Daha əvvəlki dünya yoxdur

Nihat Pir, yazar

Nihat Pir, yazar

19 sentyabr 2022
# 13:30

Kulis.az Nihat Pirin “Dünyanın düz vaxtları və bu günü haqqında” adlı yazısını təqdim edir.

Nədənsə, dünən gecənin bir aləmi 2010-cu il futbol üzrə Dünya çempionatını xatırladım. Zənn edirəm ki, o tarixi ona görə xatırladım ki, dünyanı ən son düzən içrə gördüyüm tarix məhz o tarix idi.

Hər şey elə gözəl idi ki...

Dünya çempionatı ilk dəfə Afrikada keçirilir, Afrika əhalisinin sevincinin həddi-hüdudu yox idi. Bu boyda dünyanın o bir ay içində yeganə problemi stadionda olan və uğultulu səs çıxaran Afrika milli musiqi aləti olan vuvuzelalar idi, vəssalam. Bu səs məni nə dərəcədə narahat edirdi, ya etmirdi, düzü, xatırlamıram. Amma çox xoşbəxt idim. O aralar hamı xoşbəxt idi. Problem yox idimi? Var idi. Amma, eyni zamanda, hamı nəyəsə və niyəsə ümidli idi. Hamı çıxış yolunun tapılacağını, yenidən günün doğacağına ümid bəsləyirdi.

Amma sonralar yavaş-yavaş dünya öz düzənini itirdi, vuvuzelanın uğultulu səsi 40-cı, 50-ci səviyyəli problemə döndü. Dünya ümidini itirdi, dünya sabahını itirdi.

Əlinin papağını Vəlinin, Vəlinin papağını da Əlinin başına qoya-qoya, sürünə-sürünə birtəhər gəlib çatdıq 2020-ci ilin astanasına. Və gördük ki, dünənimizə, keçmişimizə min şükür, milyon şükür.

Koronavirus adlı oyunun ortaya atılması, dünya insanının mağazaya çörək almağa belə getməsi icazə ilə olarkən artıq hamı bir şeyi dəqiq formada dərk elədi: daha əvvəlki dünya yoxdur və olmayacaq!

Dünən bir xeyli şəhərimizin ən qaynar nöqtələrində dolaşdım. Ümumiyyətlə, bir küncdə oturub saatlarla adamları müşahidə eləməyi sevirəm. Bilirəm ki, zamanım boşa xərclənir, bilirəm ki, həmin o saatları faydalı başqa nələrəsə sərf edə bilərəm, amma yox, mən də elə bu cür bədbəxtəm. Göz görə-görə, əql dərk edə-edə zamanımı xərcləyirəm. Xərcləyəcək zamandan başqa nəyim var ki guya?

Xülasə, adamları bir xeyli müşahidə elədim. Başa düşdüm ki, adamlar hər nə qədər məsud və əyləncəli görünməyə çalışsalar da, xeyri yoxdur. Bu dəqiqə hamı çox bədbəxtdir. Bu dəqiqə hamı problem içində boğulur. Hamı. Yeddidən yetmiş yeddiyə – hamı.

Adamlar üçün ən adi bir qıcıqverici hal bütün kin və nifrinlərini boşaltmaq üçün bəhanədir. Deyib-gülən, əylənən birinə nəsə adicə bir söz at, vəssalam. Yeyib-bitirəcək səni, içində yığılıb qalan, ürəyini, az qala, partladan bütün neqativliyini boşaldacaq üstünə.

Yarım saat “Tarqovıy”dakı restoranların birində oturub gəlib-gedən, ötüb-keçən adamları müşahidə elədim. Bu, sadəcə dəhşət idi.

Gözümün önündəcə nişanlı cütlük heç nəyin üstündə dalaşdı. Qız üzüyü çırpdı yerə, oğlan da əlini skamyaya. Ardından qız oğlanı söydü, oğlan da qızı. Axırda da qız durub ağlaya-ağlaya çıxıb getdi.

Bu yanda oturduğum restoranının ofisiant xanımı telefonda kimisə lənətləyirdi. Ara vermədən, dinləmədən, qarşı tərəfə özünümüdafiə haqqı vermədən, eləcə durmadan lənətləyirdi. Əslində, bəlkə də, telefonun o biri başındakı “Bir dəqiqə, bir dəqiqə” deyə-deyə var-gəl edən adama cəmi bir dəqiqə güzəştə gedilsəydi, o da öz dərdini deyər, müdafiə olunar və problemi sülh içrə həll edərdi. Amma xanım etmədi. Çünki içindəki hirsi, acığı, nifrini mütləq formada necəsə boşaltmalı idi.

Yaxınlıqdakı masalardan birində əyləşmiş cütlüyün uşağı gələndən bəri ağlayırdı, axırda oğlan dözməyib həyat yoldaşının üstünə çəmkirdi: kəs də o küçüyün səsini! Qadın heç nə demədi, amma dodaqaltı mızıldana-mızıldana uşağı sakitləşdirməyə
başladı. O mızıltının ritorikası belə məni həyəcanlandırdı. O mızıltının altında yatan ifadələr məni dəhşətə gətirdi.

Kaş mızıldanmazdı, kaş bunu daha açıq formada ifadə edəydi, kaş.

İnsan hirsini açıq-aşkar büruzə verə bilirsə, daha yumşaq formada ifadə edir. Yox əgər qarşı tərəfdən qorxursa, ya da ətrafdakı adamlara görə acığını boğursa və ürəyində, yaxud dodaqaltı nəsə deyirsə, vay o qarğışın, vay o lənətin əlindən. Məsələn, o oğlan hər nə qədər uşağa “küçük” deyə müraciətində yanlışdırsa, bir o qədər də yumşaqdır, əslində. O, həmin vaxt ətrafdakı adamların qınağını nəzərə alıb hirsini və səsini boğsaydı, içinə atsaydı, ürəyində uşağına istəmədən belə qarğış da edəcəkdi. Sonra peşman olsa belə, yenə də deyəcəkdi.

Nə yaxşı ki etmədi. Nə yaxşı ki demədi.

Adamların yorulduğu, bezdiyi, tükəndiyi o qədər aşkardır ki, biri səninlə deyib-güləndə belə sənə süni gəlir. Bilirsən ki, zarafat edirsə, yalandan edir, bilirsən ki, gülürsə, yalandan gülür, nə bilim, əylənirsə, yenə də yalandan edir. Hamı hər şeydən nifrət edəcək və qarşı tərəfdəki günahlandıracaq qədər bezib. Yorulub. Tükənib.

Hər şeyimiz – gülüşümüz, üzümüzdəki xoşbəxtlik, sevincimiz, sevgimiz – sünidir. Kiməsə niyəsə göstərmək üçün özümüzdən uydurduğumuz şeylərdi. Artıq özümüz üçün sevinmirik, özümüz üçün deyib-gülmürük, özümüz üçün xoşbəxt olmuruq. Bu hissləri kimsə görsün deyə, məni xoşbəxt zənn etsin deyə yaşayırıq. Hissiyyatsız formada. Quruca. Qupquruca.

Nə isə, elə bu fikirləri beynimdə götür qoy edə-edə taksi sifarişi elədim. Sürücü, adəti üzrə, məni heç əlaqədar etməyən və zərrə qədər də maraqlı qılmadığım mövzudan danışırdı. Həm də elə danışırdı ki, sanki bu mövzuda bu adamdan başqa heç kəsin bilgisi yoxdur və heç kəs danışa bilməz. Danışmamalıdır. Küçəni burulanda yol polisi maşınını görüb qızardı, tısıldadı-fısıldadı və axırda hələ də qulaqlarımda cingildəyən bir qarğışı elədi. Əlim-ayağım soyudu, Allah haqqı. İnsan belə bir qarğışı necə dilinə gətirir? Bu bir yana, ümumiyyətlə, insan belə bir qarğışı necə təsvir edir? Necə düşünür? Necə ağlına və zəkasına sığdırır?

Dedim, a kişi, niyə elə deyirsən? Dedi ki, səhər ona düz 15 dəqiqə yalvar-yaxar elədim ki, yazmasın, amma yazdı. Gözümün içinə baxa-baxa yazdı. Susdum. Düz evə qədər heç nə demədim. Sürücü isə davam edirdi. Söyürdü, lənətləyirdi, giley edirdi. Mənsə sadəcə düşünürdüm: kaş o polis cəriməni yazmazdı. Və kaş mən o qarğışı o formada eşitməzdim. Kaş...


# 2742 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #