Kulis.az Vüqar Babazadənin “Yaxşılığın fabulası ətrafında” adlı yazısını təqdim edir.
Bu gonbul yer kürəsinin düz 4 milyarddan çox yaşı var. 4 milyard. Zarafat deyil, adi adamlar milyonlarla, milyardlarla işləri olmadıqları üçün rəqəmin böyüklüyünü dərk etməkdə çətinlik çəkə bilərlər. Dörd milyard çoxdur. Dörd milyard olmaq üçün gərək əvvəlcə 1 olasan, sonra 100 olasan, sonra 1000 olasan, sonra milyon, sonra bir milyon, 35 milyon, 87 milyon, 150 milyon, 453 milyon, sonra 900 milyon, sonra 999 milyon, sonra 1 milyard olasan, sonra 2 milyard, 3 milyard, nəhayət, 4 milyard olasan. Asan məsələ deyil, hələ mən üç sətir yazdım, yoruldum. Bu rəqəmlər hamısı gündür, aydır, ildir, zamandır. 4 milyard il çox ciddi rəqəmdir. Allah bilir, biz nə bilək. Bəlkə, daha çoxdur. Amma elmə məlum olan rəqəm hələ ki, belədir. Dörd milyardın içində nə qədər milyon var, nə qədər min var, onu da hesablasaq taparıq. Amma oxucularımıza bu qədər əziyyət vermək olmaz. Məncə, kifayət qədər aydın oldu ki, 4 milyard nə boyda vaxtdır.
Bu boyda zamandan necə olubsa, bizim də payımıza balaca bir hissə düşüb. 5 il, 20 il, 50 il, 70 il qoparda bilmişik. Qopartmaya da bilərdik, təsadüfi adamlarıq, sözüm onda yox. Bu nəhəng zamanda bizə də bekara 5-10 il yaşamaq haqqı verilib. Yekə-yekə illər keçib, nə qədər canlı yaranıb, məhv olub, nə qədər dağ aşınıb, nə qədər çay quruyub, nə qədər dəniz yaranıb, nə qədər yeni canlı təkamül edib, peyda olub, nə qədər müharibə, nə qədər səhvlər, düzlər. Bir sözlə, fısqırıq. Bu hadisələri şüurla dərk və hiss etmək mümkün olan iş deyil. Gərək oxuyub keçəsən, üzərində dayanmayasan. Üzərində dayansan, dərk etməyə çalışsan, bataqlıqda boğulan adam kimi olarsan. Deyirlər axı, bataqlıqda adam nə qədər çox hərəkət eləsə o qədər dərinə batır. Düz söhbətdir. Mənim başıma gəlib. Bataqlıqda boğulmasam da, başqa hadisələrdə müşahidə etmişəm. Gərək qaşıyıb-qaşıyıb qan çıxarmayasan. Hər şeyi çox da ciddi qəbul etməyəsən.
Elə ki sözümüz gəldi çıxdı ciddiliyə, qoy bir az da bu barədə söhbətləşək. Onsuz, namxuda, vaxtdan boluq. Vaxtdan bol olan adamlar dünyanın ən varlı adamlarıdır. Elədir, varlı adam pulu çox olan yox, vaxtı çox olan adamdır. Pul xərcləmək fərasəti olan kimi, gərək vaxt xərcləmək fərasətin də olsun. Vaxtı tik-tokda, instagramda, çayxanada keçirdən adamlar fərasətsiz adamlardır. Vaxt xərcləmək fərasəti olmayan oğul neynir ata malın, olan oğul neynir ata malın. Bunlar da qəliz məsələlərdir. Qayıdaq ciddilik məsələsinə.
Son zamanlar sakit-sakit həyat haqqında düşünürəm. Düzdür, bu məşğələm sizə gülməli görünər. Deyərsiniz, bu uşağa bax hələ, gəlib burda yekə-yekə həyatdan danışır. Ciddi sözümdür, özüm də bilirəm ki, nə qədər gülməli bir iş görürəm. Amma həyat haqqında yekə-yekə danışmaq fikrim yoxdur. Elə-belə incəvara bir-iki cümlə yazacağam. Yekə-yekə danışan adamlar gülməli adamlardır. Onlara qətiyyən inanmayın. Həyat haqqında yekə-yekə danışan adamlara gərək güləsən. Bax, tutaq ki, hərdən görürəm, bir adam yazır:
“Həyat çətindir, amma mən daha çətinəm”.
Gərək soruşasan, ay balam, sən niyə çətinsən? Burda motivasiyan nədir? Niyə həyatdan çətin olmaq istəyirsən? Həmişə deyirəm soruşum, yadımdan çıxır.
Sonra görürsən bir adam da yazıb:
“Həyatın yanlış tərəfində yer tutmaqdansa, həyatın yalnız tərəfində yer tutaram”.
Bundan da gərək soruşasan ki, indi nə oldu? Bu nə deməkdir?
Ya da başqa biri yazır ki, “məktəbin dərslərindən qaçsam da, həyatın bütün dərslərini əzbər öyrəndim”.
İndi gərək bundan da soruşasan ki, belə olanda nə olur? Məktəb dərslərinə girsəydin, belə olmazdı axı.
Nəysə, var belə adamlar. Bu adamlara gərək güləsən. Mən belə yekə-yekə danışmaq niyyətində deyiləm. Adamları güldürməyi çox sevirəm, amma güldürmək var, güldürmək var. Yəni biri var, özünü axmaq vəziyyətinə salıb camaatı güldürürsən, bu, ən urvatsız güldürməkdir. Biri də var, özünü ağıllı vəziyyətinə salıb camaatı güldürürsən. Ən salamatı budur. Gərək öz şəxsiyyətinə də hörmət edəsən. Öz şəxsiyyətinə hörmət etməyən adamdan, hər şey gözləmək mümkündür. Bu qədər açıqlama verdim, hələ də mənim həyat haqqında danışmağımı görüb ağız büzənlər olarsa, onların səmimiyyətinə qətiyyən inanmıram.
Onu deyirdim, son zamanlar oturub sakit-sakit həyat haqqında düşünürəm. Bu 4 milyard il məsələsini də boş yerə yazmadım bayaq. Şübhəsiz, arif adamlar söhbəti başa düşəcəklər. Mənim cəmi-cümlətani əgər bir fövqəladə hadisə olmasa, 30-40 il ömrüm qalıb. Düşünürəm ki, bu 30-40 il ömrü necə yaşayım? Nəyin arxasınca gedim? Necə edim ki, adam kimi yaşayım?
Bax, 30-40 il çox az zamandır. Bayaqdan minlərdən, milyonlardan, milyardlardan danışırıq. 30-40 il nədir ki? Heç nə. Aşağı yuxarı, bu yazını oxuyanların da bir bu qədər ömrü qalıb. Elədirsə, bəs bu kiçik müddətdə adam niyə pis adam olsun? Adam niyə nəyisə ürəyinə salıb, özünə əziyyət versin? Adam niyə əliaçıq, səxavətli olmasın? Adam niyə paxıllıq eləsin? Niyə ürəyində pis xislət gəzdirsin? Niyə sevib-sevilməsin? Niyə yaxşı işlər görməsin? Niyə bir ağac əkməsin? Niyə kimisə vurub öldürsün? Kimisə yaralasın, kiminsə qəlbini qırsın, kiməsə əziyyət versin? Niyə kitab oxumasın? Niyə kiməsə nəsə öyrətməsin? Niyə və nə üçün heyvan sevməsin? Niyə bu 30-40 ilimizi korlayırıq? Düşünürəm, düşünürəm, bu suallara heç bir cavab tapa bilmirəm. Əgər, vallah, tutarlı bir cavab tapsam ki, filan şeyə görə pis adam olmaq olar, gedib həmin dəqiqə pis adam olaram. Pis işlər görərəm.
Axı hər kəs necəsə bir tikə çörək tapıb yeyir. Heç kim aclıqdan ölmür. Necə olur ki, bu boyda ağılımız var, şüurumuz var, danışırıq, yazırıq, amma bir nəfs nədir, ona qalib gələ bilmirik? Bir iradə nədir, onu nümayiş elətdirə bilmirik. Bir dözümlülük, bir səbir, bir cəsarət nə olan şeydir ki, onları özümüzdə cəmləyib müdrikləşə bilmirik. Aldatmaq, basıb əzmək, oğurlamaq, tamahkar olmaq, qeybət etmək, yaltaq olmaq, nadan yaşamaq, başqasına hörmət etməmək, başqasını başa düşməmək... Olmaz ki, bu cür pis xislətlərdən uzaqlaşıb, dünyanı yaxşı yerə çevirək? Elə hər şeyi Allahdan, dövlətdən gözləyək? Allah deyir, dəvəni səhrada bağla, sonra mənə dua elə ki, dəvəni qoruyum. Səndən hərəkət, məndən bərəkət. Bağa baxarsan bağ olar, baxmazsan dağ. Hüqo da deyir, adam dünyanı dəyişmək istəyirsə, gərək əvvəlcə, özünü dəyişsin. İndi əminəm ki, bu yazını oxuyanlar arasında, Allahın kitabını da, Hüqonun kitabını da oxumayanlar vardır. Bax, 30-40 il ömrün qalıb. Niyə gedib Allahdan, Hüqodan beş səhifə oxumursan? Bəlkə, nicat ondadır. Axı Allah öz kitabında “oxu” əmri verir. Açıq-aşkar deyir ki, oxu ay, nadan insan. Oxumasan, cılız qalarsan. Oxusan, sənə zaval yoxdur. Bəzi yoldaşlar görürəm ki, Allaha inanmırlar. Deyirlər, Allah yoxdur. Belə şey olar heç? “Oxu” əmri verən bir qüvvəni necə danmaq olar? “Oxu” deyən bir şeyə necə inanmamaq olar? Əgər, yoldaşların dedikləri həqiqət olsa belə, işdir, birdən, həqiqətən də, Allah yoxdursa, mən yenə də “Oxu” əmrinə görə ona inanaram. Demir ki, öldür, döy, pislik et, zəncir vur, qadını döy, nadan adam ol, əxlaqsızlıq et, vicdansız ol. Deyir ki, oxu da, oxu.
Farsların yaxşı bir atalar sözü var. “Şəbabisətən əs taçi zay əd bər us”. Yəni ki, gecə hamilədir, səhər bilinmir nə doğulacaq. Həqiqətən, gözəl, hikmətli sözdür. Gərək a4 kağızlarda çıxarıb, hər yerə vurasan. Gecənin nə doğacağını bilmək olmursa, səhər bilinmirsə, nə olacaq? Niyə bir adam bir adama yalan danışır, niyə bir adam bir adamın qəlbini qırır, pislik edir? Niyə camaat dəli kimi pul yığır, pul hərisi olur? Niyə kasıbın haqqını yeyir?
Bizdə də deyirlər, ölüm qaşla göz arasındadır.
Siz heç düşünmüsünüzmü, niyə deyirlər ki, insan bu dünyada qonaqdır? Bunu arif adamlar elə-belə, boş yerə deməyiblər. Adama ona görə qonaq deyirlər ki, Adəmlə Həvva evlərindən qovulub, dünyaya göndəriləndə, bura əbədi yox, müvəqqəti göndərilmişdilər. Adəmlə Həvva hotelə gəlmişdi. Yer üzündə bir az qalıb, qayıdacaqdılar. Yer üzünə göndərilmək, onlara verilmiş cəza idi. İndi təsəvvür edin ki, Allah peyğəmbərini yer üzündə yaşamaqla cəzalandırır. Sonra da deyirik, həyat niyə çətindir, niyə əzablıdır?
Dünyanın mayasında, qayəsində əzab və çətinlik var. İndi biz də Adəm və Həvva kimi yer üzündə yaşamaqla cəzalandırılmışıq. O səbəbdəndir ki, həyat çətindir. 30-40 il cəzamız qalır. Bu cəzanı səfa etmək də bizim əlimizdədir. Cəzanı səfa etmək üçün pis əməllərdən, pis niyyətdən uzaqlaşmaq imkanımız da var.
Doğrudan da, bu fani dünyada bircə yaxşılıq etmək, xoş söz demək, paylaşmaq, sevindirmək, kiməsə imkanın varkən əl tutmaqdan başqa hər şey yalandır, mənasızdır. Həyatın yeganə mənası yaxşı insan olmaqdır. Bütün həyəcanlar, bütün sevinclər, kədərlər, toylar, bayramlar, yaslar, xırda-para çətinliklər gəlib-gedir. Görürsən ki, həyatın müxtəlif dövrlərində hansısa dostun, sirdaşın, sevgilin, sənin üçün əvəzolunmaz, dəyərli olur. Elə bilirsən, vəssalam, o olmasa yaşaya bilməzsən. O getdisə, həyat sənin üçün yekə bir boşluğa çevriləcək. Amma bir az zaman ötür, baxırsan, onsuz da, yaşamaq olurmuş.
Atan ölür, anan ölür, dostun ölür, deyirsən ki, vəssalam, mən daha yaşaya bilmərəm. Ancaq vaxt keçir, il olur, ölən, itən, gedən adamın adı da, sifəti də yavaş-yavaş yadından çıxır. Tragik ayrılıqlar, vaxtilə çəkdiyin əzablar, tökdüyün göz yaşları, xoşbəxt olduğun anlar yaşa dolduqca adama gülməli görünür. Hər dəfə həyəcanlandığın, üstündə əsdiyin, özün qədər sevdiyin şeylər dəyişir. Adamlar girir-çıxır həyatına. Hansısa işlə məşğul olursan, həyatının bir parçasına çevrilir, bir müddət keçir, başqa bir iş həyatının bir parçası olur. Bir müddət nəyəsə aludə olursan, nəyəsə vərdiş edirsən, bir az zaman dolanır, görürsən ki, indi tamam başqa şeyə aludə olmusan, vərdişlərin dəyişilib. O vaxt gözübağlı bacardığın şeyləri görə bilmirsən, korşalmısan. Vaxt keçdikcə keçmiş adama daha uzaq görünür. Keçmişdə baş verənlər daha dumanlı xatırlanır, xatirələr əlçatmaz olur. Hərdən adamın yadına keçmişlə bağlı elə şeylər düşür ki, deyirsən, ay dadı-bidad, doğrudan, bu şeyləri yaşayan mən olmuşam? Elə bilirsən ki, keçmişdə yaşadıqlarını başqa adam yaşayıb. Hər şey unudulur. Unudulmayan, zamanla adiləşməyən çox az şey qalır.
Belə olan halda, əgər hər şey unudulursa, adam niyə hansısa hadisəni ciddi qəbul eləsin? Xoşbəxt olanda da, bədbəxt olanda da gərək heç nəyi böyütməyəsən. Böyütsən, çürükçü olacaqsan. Hər şeyi böyütsən, narahat qalacaqsan.
Hər şeyin unudulub getdiyi bu fani dünyada adam kimi yaşamaq, adam kimi qalmaq, adam kimi xatırlanmaq istəyiriksə, gərək yaxşılığa bel bağlayaq. Yaxşı işlər görək. Din, dil, ideya, prinsip, peşə, status, yaş, cins fərqi olmadan birmənalı olaraq. Nicat yaxşı əməllərdə, inandığın yaxşı işlərdədir. Nicat adamın heç vaxt fikir vermədiyi, heç vaxt şəkk getmədiyi yerdədir. Doğrudan da, təcrübə göstərir ki, çox vaxt belə olur.
Dünyanı yaxşılıq xilas edəcək. Mən buna inanıram.