İradəli olmaq üçün nə etməli?

İradəli olmaq üçün nə etməli?
10 fevral 2022
# 11:06

Parkda gəzərkən yeni proyektlər barədə düşünürdüm. Hər dəfə yeni proyekt barədə düşünərkən köhnə və uğursuz proyektlərin kölgəsi daim üzərimdə olurdu. İlk dəfə yeni iş qurmaq istəyərkən çox rahat, amma təcrübəsiz idimsə, bu dəfə narahat və təcrübəli idim. Belə çıxırdı ki, təcrübə həmişə üstünlük deyil. Bu ağırlığın nədən ibarət olmasını anlamaq və bundan can qurtarmaq lazım idi.

Problemi həll etmək üçün araşdırma apardım və bəzi nəticələr əldə etdim. Onları sizinlə bölüşmək istəyirəm. Əvvəlcə məsələnin texniki tərəfini, sonra isə bir neçə psixoloji nüans barədə yazacağam.

Düşüncədə minimalizm

Minimalizm haqqında çox danışmaq olar. Əsas odur ki, hər şeyin minimumunu tələb edən yanaşmadır. Əgər əşyalarla aid etsək, minimalizm - ehtiyacımız olandan daha artığına sahib olmamaqdır. Eyni yanaşmanı düşüncələrə tətbiq etsək necə olar? Çünki yenicə oxumuşdum ki, çoxşaxəli düşünmək bacarığı (multitasking) mifdir. İnsan bir neçə şeyi birdən düşünüb həll edə bilmir. Elmi araşdırmalar bir yana, hətta xalq müdrikliyi də bizə bu barədə ipucları verir: “Bir əldə iki qarpız tutmaq olmaz”, “İki dovşan arxasınca qaçan, əliboş qalar” və s.

Proqramlar

İlk növbədə özümə virtual beyin yaratmaq qərarına gəldim. Xarici şəxsi inkişaf “gurularının” verdiyi məsləhətlərdən biri idi və mən də sınamaq istədim. Belə “gurulara” nə qədər skeptik yanaşsam da, düşüncələrimi səliqəyə salmaq pis fikir kimi səslənmirdi. Bir neçə proqramdan istifadə edərək planlarımı, nəzərə almalı olduğum nüansları, hədəflərimə çatmaq üçün istifadə etdiyim texniki üsulları həmin applara yazmağa başladım.

Notion

Notion proqramından istifadə edərək hədəflərimi proyektlərə böldüm. Hər proyekt üçün aşağıdakı bölmələri açdım:

  • Todo list (ediləcəklər siyahısı)
  • İnformasiya bazası (linklər, məqalələr və s.)
  • İdeyalar toplusu (brainstormlar və spontan olaraq ağlıma gələn fikirlər)

Notion həm mobil həm də desktop platformalarında işləyir. Proyektlərdən əlavə olaraq reading lists bölməsi yaradardım və içinə:

  • Oxuduğum kitabları və kitablardan sevdiyim sitatları ora yazmağa başladım.
  • Şəxsi Vikipediya bölməsini açdım. Mənə maraqlı olan hər şeyin elmi izahını ora qeyd etmək üçün istifadə etmək qərarına gəldim.

Google keep və Google tasks

Bu iki proqramdan onsuz da istifadə edirdim, amma daha aktiv istifadəçi olmaq lazım idi. Birincisinə kompüterdən uzaq olduğumda ideyalarımı qeyd edirdim. İkincisinin isə widget-ini telefonun ekranına çıxarmışdım və gün ərzində etməli olduğum tapşırıqları ora qeyd edirdim ki, daim göz önündə olsun.

Beləliklə, bütün yazdığım şeylərin heç birini ağlımda daşımalı olmurdum. İlk günlərdə bunun nə işə yaradığını hiss etmək çətin olur. Çünki bütün informasiyanın başqa yerdə olmasına öyrəşmək lazım idi. Amma daha sonra ağlım yükdən azad olmuş hava şarı kimi yüngülləşərək yüksəklərə qalxmağa başladı. Boş olduğum vaxtlarda etməli olduğum tapşırıqları düşünmürdüm. Düşüncələrim texniki dokumentasiya olmaqdan çıxaraq yaradıcılıq emalatxanasına dönmüşdü.

Vicdan və özünü sabotaj

Növbəti addım anlayışlarla bağlı idi. Keçmiş uğursuzluqların kölgəsinin mənə necə təsir etdiyini anlamalı idim. Bu barədə araşdıraraq nəticəyə gəldim ki, özünü yersiz günahlandırma hissi burada əsas rol oynayır. Bu hiss daha sonra özünü sabotaj (özünə qarşı təxribat) etməyə gətirib çıxarır ki, sabotaj vaxtı da heç bir iş görülə bilmir.

Vicdan - daxilimizdə düz və səhvi ayırd edə bilən hakimdir. Bu hakimin varlığına çox ehtiyacımız var. Amma bu hakimi işdən çıxarıb, onun yerinə ancaq səhvləri görən və səhvləri düzəltmək üsulu kimi yalnız utandırmaqdan istifadə edən birini qoysaq, vəziyyət dəyişir. Beləliklə, mən səhv etdim, pis hərəkət etdim, axmaqlıq etdim deyil, mən səhvəm, mən pisəm, axmağam deməyə başlayırıq. Halbuki, davranış və şəxsiyyət bir-birinə bərabər deyil. Bir-birinə təsir etsələr belə, tam fərqli meyarlarla qiymətləndirilirlər. Misal: kimsə səhv bir addıma görə biznesini itirirsə, gələn dəfə yenidən biznesə başlayıb daha o səhvi etməyəcək və uğur qazanmağa şansı artacaq. Amma əgər o adam atdığı addıma yox, özünə axmaq desə, daha biznesə başlamağa layiq olmadığını düşünəcək. Buna isə özünü sabotaj etmək deyilir. Hər dəfə özünüzü nəyəsə layiq bilmədikdə, yenilik etmək istədiyiniz an ağırlıq hiss etdikdə, düşüncələrinizi monitorinq edin. Bəlkə elə özünüzü mənasız yerə incidirsiniz.

İradəli olmaq haqqında

“İradəli ol” məsləhəti verilərkən, iradə haqqında çox şey bilmirdim. Bildiyim o idi ki, iradəliyəmsə, deməli, lazım olan şeyi lazım olan anda yerinə yetirə bilərəm. Amma araşdırmalar göstərir ki, iradə belə işləmir. İradəli olmaq üçün, bəzi şərtlər yerinə yetirilməlidir.

1) Fiziki olaraq mümkün olan ən yaxşı vəziyyətdə olmaq lazımdır.

Hər kəsin gün ərzində daha produktiv olduğu saatlar var. Gün ərzində özümü skan edərək bunun hansı saatda olduğunu təyin etdim. Və yuxu rejimimi düzəltdim (düzəltməyə çalışıram). Yuxulu adamın iradəli və məqsədyönlü olmaq şansı çox da böyük görünmür.

2) Mənəvi baxımdan ən yaxşı halda olmaq lazımdır.

Məsələn, siqareti tərgitmək üçün bir neçə dəfə cəhd etmişdim, amma ilk cəhdlərdə bu alınmamışdı. Səbəb isə sadə idi: tərgitmək istəmirdim. Daha sonra isə, bir sıra filmə baxdım, məqalələr oxudum, hədəfi gözümdə dəyərli etdim və bundan sonra tərgitməklə bağlı heç bir problem yaşamadım. Hədəfin dəyərli olması, bütün diskomforta güc gəldi. Yəni iradəli oldum.

Bu qaydalara riayət etmədikdə yaranan problem odur ki, hədəf qoyuruq, alınmır. Tam gücümüzü sərf etmədiyimizə görə özümüzü iradəsizliklə günahlandırıb, incidirik. Nəticədə bir neçə cəhddən sonra, ümumiyyətlə, heç bir yenilik etmək istəmirik.

Nəticə

Nəticədə demək istəyirəm ki, yeniliklərə açıq olmağın, qərarlı və iradəli olmağın üsulları var. Sizin üçün işə yarayan üsuldan istifadə etmirsinizsə, özünüzü qərarsızlıqda, bacarıqsızlıqda günahlandırmağa başlaya bilərsiniz. Bu isə vəziyyəti daha da qəlizləşdirə bilər. Gərək yeniliklərə daha düzgün açıq olaq.

# 4485 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #