Bizə alkaş, səy, dəli, ailəsiz deyirlər

Qəşəm Nəcəfzadə, şair

Qəşəm Nəcəfzadə, şair

13 fevral 2022
# 10:00


Kulis.az şair Qəşəm Nəcəfzadənin “Şairi necə öldürürlər?” yazısını təqdim edir.

Şairin ölümü birinci onunla başlayır ki, küçədə onu adı ilə deyil, “şair” deyə çağırırlar. O deyir şair, bu deyir, şair, axırda şair küçənin ortasında döyükə-döyükə qalır, başı hərlənir və yıxılır.

Şairin ikinci ölümü o zaman başlayır ki, özü haqqında çox yüksək fikirdə olur. Guya şeir bununla başlayır, bununla bitir, bu gün-sabah Nobel alır, heç kəsi bəyənmir, əmisi qızını boşayır, yad bir arvad alır, o arvad da gəlib onun axırına çıxır və bununla Azərbaycanı Nobel üzünə həsrət qoyur.

Ötən əsrin ortalarında rus şairi Konistantin Siminov Azərbaycan hava limanına düşən kimi bir söz dedi: “Azərbaycan şair xalqdı” və bununla şairlərimizin topasını topa tutdu.

Kütləvi surətdə hamı şair adı ilə girdi ədəbiyyata, kimin qolundan tutduq, dedi, əlini çək, mən Konistantin babam deyənnənəm.

Dedilər, şairlər sevəndə yaxşı şeirlər yazırlar, gərək Məcnun olsunlar - “tarap” şairə bir güllə vurdular...

Dedilər, şairlər içəndə yaxşı şeirlər yazırlar - “tarap” ikinci bir güllə gəldi.

Dedilər, gərək şair saqqal saxlaya - “tarap”, gərək şair ailə qurmaya -“tarap”, dedilər şair gərək arvad boşaya - “tarap”, gərək qalstuk vurmaya - “tarap”, daha nə bilim, nələr, tarap-turublar, axırda da “gumm”, yəni top, sonra “bomm”, yəni bomba atdılar, hələ ki, atəşkəs yoxdur
və beləcə şairi öldürürlər.

Deyirlər, şairlər dəli olur, saçları pırpızlı olur, əlləri papiroslu olur, başları dolu, cibləri boş olur və beləcə şairi öldürürlər.

Beləcə, bizi hörmətdən, urvatdan salırlar, üstümüzə ad qoyurlar, bizə alkaş, dəli, səy, başı bozuq, ailəsiz, evsiz-eşiksiz, pulsuz-parasız deyirlər ki, şeirimizin, sözümüzün kəsəri olmasın, xalq bizim sözü ciddiyə almasın, bizdən deputat, nazir olmasın.

Deyirlər, şair kasıb yaşasa, onda yaxşı əsər yazacaq. Deyirlər, şairin evi olmasa yaxşıdır, dastan qoşacaq. Şair müxalifətçi olmalıdır, başı yarılmalıdır, tutulmalıdır və beləcə “malı”, “məli” şəkilçisi ilə şairi çox asanca öldürürlər.

İqtidar laxlayanda çağırır, hanı şairlər?!

Müxalifət hərəkətə keçəndə qışqırır: hanı şairlər? Şairlər ancaq rejim enəndə və qalxanda lazımdı. Hələ ki sabitlikdi, nəyə lazımdı şairlər? Qoy gedib arağını içsin, bir-birinin başını yarsın... başı qarışsın, lazım olsa, çağırarıq!

Zallarda şeir oxudub öldürürlər şairləri... Bir dəfə bir nazir bir şairə şeir dedizdirirdi, əlini qarnının üstünə qoyub gülürdü və deyirdi, mən ölüm birini də de. Beləcə ölürdü şair. Bədbəxtlik orasındadır ki, o şair heç vaxt öldüyünü dərk eləməyəcəkdi.

Bir qarğışım var: görüm aramıza girənlərin yeri cəhənnəm olsun, uşaqları məsul vəzifələrdən çıxarılsın, deputatlıqdan, səfirlikdən geri çağırılsın.
Bizdən yalan xəbər aparanların, adımıza söz çıxaranların, əsərlərimizi gizlədənlərin görüm seçkilərindən sonra vəzifələri, daha doğrusu, pislik etmək imkanları əlindən alınıb zərərsizləşdirilsin.

Bir şair dostumla işlədiyi orta məktəb görüş keçirirdi. Məni də çağırmışdı. Ürək sözlərimizi dedik. Axırda məktəbin direktoru mənə dedi ki, müəllim, bizdə şeir yazanlar çoxdu, riyaziyyat, kimya, əmək təlimi müəllimi və hətta təsərrüfat müdirimiz də şairdi. Bakıda məktəbimiz yeganə təhsil ocağıdır ki, bir belə şairimiz var. Mən bilirdim ki, o direktor görüşü keçirilən şairi necə öldürür.

Azərbaycanda şeir kütləviləşib. Buna sevinirik bəzən. Ona görə ki, əsl şairin səsini ümumiliyin içində basdırırıq, öldürürük, boğuruq.... Görürük şairin səsi gəlir, yüz şair qaldırırıq o səsi boğmağa, söndürməyə. Gücümüz çatmasa da, yüz mühəndis şair, yüz deputat şair, yüz professor şair, yüz həkim şair qaldırarıq onun üstünə. Bəlkə də Azərbaycanda şairlər əsl şairi öldürmək üçün çoxalıb. Bir-birini vurmaq üçün artıb.

O gün çayxanada çayçı deyir:

- Şair.

Hamı bu sözə dönür....

Hamımız qatilik gözəl bir sözü öldürməyə...

# 6490 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #