Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü?

Həmidə Ömərova gürcü aktyorun nəyinə gülürdü?
26 sentyabr 2020
# 09:00

Kulis.az “Yol əhvalatı” bədii filmini təqdim edir.

Əhvalatın qəhrəmanlarından biri, sürücü Mustafa (Vaxtanq Pançulidze) qonşusu Zümrüdlə (Həmidə Ömərova) ailə qurmaq arzusundadır. Gənclərin sevgisi qarşılıqlı olsa da Zümrüdün atası, “JEK” müdiri Qurban (Səyavuş Aslan) bu izdivacın əleyhinədir. O, qızını uşaqlıqdan deyikli etdikləri dostunun oğluna verməyi planlayır. Vəzifəsindən sui-istifadə edərək pul qazanan Qurban Mustafanı da öz məqsədinə alət etmək istəyir. Ancaq Qurbanın niyyəti baş tutmur, o, həbsə girir, Mustafa Zümrüdlə evlənir...

1980-ci ildə ekranlara çıxan “Yol əhvalatı” Teymur Bəkirzadənin ilk tammetrajlı bədii filmidir. Buna qədər isə rejissorun, Bakı İdman Malları Fabrikinin həndbolçu qızların gərgin keçən bir oyunundan bəhs edən ”Dissonans” ( 1978) sənədli filmi 1979-cu ildə Leninqradda VII Ümumittifaq idman filmləri kinofestivalında Qızıl Medala, 1982-ci ildə isə Budapeştdə qısametrajlı filmlərin Beynəlxalq kinofestivalında Bürünc Medala layiq görülüb.

Yeri gəlmişkən, Teymur Bəkirzadə eyni zamanda “Ömrün səhifələri” almanaxına daxil olan, ən yaxşı qısametrajlı filmlərimizdən biri olan “Rəqiblər”in (1974) də müəllifidir.

Rejissorun “Yol əhvalatı” əsəri atmosfer, tipajlar, süjet etibarilə müəyyən mənada italyan komediyalarını xatırladır. Söhbət 1960-1970-ci illərdə həm İtaliyada, həm dünyada populyarlıq qazanan italyansayağı komediyalardan gedir. Sözügedən komediyaların əsas cəhətləri müəllifin kiçik insanın taleyinə, onun gündəlik məişətinə ironik, sosial satirik yanaşma, eyni zamanda lirizm, dramatizm, qrotesk və s. xasdır.

“Yol əhvalatı” daha çox Dino Rizinin “Müqəddəs Yanuari” əməliyyatı” tipli filmləri xatırladır ki, burda süjet xətti dərin işlənməsə də əsasında keyfiyyətli yumor dayanır. Yəni başqa cür desək, “Yol əhvalatı” kütləyə xitab edən zövqlü ekran əsəridir.

Süjet əsasən, iki xətt üzərində qurulur: əhvalatın lirik tərəfi Zümrüd-Mustafa məhəbbəti; cinayətin, satira və yumorun yer aldığı Qurban və dəstəsinin fəaliyyəti. Lakin rejissor nəqlini elə qurub ki, melodramatik xətt arxa plana keçir. Çünki filmin dadı-duzu, seyrçinin əsas maraq nöqtəsi məhz Qurban və onun dəstəsində toplanır. Komediyanın dili ilə qabardılan problemlər heç indi də həllini tapmayıb: “JEK” müdirinin iş səlahiyyətini aşması, sakin Eldənizin (Eldəniz Zeynalov) şikayətinə məhəl qoyulmaması, əlaltından yerli məhsulun xarici mal adı ilə sırınması və ümumən baş verənlərin absurd həddinə çatdırılması.

Yuxarıda dediyim kimi “Yol əhvalatı” dərin sənət əsəri deyil. Lakin keyfiyyətli populyar filmdir. Müasir komediyalarda ehtiyac duyulan aktyor ustalığı, günün ritmini tutan, bayağılığa yol verməyən səliqəli, ağıllı ssenari və rejissor həlli, təmkinli kolorit və digər vacib ənənələr çağdaş kinomuzda inkişaf etdirilmədi.

“Yol əhvalat”ındakı absurd və qrotesk vəziyyətləri inandırır, saxta deyil, burda baş verənlərə adekvat, dramaturji məntiq var.

Xüsusən, Səyavuş Aslanın improvizə edərək sözlərarası istifadə etdiyi rusca kəlmələr tamamilə yerinə oturur və qıcıqlandırmır. Ona görə ki, S. Aslan da daxil olmaqla, digər aktyorların Yaşar Nurinin, Kamil Məhərrəmovun, Hacı İsmayılovun işinə usta, peşəkar münasibətindən qaynaqlanır.


Filmdə Zümrüdün deyiklisi olan Fərid roluna müğənni Elxan Əhədzadə çəkilməliymiş. Lakin o, çəkiliş günü səhər qəfil qastrola getdiyi üçün rol Yusif Əlizadəyə təklif olunur. Y. Əlizadə bu filmdə həm də rejissor assistenti olub.

Hacı İsmayılov müsahibələrindən birində filmlə bağlı belə bir əhvalatı bölüşür:

“Maraqlı səhnələrdən biri sürücü Mustafanın malları gətirməyib bizi aldatdığı və maşınla qonşunun evinə girdiyi yerdir. Ev dağılandan sonra şikayətçi qonşunun (Eldəniz Zeynalov) evini təmir etdiyimiz səhnə çəkilirdi. Həmin yer kinostudiyanın həyətində olan tikili idi. O kadrda hasarın bir tərəfini biz ”hörürdük". Həmin səhnədə guya tənəffüs vaxtı idi. “Pririv, pririv” ki, deyirlər. Nahar etdiyimiz yerdə Siyavuş şikayət edir ki, əşşi, mən heç belə işə düşməmişdim, bu nəydi başımıza gəldi, hərəmiz bir replika atırıq. Yaşar (Makintoş) qəzetdən bir papaq düzəldib qoymuşdu başına, özü də qatıq içirdi. Qurban “Çesni, ne çesni” deyib bir qapaz vurdu başına, qatıq dağıldı Yaşarın üzünə, bığına. Əslində ssenaridə olan bir şey deyildi. Həmin an hamımız fikirləşdik ki, rejissor əsəbiləşib “stop, dayanın, bu qədər də əlavə olmaz” deyəcək. Amma gördük ki, kameranın səsi gəlir, özümüzü itirmədik. Başa düşdük ki, davam etmək lazımdır. Yaşar da özünü itirmədi, heç nə olmamış kimi çörəyi götürüb dodaqlarını silib ağzına atdı".

Mustafa rolunun ifaçısı Vaxtanq Pançiludze Gürcüstündan dəvət olunub. Onu Teymur Bəkirzadə Rezo Esadzenin, Bakıda çəkilən ”Ilk baxışdan məhəbbət" filmində görüb və dəvət etmişdi.

Zümrüd rolunun ifaçısı Həmidə Ömərova film barədə deyir:

“Vaxtanq boyca məndən balaca idi. Onun elçi gəlmək istəməsi ilə bağlı etiraf səhnəsini Bakının köhnə məhəllələrindən birində çəkdik. Teymur müəllim orada baxıb gördü ki oğlanın boyu məndən balacadır, onun ayağının altına daş qoydu. Filmdə Zümrüd utancaq qızdır, oğlan bunu deyəndə o, naz edir, aşağı baxır, sevincini gizlətməyə çalışır. Bu hissəni oynayarkən başımı aşağı salanda Vaxtaqın ayağının altındakı daşı görürdüm, məni dəli gülmək tuturdu, çəkiliş edə bilmirdik. Axırda Teymur müəllim dedi ki, kameraları söndürün, Həmidə gülüb qurtarsın, sonra çəkilişə davam edək. Hər dəfə də Vaxtaqdan buna görə üzr istəyirdim ki, bağışla, məndən asılı deyil, situasiya gülməlidir”.

Asim Cəlilovun yazdığı ssenaridə bəzi məqamlar real hadisələrdən qaynaqlanıb: Təyyarə ilə maşının toqquşması səhnəsinə müəllif yaşadığı ərazinin yaxınlığında şahid olub.

Çəkilişlər əsasən Xaçmaz hava limanında, Bakıda, Binə hava limanının yük qəbul olunma yerində, Bakı küçələrində, “Gənclik” metrostansiyasının üstündəki küçədə aparılıb. Paşanın Mustafanın qoyunla dolu maşınını qaçırdığı yer metronun üstündə çəkilib. Təyyarənin enməsi isə Əhmədli qəsəbəsində lentə alınıb. Qəbristanlıq çəkilişləri İkinci Fəxri Xiyaban tərəfdə baş tutub.

Üç ay müddətinə çəkilən film kassa uğuru qazanıb.

“Yol əhvalatı”nın operatoru Şərif Şərifov və Ələsgər Ələkbərov, bəstəkarı Polad Bülbüloğludur.

Teymur Bəkirzadə 55 yaşında dünyasını dəyişib.

# 6006 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #