Məni onlar xilas etdi

Orxan Həsəni, yazıçı

Orxan Həsəni, yazıçı

23 iyul 2022
# 09:00

Kulis.az Orxan Həsəninin “Əsgər” yazısını təqdim edir.

Əziz qələm yoldaşlarım Məlik Rza və Nadir Yalçın bu ay hərbi xidmətə yollanır. Əvvəl onları bu münasibətlə təbrik edirəm. Hərbi xidmətin insana sunduğu həyat təcrübələri, yəqin ki, heç nə ilə müqayisəyə gəlməz. Sonu gəlməyən çətin günlər, acılı-sevincli xatirələr, ağır məsuliyyətlər, isti münasibətlər, lap kiçik detalların verdiyi nəhəng xoşbəxtlik xidmət müddətində əsgərin canına romantika toxumları səpir. Günlər əvəzlənir başqa bir dünyanın parçası olduğunu, o dünyada da yaşaya bildiyini asta-asta anlayırsan. Bəli, hər aləmin öz qayda-qanunu var. Rahat yaşamaq üçün insan düşdüyü hər mühitə tezliklə uyğunlaşmağı bacarmalıdır. Dəyişiklik isə həmişə çətindir. Xüsusən, azad dolanan yaradıcı adamlar üçün hərbi dünyası bəzən dözülməz olur. Səbr tarıma çəkilir, təmkin ovxalanıb tökülür və nəhayət, yalqız olduğunu anlayıb dinirsən, barışırsan.

İnsan həyatın hansısa məqamında yalqız olduğunu mütləq anlamalıdır.

Hərbi xidmətə yollanmazdan bir ay öncə əziz dostum Ayxan Ayvazla “28 may”ın pinti kafelərindən birində görüşüb xeyli söhbətləşmişdik. 2019-cu ilin iyun günləri isti başlayıb sərin qurtarırdı. Universiteti yenicə bitirmişdim. Yıxıla-dura başa gətirdiyim tələbəlik illərim sevdiyim kitabın sonu kimi məni qəmləndirirdi. Ümumiyyətlə, nəyinsə bitməsi məni həmişə qəmləndirir. Qələmin mürəkkəbi bitir, dəm çaynikində çay bitir, gedirsən yol bitir və bunlar kimi bitən digər şeylər məni sonsuz qüssəyə itələyir. Elə bilirəm, dünyada bitən hər şey bizə bir gün öləcəyimizi xatırladır.

2019-cu ilin isti başlayıb sərin bitən günlərində gələcəyin irəlidə olduğunu duyur, lakin hər şeyi dumanlı görürdüm. Açığı həyat yekə bir müəmmaydı. Məclisdən məclisə daşıdığım bədənim qara-qura bədbinliyə bürünmüşdü. Üstəlik, dostlardan, alışdığım mühitdən ayrılmaq asan olmayacaqdı. Qarışıq, sevincli-kədərli, dərəli-təpəli hisləri palto kimi geyinib gəzirdim.

Axşamüstünün sərinliyində Səməd Vurğun bağından əsən yel pivəmizi dalğalandırdı və Ayxan Ayvaz həmin gün noxud dənələrini qabıqlı ülüdə-ülüdə mənə öz təcrübələrindən dəm vururdu, hərbi kimi diri, sərt mühitdə yazıçı tənhalığından, məhrumiyyətlərdən, oxunulan kitablardan, kitabların insan ruhunda yaratdığı burulğandan söz açırdı.

Aradan aylar keçəcək və bu söhbəti hərbi xidmət müddətimdə tez-tez xatırlayacaqdım. Hər dəfə fürsət tapıb gözümə bir kitab ilişdirəndə, o kitabdan aldığım hüdudsuz zövq nəşə kimi içimə dolanda 2019-cu ilin sərin iyun günündə adam çoxluğunun, adam sıxlığının arasında çiyin-çiyinə verib pivə qurtumlayan iki cavan oğlan şəkli gəlib duracaqdı gözlərimin önündə. Nəşəylə bu sözləri xatırlayayacaqdım:

– Orda kitablarından möhkəm yapış. Hərbidən sənə iki şey qalacaq: xatirələrin və oxuduğun kitablar!

Kitablardakı aləmin şirinliyi gerçəkliyin dözülməz olması ilə bağlıydı. Fiziki və mənəvi ağırlıq birdən çəkilib itirdi. Sevdiyim romanların cazibəli, bənzərsiz aləmi xilas kimi parlayıb mənə həyatı unutdururdu. Zamanla oxunulan kitabların ən müsbət cəhətinin bizə gerçəkliyi unutdurması deyil, gerçəkliyə məna verməsi olduğunu anlayacaqdım. Həyat və kitablar arasında, əlbəttə, möhkəm, sıx bağlar çəkilib. Hər yaxşı romanın içində bir rəng uyuyur və biz o rəngin yuxusuna şahid olmaqla onu öz içimizə köçürüb həyatımzı bir rənglik çoxaldırıq, bizdən daha ulu hissin varlığına sevinirik.

Gənc əsgərəm. Dəhşətli dərəcədə darıxıram. Darıxmaqdan az qala ürəyim yerindən çıxsın. Dostlarım, bohem həyatım, 28 mayın pinti kafeləri, yuxusuz gecələr, gümrah, oyaq sinirlər, sərin pivələr düşür yadıma, insanların siması gözlərimin önündən parça-parça keçir, çata bilmədiyim hər şey birdən qiymətə minir.

Darıxan adam üçün mövcud olan yeganə zaman keçmişdir.

Bu hislərin əhatəsində kimin kefi qalxır mənəvi-psixoloji vəziyyətimizi yoxlayır. Əsgərlərlə fərdi söhbət aparan zabitin çiyinindəki ulduzlar par-par yanır. Bu dəfə sual verən tərəf mənəm:

– Zastavada (sərhəd bölməsində) kitab oxumaq olur?

– Kitabı hər yerdə oxuya bilərsən – gənc leytenant gömgöy gözlərini qızmar avqust günəşinin vurub qıpqırmızı elədiyi sifətimə çəkib deyir və həmən hiss edirəm ki, mütləq zastavada xidmət etməliyəm.

Hərbi xidmətdə oxuduğum ilk kitab Antonio Tabukkinin “Pereyra iddia edir” romanı idi. Təyin olunduğum yeni hərbi hissəyə qatarla çatmışdıq. Yola çıxmazdan öncə vağzalda qatı qaranlıqdı. Üstəlik yağış sərin-sərin çisələyir, mundirimizi isladırdı. Sırada yerimizi nəfəsimizlə məhlim edirdik. Əsgərlərin yorğun gözləri qaranlığın içində pişik gözləri kimi parlayırdı. Onları gözlərindən tanıyırdım.

Və birdən komanda verildi, vaqonlara doluşduq. Hərə özünə bir yer tapıb əyləşdi. Yatanlar da oldu.

Qatarla başa gələn bir gecəlik məsafə yeni hərbi hissədə bitdi. Yeni mühit, yeni insanlar, yeni atmosfer və əvvəlkindən də sərt qayda-qanunlar. Müsbət cəhət o idi ki, burda kitab oxumaq mümkün idi və əslində, kitabların olması hər şeyi unutdururdu.

Tezliklə keçmişdə ədəbiyyat müəllimi olan bir gizirlə qarşılaşdım. Ünsiyyətimiz xoş alındı. Onun başı qaz başına oxşayırdı. Burnu və ağzı balaca idi. Balaca ağzının üstündə nazik bığ saxlamışdı. Bığını elə bil qələmlə çəkmişdilər. Danışanda, sanasan, sözlər də dilindən balaca çıxırdı. Onun dilindən çıxan balaca sözlər əsgərlərə çatmamış yolda yorulub qalırdı. Başının kənarları tüklü, ortası keçəl idi. Əsəbləşəndə çiyinlərini yığıb, dodaqlarını büzürdü.

İyirmiyə yaxın kitabı vardı. Kitabların çoxu detektiv müəlliflərindi. Ürəyimə yatan Tabukki oldu. “Pereyra iddia edir” romanını götürdüm və acgözlüklə oxumağa başladım.

Dildə elə ifadələr var ki, biz onu sadəcə yaxşı səsləndiyi üçün istifadə edirik. İfadənin enerjisindən, onu yaradan konkret situasiyadan, qopub gəldiyi hislərdən xəbərsizik. İfadəni yaradan hislər ruhumuzdan süzülüb axmayıb, onu yaradan situasiyaya şahid olmamamışıq, di gəl, ifadə ləzzət eləyir, qulağa xoş gəlir və düşür fərdi lüğətimizə. “Acgözülklə oxumaq” ifadəsini bütün atomlarınacan hərbi xidmətdə hiss etmişəm. Qarpız yeyən uşaq kimi ifadənin şirəsi ağzıma, üzümə yayılıb, üstəlik süzülüb boğazıma düşüb.

Hərflər axıb keçdikcə, gözlərimin arxasında başqa aləmlər canlanır, səbrlə yelə verdiyim günləri mənə unutdururdu. Düzülüşlərdə həmin kitab, həmin kitabın könlümdə yaratdığı hiss haqqında düşünür, yarıda qalan hissələri beynimdə yazıb tamamlayırdım. Yenidən kitaba qayıdanda, xəyalən yazdıqlarım ilə kitabda yazılanları müqayisə edib, bu xoş oyundan əylənirdim. Bəzənsə, iki həyat yaşayırdım. Biri həddən artıq monoton, düzülüşlər və komandalardan yığılmış rəngsiz, mexaniki dünya, digəri isə rəngli, eşqin buğlana-buğlana qaynadığı, insanların sevdiyi, həyəcan və emosiyalarla dolu ikinci dünya – kitabdakı aləm.

Birinci ilə ikinci həyatı balansda saxlamaq əsl zəhmət istəyir.

Nəhayət zastavaya bölündüm. Daha gələcək xidmətimi Ceyrançölə bağlamalıydım.

Məndən bir həftə sonra poçtla kitablarım gəldi.

İri bir çanta idi. Kortasarın “Xana-xana oyunu”, Markezin “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, Floberin “Madam Bovary”, “Duyğusal təhsil”, Amadunun “Qum dənizin kapitanları”, Hesssenin “Yalquzaq”, Lyosanın “Yaramaz qızın sərgüzəştləri” və Pol Osterin “4321” romanı.

Əlbəttə, bu romanlar arasında mənə ən dərindən toxunanı Kortasarın “Xana-xana oyunu” idi.

Romanı oxuduqca yazıçı dostlarımla əlaqə saxlayır, kitabın enerjisini onlarla bölüşürdüm. Yazıçı dostlarımsa telefonun o üzündə dişlərini toyuq kababına çəkib ağzı dolu qırıldadırdılar, araqdan içib göz yaşı tökürdülər, həsrətin araya atdığı dağ-dərə beləcə dikəlib məsafələri uzadırdı. Hətta bir dəfə Rəvan Cavid telefonun o üzündə elə ağladı ki, az qala qaça-qaça Bakıya gələcəkdim.

Selincerin “Covdarlıqda uçurumdan qoruyan” romanını çətin şəraitdə oxumuşdum. Fevralın ortalarından çöllər ayaz götürmüşdü. Yağış güclənmiş, xidmət əziyyətə çevrilmişdi. Hər xidmətdə yağışa düşürdük. Yağışdan ziyadə palçıqda addımı addım arxasınca atmaq zülüm işdi. Əzalarımız qısa müddətdə gərilir, bədənimiz tez yorulub əldən düşürdü. Həyat əvvəlki axarı ilə davam etməsə də, gündə heç olmasa bir saat, yarım saat o kitabı mütaliə etmək mənə bütün günün yorğunluğunu unutdurur, içimdə böyüdükcə-böyüdən alternativ həyatı doyururdu.

Aradan illər keçib. İndi həm qələm, həm də könül yoldaşlarım Məlik Rza və Nadir Yaşar hərbi xidmətə yollanır. Eyni həyat onları gözləyir və bu bir illik səfərin sonunda parlaq bir işıq gülümsəyir. Mən isə onlara yalnız bu sözləri deyə bilərəm. Əlimdən özgə heç nə gəlmir.

– Orda kitablarınızdan möhkəm yapışın, əziz dostlar. Hərbidən sizə iki şey qalacaq: xatirələriniz və oxuduğunuz kitablar!

# 2626 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #