Küçədə qazini diləndirən Elçin Lənbəranskinin məqsədi nədir?

Elçin Lənbəranski

Elçin Lənbəranski

7 dekabr 2022
# 17:00

Kulis.az Nihat Pirin “Elçin Lənbəranskinin zərərli iş əmsalı” adlı yazısını təqdim edir.

Elə mövzular var, adamın qətiyyən ağlına gəlmir ki, nə vaxtsa bu mövzuda yazarsan. Amma olur. Məsələn, bir neçə ay əvvəl elə məhz Kulisdə “Tiktok Bilal Əliyevi necə dəyişdi” adlı yazı yazmışdım. O yazını yazana qədər ömür boyu ağıl edə bilməzdim ki, Bilal Əliyev mənim üçün mövzu olar. Amma oldu. Çünki günlərin bir günü gördüm ki, mənim xəyalımdakı kostyum-qalstuklu və ən ağır sözü “tərbiyəsiz” sözü olan Bilal Əliyev günün günorta çağı kimisə Tiktokda elədən beləyə, belədən də eləyə söyür. Bu mənim üçün olası ən gözlənilməz hadisələrdən biri və məhz həmin vəziyyətdə birincisi idi ki, səhəri artıq həmin mövzuya müraciət eləməkdən yaxamı qurtara bilmədim.

2019-cu ildən bu yana dünyanın düzəni elə bir formada dəyişib ki, bundan sonra kürəmizə yadplanetlilər də gəlsə, təəccüb yerimiz qalmayıb. Evdən çörək almağa hökumətdən sms vasitəsilə icazə alıb çıxmağımızdan tutmuş, heç ağlımızın ucundan belə keçirmədiyimiz İkinci Qarabağ Müharibəsinə qədər “olmaz” dediyimiz hər şeyi yaşamışıq.

Bu cür fövqəladə situasiyalar bir çox dırnaqarası fəallara meydan verdi ki, onlar günü bu gün də ömrümüzə oturublar. Bəli, “oturublar” ifadəsi bir köşə yazısı ifadəsi deyil, amma bu adamların həyatımıza etdiklərinin başqa adı yoxdur.

Həmin kəslər gah pandemiya bəhanəsi ilə, gah müharibə adı ilə, gah pandemiyadan əziyyət çəkən işsiz adamların vasitəsilə, gah da ki, cəbhəyə yardım donu altında min hoqqadan çıxdı və axır nəhayət, böyük bir kütlənin diqqətini özünə çəkməyi bacardı. Haqq üçün, çoxunun səmimiyyətinə inanmasam da, bəzən etdikləri işin video-hesabatında məni belə nəyəsə inandırmağı bacarırdılar.

Bəlkə də, haqqında bəhs eləyəcəyim adam 2019-cu ildən daha əvvəl kütlənin inamı qazanıbmış, bilmirəm, yalan deyərəm, amma mən onu məhz həmin dövrdən tanıyıram.

Söhbət Elçin Lənbəranski adlı sosial şəbəkə fenomenindən gedir.

Bəli, fenomen. Məhz bu fenomenliyin nəticəsidir ki, gözəlim televiziyalar həftə səkkiz, mən doqquz deyibən onu efirlərinə dəvət edir, mental dəyərlərin müdafiəçisi kimi meydan verirlər.

Elçin öz kütləsinin damarını tutmağı bacarıb. Elçin çayxana ritorikasında etdiyi tənqidlərlə elə məhz tənqid hədəfi olan adamlara ləzzət verməyi bacarır. Tiktok platformasında “Tiktokda yemək yediyi stolun üstünə çıxıb rəqs edən qadınlara ar olsun” deyən Elçinə elə məhz Tiktok platformasında həmin rəqs edən qadınlara baxıb ağzının suyunu axıda-axıda jeton atan adamlar dəstək verir. Elçin üçün bunların fərqi yoxdur. Elçinə maraqlı olan “Əyri yolla pul qazanan qadınlar, gedin təmiz pul qazanın” ifadəsinin “Peçat otvet” başlığı ilə paylaşılması və onun fenomenləşdirilməsi maraqlıdır.

Elçin “Evdar xanım sosial şəbəkədə nə gəzir? Rəfiqəsi ilə gəzməkdə, alış-verişdə onun nə işi var?” sualını efirdə deyəcək və müdafiə edəcək təfəkkürdə bir adamdır. Yəni Elçini qınasan nə dəyişəcək, ya qınamasan?

Yaxud Elçinin tamamilə məntiq və dərrakədən uzaq cahil fikirlərinə meydan verən efiri qınasan nə olacaq, qınamasan nə?

Bu gün dünyada da, Azərbaycanda da efirlərdə hər şey reytinq üçündür. Hər şey baxış üçündür. Elçini efirə çağıran aparıcıya verilişinin qalmaqalla yadda qalması və elə gecə-gündüz tənqid edilən Tiktok kimi platformalarda videolarının paylaşılması maraqlıdır, orada səslənən fikirlərin sağlamlıq yükü yox.

Mənim üçün isə Elçin Lənbəranki adlı şəxs də, onun sosial media hesablarındakı odlu-alovlu və pafoslu çıxışları da, insanlara yardım edib-etməməsi də zərrə qədər maraqlı deyil. Edir, Allah ürəyinə görə versin, etmir, aldadır, Allah insaf versin.

Amma bu yaxınlarda sözügedən şəxsin elə bir videosu qarşıma çıxdı ki, bu dəfə də yaxam mövzudan qurtula bilmədi.

Elçin Lənbəranski Vətən Müharibəsi qazisi ilə birlikdə şəhərin gur yerlərinin birində dayanıb yanlarında olan hansısa bir qadın üçün rəsmi formada pul dilənirdi.

Videodan bəlli olmur ki, o qazi ora necə gəlib çıxıb. Ya da ki, mənim vaxtım və həvəsim yoxdur ki, oturub bu mövzunu araşdırım. Mənə videoda görünən tərəf maraqlıdır.

Bu nədir?

Kimdir bu Elçin Lənbəranski?

Və kimdir onun yanında dayanan qazi?

Əynində Azərbaycan Silahlı Qüvvələrinin forması, döşündə Azərbaycan bayrağını daşıyan əsgərin şəhərin mərkəzində kimin üçünsə pul dilənməsi nə deməkdir?

Açığı, orada dayanan və pula ehtiyacı olan qadının Elçin və elçinkimilərə müraciətini qınamıram. Çünki adamların bəlli kütləsi var ki, onlardan müəyyən dəstək ummaq normaldır. Amma bəs bir qazini bu cür iyrənc metoda necə ortaq etmək olar? Heç utanmaq, qızarmaq yoxdur? Heç xəcalət hissi çəkmirsiniz?

Elçin videoda “Tiktokda lazımsız adamlara dəstək olursunuz. Vallah, gəlin belə ehtiyacı olan adamlara dəstək olun” deyə-deyə sanki bazarda öz malına müştəri yığarcasına davranaraq ötüb keçən adamları mövcud rəzil vəziyyətə biganə qalmamağa məcbur edir. Edir, əcəb edir. Bu da qətiyyən mənə maraqlı deyil. Sabah Elçin özü orada təkbaşına dayanıb lap belə özü üçün pul dilənsə də, mənə maraqlı və təəccüblü deyil.

Amma orada dayanan hərbi formalı adam nə etdiyinin fərqindədir?

Orada dayanan hərbi formalı adam əynindəki formanın məsuliyyətini dərk edə bilir?

Orada dayanan hərbi formalı adam o formada necə oğlanların can verdiyini bilir?

Orada dayanan hərbi formalı adam o formanın müqəddəsliyini qavrayır?

Fərqində deyil, dərk edə bilmir, qavramırsa, bəs Elçin? Bütün günü öz hesabında və öz hesabı səviyyəsində olan efirlərdə camaata mental dəyər dərsi keçən Elçin başa düşmür ki, qazini şəhərin göbəyində diləndirmək nə deməkdir?

Başa düşmür ki, bunun məsuliyyəti nəyə bərabərdir?

Elçin başa düşmür ki, niyə söyülür? Elçin başa düşmür ki, niyə təhqir olunur?

Bilmirəm. Son zamanlar ətrafımızda o qədər təəccüb doğuran şeylər baş verir ki, təəccüb hissimizi də itirmişik. Amma şükür ki, hələ təəssüflənə bilirik.

Çox təəssüf!

İndicə səhifələrin birində oxudum ki, Elçin Lənbəranski məhz bu videoya görə onu tənqid edənləri söyüb. Yazıya sözügedən şəxsə müraciətlə xitam verirəm:

Elçin, əgər bu yazı sənə gəlib çatsa və yazı ilə razılaşmasan, xahiş edirəm, məni söymə. Mən Elçin Lənbəranski tərəfindən təhqir olunmağa hazır deyiləm. Tanrı sənə insaf versin.

# 6363 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #