Mensturasiya qanıyla yazılmış şüarlar

Mensturasiya qanıyla yazılmış şüarlar
2 sentyabr 2020
# 12:04

Məxluqların əşrəfi olan insan qadın və kişi olaraq iki cins şəklində yaradılmış və sağlam cəmiyyətin formalaşması üçün bu iki cins “İn” və “Yan” kimi bir-birini mükəmməl tamamlamalıdır.

Əlbəttə, bu iki cinsin duyğusal, bioloji, fiziki və psixoloji olaraq ciddi fərqləri var. Hər ikisinin edə biləcəyi və edə bilməyəcəyi şeylər də var. Birinin digərlərindən hansısa üstün cəhətlərinin olması da normaldır. Amma bizim kimi cəmiyyətlərdə qadının rolu cəmiyyət səviyyəsindən nə yazıq ki, daim ailə çərçivəsinə endirilib. Bir-iki “borc”, “mükəlləfiyyət” və ən əsası analıq “rütbə”si ilə biraz romantikləşdirilən qadın bir növ əhliləşdirilmiş sadiq, vəfalı və itaətkar ev canlısına çevrilib.

Təbii ki, digər haqları və hüquqları, davranışları, istəkləri, bacarıqları məhdudlaşdırılan, psixoloji və sosioloji kimliyi gözardı edilərək, yalnızca bioloji fərd kimi önə çıxarılan qadın şüuraltı tətiklərlə daim ailədə hegemonluq qurmağa çalışır. Bu danılmazdır ki, ailədə uşağın tərbiyəsi, fiziki və psixi sağlamlığı qadından daha çox asılıdır və bir övlad öz xarakteri, davranışları, həyat fəlsəfəsi ilə anaya nə qədər çox “rüşvət” verərsə, ananın həyata baxışına nə qədər çox yaxınlıq sərgiləyərsə, ailədə özünə bir o qədər çox “xal toplamış” olur.

Son dövrlər ard-arda nə qədər qadın cinayəti, neçə qadına zorakılıq halları ilə qarşılaşırıq. Kişilər qadınları öldürür, döyür, zorlayır. Bu kişiləri doğub, böyüdüb tərbiyə edib cəmiyyətə ötürən də məhz qadınlardır axı. Fikrimi qəribçiliyə salmayın xahiş edirəm, bu namus-qeyrət-əxlaq kodekslərini təyin edib, nizamlayıb, tətbiq edən, yayan məhz qadınlar özləridir. “Mətanətin qızının geydiyi donu gördün? Anası hara baxır, görəsən?” , “Fatmanın balaca gədəsiylə gəzir deyirlər”, “ona bax , ona bax, gör nə qaqqıldayır, səsini kimə eşitdirir görəsən?”, “bəs, deyirlər , Nadirin qızı da bir evli kişinin maşınına minib-düşür”, “sən Rasimin bacısısan, sənə yaraşmaz bu hərəkət” – heçmi eşitməmisiniz analarınız, xalalalarınız, qonşu qadınlarınızdan bu söhbətləri? – “boynuvu qara yer gizləsin, əri də deyir arvadım var”, “o boyda kişinin papağını soxdu yerə” , “mənim oğlum beləsini ikicə gün saxlamaz, baltalayar”.

Cəmiyyət qadını təhsilsizlik, düşüncəsizlik, üstünə yüklədiyi mükəlləfiyyətlərlə daim sıxıb, onu təhlükəli bir varlığa çevirir. Ailədəki hegemonluq istəyini misal gətirmişdik. Cahil bir qadın üçün hegemonluq çox güclü və təhlükəli silahdır və bir qadın bu silahla öz içində, şüuraltında basdırdığı hər şeyin intiqamını cəmiyyətdən çox faciəli şəkildə ala bilir. Qadınların bəziləri bu avaralıq, köləlik, boşluq duyğusunu “müalicə etmək” üçün özlərinə müxtəlif reseptlər hazırlayırlar. Məsələn, “təmizlik xəstəliyi”. Bu müalicə üsuluna əl atmış qadın özünə necə əziyyət verdiyinin fərqində deyil. Hər yeri, hər şeyi paklamaq üçün sanki yarışa girmiş bir qadının bir kitab oxumağa, bir filmə baxmağa, ya da açıq havada bir saat gəzməyə inanmıram nə həvəsi, nə də vaxtı qala. Və ən pisi odur ki, belə birinə heçnə izah edib, başa salmaq olmur daim sənə “mənim cəhalətim ən az sənin bilgin qədər dəyərlidir” düşüncəsi ilə yanaşır.

Bir qrup qadın isə öz sosial, psixi və fiziki kimliyindən sanki imtina edərək, kişi bioloji kimliyinə bürünməyə çalışır. Qısa saçlar, maskulin geyim, kobud danışıq və s.

Qadına cəmiyyətdəki funksiyasının uşaq doğub, böyütmək, ər yolu gözləyib, böyük-kiçik yeri bilmək kimi şeylər elə aşılanıb ki, qadın tək uşaq yox, bir vətəndaş, bir mədəniyyət, bir siyasi sistem, incəsənət, iqtidar - insanı digər məməlilərdən ayıran bu kimi şeylərin hamısını doğa biləcəyinin fərqində deyil.

Bu prosesdə TV-lərin rolu da böyükdür. Bütün gün Xoşqədəmin sevimsiz səsi ilə onun-bunun üstünə şeşələnməsini izləyən qadının axşamlar vatsapp qruplarında camaatın “evini yıxması”, ona-buna əxlaq norması biçib, kiminsə qızı, kiminsə gəlini haqda fitva verməsi, kiminsə oğlunu “tırkalayıb”əlinə bıçaq verib bir qadının üstünə göndərməsi olduqca təbii haldır. Yaxud da, toz-pəmbə eşq seriallarında küçədə bir erkəyə salam verdiyi üçün sevgilisi ilə boğuşan türk aktyorlarına həsrətlə baxan qız, özünə belə şiddət dolu bir eşq arzulayacaq, həyatda ən böyük arzusu xalası qızının üzüyündən iki dəfə iri qaşlı bir brilyant nişan üzüyü olacaq.

Bizim kimi cəmiyyətlərdə birdən-birə küçəyə axışıb, etiraz keçirtməyə cəhd edən on-on beş feminist qadından ibarət bir kütlə heç vaxt effekt ala bilməz. Sən iki il, üç il dayanmadan feminizmin yaranışından üzü bəri bütün kitabları, araştırmaları oxumuş ola bilərsən. İnsan haqları, qadın haqları tələbinlə daha gözəl, daha sağlam cəmiyyət arzulaya bilərsən, amma unutmaq olmaz ki, yerdə qalan qadınların hamısı ər çörəyi yemək, bahalı geyim, böyük villa, yaxşı yerdə işləyən qayınata, abırlı-ismətli gəlin, böyük-kiçik yeri bilən qız olmaq idealları ilə tərbiyə olunub, yaşayırlar (ən azı görüntüdə). Və sənin mensturasiya qanınla yazıb başının üstündə tutduğun “mənimdir, istəyənə verərəm” ironik şüarın onların beynində “mən fahişəyəm” fikri ilə assosiasiya olunur. Hələ bir də analar, bibilər, qonşu qadınlar, müəllimələrimiz var. Onların “kruquna” bu cür aksiyalar nə təsir bağışlayır, sizcə? Ümumiyyətlə, küçədə etiraz etməmişdən qabaq, öz ailəniz daxilində etiraz edib nəyisə dəyişə bilmisinizmi?

Ailədaxili münasibətləri həll edib, tənzimləyə bilməyən heç bir qadın feministlikdən danışa bilməz. Çünki bu ölkədə, cəmiyyətdə bütün prosesləri "fitilləyən" dediyimiz kimi, qadınlardır. Aparıcı rol kişilərdədir, bu fakt ola bilər, amma o kişiləri böyüdüb, tərbiyə verib, yetişdirib, idarə edən, yönləndirən məhz qadınlardır. Qadına qarşı şiddət, zorakılıq, zor tətbiq edən hər bir kişi başqa bir qadının şah əsəridir. Şablon ənənələr, dedi-qodu, qeybət və s. kimi bütün xırda görünən məsələlər nə yazıq ki, qadınların ölümünə səbəb olur bir yerdə. Ona görə də, qadın haqqı, qadın hüququ deyə müdafiə şüarlarına başlamazdan əvvəl dönüb analarımıza , xala, bibi, qayınanalarımıza baxaq öncə. Görək, onlarda ən xırda bir fikri, nüansı dəyişə bilirikmi?

Mən qətiyyən patriarxal bir cəmiyyəti dəstəkləmirəm, hətta özüm də bu şablonçuluq, patriarxallıq ucbatından xeyli əziyyət çəkmişəm, sadəcə demək istədiyim odur ki, nəsə etməyə birdən-birə çıxıb küçədə “kişilərə ölüm” şüarı səsləndirməklə yox, xırda və önəmli, hesablanmış addımlarla, maarifləndirmək yolu seçməklə başlamaq olar. Məsələn, oxuduğumuz kitabları sadə, anlaşıqlı tərcümələrlə az sayda da olsa çap edib, yaymağa çalışmaq. Qadınlar üçün dərnəklər, məşğulluq mərkəzləri açmaq fikri mənə daha cazibəli gəlir. Burda toplaşan qadınlar həm maariflənəcək, həm yaradıcı tərəflərini kəşf və inkişaf etdirəcək, həm də onlara istənilən yöndə təbliğat aparmaq mümkün olacaq. Məncə, bu cür dərnəklər və mərkəzlər xüsusilə, menapauza dövrünə girmiş qadınlar üçün vacibdir. Vaxtını belə şeylərə yönləndirən qadınlar zamanla daha bilgili, daha açıq fikirli olacaqlar. Vatsap qruplarda “zakon xırdalamağa” , onun, bunun qapısını güdməyə, əxlaq keşikçiliyi etməyə, kimisə “tırkalamağa” sərf etdiyi vaxt və enerjini daha səmərəli və lazımlı bir istiqamətə çevirəcəklər.

Üçüncü əl türk eşq seriallarından, Xoşqədəmin hay-küyündən, Çinanın bambılı, bayağı qonaqlarından uzaqlaşdıra bilmədiyimiz hər qadın özüylə birgə bütün cəmiyyəti bayağılığa sürükləyib, çox qatillər doğub, tərbiyə edəcək.

# 10676 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #