da aydınlaşdırmaq istəyirəm – bir var siyasi konyuktura naminə, yəni böyük yazıçı vəzifəsinə təyin olunmaq, orden, mükafat və s. almaq üçün nəsə yazırsan (belə romanlar, hekayələr, poemalar, şeirlər, pyeslər çox idi, Sistemin süqutu ilə onlar da süquta uğradı), bir də var ki, inanırsan və inandığını yazırsan və bu artıq sənin inamını və mənəvi aləmini ifadə eldir, mənəvi aləmin isə necədir – ədalətlisən, vicdanlısan, yoxsa o inam ədaləti də, vicdanı da üstələyib – bu, artıq başqa məsələdir.

Mən Əli müəllimə uşaq, yeniyetmə, ilk gənclik vaxtlarımda «Əli əmi» deyirdim və uşaq ikən bizim evdəki ad günlərimi keçirənlər arasında Əli Vəliyev də olurdu. Yəqin elə həmin səmimiliyinə, təmizliyinə, istiqanlılığına görə mən onu gözləyirdim də: görəsən, Əli əmi gələcək, ya yox və bu gün uzaq, həmişəlik bir keçmişdə qalmış o çağları xatırlayanda, elə bil, onun o səmimiyyəti, təmizliyi, istiqanlığı məni aparıb, dünyanın faniliyinə çıxarır, Xəstə Qasımın haçansa hafizəmdə ilişib qalmış sadə misraplarını yadıma salır: «Neçə min yol boşalıbsan, Neçə min yol dolan dünya.»

3.

Mən yuxarıda yazdım ki, «Budağın xatirələri» Əli Vəliyevin həyat tarixçəsidir və bu həyatın əvvəlki dövrləri barədə də dedim, ancaq sonrakı dövrlər də onun üçün yalnız arxayınçılıqdan və rahat bir yaradıcı həyatdan, yalnız sevinc və xoşbəxtlikdən ibarət olmayıb, o, müharibənin qızğın çağlarında – 1941-42-ci illərdə cəbhədə də olub, Mir Cəfər Bağırovun qəzəbinə də tuş gəlib, böyük faciələr də yaşayıb.

Bu sözləri yazırkən, birdən-birə fikrimdə Məsud Əlioğlunun siması canlandı və məni çox ağır bir xatirəyə apardı.

Bilmirəm, indi bu kədərli xatirəni yazmaq lazımdır, ya yox?

Anaq bir halda ki, fikrimə gəlib, yazıram.

Söhbət 1973-cü ilin heç vaxt yadımdan çıxmayacaq o 23 iyun günündən gedir və həmin gün Əli Vəliyevin qəflətən çəkdiyi bayatının ab-havası, sinəsindən qopub gələn o nəfəsi bu qədər illərdən sonra da acıdan acı bir dalğa kimi, mənim içimdən keçir...

O isti yay günü mən atamgilə gedirdim və Hüsü Hacıyev (indiki Azadlıq) küçəsindəki Yazıçılar Evinin həyətinə girəndə gördüm ki, xeyli adam toplaşıb və o adamların başının üstünü elə bir qapqara aura almışdı ki, elə o anlarda da başa düşdüm ki, nəsə dəhşətli bir hadisə baş verib.

Və inanılmaz, həqiqətən dəhşətli bir xəbər eşitdim: dünən gördüyüm və söhbət etdiyim 44 yaşlı Məsud Əlioğlu vəfat edib.

Mən yenicə ailə qurmuş Məsud Əlioğlunu həyat yoldaşı Rəna xanımla, körpə oğlu İlyasla birlikdə yayda Şuşadakı Yazıçılar Evinə gəldiyi vaxtdan tanıyırdım və o zaman mən üçüncü-dördüncü sinifdə oxuyurdum, ancaq sonralar Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olanda Məsud artıq görkəmli bir ədəbiyyatşünas və tənqidçi kimi oranın aparıcı əməkdaşlarından biri idi.

Ölüm gözlənilməz, qəfil olanda, onunla barışmaq, onu qəbul etmək daha artıq acılı-ağrılı olur və Məsud Əlioğlu o qədər pozitiv, o qədər deyib-gülən, yeyib-içən, hazırcavab, əla və duzlu yumor hissinə malik, sağlam görünüşlü bir insan idi ki, onun vəfatının acısı-ağrısı qara bir heyrət hissinə qarışıb, daha artıq təsir edir, sarsıdırdı.

Məsudun şəxsiyyəti elə idi ki, onunla bircə dəfə məclisdə otursaydın (gözəl oxumağı da var idi, xüsusən türk mahnılarını! Özü də sovet dövründə!), bircə dəfə səfərə çıxsaydın belə, həmişəlik yaddaşında qalacaqdı.

Həmin isti yay günü, Məsudgilin 5-ci mərtəbədəki evləri də adamla dolu idi və Əli Vəliyev bu adamların əhatəsində oturub, gözlərini yerə zilləmişdi, hamı ağır bir sükut içində idi, qonşu otaqdan qadınların ağlayışı gəlirdi – o mənzili iniltili bir sükut bürümüşdü. O sükut o qədər ağır bir yük idi ki, az qalırdı səni döşəməyə pərçim eləsin və heç kim o sükutu pozub, bir söz deyə bilmirdi.

Mən rəhmətlik Rəşid Mahudovla (bu çox mədəni və xeyirhaq insan sonralar Dövlət Mətbuat Komitəsinin, Jurnalistlər İttifaqının sədri vəzifələrində işləyirdi) yanaşı dayanmışdım və xeylaq da bu cür sükut içində dayandıq. Birdən Əli Vəliyev eləcə gözlərini yerdən ayırmayaraq, yaddan çıxmayacaq o səslə, o nəfəslə bir bayatı çəkdi və onun o səsindəki, nəfəsindəki kədər mənim və şübhəsiz ki, hamının iliyinəcən işlədi.

Hüseyn Abbaszadə ilə Qabil bizimlə üzbəüz əyləşmişdilər və Əli Vəliyevin çəkdiyi o bayatıdan sonra onların özlərini saxlaya bilməyib, hönkür-hönkür ağlamaqları indi də gözlərimin qabağına gəlir. Mən o qədər sarsılmışdım ki, bayatının sözlərini eşitmirdim, ancaq bunu eşitməyə hacət də yox idi, çünki o avaz sözlə ifadə edilməyəcək bir kədərdən danışırdı. Rəşid müəllim titrəyən barmaqları ilə mənim biləyimi sıxdı və biz otaqdan çıxıb, piləkənlərdə dayanmış adamların çəkdiyi siqaret tüstüsü içində həyətə endik, sağollaşıb, ayrılana qədər bir kəlmə də danışmadıq. Söz yoxa çıxmışdı.

Ancaq mən Əli Vəliyev haqqındakı bu yazını beləcə kədərli bir xatirə ilə bitirmək istəmirəm və xeylaq illər bundan əvvəlin – universitetin birinci kursunda oxuyurdum – bir hadisəsi yadıma düşür, onu yazacağam.

Bu əhvalat hər dəfə yadıma düşəndə, daxilimdə gözəl və mənim üçün əziz olan bir ovqat yaşayıram və orasını da deyim ki, bu əhvalatın özü də Əli Vəliyev şəxsiyyəti barədə, güman edirəm ki, az söz demir.

Nikita Xruşov XX partiya qurultayında Stalini, «şəxsiyyətə pərəstiş»i kəskin tənqid (əslində ifşa) edəndən sonra, yəni 1950-ci illərin sonu, 60-cı illərin əvvəllərində Sovet İttifaqında müharibədən sonrakı yeni nəsl nümayəndələri arasında Qərb səmtli «stilyaqa» zümrəsi yaranmışdı və bu – Sistemin cəmiyyətə ortodoks-ideoloji münasibətinə (komsomolçuluğa, sənətdəki tabulara) qarşı etirazın ifadəsi idi. Bu gənclik artıq Ostrovskinin «Polad necə bərkidi» romanını, yaxud Makarenkonun «Pedoqoji poeması»nı yox, Heminqueyi, Remarkı, Böylü oxuyurdu, Sistemin qərəzçilik etdiyi caza meylli idi və Rusiya da daxil olmaqla, Sovet respublikalarında sənətin bütün sahələrində, xüsusən də ədəbiyyatda 60-cıların yeni nəfəsi hiss olunmağa başlayırdı. O yeni (və fərqli!) nəsl komsomolçuluğun təqib, tənqid və təhqirinə məruz qalırdı, mətbuat «stilyaqa»ların karikaturasını çəkir, onları gülüş hədəfinə çevirməyə çalışırdı. Ancaq bu yeni nəfəs, yeni ab-hava, yeni söz istək və axtarışlarında, bu etirazda, eyni zamanda, bir sadəlövhlük də var idi, buna görə də həmin etiraz çox zaman xarici görkəmdəki ifrat dəbə çevrilirdi və ilk gənclik çağların mənim də «stilyaqa»lıq etdiyim vaxtlar idi.

Mən bir hekayə yazıb, radioya göndərmişdim və günlərin bir gözəl günü xəbər gəldi ki, hekayəni bəyəniblər, özüm də gedib onu efirə oxumalıyam. Səhəri gün mən böyük bir ruh yüksəkliyi, daxili fəxarət hissi , coşqunluq və həyəcanla Dövlət Radio və Televıiziya Kamitəsinə yollandım – bu, mənim ora ilk gedişim, efirdə ilk çıxışım idi (daha doğrusu, belə olmalıydı).

Və Komitənin qapısı ağzındakı giriş-çıxış köşkündə oturmuş milisioner (indiki polis nəfəri) dəvət olunanların siyahısına baxıb, mənim adımı tapmadı və nə qədər elədimsə də, məni içəri buraxmadı. Belə bir gərginlik içində, birdən gördüm ki, Əli Vəliyev, yanında da rəhmətlik Zeynal Xəlil (onunla üzbəüz qonşu idik) Komitənin pilləkənlərini enib, çıxışa doğru gəlir və gözlərimə işıq gəldi. Onlar bizə yaxınlaşan kimi, tələsik salam verib, milisioneri göstərərək:

- Əli əmi, bu məni içəri buraxmır e!..- dedim.

Əli Vəliyev ayaq saxlayıb, diqqətlə mənə baxdı, sonra milisionerə baxdı, sonra yenə mənə baxıb, «kok» saç düzümümü, ətəkləri uzun bukle pencəyimi, reklamlı köynəyimi (üzü rəngbərəng xarici reklamlarla naxışlanıb, çitdən tikilmiş köynək idi, «reklamnaya rubaşka» deyirdilər), enli manjetli balağı dar şalvarımı, altı qalın kauçukdan «tanketka» ayaqqabımı yuxarıdan aşağı, aşağıdan yuxarı süzdü və mənim görkəmim ona necə təsir etdisə, sərt şəkildə:

- Yaxşı eləyir! - dedi, hirslə də milissioner köşkündən çıxıb, küçə ilə üzüaşağı addımladı və Zeynal Xəlil də əllərini yan tutub çiyinlərini çəkdi, yəni ki, Əli Vəliyevdən sonra mən nə deyə bilərəm?

Və mən o gün içəri keçə bilmədim, ancaq mənim üçün bu, dediyim kimi, tez-tez yadıma düşən və mənə də, hərdən bu əhvalatı İlyas Əfəndiyevə təkrarən danışanda, ona da ləzzət eləyən bir xatirədir.

Dedim də, Əli müəllim qətiyyən kin saxlayan, ədavətli adam deyildi, onun acığı necə tez tuturdusa, eləcə də tez keçib gedirdi və sonrakı illərdə onunla aramızda necə səmimi, məhrəmanə bir münasibət olduğu barədə təsəvvür yaratmaq üçün, «Budağın xatirələri» kitabında mənim hələ körpə olan qızım Günay üçün yazdığı avtoqrafı olduğu kimi bu yazıya köçürürəm:

«Mənim əziz balam, gözümün işığı Günaya – xoşbəxtlik, səadət, əbədi fərəh arzulayan Əli babasından kiçik yadigar. Əli Vəliyev. 5 dekabr 1975.»

El arasında belə bir məcaz var: «Yaxşı kişilər, yaxşı atların belində getdi.»

Əli Vəliyev həmin kişilərdən biri idi.

# 6096 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #