Vaksindən sonra yoldaşımın başında çıxan buynuzlar

Vaksindən sonra yoldaşımın başında çıxan buynuzlar
19 avqust 2021
# 12:53

Bütün dünyanın gözü Əfqanıstanda olanda mən vaksin vurdurmağa getmişdim. Əslində, çoxdan getməliydim, günü-günə satdım və bir də onda ayıldım ki, qapanmalar yoxa çıxıb, toylar başlayıb.

Bu arada məhərrəmlikdə toy eləyənlərin də başına nələr gələcəyini yəqin ki, eşitdiniz. Ona görə ehtiyatı əldən verməyin. Həyatda gülüb keçdiyimiz, lağa qoyduğumuz şeylər bir gün başımıza corab hörür. Heç kimə lağ elədiyi şeylərin başına hoqqalar açmağını istəmərəm. Ən birincisi, özümə. Vaksinə də lağ eləyirdik, eləyirdim. Hətta eşitmişdim ki, 1-ci dozanı vurduranlar elə həmin gün gedib "dütt" deyincə vururlarmış ki, pazı pazla çıxaralar. Bir sözlə, yenə maraqlı bir yerdə yaşadığımızın şahidi oldum.

Hə, vaksin olunmağa getdim. Məni çox təmtəraqla qarşıladılar. Bircə qabağıma qırmızı xalça döşəməkləri qalmışdı. Tibb bacıları nəzakətlə məni vaksin olunan otağa aparmazdan öncə müayinə elədilər, başqa xəstəliyimin olub-olmadığını soruşdular. Dedim, cavan oğlanam, yaşadığımı yaşamışam, nə olur-olsun, vurun getsin. Bu təzadlı cümlədən heç nə anlamayan tibbi heyət heyrətlə bir-birilərinə baxıb yüngülcə qımışdılar. Yəqin mənim dəli olduğumu zənn edib vaksinlənmə otağına ötürdülər. Ordakı xanım şəxsiyyət vəsiqəmi istəyəndə yadıma son günlərin ən komik hadisəsi düşdü. Bilənlər bilir, bilməyənlər üçün deyim: bir həmvətənlimiz vaksin olunmaq üçün xəstəxanaya gedib, ondan şəxsiyyət vəsiqəsi istəyiblər, bu da qayıdıb ki, bəs şəxsiyyət vəsiqəmin vaxtı bitib. Tibbi heyət onu ASAN xidmətə istiqamətləndirib. ASAN xidmətdə isə deyiblər: "Yoldaş azərbaycanlı, vaksin olunmusunuz?" Yəni vaksin olunmamısınızsa, şəxsiyyət vəsiqəsi verə bilmərik. Belə bir absurd dilemmanın qarşısında qalan azərbaycanlı nə edib? Heç nə, başını yelləyib və gülüb. Yəqin edib ki, deyəsən, yuxudadır, indicə onu oyadacaqlar.

- Müəllim, ay müəllim... Şəxsiyyət vəsiqənizi verin də. Sırada xeyli adam var. Yubatmayın!

Tibb bacısının səsi məni absurd hadisədən reallığa qaytardı, pul qabımdakı şəxsiyyət vəsiqəsini elə şəstlə çıxarıb xanıma göstərdim ki, elə bil kazinoda kart oyununda qalibiyyətimi təsdiq edən kartı ortalığa çırpıram.

- Ayxan bəy, sizsiniz? - əlində iynə olan başqa bir tibb bacısı gülümsəyərək mənə yaxınlaşdı.

- Hardan tanıyırsınız məni? - olur məndə belə gic-gic suallar, elə bildim, yazılarımı filan oxuyub, sevincək oldum.

- Qeydiyyatdan... - quru və rəsmi səsin arxasında tibb bacısının iynəsi parıldadı.

Məni düz mərkəzdə əyləşdirib sol qolumu açdılar və iynəni vurandan sonra... öldüm. Yox, ölmədim. Yoxsa bu yazını kim yazacaqdı? Sadəcə bu vaksinlə bağlı o qədər ölüm söhbəti eləmişdilər ki, bir anlıq ürəyimə ölüm xofu girdi, bardaş qurub oturdu və pis-pis güldü.

- Elə bu? Arı sancmasına oxşayır ki? - tibb bacısı ilə zarafatlaşmaq istədim, onun isə yumorluq halı yox idi, işgüzarlıqla mənə baxanda gözlərindəki yazını oxudum: "Dur, sürüş burdan".

Çıxanda birinci dozanın kağızını verdilər və növbəti doza üçün də filan tarixdə gəlməyimi rica etdilər.

Başımı təsdiq formasında yelləyib onlara gülümsəsəm də, 1-ci doza vaksindən sonra qəribə bir kədərə gömüldüm, öz-özümə dedim ki, bəlkə də bu mənim son günümdü, gedim bir az parkda gəzişim, quşlara tamaşa eləyim, gəlib-keçən, tələsən insanlara baxım.

Parkda ins-cins yox idi, bir-iki it qazonlara səvərib mürgü döyürdü. Onlara baxanda dəhşət yuxu basdı məni. Skamyaya çökdüm, başım hərləndi. Deyəsən, yuxuya da getdim. Dəqiq xatırlamıram. Bircə o yadımdadır ki, süpürgəçi qadın məni ayıltdı. Dedi, bala, burda yatma. Mən yuxu gördüyümü düşündüm, çünki xalanın yan-yörəsi dumana bürünmüşdü, göz-gözü görmürdü. Süpürgəçinin fonunda dünya ürəkbulandıran bir rəngə boyanmışdı. Başım gövdəmə ağırlıq eləyirdi, körpələr kimi başımı yerində saxlaya bilmirdim.

- A bala, burda yatmaq olmaz. Dur, görüm.

Bu dəfə süpürgəçinin səsi daha diri və rəngli gəldi, arxasındakı bozluq da get-gedə durulmağa, açılmağa başladı. Çayxana, domino çırpan kişilər, dondurma, popkorn, şirə satanlar, uşaqlar, qadınlar, skamyalarda oturub siqaret püləyən qocalar peyda oldu.

Yavaş-yavaş ayağa duranda başımın içində kərgədanların cütləşdiyini hiss etdim, dizlərim tutulmağa, gözlərim qaralmağa başladı. İndicə futbol oynayıb gəlmiş və eyni zamanda biabırçı şəkildə uduzan Azərbaycan futbolçusu kimiydim. Yaxud da tikintidə ağır iş rejimində çalışan və yenə də ustasına yarımayan fəhlə kimi. Yorğunluq üst-başıma abunə olmuşdu, yaxamdan tutub məni evə, çarpayıya doğru sürüyürdü.

Qapını açan kimi elə bildim yıxılacam, tez özümü çarpayıya atdım və dərindən nəfəs aldım.

Əllərini yumruğa çevirib hər iki yanına qoyan və hökmlü baxışını da bu əsəbi qadın portretinə əlavə edən yoldaşım başımın üstünü aldı:

- İçmisən?

Birtəhər baxışlarımın kamerasını ona tərəf çevirdim və onun başındakı buynuzları görüb özümdən getdim.

# 3472 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #