Bu müharibə lazımdırmı?

Sevda Sultanova

Sevda Sultanova

24 noyabr 2021
# 09:00

İkinci Qarabağ müharibəsində əhəmiyyətli qələbə qazanandan sonra kinoda müharibə mövzusu gündəmdə bir az da aktuallaşdı. Son vaxtlar müxtəlif media vasitələrindən kinotənqidçi kimi şəxsimə bu suallar ünvanlanır ki, qələbimiz, Azərbaycan həqiqətləri (müharibə kontekstində) kinoda niyə işıqlandırılmır, nədən mövzuyla bağlı yeni filmlər çəkilmir və son müharibə kinoda necə əksini tapmalıdır?

...44 günlük müharibə o vaxt da, postmüharibə dövründə də dünyanın aparıcı media vasitələrinin mərkəzi mövzularından biriydi. Ayrıca, gərək ki, ötənlərdə bir məqaləmdə bu barədə yazmışdım, yenə xüsusi qeyd edim: Qarabağ həqiqətləri barədə ən sərrast, dolğun şəkildə dövlət başçısı məşhur telekanallara, informasiya agentliklərinə verdiyi müsahibələrdə danışıb və sözügedən müsahibələr rezonans doğurub.

Bəs, bu halda, milli kinonun öhdəliyinə düşən məsələ nədən ibarət olmalıdır? Müharibə, onun ətrafında baş verənlər diplomatik, siyasi-ictimai kontekstdə fakt-hadisədir, informasiyadır, görünən və görünməyən siyasi, hərbi gedişlər, eyni zamanda statistikadır. Sənətin rakursunda isə müharibə insan dramları ilə həyat faktlarını anlatmaqdır.

Bu mənada kinomuzun (bədii filmləri nəzərdə tuturam) ümdə vəzifəsi həmin həyat həqiqətlərinin bədii traktovkası, personajların, hadisənin emosional-psixoloji-sosial-mənəvi qatını yaratmaq, onu universallaşdıraraq bəşəri dəyərləri qabartmaqdır. Təbii ki, plakat-təbliğat filmlərindən danışmıram, bu, başqa mövzudur. Əcnəbi tamaşaçının qəbul edə biləcəyi, özünə doğma sayacağı hekayədən danışıram.

Mədəniyyət Nazirliyinin, özlərinin təbiriycə desək, “Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə verməyi nəzərdə tutan “Böyük Qayıdış” adlı qısametrajlı film layihələrinin müsabiqəsi, mənə görə, həqiqətlərimizi dünyaya kino dili ilə anlatmaq, mövzunu sənət müstəvisində populyarlaşdırmaq baxımından yararlı deyil. Ən azı qısametrajlı formatına görə.

Yəni əvvəllər də yazdığım kimi, qısametrajlı filmlər bir qayda olaraq prokata girmir, tammetrajlı format qədər yayğın deyil, geniş tamaşaçı kütləsini əhatə eləmir. Sadəcə, festivalda iştirak edərək bazarda bir telekanala satıla bilər, o da keyfiyyətli olduğu halda. Amma tammetrajlı bədii film kinoteatrlarda nümayiş olunur, əhatə etdiyi tamaşaçı kütləsi böyükdür, daha çox diqqət cəlb edir, daha çox satılır.

Nazirlik Qarabağ, qələbə mövzusunu kino siyasətinin mühüm strateji xətti kimi seçirsə, ardıcıl, kompleks tədbirlər görməlidir. Misalçün, müharibə ilə bağlı gerçək, universal hekayələr araşdırılsın, real qəhrəmanlarla görüşsünlər, təsirli hekayələr toplanaraq arxivləşdirilsin və mövzu üzrə ssenari bazası yaradılsın. Çünki kinomuzun böyük problemlərindən biri ssenari üçün yetərli bazanın, əsasın olmamasıdır. Əksər hallarda yazılan materialda gerçəklik duyğusu, müəlliflərin emosional təcrübələri, yaşantıları duyulmur. İngilis rejissoru Con Burmenin maraqlı fikri var ki, mənə aktyorlarla necə işləməyi sənədli filmlər öyrətdi, çünki insan davranlşlarını məhz real obrazladan öyrəndim. Bu mənada gerçəkliklə əlaqə çox mühümdür.

Müharibə filmlərində (plakat filmlərdən söhbət getmir) əsasən bir neçə motiv əsas götürülür. Misalçün, sovetlərin müharibə filmlərində müəlliflər insanı mərkəzə qoymaqla, eyni zamanda bu hekayədən yola çıxaraq, düşmən üzərində ədalətli qələbələrinə bəraət verirdilər, ideoloji, dövlətçilik kontekstini, xalqın iradəsini vurğulayırdılar: “Durnalar uçur”, “Yüksəliş”, “Yollarda yoxlama”, “ Burda üfüqlər sakitdir” bunun gözəl nümunələridir. Yeri gəlmişkən, analoji yanaşma Hollivud kinosuna da xasdır, İraq, Əfqanıstan müharibəsi mövzusunda çəkilən filmərdə amerika ordusuna münasibəti, ona verilən bəraəti nəzərdə tuturam.

Bizim kino üçün də sovet kinosu xətti daha uyğun görünür. İnsan dramları süjetin əsas xəttini təşkil etməklə Qarabağ müharibəsində haqlı olduğumuzu, iradəmizi, dövlətçiliyimizi göstərərək...

Qəhrəmanları emosional planda tamaşaçıya yaxınlaşdırmaqla onların daha dərindən anladaraq... Tutalım, uşaqlığı əlindən alınmış əsgərin Şuşa uğrunda döyüşü, xatirələri, yaxud birinci Qarabağ savaşında əsir düşmüş qadının yenidən o torpaqlara ağrılı qayıdışı və s. bu kimi onlarla hekayələrlə.
Əsas məsələlərdən biri odur ki, çəkiləcək filmlərimizdə əsgəri, zabiti ideallaşdırmamalıyıq, onu tamamən güclü göstərmək niyyətindən uzaq olmalıyıq. Çünki biz elmi fantastik janrda Terminator kimi qəhrəmandan yox, real insandan danışırıq. O real insan ki, bütün zəif və güclü tərəfləri, əsəb partlayışları, tərəddüdləri, konfliktləri, qərarları ilə tamaşaçıya doğmalaşmalıdır. Eyni zamanda öz gücümüzü kiçiltməmək üçün düşməni gücünü, məkrini göstərməkdən çəkinməməliyik.

...Dünya kinematoqrafiyasında müharibə mövzusuyla bağlı bu diskussiyalar xüsusən aktualdır: sülh dövründə müharibə travmaları yaşayan insanın, arxa cəbhədəki fərdin emosional durumu. Əslində ikinci motivlə bağlı kinomuzun “Bizim Cəbiş müəllim”, “Şəriki çörək”, “Mən ki gözəl deyildim” kimi əla nümunələri var ki, müasir kinoda da bu ənənəni davam etdirməliyik.

Başqa bir məsələ odur ki, İkinci Dünya Müharibəsi mövzusunda çəkilən filmlərdə tərəf olmaq rahatdır, çünki faşizmlə mübarizədə hədəf eyni idi. Amma müasir filmlərdə millətlərarası konfliktlərdən qaynaqlanan savaşlarda müəlliflər neytral mövqe tutmağa çalışırlar.

Bu müharibə lazımdırmı, vətənpətvərlik nədir kimi suallarda gəzişmələr edir, ekzistensial motiv vurğulanır, millik kimlik məsələləri qabardılmadan insan faktoru mərkəzə gətirilir. Misalçün, bosniyalı rejissor Ademir Kenoviçin “İdeal dairə” (1997) filmində düşmənin kimliyinə işarə eləmir, fərdin müharibədə psixoloji müqaviməti, mənəvi dəyərlərinin itirilməməsi haqda danışır.

Yaxud gürcü rejissoru Zaza Uruşudzenin “Mandarinlər”ində gürcü-abxaz münaqişəsinə korrekt yanaşma duyulur. Rejissor tərəflərin ortaq nöqtələrini taparaq münaqişəni ən azı psixoloji baxımdan neytrallaşdırır və sülhə, anlaşmaya çağırır. Yeri düşəndə, bu yanaşmalardan da yararlanmalıyıq, amma haqlı olduğumuzu unutmadan.

...Nəhayət, o fikirdə qalıram ki, müharibə filmlərimizi öz rejissorlarımız çəkməlidir. Çünki bu, bizim təcrübəmiz, bizim hekayəmiz və bizim ağrımızdır. Sadəcə bunun üçün doğru ssenari və doğru rejissor seçilməlidir. Və ən əsası müəllifin mövzuyla bağlı deməyə sözü, ağrısı, yaşantısı olmalıdır.

# 2407 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #