Özünü feminist sayan Aysel Əlizadənin seksist fikirləri

Özünü feminist sayan Aysel Əlizadənin seksist fikirləri
13 mart 2020
# 12:17

Son aksiyadan sonra qadın hüquqları, seksizm, feminizm mövzuları bir daha gündəmə gəldi. Televiziyalar, saytlar mövzuya uyğun ekspert axtarışında üstünlük verdiyi şəxs isə Aysel Əlizadə oldu.

Görmək istədiyi cəmiyyət, bu cəmiyyətin sinəsinə mıxlanmış kitab rəfi, onun yumşaq ürəyi yazımın mövzusu deyil, mövzum seksizm və feminizm fonunda Aysel Əlizadədir. O Aysel Əlizadə ki, bu gün feminizm deyiləndə, cinsi ayrı-seçkilikdən danışılanda efir prodüserlərinin ilk əl atacağı adamdır.

"Kişini əldə saxlamaq"dan mühazirə deyən, 3 statusundan birini "sexy ledy" janrında yazan, uzun illərdir ədəbi mühitin cazibədar xanımı olmaqdan altdan-altdan zövq alan Aysel hansı ara cinsi ayrı-seçkiliyə liberal müstəvidə qarşı çıxan bir ekspert oldu?

O, tez-tez feminizm ilə bağlı materiallar paylaşır, insanları bu cərəyanla yaxından tanışlığa çağırır. Maraqlıdır, bəs Aysel özü bu materialları niyə oxumur, oxuyursa, niyə başa düşmür, başa düşürsə, niyə camaatla məzələnməyə çalışır?

Mən Ayselin yadımda qalan bir neçə seksist, insanları cinsinə görə fərqləndirdiyi fikirləri qeyd edirəm, amma siz də məsələyə eyni kontekstdən yanaşsanız, yazarın bütün postlarında seksist detallar tapacaqsınız. Düzdür, o, bu fikirləri bilərəkdən tirajlamır, sadəcə məsələyə birtərəfli baxdığına görə, birmənalı olaraq qadın cinsinin nümayəndələrini “süddən çıxan ağ qaşıq” kimi təqdim etdiyinə görə seksist duruma düşür. Bu fikirlərin üstündən efirdə feminizmdən danışmaq, cinsi fərqliliyi qabartmağı pisləmək anormal görüntü yaradır.

“Kişiyə ilk andan şikar kimi yanaşmaq çox yanlışdır. Kişi bunu hiss edən kimi qaçır. Necə ki, bütün şikarlar ovlanacağını duyan kimi aradan çıxır. Sadəcə, ona sizinlə elə rahat olsun ki, sizi evi bilsin. Sizdə dincəlsin”.

Birincisi, belə çıxır ki, kişi şikardır, amma ona durumunu “ilk andan” hiss etdirməməlisən.

İkincisi, özünü feminist sayan bir qadın niyə kişiyə ev olmalıdır? Feministlər belə düşünürsə, “Qadın kişinin nemətidir” deyən İslama qarşı niyə çıxır?

Düzdür, mənə görə hər ikisi maraqlı fikirdir, amma özünü feminist sayan şəxs üçün bu biabırçı açıqlamadır, təpədən-dırnağa seksizmdir.

Bütün problemlərin səbəbkarı kişilərdirmi? Qadın qatil, qadın qaçaqmalçı, qadın narkoman, qadın uşaq oğrusu yoxdurmu? Bütün bu kimi situasiyalarda qadınların cinsinə görə müdafiəsi feminizm deyil, qadınbazlıqdır.

Seksizm feminizmə xidmət etmir, əksinə onun təməlini sarsıdır. Cinsi fərqinə görə aşağılananların müdafiəsinə qalxdığı an, özü cinsi müstəvidə bir tərəfi qaldırıb, digərini aşağılayır. Ələlxüsus da liberal feminizm bu plastda çox həssas davranmalıdır. Hərçənd Aysel də özünü liberal feminist sayır. Ona görə daha diqqətli olmaq zorundadır.

Bir neçə gün öncə Aysel seçkilərdə videoya düşən qadınlara qarşı yazanların tənqidinə hesablanan bir status paylaşmışdı. Paylaşımda yazar dolayısı ilə bu qadınlara haqq qazandırmağa çalışırdı. Guya onların bu hala düşmələrində səbəbkar kişilərdir. Eyni məntiqlə baxsaq, görəsən kişiləri kim bu hala salıb? Yəqin, bu da qadınların işidir.

Aysel Əlizadə və Aysel kimi düşünən “feministlər” qadın uğur qazananda bu nailiyyəti qadının ayağına yazır, uğursuzluğa düçar olanda səbəb kimi kişiləri göstərir.

Qonaq olduğu son verilişdə - “3D”də hər nə qədər nəzəri informasiyalar verməyə çalışsa da, yazar yenə də ənənəsinə sadiq qalaraq bizdən cinsi ayrı-seçkilik sərgiləyən fikirlərini “əsirgəmədi”.

“Tanrı olsaydım, Adəmi ikinci yaradardım”...

Yəqin, Aysel elə düşünür ki, feminizm qadın hüquqlarını kişilərinkindən daha üstün tutmaqdır. Əks halda, niyə əks cinsin hüquqlarını qaldırmaq üçün kişilərdən tramplin kimi istifadə olunsun?

Avropada bəzi feministlər doğmaq özəlliyindən də imtina etmək istədikləri halda Aysel efirdə Allahı da “doğmaq” istəyir.

Təəssüf ki, qonaq olduğu "3 D" verilişində də Dadaşlinski hər nə qədər həqiqətə vaqif, Ayselin seksist ifadələrindən xəbərdar idisə də, onun həlim siması qarşısında tab gətirə bilmədi, keçəlini qarşıya-qaşıya "əsl Azərbaycan kişisi"nə çevrildi.

Aysel Əlizadə bu gün dəyərlər sisteminin bizimkindən min işıq ili uzaqda qərar tutan hansısa ölkədəki "seksizm" anlayışını həssaslıqları, detalları ilə Azərbaycana gətirməyə çalışırsa, o zaman çox diqqətli olmalıdır, islahatlara öz nitqindən, davranışından başlamalıdır. Özünə lazım olanda seksizmin bütün detallarına qarşı olduğunu sərgiləyəcək, lazım olmayanda şipşirin bir qadın olacaqsa, işimizi bilək.

Yox əgər söhbət Şərq kişisinin qadına münasibətindəki çoxsaylı aşağılayıcı elementlərdən gedirsə, buna bütün aydınlar qarşıdır, bunun üçün Aysel Aydın Əlizadə olmağa gərək yoxdur.

# 18175 dəfə oxunub

Oxşar xəbərlər

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
Baboşun villasından alimin zirzəmisinə

Baboşun villasından alimin zirzəmisinə

15:00 26 avqust 2024
#
#
# # #