Çox qorxuram

Orxan Saffari, yazar

Orxan Saffari, yazar

27 dekabr 2021
# 14:24

Bir gün hər şeyi, hamını unutmaqdan qorxuram...

Unudulmaq bəs? Bundan bir o qədər də qorxmuram, amma nə yalan deyim, unudulmaq istəməzdim.

Şair demiş, unudulmaq yaman dərddi, gülüm başına gəlməsin...

***

Adını unutduğum bir filmə baxmışdım. Bir qızın yaddaşı cəmi bir gündür, hər şeyi yaddaşı itirdiyi günə qədər xatırlayır. Hər gün səhər ona kadrlar izlədirlər ki, sən busan, sənin həyatında bunlar olur. Növbəti gün isə yenə hər şey yadından çıxır.

Bir gün belə olmaqdan çox qorxuram, məsələn. Hərdən bəzi şeyləri anlıq da olanda unudan kimi dəli oluram. Xatırlamaq, xatirələr mənim yaşam yerimdir. İndi ömrümün elə bir çağındayam ki, hər xatirəni hamı ilə yaşamaq istəmirəm. Yaşadığım heç bir xatirəyə görə peşman olmasam da , təəssüfləndiyim çox olur. Düşünürəm ki, bu adam mənim bu xatirəmə, yaxşılığıma, dəyərimə, sevgimə layiq deyildi. Söz yox, yaxşı xatirələr yaşadıqlarımız da sonradan adamı peşman edə bilir, amma neyləmək olar?

"Yenə dilləndirəcək sinəmdəki yarə məni"

Məni dindirən bu yarələrin nə olduğu haqqında isə heç bir fikrim yoxdur. Hərdən boşboğazlıq elədiyimin də fərqində oluram, amma bu məsələdə də əlimdən, içimdən gələn bir şey yoxdur.

Yaddaşımın güclü olması isə bu məsələlərdə əzabım daha da artırır. Məsələn, 18 il əvvəl ayağımın altında qalaraq mənim sarı paz avtobusunun altına salan, üstümdən keçməsinə vəsilə olan o balaca çınqıl daşını, ayağımdakı sürüşkən ayaqqabını heç vaxt unuda bilmirəm. Dəxlisiz yerə o daşı xatırlayıram, saatlarla düşünürəm. Niyə? Özüm də bilmirəm. Çox vaxt bu cür xırda şeylər məni çox narahat edir. Məsələn, feysbukda ancaq ağ paltosunu gördüyüm, ilk yazışdığım qızı xatırlayıram. Daha doğrusu, ancaq o ağ paltonu. O qız inanmıram ki, məni xatırlaya, amma mən onunla bağlı bütün detalları xatırlayıram. Nə qədər qorxsam da, hərdən belə şeylərə görə yaddaşımı unutmaq istəyirəm. Bəzən olur ki, yoldan bir adam keçir, mən isə onu qıraqdan görürəm. O məni görsə belə eyninə almır, amma mən illərlə onu düşünürəm. Niyə? Bilmirəm.

Bu adamlar, o cansız əşyalar mənim həyatımda heç bir rol oynamır, oynamayacaq da, amma mən o cansız əşyaların belə harda olduğunu düşünürəm.

Bəlkə də, bunlar yazıçı müşahidəsindən irəli gəlir, bəlkə bir xəstəlikdir, hər nədirsə, hərdən məni dəli edir.

Beynimdə bir sürü adamla tək qalmaq adamı çox yorur.

Dostlar, hələ sevdiyim qadınlar. Axx, onların xatirəsi dörd bir yanımı necə də bürüyür. Heçnəylərini unuda bilmədiyim adamlar bəzən heç nədən unudur səni.

İndi ancaq və ancaq xatirələrə tutunub yaşayıram. Tam səmimi, həyatın mənim üçün heç bir mənası yoxdur. İndi ən çox mənanı heç nə olmasa da, əldə etməsəm də hər gün yazmaq da görürəm. Heç niyə yazdığımı da bilmirəm. Bir gün bəlkə yazmaq da xatirəyə çevrildi, yəqin, onda mən ölərəm, ölmüş olaram.

Hər şeyin spontan gəldiyi, mənasız gördüyüm bu insan ömründə xatirəm olan hər kəsə təşəkkür etmək istəyirəm. Gözəl bir xatirə yaşadığım fahişəyə də az qala yalvaram ki, qurban olum, bu xatirəni məhv eləmə. Vecinə olmayan, gonu qalın adamlar çoxdu, amma mən yenə də istəmirəm ki, unudulsun. Mənimlə yaşadığı gözəl bir xatirəni gedib başqası ilə də yaşamağa çalışmaq istəyən insanları neylərdin, ilahi?!

Bu məsələlərdə isə son dərəcə yekəxanayam. Məsələn, məni mənasız, heç nədən yerə tərk edən, xatirələrimi incidən, məhv edən insanlar sözsüz ki, bir gün peşman olacaqlar, peşman edəcəm. Onların həyatına məndən yaxşısı çıxsa da, mən çıxmayacaq, onların məndən başqa çıxış yolu olmayacaq.

Bilirəm, çox pafoslu səslənir, amma zaman göstərəcək ki, belədir. Kinim, nifrətim, unuda bilmədiyim heç nəyi əvəzsiz qoymaram. Çünki həyatda ləyaqətlə, vicdanla yanaşdığım birinci məsələ hiss məsələləridir.

Nə bilim, yəqin ki, qarşıda yaşayacağımız çox zaman var, üstünə də xatirələr. Sağlıq olsun, unutmadıq, unutdurmarıq.

Laçın, 25 dekabr, 2021-ci il

# 3227 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #