Restoranlarımızın menyu məşəqqəti

Restoranlarımızın menyu məşəqqəti
23 iyul 2021
# 11:45

Düzünü deyin, restoranlarda menyular var ha, o əcaib yeməklərin hamısının adını və özünü tanıyırsınız?

Mənim kimi çooox az-az restoran, kafe qapısı açan adamlar üçün menyu bir işgəncədir, dostlar. Restoran deyən kimi ilk ağlıma o əcaib menyular və düşdüyüm çətin durumlar gəlir. Ən son 4 il əvvəl restoranda olmuşam. Məcbur qaldım, iş təklif edən şirkət yeməyə dəvət etdi, "Orda menyu var, mən gəlməyim, parkda zadda oturub danışaq", - deməyi çox istədim, amma deyə bilmədim. Çar-naçar qalıb, menyu ilə növbəti dəfə üzləşməyin ağırlığını qəbul etdim.

Əyləşəndə ürəyimdə dedim ki, kaş o dəhşətli an, yəni menyunun gəlməsi geciksin, yaxşı olar heç gəlməsin. Elə dua edirdim ki, bir də gördüm, o zəhləm getmiş menyu ofisiantın əlində mənə yaxınlaşır. Və 5-6 illik restoran fasiləsindən sonra əlimə yenidən menyunu alıram. Ürəyimdə düşünürəm: "Aman Allahım, bu dəfə menyunun içində hansı əcaib adlar yazılıb görəsən?"

Açıb oxuyuram. İlahi, bu nə yemək adlarıdır belə? Bu adları hansı hoqqabaz düşünüb? Və ən çətin an yetişir; seçim etməliyəm. Bilmirəm ki, nəyi seçim. Bir dənə də tanıdığım ad yoxdur. Barı, menyuda qayğanaq olardı kaş. O da yoxdur. Nə seçim? Daha asan, dilimə yatan bir yemək adını tez ürəyimdə əzbərləyib, ofisianta deyirəm. Ürəyimdə yenə düşünürəm: "Allahım, görəsən hansı yeməyi sifariş etdim? Nə gətirəcəklər?"

Yemək masaya gəlir. Nə olsa yaxşıdır? Bildiyiniz, toyuq əti, göyərtiyə qarışdırıblar sadəcə. Yanında bir-iki mənasız kartof-zad. Vəssalam! Necə hirslənirəm! Bunun adını adam kimi "toyuq-kartof qızartması" yazmaq olmazdı?! Bu qədər menyu stressi nəyə lazımdı axı?

Nə başınızı ağrıdım? Menyu kabusum travmaya çevrilib əməllicə. Bilmirəm, mənimlə eyni aqibəti yaşayan neçə nəfər var? Lap bir nəfər üçün olsa belə, o yemək menyusuna siyahı tərtib edərkən, bildiyimiz xörəklərdən bir-ikisinin adını da yazmaq olmazmı? Bəlkə də milli yeməklərimizin də adı olan, nə bilim anlaşılan menyular da var. Amma son 10 ildə üç dəfə restorana getmiş adam olaraq, rastıma bir isbatlı menyu çıxmayıb. Heç çıxmasın da! Evdə bir qismət çörəyimi yeyim, bəsimdir.

Siz canınız, restoranla bağlı ictimai-mədəni-fəlsəfi düşüncələrinizi irad olaraq yazmağa tələsməyin. Mənə maraqsızdır restoran-filan.

Çox uzatmayım. Siz də o menyuları bir az əl gəzdirin, bəlkə növbəti 5 ildə yenə yolum restorana düşdü. Heç olmazsa, bircə dəfə nə yeyəcəyimi əvvəlcədən bilim. Olarmı?

# 4284 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #