Kənd namusu

Selcan Hacı, yazar

Selcan Hacı, yazar

28 mart 2022
# 13:20

27 Mart Teatr günündə Opera və Balet Teatrında “Kənd Namusu” operasına getmək üçün Politologiya fənnindən tapşırığımı ertəsi günə saxladım. Teatr günündə bəzi tamaşaların pulsuz göstəriləcəyi, teatrlara ekskursiya təşkil olunacağı barədə xəbəri təhsil xəbərləri yayımlayan bir saytdan oxumuşdum. İncəsənətlə heç bir əlaqəsi olmayan tanışımın da elanı paylaşdığını görəndə ağlımdan bunları keçirdim: yer tapmaq olmayacaq, şəhərin bütün gəncləri tamaşaya axışacaq, qapının ağzında elə növbə yaranacaq ki, içəri ancaq və ancaq Alim Qasımovun uçan xalçasıyla damdan girmək mümkün olacaq.

“Kənd Namusu” operasına baxmaq üçün saat 6-da artıq məkanın qarşısındaydım. Məndən başqa, təxmini 8-10 nəfər var idi. Uzun müddətdir teatrın qarşısında təmir işləri gedir, ümid edirik yaxın zamanda öz həllini tapacaq.

Geydirmə qapının qarşısında dayanan iki işçiyə içəri daxil olmaq istəyənləri yönləndirmək, onları girişdə söhbət edib, opera sevgisi ilə dolub-daşan xalqın ürəyinə su səpmək öhdəliyi verilmişdi. İşçilərdən biri, sıradakılara gözlənilməz şəkildə spoyler verib, operanın bir saatdan çox çəkəcəyini və ürəyimizin sıxılacağını dedi. Normalda 16 manatla bir həftə dolanan tələbələr üçün pulsuz fürsət düşmüşdü, onda da qapıdakı adam bütün həvəsimizi qabaqcadan qırdı, elə bil “Rotten Tomatoes”, İMDB platformasının ayaq üstü versiyası idi.

İçəri keçəndə Bəhram Bağırzadəyə səs və görüntü olaraq çox bənzəyən bir adam hamını yerbəyer etməyə çalışırdı. Azərbaycanca bilsə də, israrla rusca danışan yaşlı qadınla olan mübahisələrindən sonra qadın önə keçməyə müvəffəq oldu. Çox qəribədir ki, tez gələnləri qabaqda oturtmaq əvəzinə arxada oturtmaq, gecikənləri önə almaq kimi bir yol seçilmişdi. Oturacaqları göstərən qadın önümdəki sırada oturmaq istəyən hər kəsi “bura nazirlik üçün xüsusi ayrılıb” deyib yola saldı – orda “mən də nazirlikdənəm dəə” deyən adam anarxizmin simvolu olaraq xatirələrimdə uzun müddət yaşayacaqdır.

Ümumiyyətlə, konsert, tamaşa və tədbirlərdə azərbaycanlılar biabırçılıq yaradırlar, təşkilatçılıq bacarıqlarımız çox zəifdir, bunu budəfəki “pulsuz teatr və ekskursiya” təşəbbüsündə də açıq görmək mümkün idi. Onu da deməliyəm ki, “28 May” metrosunun çıxışından yola düşəcək olan avtobuslar, sən demə, Səməd Vurğun heykəlinin qarşısından yola çıxırmış – bu detallar da heç yerdə qeyd olunmamışdı.

Zala daxil olmadan əvvəl iki manata tamaşanın tərkibinin, məzmununun yer aldığı “libretto” adlanan kağızlardan ala bilərsiniz, əminəm, operanın italyan dilində olduğunu əvvəlcədən çox adam bilsəydi, o kağızlardan bircəciyi belə qalmayacaqdı.

Opera mədəniyyəti, tərzi barədə fikirlərimi bölüşmək istəmirəm, düşünürəm, bu barədə uzağı gündəliyimə yazmaq haqqım var. Yan-yörəmdə əyləşən insanlar rahat şəkildə hisslərini, tənqidi düşüncələrini ifadə edirdilər – cəsarətli insanlar cəmiyyətin dayağıdır, mən onlardan biri deyiləm. Qarşımda əyləşən insana da bütün operanı telefonuyla çəkdiyi üçün çoxlu təşəkkür edirəm. Düzdü, AzTv əməkdaşları da çəkirdilər, amma bilirdim ki, heç kim qarşımda əyləşən insan kimi məhəbbətlə çəkməyəcək, çünki o, öz çəkilişinə sevgisini də qatmışdı.

Tamaşalarda, elə operanın özündə də məni gərginləşdirən bir şey var: insanların əl çalması. Bu vaxt hərdən aktyorla aktrisanın sözünü kəsmiş olursan – amma bəzən səndən başqa əl çalan da olmur. Adam onda özünü çox pis hiss edir, mənim kimi narahat, sosial gərginliyi olan adamlar üçün əzab əziyyətdir – bu da olsun, ölkədə incəsənətin zəif inkişafına daha bir səbəb. Tamaşaların finalından və uzun pauzalarından başqa heç vaxt əl çalınmamalıdır deyə bir qayda olsaydı, görən necə olardı, bilmirəm, bir onu bilirəm ki, çox insan rahatlaşardı. Məncə, yaradıcı heyət motivasiya üçün bizim şappıltımıza qalmayıb.

Operanın italyan dilində olması librettonu almayan və dili bilməyən insanlar üçün çox qəribə bir 80 dəqiqə yaşatdı. Çox adam operanın italyan dilində olacağını bilmirdi, pullu biletlərin satıldığı saytdan savayı, normalda verilən elandakı cədvəldə də dil qeyd olunmamışdı. Yəqin Mədəniyyət Nazirliyi düşünmüşdü ki, niyə də italyan dilini opera izləyərək öyrənməyək? Buna görə də qeyd etməmişdilər – onlar belə təşviqedici işləriylə həm də Təhsil nazirinin öhdəliklərini azaldırlar.

Bu vasitəylə neçə insan tamaşaya, operaya gedə bildi. Təşkilatçılığı kənara qoyuram və bütün teatr işçilərinin bayramını təbrik edirəm.

# 5376 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #