Üzeyir Mehdizadə və eşşəklər

Üzeyir Mehdizadə və eşşəklər
9 yanvar 2021
# 11:57

Vudi Allen yaradıcılığında adətən intellektualların mənəvi-etik problemlərini araşdırır, onun qəhrəmanları cürbəcür situasiyalarda varolma səbəblərini aydınlaşdırmağa çalışırlar. Bəzən də o, obrazların onanizm səviyyəsinə çatan intellektuallığına ehmalca ironiya edir.

“Small Time Crooks” komediyasında isə məsələ bir balaca başqa tərzdə qoyulur. Əla şirniyyat ustası olan Frençi istedadı və zəhməti sayəsində holdinq rəhbərinə kimi yüksəlir. O, yüksək cəmiyyətə daxil olmaqdan ötrü intellektini artırmağa, xüsusən ədəbiyyatı, incəsənəti öyrənməyə qərar verir. Qadıncığaz bu istiqamətdəki fəaliyyətinə söz ehtiyatını artırmaqdan başlayır və gündəlik leksikonuna daxil olmayan kəlmələri öyrənməyə girişir. Bir ziyafətdə o, hələ ki, “a” ilə başlayan kəlmələri öyrəndiyindən cümlələrini onlar üzərində qurur: “Sizin burnunuz atipikdir”, “Gecə çox apokaliptikdir”, “Mən affektasiyadaydım”, “Mən əvvəlcə onun ideyasına antipatiya bəsləyirdim, sonra adekvat oldum” və s. Beləcə, intellektual görünmək tutqusu üzündən özünü gülünc vəziyyətə salır və kimsə onu ciddiyə almır. Halbuki, Frençi şirniyyat ustası kimi bacarıqlıdır, öz sahəsində funksional, cəmiyyətə faydalıdır və bu səbəbdən özünü zorlayaraq klassik musiqini, rəssamlığı öyrənməsinə gərək yox idi.

Biz real və xüsusən virtual həyatda Frençinin müxtəlif redaktələrdəki prototiplərinə rast gəlirik. Frençilər kitab oxumağı, çeşidli “izm”lər haqda məlumatlı olmağı ilə qürurlanır, terminlərdən istifadə edir, bol-bol sitatalar gətirib onun-bunun gözünə soxur, xalqa kinayə ilə yanaşırlar. Əsas problemləri isə budur: Niyə, axı niyə xalq zövqsüz Üzeyir Mehdizadəni (Mehdzadə təbii ki, burda populyar mədəniyyətin ümumiləşmiş obrazıdır) dinləyir? Çünki təsəvvürlərində Mehdizadəni dinləmək keyfiyyətsizliyin meyarı sayılır. Halbuki, bu adamlar Mehdizadə heyranlarının əkib-becərdiyi məhsullardan alıb qidalanır, kafe və restoranlarda onların xidmətindən istifadə edir, tikdikləri binada yaşayırlar və s.

44 günlük müharibədə əllərində bir finca qəhvə, damaqlarında siqaret ilə isti yuvalarında qələbə xəbərlərini gözləyəndə Mehdizadə dinləyiciləri hər qarış torpaq uğrunda qan tökürdülər. Yadıma düşmüşkən, Mehdizadəni dinlədiyi üçün insanları aşağılayan tarixçi professorun bir paylaşımından aydınlaşdı ki, onun özünün əslində musiqidə plankası Aydın Sani imiş…

Frençilərdə vacib olan bir keyfiyyət çatmır: funksionallıq, faydalı ola bilmək. Ələkbər Əliyev müsahibələrindən birində bu kateqoriyadan adamların dəqiq təyinatını vermişdi: “Əgər sən 55 kitab oxuyub funksional ola bilmirsənsə, uzağı kitabla yüklənmiş eşşəksən”.

Əslində “eşşək” sözünü də heç uyğun saymıram. Çünki eşşəyin gözəl, ifadəli gözləri var, mənasız intellektuallığa iddialı deyil, təsərrüfatda faydlıdır, yaxşı yaddaşı olduğundan təhlükəli yoldan ikinci dəfə keçmir, xüsusi qayğı tələb eləmir, aclığa dözümlüdür və ümumiyyətlə, sevimli heyvandır. Nə isə, eşşəyi rahat buraxaq.

Həqiqət budur ki, intellekti ilə faydalı olan, yeni fikir və kontekst yaradan, maarifləndirən, ciddi, analitik mətnlər yazan, insan yetişdirən çox az adam var ölkəmizdə. Misalçün, onlardan biri fizik Yalçın İslamzadədir.

Yəni başqa cür desəm, kiminsə bilgilərinin nəticəsi yoxdursa, bazası nəyəsə yaramırsa o, mahiyyətcə, birdəfəlik prezervativ dəyərindədir. Yaxud bu ölkədə Mehdizadə heyranları bir qism “intellektualdan” cəmiyyətə daha çox fayda verirlər.

Youtube kanalında ”Kənd Həyatı” silsilə film-reportajının qəhrəmanı, Qusar sakini Əzizə Rəmixanovanın milyonlarla izləyicisi var. Müxtəlif ölkələrdən olan izləyicilər qadının həyat tərzindən, təbiətə sevgisindən, əməksevərliyindən zövq alır və paylaşımların onlara hüzur gətirdiyi üçün təşəkkür edirlər. Kim bilir, Əzizə xanım bəlkə özü də Mehdizadə heyranıdır və axırıncı dəfə nə zaman kitab oxuduğunu yəqin xatırlamır. Ancaq onun yaşamaq mədəniyyəti insanlara örnək və motvasiya verir.

… Bəsit bir gerçəklik unudulur ki, həyat deyilən nəsnə Fukodan, Vitgenştayndan gözlənilməz, mürəkkəbdir. Ona görə dünyaya kitablardan baxan adamlar pandemiya gerçəkliyi ilə üz-üzə qalanda isterikaya düşərək az qala intihar həddinə çatmışdılar. Təcrübəsini yalnız kitab oxuyub sitat gətirməklə məhdudlaşdırmaq (üstəlik, oxuduğundan nəsə qanmamaq), həyatın hər üzünə hazır olmağa, onun bilinməyən qatlarını görməyə yetərli ola bilmir.

Ümumiyyətlə isə, hazırkı həyat təcrübəmdən baxanda “insan niyə yaranıb, yaşamağa dəyərmi, hardan gəlib, hara gedirik” kimi suallar, bir çox fəlsəfi məsələlər artıq mənə saxta, axmaq, nəticəsiz görünür və yaşamağa mane olur./azlogos.eu/

# 6736 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #