Günah döyüləndədir

Zamin Hacı, publisist

Zamin Hacı, publisist

6 oktyabr 2022
# 09:00

Kulis.az Zamin Hacının "Hər şey göründüyü kimi deyil" adlı yazısını təqdim edir.

“Vә ümidvaram ki, siz mәnim bu nәsihәtimә әmәl edib bundan sonralıqda mәktәbin qәdrini bilәcәksiniz vә razı olmayacaqsınız ki, mәktәbdә bugünkü şuluqlar bir dә tәkrar olunsun. Çünki mәktәb küçә deyil; qiylü qal küçәdә olar, mәktәbdә olmaz. Küçәdә olar qiylü qal, mәktәbdә dә olar dәrs; küçәdә olar föhş vә biәdәblik, mәktәbdә olar nәsihәt vә elm. Küçә camaatı hәmişә qaranlıqda qalacaq; çünki küçәdә elm yoxdur”.
(Mirzə Cəlil, “Danabaş kəndinin məktəbi”)

Ölkəmizdə peşəkarlıq aşağı səviyyədədir, ona görə nəsə bir hadisə olanda hamı qırıldaşır, ara qarışır, məssəb itir, nəticədə işin mütəxəssisləri qıraqda qalır, bizə lazım olan rəyi tapmırıq. Son çağlar məktəb sahəsində də belə pis vəziyyət yaranmışdır.

Məsələn, hansısa uşaq başqa uşağı döyür. Dərhal döyən uşağı qınayırıq. Halbuki, adətən günah döyüləndə olur, biz bunu ağsaqqallardan, müdriklərimizdən eşitmişik. Elə hüquq-mühafizə orqanlarından hansınınsa araşdırma sonucunda açıqlamasında hər iki tərəfin suçlu olmasına eyhamlar vardı: “Uşağın biri o birini söyüb, bu da onu döyüb, hər iki tərəfin valideynləri idarəyə dəvət edilib, xəbərdarlıq olunub” və sairə.

Əgər biz bu gün döyəni qoyub, yalnız döyülənə haqq qazandırsaq, sabah küçədə mini yubka ilə, başı açıq gəzən qadınlara da haqq qazandıracağıq. Bunlar hamısı Qərbin proqramlarıdır, guya kim bilmir? İstəyirlər namus-qeyrət əldən getsin. Hazırda İranı da bu məqsədlə qarışdırırlar. Sərhədçilərimizin tutduğu narkotiki də o tayda amerikalılar əkir, israillilər sulayır. Məhsa Əmini isə anadan ölü doğulmuşdu. Nəsə, bunlar başqa temadır, inşallah, ayrı vaxta qalsın.

Bizi döyəndən çox, döyülənin müqavimət göstərməməsi narahat etməlidir. (Xristian əxlaqıdır: “Üzünə şapalaq vurdular, o biri üzünü çevir, ona da vursunlar”). Sabah sən nə cür əsgər olub, torpaqlarımızı müdafiə edəcəksən? O birini vuranda, sən ikisini vur. Qoy sinifdə qan su yerinə axsın. Yaxşı olar müşayiət üçün maqnitofonda “Kaş bu gün oleydim Kərbəladə” mahnısı verilsin. Fonda bu mahnı olanda məktəbin fonduna yaxşı pul yığılır. (Diqqətli oxucular son iki cümlədə müəllifin, əslində, şeir yazdığını hiss etməyə borcludur).

Mən uşaq olanda bir müəllim(ə)miz vardı, sinfimizi cürbəcür üsullarla döyərdi. Bizə kun-fu, uşu-sanda, ciu-citsu, karate-do, dzü-do, turan-do, aykido və sairəni başa salırdı, halbuki, ixtisası ibtidai sinif müəllim(ə)si idi. Nəticədə, heç birimiz oxuyub alim olmadıq, ancaq əsl vətəndaş, əsl adam olduq! Hələ bir dəfə də eştiməmişəm ki, sinif yoldaşlarımdan kimisə hardasa çırpsınlar. Mümkün deyil. Rəhmətlik müəllim(ə) – mən hər dəfə bu “ə” hərfini xüsusi mötərizəyə alıram ki, o cənnətlik insanın müqəddəs olduğunu göstərim – kömürü yerə töküb bizi onun üstündə dizin-dizin süründürür, qışda qarın içində ayaqyalın saxlayır, başımızı partaya çırpır, əlimizdə xətkeşi qırırdı. O vaxt mürəkkəb qabı vardı, bizə mürəkkəbi içirdirdi. Tualetə buraxmırdı, hamı altını doldururdu. Əlimizə əmək dərsində mıx çalırdı. Əsl Sparta tərbiyəsi idi. Sonradan biz başa düşdük ki, Azərbaycanda yaşamaq üçün bunlar hamısı zəruri bilik və bacarıqlar imiş. Allah rəhmət eləsin, gözəl insan idi.

Sözgəlişi, bu yaxında Bərdədə dükanın qabağından bayrağımızı qopardan adamın videosu yayılmışdı. Vatsapımdakı yoldaşlardan biri araşdırmanın nəticələrini gözləmədən “Yüz faiz ermənidən törəyəndir” yazmışdı. Ancaq gözlənilməz sonucla üzləşdik: məlum oldu bayrağı qoparan şəhid oğludur. Üstəlik, icra hakimiyyətində işləyirmiş – yəni bunu “hə də, şəhid uşaqları dolana bilmir, əsəbləri pozulur” kateqoriyalı donquldanmalara da aid etməyimiz mümkün olmadı.

İndi hardan bilirik, bəlkə, bu döyülən uşaq da erməni balasıdır? Əks halda niyə elə qəddarlıqla döyülsün? Niyə məktəblərimizdə uşaqların qanını yoxlamırlar? Hər şey var, maşallah. Təzə divar, mərmər pilləkən, gümüş aftafa, qızıl kulon, dovğa qazanı... Hətta bu yaxında Gədəbəyin icra başçısı Arıqıran kəndində məktəbə getmişdi. Bircə qan yoxlayan aparat yoxdur.

Deməli, hər şey göründüyü kimi deyil. Həyat özü bir illüziyadır. Ümumiyyətlə, təbiət yalnız ağ və qara rənglərdən ibarət deyil, boz da var. (Bunu axırda yazmaq üçün saxlamışdım, səbrim çatmadı. Hətta əsəbiləşsəm oxucuları döyərəm. Siz də məni döyün, maraqlı yaşayaq).

Qeyri-peşəkar açıqlamalardan biri də məşhur televiziya aparıcısından gəldi. Deyir, Allahım, nəydi günahım, cəhənnəmdə yansın bu dilim, bu nə məktəbdir, belə yerə uşağımızı necə göndərək-zad... Bacı, sən niyə şivən edirsən, axı o şagirdlər və valideynlərini elə öz verilişlərinlə tərbiyə etmisən. Niyə güzgüdə özünü gərmədin? Məsələn, xəstə insanlara dimedrol vurub efirə sürütləyən kim idi? İnsana qəsdən, ehtiyac olmadan iynə vurmaq işgəncə deyilmi?

Sonda cəbhə xəttində qeyri-insani münasibətlər temasına aid şərhimi yazıram. Ermənilər bir video yayıb, orda guya bizim əsgərlər erməni hərbi əsirləri güllələyir. Bizimkilər deyir o video quramadır, kino çəkilişi kimi şeydir. Ermənilər də bizim yaydığımız videonu eyni arqumentlə qəbul etmir.
Məncə bu mövzuda biz yüz faiz haqlıyıq, çünki kino çəkə bilsəydik elə bədii filmlər çəkərdik. Yoxsa Mədəniyyət Nazirliyinin şöbə müdiri təzəlikcə “Qarabağ mövzusunda iki ildə 30 film çəkmişik” dedi, hamının gözü kəlləsinə çıxdı, çünki bu temada heç 3 kino da yada sala bilmədik. Ermənilərinsə davanı uduzmağa baxmayaraq, çoxlu belə bədii filmi var, hələ festivallara da göndəriblər.

Necə deyərlər, keçəl dərman bilsə, birinci öz başına yaxar.


# 2899 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #