Damla niyə xristian oldu?

Damla niyə xristian oldu?
22 iyul 2022
# 17:00

Kulis.az Vüqar Babazadənin “Damlanın fabulası ətrafında” adlı yazısını təqdim edir.

Bir gün kəndə getmişdim, gördüm kənddəki tay-tuşlarım eşşəklərə kanistrləri yükləyib gedirlər bulaqdan su gətirməyə. “Ya Allah!” deyibən, mindim eşşəklərin birinin tərkinə, rəvan olduq yola.

Sözüm onda yox, yazıq eşşək gedəndə məni daşıdı, gələndə də 10 kiloluq 4-5-dənə kanistri. Sözüm onda da yox. Yolda gedəndə bir növcavan da qoşuldu bizə. Orda gülməli bir hekayət baş verdi. İstərəm mən də o hekayəti sizə nəql edəm, daha sonra keçək mətləbə. Bilirəm, atom parçalayıb, dəqiq elmlərlə məşğul olursunuz. Vaxtınız almayacağam. Uzağı 7-8 abzaslıq yazı olacaq.

Sonradan bizə qoşulan oğlan dedi ki, gəlin eşşəkləri dayandıraq, həm bir az eşşəklər dincini alsın, həm də biz. Az getdik, üz getdik, dərə-təpə düz getdik, gəldik çatdıq bir qəşəng çəmənliyə, kanistrləri açdıq, eşşəklər getdilər ağnamağa, biz də oturduq bir söyüd ağacının qənşərində.

Bu oğlan dedi ki, gəlin uzağa tüpürmək yarışı keçirdək, kim uduzsa, gələndə bir dənə eşşəyin yükünü ona vuraq. Hamı ikiəlli razılaşdı. Meydan quruldu, sərhədlər müəyyənləşdirildi, başladıq tüpürməyə. İndi hərə bir cür tüpürür ki, uzağa düşsün. Ölüm-dirim məsələsidir axı. Biri qaça-qaça gəlib tüpürür, biri tullana-tullana, biri dombalaq aşıb tüpürür, biri başını fırladır, qəribə bir mənzərədir. Növbə gəldi çatdı mənə, maşallah, dəvə kimi tüpürdüm. İkinci yerə layiq görüldüm. Əslində, hamımız bilirdik ki, kim uduzsa da, yükləri eşşəklər daşıyacaq, amma oyun həyəcanlı olsun deyə heç kim bunu dilinə gətirmirdi. Qərəz tüpürmək mərasimi qurtardı, bu oğlan yenə dinc durmadı. Dedi ki, gəlin sizə bir anektod danışım. Başladı danışmağa. Dedi ki, bizim kənddə təzə gəlin varmış. Adətən qız-gəlinlər kənddə kişilərlə yolda-bərədə üz-üzə gələndə başlarını aşağı əyib, dodaqaltı salam verib keçirmişlər. Bu gəlin isə dilli-dilavərmiş. Kəndin mollasını harda görürmüş, deyirmiş ki, salam-məleyküm, məşədi-kərbəlayi Səfərəli müəllim. Bu bir dəfə təkrarlanır, iki dəfə təkrarlanır, üç dəfə, axırda molla deyir ki, ay qızım, daha bundan sonra mənə salam verəndə belə ver, əssəlamu-əleyküm məşədi-kərbəlayi Hüseynov Səfərli müəllim.

Düzü, indi bu söhbəti nəql edəndə sadəcə dodağım qaçdı, yəqin, sizə də heç gülməli gəlmədi. Amma o vaxt bu söhbətə çox gülmüşdüm. Qarnım cırılmışdı gülməkdən, hətta uşaqlardan biri gülə-gülə özünü dərəyə atmışdı, biri dağdan tullanmışdı.

Dəhşət e, dəhşət.

Dünənləri müğənni Damla xanımın təzə bir mahnısı və klipi çıxdı. İnanın səmimiyyətimə, sizə yalan borcum yoxdur. Mən mahnını dinləyib, klipə baxandan sonra yaxşı mənada incəvara sudurğa keçirdim. Bekara ağzım əyildi.

Düzü, bir az da utandım. Çünki Damlanın Naxçıvan konsertində yaşananlardan sonra bir az məyus olub, Damla xanım haqqında ağzıma gələni yazmışdım ki, o sənətçi deyil-filan.

İndi olur da, məni gəncliyimə bağışlayın. Sənətçinin buynuzu olmur ki, elə Damla xanım əsl sənətçidir. Hətta bu yazıya görə mənə iki min manat qonorar da verəcək onu təriflədiyimə görə.

Qərəz klip sənət nümunəsidir. Damla, deyəsən, ciddi şəkildə öz üzərində işləyir, dünya səviyyəli işlər qoymağa başlayıb ortaya. Klip belədir. Damla xanum, rahibə paltarında kilsədədir. Skafandrda (skafandr astronavtların və dalğıcların geyindiyi geyim, dedim bilməzsiz bu sözün mənasını, sonra qan-qaraçılıq olmasın) dənizdədir. Dekorlar əla, geyimləri çox fərqlidir, müasirdir, mahnının sözləri pis deyil, səsləndirmə-filan hər şey yüksək səviyyədədir.

Şəxsən, mən Damla xanımın təzə çıxan “İlan” adlı sinqılına qulaq asanda gözlərim doldu, fəxarət hissindən sinəmdə kəpənəklər uçuşdu, yaxşı mənada şoka düşdüm. Həqiqətən, əladır. Hələ alt qatlarından danışmıram.

“İnterstellar” filminə göndərmə varmı? Var. Müqəddəs Məryəmə göndərmə varmı? Var. Əlləri gül formasındadır, yanaqlarına güllər yapışdırılıb. Ekologiya problemi varmı? Var. Üzündə qırıq güzgü hissələri, riyakarlıq və ikiüzlülüyə işarə vururmu? Vurur. Xristianlıq, İslam, Yehova, qlobal din mövzusuna pasifist münasibət varmı? Var. Dənizin içində gəzən skafandrlı adamın qolunda Azərbaycan bayrağı milli-mənəvi dəyərlərə, vətənpərvərlik detalına işarə vururmu? Vurur. Skafandrlı adamın ayağında baxil olması tezliklə karantinin başlamasına işarə edirmi? Edir. Üstəlik sözlər də ki öz yerində. İnsan mənəviyyatsızlığına, dünyanın ədalətsizliyinə, sevgiyə dair çox qiymətli fikirlər də mövcuddur. Hələ mahnının adının “İlan” olması da, çox şeydə xəbər verir. Zoomorf düşüncələrin, sənətə daşınması-filan. Nələr, nələr var.

Bir sözlə, çox möhtəşəm.

Amma di gəl, Damlanın izləyiciləri ondan toy mahnıları, səydəş-səydəş sözlər, oppanıb-düşməli musiqilər istəyirlər. Amma başa düşmürlər ki, artıq Damla onların səviyyəsində deyil. Əgər sənətçinin kütləsi mərhələ adlamırsa, sənətçi mərhələ adlayırsa, artıq o izləyiciləri heç vecinə almamalıdır. Bunu bəribaşdan Damla xanıma deyək, bilsin. Yolu çətin və məşəqqətli yoldur, amma istənilən halda yol müqəddəsdir və Damla da yolunu düzgün seçib. Eybi yox, az baxılacaq, reaksiya az gələcək, izləyicilər bəyənməyəcəklər. Amma belə-belə özünü qəbul elətdirə biləcək.
Dinləyiciləri Damladan o qədər geridə qalıb ki, Damlanı rahibə paltarında görüblər, deyirlər, kafirin biri kafir, nə bilim, şeytan, günahdır, ayıbdır, hav-hav-hav.

Bir sözlə, rəzalət. Damla xanım bunlara fikir verməməlidir. Hansısa bir dahi mənə belə demişdi: Kütlənin sevgisinə inanma. “Sevmək”lə “Söymək” arasında iki hərf fərq var.

Kütlənin sevgisi sintetikdir, yalançıdır. Gərək nə tərifinə aldanasan, nə təhqirinə. Sözgəlişi, təhqir və tərif sözləri də bir-birinə oxşayır. Aralarında 3-4 hərf fərq var.

Damla hamınızdan ağıllıdır. O bilir neyniyir. Sizin fikriniz ona-buna getməsin. “Damla niyə xristian oldu?”, “Damla dinimizə hörmət eləmir” söhbətlərini qurtarın. Yekə adamlarsız. Əgər Damlaya belə münasibət göstərsəniz, doğrudan da, o, gedib xristian olacaq, kafirlər üçün mahnı oxuyacaq. Sonra qalacağıq Damlasız. Ona görə də nə qədər ki, sizdən küsüb xristianlığı qəbul etməyib, ağıllı aparın özünüzü.

Damlaya yaradıcılığında uğurlar, mən inanıram ki, o daha yaxşı işlər görəcək.


# 8394 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #