Məzmunun formaya qurban verilməsi haqqında

Seymur Baycan, yazıçı

Seymur Baycan, yazıçı

20 may 2022
# 15:00

Kulis.az Seymur Baycanın yazısını təqdim edir.

– Bilirsən, nə var, – cavabımda fikirli-fikirli dedi, – mən ərinmirəm ha, gördüyün kimi aparat da boşdur. Amma bilirsən, qonşuluqda ölən var. Belə günlərdə biz tərəflərdə işləmək yaxşı deyil, düz başa düşməzlər. Dünən bütün günü orda idik, kömək edirdik. İndi də hər an çağıra bilərlər. Bundan əlavə, orası da var, işləsəm bunu qurmalıyam. Bu isə işığı oynadır. Özünüz başa düşün, evdə cənazə var, işıq isə lampada oynayır. Ölü yiyəsi deməzmi, ay it oğlu, bu gün qaynaq eləməsən, olmazdı? Görmürsən, məhəllədə ölü düşüb?

Aka Morçiladze, “Yetim” əsərindən


Əsərin girişi yumşaq desək bir az xaotik, hər şeyi öz adıyla çağırsaq uğursuz alınıb. Əsərin girişi aydın olmalıdır. Girişdə (həmçinin digər yerlərdə də) müəllif heç bir qeyri-müəyyənliyə yol verməməlidir. “Hazırlıq işləri” aparmadan, bıçaq yağa girən kimi müəllif elə ilk abzasda birbaşa mövzuya girməlidir. Kitab elə ilk səhifədəcə oxucunu kamına çəkməlidir. Zəmanəmizin ağır şərtləri belə tələb edir.

Cümlələr isə uzun və ya qısa olmasından asılı olmayaraq elə ilk oxunuşda oxucuya dəqiqliklə çatmalıdır. Cümlə elə ilk oxunuşda oxucunun düz başının ortasına girməlidir. Oxucu ilk oxunuşda müəllifin cümlədə nə demək istədiyini başa düşməlidir, cümləni təkrar oxumamalıdır. Oxusa da cümlədən bir daha həzz almaq üçün oxumalıdır... Bunları sadəcə fürsət düşdü deyə yazdım. Kitablar haqda yazdığım yazılar həm də bir fikir, bir təcrübə mübadiləsidir. Yazdıqca özüm də öyrənirəm. Bir növ çiyinlərimə yazıçı məsuliyyəti qoyuram.

Bəs Morçiladze kimi təcrübəli bir qələm adamı niyə girişdə yeniyetmə səhvləri buraxıb? Bu suala yazının sonunda bacardığım qədər aydın və konkret cavab verməyə çalışacam.

Əsərin girişində mənə elə gəldi ki, müəllif özünü şən, hazırcavab, ağıllı, intellektual göstərmək istəyir. Bunlara isə, yəni müəllifin özünü şən, hazırcavab, ağıllı, intellektual göstərməsinə şəxsən mən dözə bilmirəm. Hətta kitabın əvvəlində öz-özümə düşündüm:

“Görəsən mən bu kitabı necə oxuyacam?”

Yaxşı ki, səhifələri çevirdikcə koloritli təsvirlərə, səhnələrə rast gəlməyə başladım. Aşağıdakı səhnə isə mənə uşaqlıq illərimi xatırlatdı. Mehmanxana səhnəsi müəlliflə oxucu arasında doğmalıq hissi yaratdı:

“... Bağa tərəf gələrkən mehmanxananın birinci mərtəbəsinin açıq pəncərəsindən Kotsonu gördüm.

Kotso məndən iyirmi, iyirmi iki yaş böyük olardı, yaş həddinə görə mən ona dayı deməliydim, amma dərinə varsaq atamın əmisi oğlunun oğlu, yəni əmisinin nəvəsi idi. Kotso inşaatçı mühəndisdi, necə deyərlər, əli pulla oynayardı, buna görə də, ovcuma pul basıb tez-tez mənim də əlimi sevindirirdi. Bir də oynaş-moynaş barədə gözlənilməz sualları olurdu. Hətta bəzən verdiyi sualdan adam utanırdı. Qəribə nəvazişlə adamın başına şapalaq vurmağı da vardı. Bu mas-mavi gözlü, şabalıdı bığlı gənc bəzən qəflətən bizi yerdən qoparır, üzümüzdən dişləyib belinə atır, o yana-bu yana qaçırdı. Şəhərdən gəldiyimizi eşidəndə, özünü külək sürəti ilə bizə çatdırır, öz-gözümüzü öpür, dediyim kimi ovcumuza pul qoyardı. Həmin pullara görə sevinirdim, ancaq Kotsonun yanında özümü niyəsə narahat hiss edirdim. Hər dəfə görüşəndə, elə bilirdim, indicə verəcək yersiz sualları ilə adam içində məni pərt eləyə bilər.

Məsələn: “Bu uşaq niyə evdə qaxılıb qalıb? Bayıra bir çıx, odur, skamyada gör nə təhər qızlar oturub” – deyə bilərdi.

Belə şeylər Nikaya sən deyən təsir etmirdi. Dəyəsən, o, mənim kimi balaca olanda, həmin mərhələni keçmişdi. Mən isə çox əziyyət çəkirdim. Belə ki, Kotsonu indi mehmanxananın açıq pəncərəsində, əlində ağ şərab görəndə, yenə nəsə deyib məni pərt eləyəcəyini fikirləşdim. Ona görə də gözucu ətrafa boylandım. Ürəyimdə allaha şükür etdim, həndəvərdə adam yox idi.

Demə, həmin birinci mərtəbə mehmanxananın restoranı imiş. Kotso mənə səsləndi:

– Hara gedirsən, ay uşaq?

– Qardaşımı çağırmağa gedirəm.

– Niyə, özü evi tapa bilmir? Bir bura gəl görüm. (bəh, bəh, bəh! Belə koloritli, canlı dialoqlar oxuyanda rəsmən əriyirəm – S.B.)

Sözsüz, ona yaxınlaşdım. Stəkanı kənara qoydu, əyilib qoltuqlarımdan yapışaraq məni pəncərədən içəri keçirtdi. Özümə gələndə, artıq masanın üstündə, salat boşqabına yaxın oturduğumu gördüm. (Gözəldir – S.B.)

– Bu kimdir? – Masa arxasında Kotso ilə üz-üzə oturan tökməboy, çalsaç kişi şən səslə soruşdu. Məni qıcıqlandırmaq üçün soruşduğunu bilirdim, əslinə qalsa, biz bir-birimizi tanıyırdıq, mənim kim olduğumu o yaxşı bilirdi. Həmin kişi atamın müharibə və qrup yoldaşı Mutu idi.

– Oğurladım, – Kotso bunu deyib məni masadan düşürdüb stulda oturtdu. Mutu mənim qarşımdakı uzunboğaz qədəhi götürüb şərab süzdü.

– Növbəti sağlıq öz ayağı ilə gəlibdi, – o üzündə müdrik ifadə ilə dillənib qədəhi qənşərimə qoydu. Bilirdim, masa arxasında oturmusansa, içməsən də, qabağında qədəh olmalıdır, hamı toqquşduranda, sən də toqquşdurmalısan”.

Sovet vaxtı çex pivəsi yerli pivədən təxminən on dəfə baha qiymətə satılırdı. Məsələn, yerli pivənin bir butulkası otuz qəpiyə satıldığı halda, çex pivəsinin bir butulkası üç manata satılırdı. Qiymətlər yadımda belə qalıb. Ola bilsin səhv edirəm. Amma çex pivəsinin o vaxtlar yerli pivələrdən qat-qat baha qiymətə satılması dəqiq xatirimdədir. Sovet vaxtı çex pivəsi tapılmırdı. Hər yerdə, hər zaman satılmırdı. Ürəyim istəyən vaxt, girim mağazaya ürəyim istəyən qədər çex pivəsi alım... Belə şey yox idi. Çex pivəsi “altdan satılırdı”. “Altdan satılırdı” sözü indiki nəslə heç nə demir. Sovet vaxtı isə bu söz tez-tez işlədilirdi. “Altdan aldım” – bu sözü tez-tez eşitməli olurdun.

Çünki hər hansı normal bir mal, məhsul, köynəkdən, ayaqqabıdan tutmuş Allahın qatılaşdırılmış südünə, bolqar pendirinə qədər hər şey mütləq tanışlıqla, əyri yollarla əldə edilirdi. Normal, adam içinə çıxarılası hər hansı bir mal, məhsul rəflərə qoyulmurdu. “Altdan aldım”, “altdan satılır” – bu sözlər sovet dövrünü görmüş hər bir adama yaxşı tanışdı. Bizim rayonda çex pivəsi mehmanxananın yeməkxanasında satılırdı. Əlbəttə, həmişə yox. Əlbəttə, “altdan”. Məhz buna görə mən harada köhnə sovet mehmanxanası görsəm, hansı kitabda mehmanxana sözün oxusam özümdən asılı deyil, istər-istəməz, avtomatik olaraq yadıma çex pivəsi düşür. Yaxud da tam tərsinə.

Çex pivəsi görəndə rayonumuzdakı mehmanxananı xatırlamalı oluram. Yaxşıca yadımdadır ki, mehmanxananın açıq həyətində həmişə qırmızı rəngli “İkarus” markalı avtobuslar yan-yana dayanardı. Başqa avtobuslar “Paz”lar, “Laz”lar, “alabaşlar” rayona gəlib geriyə qayıdırdılar. “İkarus”lar isə mehmanxanada bir gecə qalmağa məcbur idilər.

Mehmanxana səhnəsini oxuduqda həm də uşaqlıq illərində gördüyüm, bu və ya digər formada iştirak etdiyim saysız-hesabsız içki məclisləri yadıma düşdü. Onlar niyə o qədər içirdilər? Görəsən, nə olmuşdu? Görəsən, nə baş vermişdi? Yəqin içməkdən savayı başqa əyləncə tapmırdılar. Ona görə çox içirdilər. İlahi, məni uşaqlıq və yeniyetməlik vaxtlarımda nə qədər araq dalınca göndəriblər. Günorta, axşam, hətta qaranlıq düşəndən sonra... Mağazalar bağlanandan sonra tanıdığın satıcının, mağaza müdirinin gedib evindən araq ala bilərdin.

Rayondakı ab-hava buna imkan verirdi. Başım çıxmır axı onlar içəcəkləri araqları niyə əvvəlcədən, bəribaşdan almırdılar? Niyə araq tədarüklərin əvvəlcədən görmürdülər? Əvvəlcədən, bəribaşdan bir, uzağı iki-üç araq alırdılar. Sonra kimsə araq dalınca getməli idi. Deyəsən, araq dalınca adam göndərmək onların xoşuna gəlirdi. Bundan savayı məntiqli bir versiya ağlıma gəlmir. Tərslikdən mən zirək uşaq kimi ad qazanmışdım. Çox vaxt araq dalınca məni göndərirdilər. Çünki araq dalınca gedəndə tez qayıdırdım, arağı yerə salıb sındırmırdım. Bəli, gəlirlərim də olurdu, amma, doğurdan da, bir gündə eyni yolu bir neçə dəfə gedib-qayıtmaq adamın zəhləsini tökürdü...

Kitabın qırx doqquzuncu səhifəsində oxuyuruq:

“Ümumiyyətlə, mənə elə gəlir, dünyada gürcüləri sadə səbəbə görə başa düşmürlər – biz nəyisə danışmağa başlayanda, sözə çox uzaqdan başlayırıq... Biz söhbətimizdə astagəl millətik, onlar isə belə astagəlliyi sevməzlər, məncə, uzun söhbətdən bezirlər də. Biz isə, bayaq dediyim kimi, elə bilirik, sözümüzə uzaqdan başlamasaq, bizi başa düşməyəcəklər. Onları isə, yəni dinləyiciləri məhz o uzun-uzadı giriş çaşdırır, hətta deyərdim, qorxudur”.

Morçiladze müəllim bu sözlərlə öz əsərinə dəqiq qiymət veribdir. Əsər köhnə silahın üzərində qurulsa da, Morçiladze müəllimin əsərdə yerli-yersiz çoxlu tarixi səyahətlər etməsi əsərin dinamikliyin, oxunaqlıq dərəcəsini aşağı salır. Əsərdə zaman və məkan keçidləri çox vaxt yonulmamış, yoğurulmamış, kobud, həm də əsaslandırılmamış alınıb. Nəyin nə, kimin kim olduğunu tam başa düşmək üçün bəzən səhifələri geriyə çevirib səhnələri, təsvirləri təkrar oxumağa məcbur olurdum. Mənim kimi azdan-çoxdan hazırlıqlı oxucu səhifələri geri çevirməyə, nəyin nə, kimin kim olduğunu dəqiq başa düşmək üçün bəzi səhnələri, təsvirləri təkrar oxumağa məcbur qalıbsa, adi oxucuları yersiz tarixi səyahətlər, kobud, əsaslandırılmamış zaman və məkan keçidləri asanlıqla çaşdıra, yora bilər.

Cənab Morçiladze sovet dövrünün ab-havasını, şərtlərin, insanların həyat tərzin və sovetdən sonra baş verən ictimai-siyasi məzmunlu hadisələrin qəsəbəyə, adamlara göstərdiyi kəskin təsirlərin yazsaydı ortaya daha yığcam, təmiz, “susuz” əsər qoya bilərdi. İki dövrü, sovet və sovetdən sonrakı dövrü yazmaq bir çox mənalarda daha yaxşı olardı.

Düşünürəm ki, Morçiladze müəllim tarixi pafosdan əziyyət çəkir. Tarixi pafos ona təmiz, “susuz”, sadə əsər yazmağa mane olur. Tarixi pafos Morçiladze müəllimi yerli-yersiz tarixi səyahətlərə, lazımsız təntənəyə, ədəbi bəlağətə, əsəri qəlizləşdirməyə vadar edir. Müəllif pafosun hər hansı formasından əziyyət çəkirsə, istedad, intellekt, hətta təcrübə belə onu xilas edə bilmir. “Yetim”i oxuyarkən pafosun yaradıcılıqla məşğul olan adam üçün nə qədər dəhşətli bir bəla olduğunu bir daha dərindən dərk etdim.

Hər hansı hissləri, ağrıları, hadisələri, xatirələri ifadə etmək üçün mütləq qarışıq süjet qurmağa, “baxın mən süjet qurmağı bacarıram” deməyə ehtiyac yoxdur. Hər şeyin sadəsi daha gözəldir. Bəli, açıq danışsaq cənab Morçiladze məzmunu formaya, təntənəyə, bəlağətə qəddarcasına qurban verib.

Hər şeydən əvvəl bir oxucu kimi onun yersiz tarixi səyahətlərlə əsərini korlamasına dərindən təəssüflənirəm. Yeri gəlmişkən, Əkrəm Əylislinin son illərdə yazdığı hekayələrdə də bu kobud səhv, yəni məzmunun formaya qurban verilməsi açıq-aydın görünməkdədir. Əkrəm müəllimin son illərdə yazdığı hekayələrdə çox dərin ağrılar, hisslər var. Amma ağrıların, hisslərin ifadə forması düzgün seçilmədiyinə görə bu ağrılar, bu hisslər oxucuların ürəyinə yol tapmaqda çətinlik çəkir. Daha sadə formada desək Əkrəm müəllim hekayələrindəki texniki çatışmazlıqlar, qüsurlar ağrıların, hisslərin oxucuya çatmasına imkan vermir.

Yaşlı bir insana məsləhət verməyim əxlaqi cəhətdən düzgün olmaz. Bununla belə düşünürəm ki, Əkrəm müəllim hisslərini, ağrılarını hekayə formasında deyil, esse formasında ifadə etsəydi daha səmimi görünərdi. Onun hissləri, ağrıları hekayələrindəki texniki çatışmazlıqların, qüsurların kölgəsində itib-batır. Bəzi yoldaşlar səhv olaraq belə hesab edə bilərlər ki, mən süjetin, təxəyyülün əleyhinəyəm. Qətiyyən. Süjet, təxəyyülün gücü yazıçının ən təsirli silahlarından biridir. Mən sadəcə onu bildirmək istəyirəm ki, sənətlə məşğul olan hər bir kəs (elə başqaları da) ayağını yorğanına görə uzatmağı bacarmalıdır, öz potensialını zərgər dəqiqliyi ilə hesablamalıdır. Yaşından asılı olmayaraq hər kəs bu bayağı həqiqəti qəbul etməlidir. Şəxsən mənim üçün kamil qızardılmış kartof, yarımçıq dəmlənmiş plovdan qat-qat üstündür.

Yəqin ki, yaş öz müsbət təsirlərin göstərəcək. Müdrikləşmiş Morçiladze müəllim daha sakit, həyəcansız, təmiz əsərlər yazacaq. Cənab Morçiladzeyə uzun ömür, can sağlığı, həyat və yaradıcılığında uğurlar arzulayıram.


# 3543 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #