Ayaz Salayev həmişə neqativ axtarır

Ayaz Salayev həmişə neqativ axtarır
3 iyun 2022
# 17:00

Kulis.az Sevda Sultanovanın yazısını təqdim edir.

Bu günlərdə, “Azərbaycanfilm” kinostudiyası tərəfindən qurumun yaranmasının yüz illiyi münasibətilə tammetrajlı bədii film ssenarisi üzrə müsabiqə elan olunub. Mövzu İkinci Qarabağ Savaşında əldə olunan qələbəni, onun qəhrəmanlarını, arxa cəbhədəki fəaliyyəti əhatə etməlidir. Mükafat fonduna gəlincə, birinci yer üçün on min, ikinci yer üçün səkkiz min, üçüncü yer üçün isə beş min manat nəzərdə tutulub. Bura kimi hər şey normaldır.
Bəs normal olmayan nədir?

Birincisi, layihələr bir ay ərzində təqdim olunmalıdır. Yəni müəlliflər tammetarjlı bədii film ssenarisini bir aya yazıb çatdırmalıdırlar. Bir ay isə tammetrajlı bədii film ssenarisinin yazılması üçün məhdud zamandır.

Müsabiqədə iştirak müəllifdən mümkün qədər perfeksionizm tələb edir ki, rəqiblər arasında ən yaxşısı olsun. Ona görə bir aya yazılacaq ssenarinin bədii-estetik, dramaturji keyfiyyətinin yüksək olacağı şübhə doğurur.

Tammetrajlı bədii film ssenarisi qısa hekayə deyil ki, onu bir neçə və ya on günə yazıb bitirəsən? Təbii ki, hətta on günə də keyfiyyətli nəsə yazmaq mümkündür (belə nümunələr dünya kinosunda da var ki, qısa müddətdə ssenari yazaraq film çəkirlər), amma bundan ötrü ən azı Ceyhun Mirzəyev kimi dərin emosional təcrübəyə, istedada malik olmalısan. Amma bu cür müəlliflərin sayını biz bilmirik. Ona görə heç olmasa 3-4 ay vaxt verilməliydi ki, mövzu araşdırılsın, hissi təcrübə toplanılsın ki, müsabiqə münbit rəqabət şəraitində keçsin.

Məsələn, Kinematoqrafçılar İttifaqının “Mən qadınam” qısametrajlı ssenari müsabiqəsinə müəlliflər iki ay yarım ərzində əsərlərini təqdim elədilər. Yox, əgər, “Azərbaycanfilm”in müsabiqəsi çoxdan yazılmış, sandıqda saxlanılan ssenarilər üçün nəzərdə tutulursa, bu, başqa məsələ.
Ümumiyyətlə, Qarabağ mövzusunda tammetrajlı bədii film ssenari müsabiqəsi müharibə bitəndən dərhal sonra elan edilsəydi, yazılması üçün zaman verilsəydi, indi bizim bu mövzuda ssenari bazamız çoxdan formalaşmışdı.

Şərtlərdən biri də ssenarinin iştirakçıya aid olduğu haqqında Əqli Mülkiyyət Agentliyindən alınmış müvafiq sənədin təqdimatıdır. Əsərlərin qeydiyyatdan keçməsi bir qayda olaraq, iki həftəyə yaxın vaxt tələb edir. Tutalım, kimsə 20-25 günə ssenari yazdı, qeydiyyatdan keçirməyə isə vaxt qalmadı. Onda necə olacaq?

Başqa bir məsələ, qalib ssenarilərin Ekspert Şurasının müəyyənləşdirməsidir.

Keçən həftə kinostudiyanın nəzdində ssenari portfelinin formalaşdırılması üçün müsabiqələrin təşkilini reallaşdırmaq məqsədilə beş nəfərdən ibarət olan Ekspert Şurası yaradıldı və sədrlik kinoşünas Ayaz Salayevə tapşırıldı.

Ayaz Salayev mühafizəkar düşüncəli adamdır, yeniliyə açıq deyil, hər şeydə nəsə qaranlıq, neqativ tərəf axtarır. Misalçün, Oskar Komitəsinin üzvü olan Ayaz Salayev Hilal Baydarovun Venesiya festivalının əsas müsabiqəsinə düşmüş “Səpələnmiş ölümlər arasında” bədii filminin “əcnəbi dildə ən yaxşı film” nominasiyası uğrunda Oskara göndərməyi məqbul saymayanlardan biriydi. Səbəb filmin ölkəni pis tərəfdən göstərməsi, kriteriyalara cavab verməməsiydi. Əsas vurğulardan biri o idi ki, Hilalın filmində qadına emosional və fiziki zorakılıq var. Halbuki bu ilki Kann festivalında feministlər, bir il ərzində Fransada zoraklığın qurbanı olmuş 129 qadının adını yazan banner tutmuşdular.

Bu cür hadisələr dünyanın hər yerinə baş verir və konfliktsiz bədii əsər yoxdur. Əsas məsələ, rejissorun hadisəni danışarkən necə bir rakurs tapmasıdır.

Və Hilal sözügedən filmində o bədii rakursu tapa bilmişdi. “Səpələnmiş ölümlər arasında” Ayaz Salayevin “Ağ-qara gecələr” filmindən çox daha keyfiyyətli, məzmunlu işdir.

Yaxud müsahibələrindən birində bütün İran kinosu haqqında “İran filmləri sosial problemlər, yoxsulluq üzərində şöhrət tapır” kimi yanlış dəyərlənmə (bu məntiqlə gərək italyan neorealizmi də qəbul olunmasın) edən Ayaz Salayevin kriteriyaları aydın deyil, yəni dünyaya bir bucaqdan baxan adam ssenari seçimində nə qədər obyektiv ola bilər?

Ekspert Şurasının digər üzvü aktrisa Mehriban Zəkidir. Aktyor bir filmdə aktyorun oyununu, yazılı materialda rolun funksiyasını, yükünü qiymətləndirir, amma bütünlükdə onun dramaturgiyaya, ssenariyə qiymət vermək potensialı şübhə doğurur. Bu Mehriban Zəki yox, Culianna Mur olsa belə nəsə dəyişmir. Adətən filmləri aktyorlara görə izləmirəm.

Bir dəfə necə oldusa, İzabel Yupperə görə bir film izlədim və çox məyus oldum. Şabrolun, Hanekenin, Verhovenin filmərindəki peşəkar Yupper burda yoxuydu. Çünki aktyor ssenaridən çox obrazı qiymətləndirir, ümumi ssenari isə kənarda qalır. Bundan başqa, keçən il Bakı Beynəlxalq Qısa Filmlər Festivalında münsiflər heyətinin üzvü olan M.Zəki “Mən Gəncəyəm” kimi saxta filmə diplom verənlərdən biri olub.

Digər münsif, İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, dramaturq, Əli Əmirlidir ki, o, əsasən teatrlarla əməkdaşlıq edir.

Münsiflər arasında iki nəfər adekvat münsif var: sənətşünas Nadir Bədəlov və ssenarist İsmayıl İman. Ekspert Şurasının məsul katibi, kinoşünas Leyla Vəzirzadə haqda isə məlumatsızam. “Google”dan araşdırma aparsam da, onun müəllifi olduğu məqaləyə rastlamadım.

Nə etmək olar?! Bizə nəticəni gözləmək qalır.

# 4747 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #