Kuryerlərin etiraz aksiyası - Günah kimdədir?

Kuryerlərin etiraz aksiyası - Günah kimdədir?
26 aprel 2022
# 11:30

“Nə qədər 1 manat, 50 qəpiyə sifariş daşıyacağıq? 10 km yol gedirsən, 4 manatı güclə yazır. 26 apreldə işə çıxmayaq, bəlkə, onda Bolt başa düşər ki, biz olmasaq heç kimin işi getməyəcək. Gəlin bir-birimizə dəstək olaq. İndi birlik vaxtıdır”.

“Wolt”dan sonra “Bolt Food” kuryerləri də bu gündən etibarən tətil elan ediblər.

Qısa zamanda Bakıda kifayət qədər populyarlıq qazanan çatdırılma şirkətlərinin işçiləri qiymət azlığından şikayət edirlər. Hazıra nazir xalqımızın tez-tez bu şirkətlərdən istifadə etməsi onlayn tıxacın yaranmasına və kuryerlərin çoxunun saatlarla boş-boş parkların kənarında dayanmasına səbəb olur. Vaxtını və enerjisini motosikletlərdə 1-2 manat üçün şəhərin bu başından o başına yemək aparmağa xərcləyən gənclər ölkənin yeni nəslinin ən aciz görüntüsüdür.

Hər sifarişçiyə az qala dörd nəfər kuryer işə götürən bu fəst-fud şirkətlər hansı məntiqlə bu qədər gəncə vəd verib onların vaxtını və həyati təhlükəsini əlindən alırlar? Dəfələrlə özüm şahid olmuşam ki, kuryerlər yollarda az qala qəza şəraitində hərəkətə davam edirlər. Günah kimdədir?

Birinci şirkətin özündə. Ona görə ki, sifarişçilərə verdiyi vədlərlə kuryerlərə verdiyi vəd və maaş bir-birini kompensasiya etmir.

Sifarişçi 20 dəqiqəyə (məsələn) yemək gözləyir, kuryerin sifarişi aldığı nöqtə isə bu zaman fasiləsində xidmət etməyə imkan vermir. Və yüzlərlə kuryer bir-biri ilə rəqabətdədir. Hansı şəraitdə olmasından asılı olmayaraq, gənc kuryer sifarişi çatdırmalı və “ağası”nın millətə verdiyi vədləri düz çıxarmalıdır.

Əgər bu qədər tələbat varsa, niyə daha səliqəli və mərkəzləşdirilmiş sistem yaratmırsınız? Və əgər bu qədər sifarişçidən kuryerə sadəcə 1-2 manat pul verirsinizsə, niyə maaşları qaldırmağa can atmırsınız? Yox, əgər desəniz ki, biz də düz əməlli qazanmırıq, nə bilim, yeməyi hazırlayan restoranlara daha artıq faiz çatır, onda niyə bu applikasiyaları gözümüzə soxursunuz?

“Wolt” və “Bolt Food”un bu gün işə ehtiyacı olan gəncləri bu cür kölə vəziyyətində işlətməyinin adı sadəcə maddi vəziyyətdən sui-istifadə edib istismar eləməkdir. Kuryerləri fərdi sahibkar kimi siyahıya alıb ayın sonunda onlardan vergi tutan “müfəttişxanalar” da bir tərəfdən. Gün ərzində satışdan və çatdırılmadan asılı olaraq pul qazanan bu gənclərin stabil maaşı olmadığı halda ağır şərtlərlə vergi ödəmələri də bir dərd.

Bir neçə kuryerlə həmsöhbət olanda onların çoxunun ali təhsilli, universiteti yeni bitirmiş və ya təhsilinə davam edən, əsgərlikdən yeni gəlmiş, məktəbi yeni qurtarmış gənclər olduğunu öyrəndim. Təhsil və iş standartlarının kəllə-mayallaq getdiyi ölkəmizdə bu gənclər əvvəl-axır məcbur olub bu kimi şirkətlərə üz tuturlar.

Bu gün 10:00-dan 20:00-a qədər tətil elan edən kuryerlər toplumdakı işçi tətillərinin Azərbaycan üçün yeni mərhələsini yarada bilərlər. Və bu cür tətillərə haqqı çatan onlarla onlayn və real şirkətlər var ölkədə. Az maaş, çox enerji prinsipinin ölkənin gəncliyini hansı hallara salacağını qardaş ölkə Türkiyədən üzü Avropaya canağrıdan misalları çoxdur.

Əgər tətillərin bir nəticəsi olmasa, deməli, ya “Bolt Food”u çox qudurtmuşuq, ya da kuryer işləməyə məcbur olan gəncləri gözardı etmişik.

# 3201 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #