Azərbaycan kinosunda qadın mövzusu

Sevda Sultanova, kinotənqidçi

Sevda Sultanova, kinotənqidçi

14 iyul 2022
# 15:00

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

Ənvər Əbluc və Əbdül Mahmudovun 1975-ci ildə ekranlara çıxan “Firəngiz” bədii filmi ailə dramı kimi başlayır, sonra sosrealizm estetikasında kolxoz-sovxoz əhvalatına keçir.

“Firəngiz” bədii filmini bir ara soraqlasam da, tapmaq mümkün olmamışdı. Nəhayət, bu il sözügedən film Yutub kanalına yükləndi.
Yazıçı Bayram Bayramovun “Sərinlik” povestinin motivləri əsasında ekranlaşdırılan (ssenari müəllifi də Bayram Bayramovdur) filmdə sevgi xətti istehsalat problemlərinin fonunda qalır.

Süjetə görə, rayonda məsul vəzifədə işləyən Firəngiz (Vəfa Fətullayeva) rəhbərlik elədiyi kəndlərdən birinə işgüzar səfərə gəlir. Onun həyat yoldaşı, alim Murad (Rasim Balayev) cins qoyunların məhsuldarlığı, təsərrüfata faydasıyla bağlı tədqiqatlar aparır. Ona bu işdə çoban Feyzi (Şahmar Ələkbərov) kömək eləyir. Sonradan aydınlaşır ki, əslində Muradın dissertasiyası saxta faktlara əsaslanır və o, rəhbərliyə öz ferması haqda yalan məlumatlar ötürən

Feyzi ilə istəyərəkdən, ya istəməyərəkdən şərikdir. Firəngiz isə bu səhvi ərinə də güzəştə getmir.

Azərbaycan kino tarixində konkret qadın adları daşıyan, onların şəxsi həyatını, iş fəaliyyətini və haqları uğrunda mübarizəsini əks etdirən “Sevil”, “İsmət”, “Almaz” kimi filmlər çəkilib. Əlbəttə ki, bu filmlərin çəkilməsi hər şeydən əvvəl dövrün siyasi zərurətindən doğurdu. Sovet hakimiyyəti qadının ictimai-siyasi həyatda fəaliyyətini aktuallaşdırmaqda, qadın haqlarının tanınmasında, onun sosiallaşmasında maraqlıydı. Ona görə bu kinohekayələrdə qadının ictimai həyatının ailə həyatından önə çıxması təbiiydi.

Çox sonralar, sovet kinosunda bu mövzu müəyyən korrektələrə məruz qaldı. Karyerasında uğur qazanan qadın qəhrəmanların olduğu filmlər çəkildi:

“İşdə məhəbbət macərası”, “Moskva göz yaşlarına inanmır”. Lakin bu populyar melodramlar sovet ideologiyasından arınmışdı, burda qadın qəhrəmanların iş fəaliyyəti yox, şəxsi dramları, hiss-həyəcanları, ümid və ümidsizliyi, qadın xoşbəxtliyi vurğulanırdı.

Yeri gəlmişkən, elə Bayram Bayramovun ssenari müəllifi olduğu “Onun bəlalı sevgisi” (1980) filmində də istehsalat problemi əsas motivlərdən biri olmasına baxmayaq, daha çox iş qadınının tənhalığı, sevgisi önə çəkilirdi.

“Firəngiz” isə sovet ideologiyasından təmizlənməyib, əksinə, rejissorlar tipik, didaktik bir istehsalat dramı çəkiblər. Konflikt əsasən, bir neçə müstəvidə gedir: işlə bağlı fikir ayrılıqları olan Firəngiz və Murad, Firəngiz və nöqsanlara yol verən Feyzi arasında.

Bu zaman Firəngizin Muradla nahamar şəxsi münasibətləri arxa plana keçir, hətta istehsalat konflikti fonunda əhəmiyyətsizləşdirilir. Digər personajlarla müqayisədə Firəngiz əlbəttə ki, ideal, nümunəvi bir partiya işçisi kimi göstərilir. O, arabir qadınlaşsa da, ümumən, işdən kənarda, şəxsi münasibətlərdə də özünü əriylə raykom katibi statusunda aparır, amiranə danışır, onu sorğu suala çəkir. Və bütün bu situasiyalarda rejissorlar Firəngizi haqlı çıxarırlar.

Yeri gəlmişkən, təxminən oxşar süjet Kira Muratovanın “Qısa görüşlər” I bədii filmində (1967) də yer alıb. Qadın əyalətlərdən birində rayon sovetində məsul vəzifədə işləyir, əri isə daim ekspedisiyalarda olan geoloqdur. Rejissor əsasən qadının məişət çətinliklərinə, şəxsi həyatına fokuslanır, nəinki onun iş fəaliyyətinə. Hətta ilk epizod ev işlərindən və daşıdığı vəzifədən yorulan qadının monoton günü ilə başlayır.

Firəngiz isə dediyimiz kimi, sevdiyi insana belə kompromissə getməyən, Pavlik Morozov tipli partiya işçisidir. Onun qadınlaşması ancaq fraqmentar baş verir və melodramatik vəziyyətlər yarananda müəlliflər qadını sərt şəkildə raykom katibi statusuna qaytarırlar. Bəzi vəziyyətlərdə ikiləşmə yaşayan Firəngizin xarakterində bu ziddiyyət inkişaf etdirilmək, maneələr yaratmaq əvəzinə son dərəcə bəsit göstərilir.

“Firəngiz” Vəfa Fətullayevanın kinoda yeganə işidir. Ola bilsin, V.Fətullayeva teatrda doğrudan da uğurlu aktrisa idi. Amma onun kinofakturası sönükdür, səsi, ifası teatrladır və xüsusən, daxili monoloqları ifasındakı teatrallığı gücləndirir.

Mərkəzi Televiziyanın sifarişi ilə çəkilən “Firəngiz” bədii filminin operatoru Fəraməz Məmmədov, rəssamı Kamil Nəcəfzadə, bəstəkarı Fikrət Əmirovdur.


# 3459 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #